Məhkəmə qərarları › İş №2(3-6)-235/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-235/2026

18.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-235/2026 18.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: daşınmaz əmlak üzərində payın müəyyən edilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Səadət Rəşid qızı Səlimova və Akif Əsgər oğlu İsgəndərovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-3719/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)- 307/2024 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı «nikahın pozulması» tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2009cu il tarixdə Biləsuvar rayon Qeydiyyat şöbəsində 85 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, onların övladları xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X10 anaları İddiaçı yanında saxlanılmış, ödənilmiş 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərci iddiaçıya aid edilmişdir.

2. xx.xx.2024-cü il tarixdə verilmiş AZ-İ seriyalı 493055 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı nikahlarına Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024- cü il tarixli qətnaməsinə əsasən xx.xx.2024-cü il tarixdə xitam verilmiş, bu barədə xx.xx.2024-cü il tarixdə müvafiq akt qeydləri kitabında 50 saylı akt qeydi aparılmışdır.

3. xx.xx.2024-cü il tarixdə notarial qaydada bağlanmış AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, X7, X6 və X5 ümumi mülkiyyətlərində olan – Qusar rayonu, Çubuqlu kəndində yerləşən 1,30947 ha torpaq sahəsini 5.400 manata Cavabdeh satmışlar.

4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan (sorğuya cavab) görünür ki, Cavabdeh adına Qusar rayonu Çubuqlu kəndində yerləşən 1,3095 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır.

5. Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli MŞB/6- 01769 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər (iddiaçının nümayəndəsi və cavabdeh) xx.xx.2025-ci il tarixə saat 14:30-a təyin edilmiş ilkin mediasiya sessiyasında iştirak etsələr də, prosesin davam etdirilməsi mümkün olmamışdır. Ümumilikdə 61 manat xərc (mediasiya xərci və s.) iddiaçı tərəfindən ödənilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı «daşınmaz əmlak üzərində payın müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh birgə təsərrüfat fəaliyyəti nəticəsində əldə etdikləri Qusar rayonu, Çubuqlu kəndində yerləşən 1,3095 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində onun ½ payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2009cu il tarixdə nikaha daxil olmuş və bununla bağlı Biləsuvar rayon qeydiyyat şöbəsində 85 saylı akt qeydi aparılmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)- 307/2024 saylı qətnaməsi ilə onlar arasında bağlanmış nikah pozulmuşdur. Lakin onlar arasında nikah Cavabdeh işi ilə əlaqədar formal olaraq pozulmuş, faktiki olaraq ər-arvad münasibətlərində olmuş və birgə təsərrüfat aparmağa davam etmişlər. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmiş sorğuya xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Qusar rayonu Çubuqlu kəndində yerləşən 1,3095 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2024-cü il tarixdə Cavabdeh adına rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsi onların birgə təsərrüfat apardıqları dövrdə əldə edilmişdir. Bu səbəbdən onun həmin daşınmaz əmlak üzərində ½ payı müəyyən edilməlidir. Tərəflər arasında medasiya prosesi keçirilmiş və Bakı 6 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli MŞB/6-01769 saylı arayışından göründüyü kimi, mediasiya prosesinin davam etdirilməsi mümkün olmamışdır. Bu səbəbdən, məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

8. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-3719/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Kamran Əsədov) iddianın təmin edilməməsi, ödənilmiş dövlət rüsumu və mediasiya xərcinin iddiaçıya aid edilməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.4, 32.1, 32.2.2, 33.1, 36.1, 36.3, 37.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 216-220, 227, 233, 360-cı maddələrinə, «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 mart 2024-cü il tarixli qərarının 3.7-ci bəndinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2009-cu il tarixdə nikaha daxil olmuşdur. Həmin nikah Biləsuvar rayon qeydiyyat şöbəsində 85 saylı qeyd əsasında dövlət qeydiyyatına alınmışdır. Qaradağ Rayon Məhkəməsinin 2(002)-3071/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Lakin qeyd edilən nikah Cavabdeh işi ilə əlaqədar yalnız formal olaraq pozulmuş, faktiki olaraq isə iddiaçı və cavabdeh ər-arvad münasibətlərində qalmağa davam etmiş, birgə təsərrüfat aparmış və ailə münasibətlərini faktiki şəkildə davam etdirmişlər. Belə ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış sorğuya xx.xx.2025-ci il tarixli cavab məktubunda bildirilib ki, Qusar rayonu, Qubuqlu kəndində yerləşən 1,3095 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2024-cü il tarixdə Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır. Həmin torpaq sahəsi tərəflər arasında faktiki ər-arvad münasibətlərinin mövcud olduğu dövrdə, birgə təsərrüfat aparılması nəticəsində əldə edilmişdir. Nikahın formal olaraq pozulmasına baxmayaraq, qeyd olunan dövrdə tərəflər ailə münasibətlərini faktiki şəkildə davam etdirmiş, birgə yaşamış və ümumi təsərrüfat aparmışlar. Bu səbəbdən, göstərilən daşınmaz əmlak birgə əldə edilmiş əmlak hesab olunmalı və İddiaçı həmin torpaq sahəsi üzərində 1/2 (ikidə bir) pay hüququnun müəyyən edilməsi qanuni və əsaslıdır. Çünki, Azərbaycan Respublikasının ailə hüququ üzrə formalaşmış məhkəmə təcrübəsinə və hüquqi doktrinaya əsasən, nikahın formal pozulması özü-özlüyündə tərəflər arasında ailə münasibətlərinin faktiki mövcudluğunu istisna etmir. Əgər tərəflər nikahdan sonra da birgə yaşayır, birgə təsərrüfat aparır və ailə münasibətlərini faktiki olaraq davam etdirirlərsə, bu münasibətlər hüquqi nəticələr doğurur. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 mart 2024-cü il tarixli qərarının 7.12-ci bəndinə əsasən nikah münasibətlərinə xitam verildikdən sonra ər-arvaddan biri onların ümumi əmlakı hesabına yeni əmlak əldə etdikdə (məsələn, pul vəsaiti hesabına avtomobil alındıqda və s.) tərəflər nikahda olmadıqları üçün əldə edilən əşya ər-arvadın ümumi birgə mülkiyyəti sayılmır. Bu halda tələb ərin (arvadın) əmlakının birgə qanuni rejimindən irəli gəldiyindən, iddiaçı ər (arvad) mülkiyyətindən çıxmış əmlak predmetinin dəyərini cavabdeh arvaddan (ərdən) tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsi iddianı rədd etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşmış hüquqi mövqeyini, o cümlədən Ali Məhkəmənin qərarlarının 7.12-ci bəndində ifadə olunmuş hüquqi yanaşmanı düzgün tətbiq etməmişdir. Həmin hüquqi mövqeyə əsasən, nikah münasibətlərinə xitam verildikdən sonra ər-arvaddan biri nikah dövründə mövcud olmuş ümumi əmlak hesabına yeni əmlak əldə etdikdə, bu yeni əmlak nikah mövcud olmadığı üçün ər-arvadın ümumi birgə mülkiyyəti sayılmır. Lakin eyni zamanda Ali Məhkəmə açıq şəkildə vurğulayır ki, bu halda digər tərəf öz mülkiyyətindən çıxmış ümumi əmlak predmetinin dəyərini cavabdeh tərəfdən kompensasiya şəklində tələb etmək hüququna malikdir. Mübahisəli iş üzrə məhkəmə bu hüquqi mövqeyi yalnız formal nikah faktı prizmasından qiymətləndirmiş, lakin işin hallarına düzgün hüquqi qiymət verməmişdir. Beləki, iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında nikah xx.xx.2024-cü il tarixdə formal olaraq pozulsa da, mübahisəli torpaq sahəsi xx.xx.2024-cü il tarixdə, yəni nikahdan sonra, lakin tərəflər arasında faktiki ailə münasibətləri və birgə təsərrüfat aparılması davam etdiyi dövrdə əldə edilmişdir. Bu halda birinci instansiya məhkəməsi, Ali Məhkəmənin 7.12-ci bəndindən irəligələn hüquqi nəticəni tətbiq etməli idi. Yəni, əgər məhkəmə torpaq sahəsini formal olaraq birgə nikah dövründə əldə edilmiş əmlak hesab etmirdisə belə, ən azı həmin əmlakın əldə edilməsində istifadə edilmiş birgə ümumi vəsaitin mövcud olub-olmamasını araşdırmalı, iddiaçının mülkiyyətindən çıxmış payın dəyər baxımından bərpası məsələsinə hüquqi qiymət verməli idi. Mübahisəli iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi isə göstərilən tələblərə cavab vermir. Belə ki, məhkəmə qətnaməni əsaslandırarkən yalnız tərəflər arasında nikahın formal olaraq pozulması faktını nəzərə almış, lakin iş materialları ilə təsdiq olunan faktiki ailə münasibətlərinin mövcudluğu, tərəflərin nikahdan sonra da birgə yaşayaraq ümumi təsərrüfat aparmaları, eləcə də mübahisəli torpaq sahəsinin məhz həmin faktiki münasibətlər dövründə əldə edilməsi hallarına hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsinin sözügedən qətnaməsində Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən, nikahın formal olaraq pozulması faktiki ailə münasibətlərinin mövcudluğunu avtomatik istisna etmir. Əksinə, tərəflər nikah pozulduqdan sonra da faktiki olaraq birgə yaşamış, birgə təsərrüfat aparmış və ailə münasibətlərini davam etdirmişlərsə, həmin dövrdə əldə edilmiş əmlak birgə əldə edilmiş əmlak kimi qiymətləndirilməlidir. Burda vacib məqam həmin əmlakın şəxslərin birgə gəlirləri vasitəsilə alınmasıdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi iş üzrə əhəmiyyətli olan bütün faktiki halları aydınlaşdırmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyəti olan hallar müəyyən edilsə də, həmin halların mövcudluğu qanuni və mötəbər sübutlarla təsdiq edilməmişdir. Məhkəmə mübahisəli Qusar rayonu, Çubuqlu kəndində yerləşən 1,3095 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehin şəxsi əmlakı olması qənaətinə gəlmiş, lakin bu nəticənin hansı sübutlara əsaslandığını qətnamədə göstərməmişdir. Torpaq sahəsinin cavabdehin şəxsi vəsaiti hesabına əldə edildiyini təsdiq edən bank sənədləri, ödəniş qəbzləri və ya digər maliyyə sübutları iş materiallarında mövcud deyildir və məhkəmə tərəfindən də tələb olunmamışdır. Eyni zamanda, məhkəmə tərəflər arasında faktiki ailə münasibətlərinin və birgə təsərrüfat aparılmasının mövcud olmaması nəticəsinə gəlsə də, bu hal şahid ifadələri, yazılı sübutlar və ya digər obyektiv dəlillərlə təsdiq edilməmişdir. İddiaçının mübahisəli torpaq sahəsinin əldə edilməsində iştirak etmədiyi qənaəti də iddiaçının ailə büdcəsinə töhfəsi, gəlir mənbələri və birgə təsərrüfat çərçivəsində gördüyü işlər araşdırılmadan formalaşdırılmışdır. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin faktiki halları ilə uyğunluq təşkil etmir. Məhkəmə mübahisəli Qusar rayonu, Çubuqlu kəndində yerləşən 1,3095 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehin şəxsi əmlakı olması nəticəsinə gəlmişdir. Lakin iş materialları ilə müəyyən edilir ki, həmin torpaq sahəsi tərəflər arasında nikah münasibətləri formal olaraq pozulduqdan sonra, lakin faktiki ailə münasibətləri və birgə təsərrüfat aparılması davam etdiyi dövrdə əldə edilmişdir. Məhkəmə bu mühüm halı nəzərə almadan yalnız torpaq sahəsinin cavabdehin adına dövlət qeydiyyatına alınması faktına istinad etmiş, əmlakın hansı şəraitdə, hansı münasibətlər fonunda və hansı vəsait hesabına əldə edildiyini araşdırmamışdır. Halbuki tərəflər arasında faktiki ailə münasibətlərinin mövcudluğu və birgə təsərrüfat aparılması iş materialları ilə təsdiq olunan hallar sırasında olmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Proses iştirakçılarının izahatı

13. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, İddiaçı ilə 17 ilə yaxın evli olublar. Müharibəyə gedib gəldikdən sonra evindən pullar itməyə başladı. X18 Kompleksindən mənzil almışdır. Ödənişləri özü ödəyə bilmədikdə pulu evdə qoyaraq ödənməsini iddiaçıya həvalə edirdi. O hər dəfə pulun olmadığını bildirirdi. Ödənişləri etmədiyinə görə mənzili X18 Kompleksinin rəhbəri əlindən almışdır. Daha sonra xalasıgilin evindən qızıllar itdi. İddiaçını polisə şikayət etdilər. Bu hadisələrdən sonra onunla boşanmışdır. Torpaq sahəsini boşandıqdan sonra almışdır.

14. Məhkəmə kollegiyasının iclasının yeri və vaxti barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Ailə Məcəlləsinin

15. 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır.

16. 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır.

17. 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir.

18. 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.

19. 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi, nikah dövründə eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə, həyata keçirilir.

20. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

21. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 mart 2024-cü il tarixli qərarının 3.7-ci bəndinə əsasən, əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

30. Hazırki halda iddiaçı qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-3719/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, barəsində iddia qaldırılan torpaq sahəsi xx.xx.2024-cü ildə tərəflərin nikahı pozulduqdan sonra cavabdeh tərəfindən xx.xx.2024-cü ildə əldə edilmişdir.

33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 mart 2024-cü il tarixli qərarının 3.7-ci bəndinə əsasən, əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Qeyd olunduğu kimi birgə mülkiyyət hüququnun tanınması üçün ilkin tələb həmin əmlakın nikah dövründə əldə olunmasının sübuta yetirilməsidir.

34. Kollegiya apellyasiya şikayətinə münasibətdə hesab edir ki, iddiaçı cavabdehlə formal olaraq boşanmalarına istinad etməklə mübahisəli əmlak üzərində pay hüququnun tanınmasını tələb etsə də, işin hallarından görünür ki, məhkəmədə nikahın pozulması ilə bağlı iddia qaldırılmasından öncə işin mediasiya mərhələsində həlli baş tutmamış, nikah məhkəmə qaydasında pozulmuş, işə baxılması zamanı hər hansı formal boşanma halları aşkar edilməmiş, qətnamə qanuni qüvvəsini aldıqdan sonra məhkəmə tərəfindən icraya yönəlmiş, nəticədə tərəflərə nikahın pozulması barədə şəhadətnamə verilmişdir. Tərəflər arasında nikah pozulduqdan sonra münasibətlərin bərpasına cəhdlər olmuş, lakin bu baş verməmişdir. İddiaçı nikah münasibətlərinin faktiki olaraq davam etməsinə və birgə təsərrüfat aparmalarına istinad edərək həmin torpaq sahəsi üzərində pay hüququnun tanınmasını o halda tələb edə bilər ki, bu torpaq sahəsinin mülki qaydada birgə vəsaitləri hesabına əldə edilməsini sübut etmiş olsun. İddiaçı tərəfindən təqdim olunan dəlillər bu halı sübut etmir. İddiaçı tərəfindən mübahisəli torpaq sahəsinin tərəflərin birgə vəsaiti hesabına əldə edilməsi qeyd edilsə də, həmin torpaq sahəsinin onların ümumi vəsaiti hesabına alınmasına dair məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. Bunun əksinə xx.xx.2024-cü il tarixdə notarial qaydada bağlanmış AN-İ seriyalı, ******* saylı alğı-satqı müqaviləsi ilə Cavabdeh Qusar rayonu, Çubuqli kəndində yerləşən 1,3095 ha torpaq sahəsini X4, X3 və X1 almışdır. Bunun nəticəsi olaraq həmin torpaq sahəsi Cavabdeh adına qeydiyyata alınmışdır. Bu alğı-satqı müqaviləsi bağlanıldlqda tərəflər arasında nikah qeydiyyatı mövcud olmamışdır. Göründüyü kimi, mübahisə predmeti olan torpaq sahəsi tərəflərin nikahları məhkəmə qaydasında pozulandan sonra cavabdeh tərəfindən əldə olunmuşdur. Alğı-satqıda ödənilmiş məbləğin tərəflərin birgə vəsaiti olması barədə iddiaçı tərəfindən mötəbər sübut təqdim edilməmişdir.

35. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.

36. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

37. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93).

38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində qeyd olunanlar qanuni məhkəmə qətnaməsinin ləğvinə əsas ola bilməz.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

40. Kollegiya məhkəmə xərclərinə münasibətdə birinci instanasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Hazırki halda apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-3719/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar