Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2448/2026 14.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı Salayev İsmət Məsləhət oğlunun cavabdeh Cavabdeh qarşı “alimentin miqdarının azaldılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Nərmin Ramiz qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli qətnamədən iddiaçı Salayev İsmət Məsləhət oğlunun verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, apellyatorun iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi haqqında məlumat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** saylı iş üzrə qəbul etdiyi “alimentin məbləğinin indeksasiya edilmə haqqında” ##.##.2025-ci il qərardadı ilə ##.##.2012-ci il təvəllüdlü Salayev Rinat İsmət oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün təyin edilmiş alimentin məbləği azaldılaraq 200 manat məbləğində təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş və hazırkı iş üzrə cavabdehin yanında saxlanılmış iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hazırkı iş üzrə iddiaçıdan hər uşağa görə hər ay 108 manat (ümumilikdə 216 manat) sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Sonradan uşaqlardan biri – ##.##.2006-cı il təvəllüdlü Nihad yetkinlik yaşına çatmış və hazırkı iş üzrə iddiaçıdan cavabdehin xeyrinə 1 uşağa – ##.##.2012-ci il təvəllüdlü Rinata görə alimentin tutulması davam etdirilmişdir. Daha sonra cavabdehin ərizəsi əsasında Yasamal Rayon Məhkəməsi *(***)-***/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2025-ci il tarixli qərardad ilə Rinatın saxlanılması üçün tutulan 108 manat məbləğində alimentin indeksasiya edilməsini və ##.##.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla 2015-ci ildə ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqının 1,02 misli miqdarında müəyyən edilməsini qərara almışdır. Hazırda ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqı 400 manat məbləğindədir, bu səbəbdən də tutulması müəyyən edilmiş alimentin məbləği (400 x 1,02=) 408 manat təşkil edir ki, iddiaçının həmin məbləğdə alimenti ödəməyə maddi imkanı yoxdur. Belə ki, hazırda iddiaçının daimi iş yeri yoxdur, o, təsadüfi və günəmuzd qaydada tapdığı işlərdə fəhlə kimi işləyir və Salyan rayonunda xəstə anası ilə birlikdə yaşayır. Başqa gəlir mənbəyi yoxdur. Bu səbəbdən alimentin hər ay üçün 200 manat məbləğində müəyyən edilməsini xahiş edir. b) birinci instansiya məhkəməsində tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin verdikləri izahatlar haqqında məlumat
3. İddiaçı iddia tələbini müdafiə edərək, Rayon Məhkəməsinə iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir.
4. Əvvəlki iclasda iştirak etmiş cavabdeh iddia tələbinə etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir, iddiaçının maddi vəziyyəti ağır deyil. Buna görə iddia əsassız hesab edilməlidir. c) birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə barədə məlumat
5. İşə baxmış Rayon Məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, ##.##.2012-ci il təvəllüdlü Rinata görə tutulan alimentin indeksasiya edilməsi barədə *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardad ilə tutulan alimentin məbləğinin azaldılaraq 2026-cı il ildə ölkə üzrə müəyyən edilmiş (400 manat) minimum aylıq əmək haqqının 0,75 misli miqdarında (400 x 0,75 = 300 manat sabit pul məbləğində) müəyyən edilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.
6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Yasamal Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş və hazırkı iş üzrə cavabdehin yanında saxlanılmış iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hazırkı iş üzrə iddiaçıdan hər uşağa görə hər ay 108 manat (ümumilikdə 216 manat) sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Sonradan uşaqlardan biri – ##.##.2006-cı il təvəllüdlü Nihad yetkinlik yaşına çatmış və hazırkı iş üzrə iddiaçıdan cavabdehin xeyrinə 1 uşağa – ##.##.2012-ci il təvəllüdlü Rinata görə alimentin tutulması davam etdirilmişdir. Daha sonra hazırkı iş üzrə cavabdehin ərizəsi əsasında Yasamal Rayon Məhkəməsi *(***)-***/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2025-ci il tarixli qərardad ilə Rinatın saxlanılması üçün tutulan 108 manat məbləğində alimentin indeksasiya edilməsini və ##.##.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla 2015-ci ildə ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqının 1,02 misli miqdarında müəyyən edilməsini qərara almışdır. Qeyd edilməlidir ki, alimentin tutulması barədə qətnamə qəbul edilən zaman (2015ci ildə) formalaşmış məhkəmə təcrübəsinə əsasən sabit pul məbləğində tutulmalı olan alimentin məbləği həmin il (illər) üçün “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” Qanunu ilə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu ilə tutulurdu. Lakin qətnamə qəbul edildikdən sonra alimentin tutulması ilə bağlı məhkəmə təcrübəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” ##.##.2024-cü il tarixli qərarı ilə dəyişdirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarla müəyyən etdiyi məhkəmə təcrübəsinə görə, uşağın (uşaqların) yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment ödənilməli olan şəxsdən aliment almalı olan şəxsin xeyrinə aliment tutularkən məhkəmələr tutulmalı olan alimentin məbləğini iş üzrə qətnamə qəbul edilən zaman həmin il üçün müəyyən edilmiş minimum əmək haqqının müəyyən misli həddində müəyyən etməlidir. Qətnamə ilə tutulması qət edilmiş alimentin məbləğinin tutulması barədə qətnamə qəbul edilən zaman, yəni 2015-ci ildə minimum əmək haqqı 105 manat, Rayon Məhkəməsinin qətnaməsi üzrə uşağın saxlanılması üçün təyin edilmiş alimentin məbləği isə 108 manat olmuşdur. Həmin vaxt məhkəmə nəzərə almışdır ki, həmin iş “alimentin məbləğinin azaldılması və ya artırılması haqqında” iş üzrə tərəflərin ərizəsi əsasında deyil, “alimentin məbləğinin indeksasiyası haqqında” tələbkarın ərizəsi əsasında başlanmış və mahiyyəti üzrə baxılmışdır. Hazırkı tələb isə tutulan alimentin məbləğinin azaldılması barədədir. Bu iş üzrə iddiaçı bildirir ki, hazırda ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqı 400 manat məbləğindədir, bu səbəbdən də tutulması müəyyən edilmiş alimentin məbləği (400 x 1,02=) 408 manat təşkil edir ki, iddiaçının həmin məbləğdə alimenti ödəməyə maddi imkanı yoxdur. Buna görə də, o təklif edir ki, 1 uşağın yetkinlik yaşına çatana kimi ondan cavabdehin xeyrinə 200 manat sabit pul məbləğində aliment tutulsun. Alimentin məbləğinin azaldılması barədə iddiaçının tələbi əsaslı olsa da, alimentin məbləğinin müəyyən edilməsi barədə iddiaçının təklifi ədalətli və uşağın üstün mənafeyinə uyğun deyil. Çünki cari il üzrə ölkədə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu 260 manat məbləğindədir. Buna görə də, iddianın qismən təmin edilməli, ##.##.2012-ci il təvəllüdlü Rinata görə tutulan alimentin indeksasiya edilməsi barədə *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardad ilə tutulan alimentin məbləği azaldılaraq 2026-cı il ildə ölkə üzrə müəyyən edilmiş (400 manat) minimum aylıq əmək haqqının 0,75 misli miqdarında (400 x 0,75 = 300 manat sabit pul məbləğində) müəyyən edilməlidr. d) apellyasiya şikayəti haqqında məlumat
7. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir.
8. İddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında tərəflərin iştirakı və verilmiş izahatlar haqqında məlumat
9. Apellyator olan iddiaçı apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. O əlavə olaraq bildirdi ki, hal-hazırda günəmuzd fəhlə işləyir. İcra məmurları hər gün ona zəng edib deyir ki, alimenti bu dəqiqə gətir ödə. Lakin onun hər gün pulu olmur, çünki gündəlik fəhlə işində bəzən işlər yaxşı olur, qazanc olur, bəzən də həftələrlə iş olmur, qazanc da olmur. Buna görə də aylıq qazancın dəqiq məbləği yoxdur. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almayıb.
10. Cavabdeh işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir.
11. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) apellyasiya baxışının həddi barədə məlumat
12. Hazırkı apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddia tələbi Rayon Məhkəməsi tərəfindən qismən təmin olunsa da, cavabdeh qətnamədən apellyasiya şikayəti verməmiş, iddia tələbinin bir qisminin təmin edilməsi haqqında Rayon Məhkəməsinin nəticəsi ilə razılaşmışdır.
13. Qətnamədən apellyasiya şikayəti vermiş iddiaçı şikayətdə qətnamənin tam ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, o, iddia tələbinin bir qisminin təmin edilməsi haqqında Rayon Məhkəməsinin nəticəsini deyil, iddia tələbinin bir qisminin təmin edilməməsi haqqında Rayon Məhkəməsinin nəticəsini mübahisələndir və hesab edir ki, 1 uşağa görə ondan cavabdehin xeyrinə tutulmalı olan alimentin məbləği azaldılaraq 200 manat məbləğində müəyyən edilməlidir.
14. Göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə mübahisələndirilməyən hissədə, yəni 1 uşağın yetkinlik yaşana çatana kimi saxlanılması üçün hazırkı iş üzrə iddiaçıdan cavabdehin xeyrinə tutulmalı olan alimentin məbləğinin azaldılmalı olması barədə Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığını yoxlamamışdır.
15. Hazırkı apellyasiya baxışının predmetini 1 uşağın yetkinlik yaşana çatana kimi saxlanılması üçün hazırkı iş üzrə iddiaçıdan cavabdehin xeyrinə tutulmalı olan və azaldılmış alimentin məbləğinin müəyyən edilməsi hissəsidir. Çünki, MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
16. Apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
17. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin miqdarı tərəflərdən birinin maddi və ya ailə vəziyyətinin dəyişməsi, yaxud diqqətəlayiq digər hallar olduqda məhkəmə tərəfindən dəyişdirilə bilər.
18. Hazırkı işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnamə ilə iddianın qismən təmin edilib, 1 uşağa – ##.##.2012-ci il təvəllüdlü Rinata görə tutulan alimentin indeksasiya edilməsi barədə *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardad ilə tutulan alimentin məbləğinin azaldılaraq 2026-cı il ildə ölkə üzrə müəyyən edilmiş (400 manat) minimum aylıq əmək haqqının 0,75 misli miqdarında (400 x 0,75 = 300 manat sabit pul məbləğində) müəyyən edilməsini qət edərkən, alimentin məbləği ilə bağlı qeyd etmişdir ki, alimentin məbləğinin azaldılması barədə iddiaçının tələbi əsaslı olsa da, alimentin məbləğinin müəyyən edilməsi barədə iddiaçının təklifi ədalətli və uşağın üstün mənafeyinə uyğun deyil. Çünki cari il üzrə ölkədə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu 260 manat məbləğindədir. Buna görə də, iddianın qismən təmin edilməli, ##.##.2012-ci il təvəllüdlü Rinata görə tutulan alimentin indeksasiya edilməsi barədə *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardad ilə tutulan alimentin məbləği azaldılaraq 2026-cı il ildə ölkə üzrə müəyyən edilmiş (400 manat) minimum aylıq əmək haqqının 0,75 misli miqdarında (400 x 0,75 = 300 manat sabit pul məbləğində) müəyyən edilməlidr.
19. İddiaçı isə apellyasiya şikayətində bildirir ki, o, hal-hazırda günəmuzd fəhlə işləyir. Gündəlik fəhlə işində bəzən işlər yaxşı olur, qazanc olur, bəzən də həftələrlə iş olmur, qazanc da olmur. Buna görə də o, hər ay 300 manat məbləğində alimenti ödəyə bilməyəcək.
20. Apellyasiya şikayətinin dəlillərini nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.
21. “Uşaq hüquqları haqqında” Bəyannaməyə görə uşaq, qanunla və digər vasitələrlə sosial müdafıə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi və sosial baxımdan sağlam və normal yolla, azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir.
22. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar (maddə 5.). Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür (maddə 8.). Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (maddə 13.). Valideynlərin uşağın tərbiyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir (maddə 19.).
23. BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyasının” tələblərinə görə, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən (maddə 3.). Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir (maddə 18.).
24. “Azərbaycan Respublikasında 2026-ci il üçün yaşayış minimumu haqqında” Qanununa görə, 2026-ci il üçün yaşayış minimumu uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir.
25. Qeyd edilən ölkədaxili və beynəlxalq normaların tələblərindən Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin hazırkı apellyasiya baxışının predmetini təşkil edən hissəsinin və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin əsaslılığına yanaşdıqda müəyyən edilir ki, Rayon Məhkəməsi uşağın üstün maraqlarını nəzərə alaraq yuxarıda qeyd edilən nəticəyə gəlməkdə haqlı olmuşdur; apellyasiya şikayətinin dəlilləri əsassızdır. Çünki, cavabdehin daimi iş yerinin olmaması, az miqdarda qazanc əldə etməsi, onu, öz övladını əvvəlki təminat səviyyəsində saxlamaqdan azad etmir. Bu baxımdan da qəbul edilməlidir ki, apellyasiya şikayətinin dəlili əsassızdır. h) apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsi haqqında məlumat
26. Beləliklə, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırkı iş üzrə gəldiyi və hazırkı apellyasiya baxışının predmetini təşkil edən nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır.
27. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
28. Buna görə də, göstərilənləri nəzərə alan Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
29. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla apellyasiya məhkəmələrinin mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
30. MPM-in 112-ci maddəsinin mənasina görə, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
31. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, hazırki qətnamənin iddiaçının narazı qala biləcəyi hissəsində mübahisələndirilən iddianın qiyməti ((300 – 200) x 12=) 1.200 manat təşkil edir.
32. Həmçinin nəzərə alınmalıdır ki, MPM-in 403.1-ci maddəsinə görə, MPM-in 402ci maddəsində nəzərdə tutulmuş qətnamələrdən tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.
33. İşdən isə görünür ki, hazırki iş üzrə cavabdehin təmin olunmayan tələbi mövcud deyil. O, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamədən apellyasiya şikayəti verməmiş, Məhkəmə də, Rayon Məhkəməsinin qətnaməsinin əsaslılığını, qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən iddianın bir qisminin təmin edilməməsi barədə hissədə yoxlamışdır.
34. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı Salayev İsmət Məsləhət oğlunun apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.