Məhkəmə qərarları › İş №2(3-6)-2496/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2496/2026

26.08.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2496/2026 26.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı X1 qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № *(3-6)-2496/2026 (Açar sözlər: mənəvi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə, cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı X1 qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdeh Cavabdeh qarşı «mənəvi zərərin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçının qanuni nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı X1 qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdeh Cavabdeh qarşı «mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh tərəfindən azyaşlı X1 vurulmuş mənəvi zərərin əvəzi olaraq 15.000 manat pul vəsaitinin cavabdeh Cavabdeh onun xeyrinə tutulması, iş üzrə bütün xərclərin cavabdeh Cavabdeh üzərinə qoyulması, iddiaçının «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 16.1.6-cı maddəsinə əsasən dövlət rüsumu ödəməkdən azad olunmasının nəzərə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı X1 qanuni nümayəndəsi Qanuni nümayəndə iddia ərizəsini onunla əsaslandırmışdır ki, azyaşlı oğlu X1 ##.##.2025-ci il tarixdə saat təxminən 23:00 radələrində qonşuları Cavabdeh tərəfindən döyülərək xəsarət almışdır. Hadisə barədə dərhal polis orqanlarına məlumat verilmiş, istintaq aparılmış və Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qərarı ilə cavabdeh bu əməldə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Bu hadisə nəticəsində azyaşlı oğlu bədən xəsarəti almış, həmçinin mənəvi sarsıntı, qorxu və stress keçirmişdir. Övladı hadisədən sonra uzun müddət psixoloji gərginlik içində olmuş, küçəyə çıxmaqdan və yad şəxslərlə təmasdan çəkinmişdir. Uşağın psixoloji vəziyyətinə mənfi təsir göstərən bu əməlin nəticəsində ona ciddi mənəvi zərər vurulmuşdur.

3. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Kamran Əsədov) iddia tələbinin təmin edilməməsi qət etmişdir.

4. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi «Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2025-ci il tarixli ** saylı qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

5. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, iş materiallarında mövcud olan məhkəmə tibbi ekspertiza rəyi ilə azyaşlıya qarşı küt alətlə (taxta parçası, dəmir boru, daş qırığı) fiziki zorakılıq nəticəsində bədən xəsarətləri alması faktı təsdiq edilmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi həmin ekspertiza rəyinə qərarda heç bir hüquqi qiymət verməmiş və ona istinad etməmişdir. Bu isə işin faktiki hallarının tam və obyektiv araşdırılmadığını göstərir. Məhkəmənin ekspert rəyinə hüquqi qiymət verməməsi, sübutların qiymətləndirilməməsi prinsipinin kobud şəkildə pozulmasıdır və bu hal qərarın ləğvi üçün müstəqil əsasdır. Qanunvericiliyə əsasən azyaşlıya qarşı törədilmiş zorakılıq halları ağırlaşdırıcı xarakter daşıyan hallar kimi qiymətləndirilməlidir. Bununla yanaşı, belə hallarda mənəvi zərərin mövcudluğu hüquqi baxımdan prezumpsiya xarakteri daşıyır. Lakin məhkəmə bu faktı nəzərə almamış və müvafiq nəticə çıxartmışdır. Həssas və hüquqi yanaşma nümayiş etdirməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etirazlar daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

8. Məhkəmə baxışı zamanı iddiaçı X1 qanuni nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmiş, şikayətə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, uşağını cavabdeh döymüşdür, uşağın xəsarət almasına dair ekspert rəyi də vardır.

9. Apellyasiya baxışı zamanı iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, o, uşağa hər hansı xəsarət yetirməmişdir, əksinə, ona hücum olunmuşdur.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

10. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

11. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

12. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

13. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

14. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” ## ##### 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarı

15. Mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər.

16. Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2002-ci il tarixli Qərarı

17. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəçlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir.

“Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2025-ci il ## ###### tarixli qərarı

18. Bənd 4.1. Konstitusiya bəyan edir ki, insan ləyaqəti qorunur və ona hörmət edilir. Bu baxımdan bütün hüquq və azadlıqlar, habelə dövlətin fəaliyyəti insan şəxsiyyətinin layiq olduğu həyat səviyyəsinin təmin edilməsinə yönəlmişdir. Şəxsiyyət hüquqlarını gözləmək və qorumaq nəinki dövlət orqanlarının, hər kəsin konstitusion öhdəliyidir. Bu baxımdan heç kəsə icazə verilmir ki, başqasının şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə etsin. Bu qadağanın pozulması müxtəlif növ, o cümlədən mülki hüquqi məsuliyyətə səbəb olur.

19. Bənd 4.4. Nəzərə alınmalıdır ki, şəxsiyyət hüquqları pozulmuş şəxslər məhkəmə qaydasında bu hüquqların müdafiəsi və (və ya) onların pozuntusundan yaranan zərərin kompensasiyası üzrə tələblər irəli sürə bilərlər.

20. Bənd 4.10. Odur ki, şəxsiyyət hüquqlarının müdafiəsi tələblərinə baxarkən məhkəmələr aşağıdakı ardıcıllıq üzrə yoxlama aparmalıdırlar: hüquqazidd əməlin (hərəkət və ya hərəkətsizlik) mövcudluğu, əməlin təqsirli olaraq törədilməsi (qanunla müəyyən edilmiş təqsirsiz məsuliyyət halları istisna olmaqla), şəxsiyyət hüquqlarının pozulması və hüquqazidd əməllə bu pozuntu arasında səbəbli əlaqənin olması.

21. Bənd 4.12. Mənəvi zərərin kompensasiyası tələblərinə baxılarkən isə bu qərarın 4.10-cu bəndində göstərilən dispozisiya şərtləri ilə yanaşı, şəxsiyyət hüquqlarının pozulması nəticəsində şəxsin mənəvi sarsıntı və (və ya) iztirab keçirməsi halının mövcudluğu da yoxlanılmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

33. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

34. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

35. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.

Apellyasiya baxışının hədləri

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

38. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının bütünlüklə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Kollegiya iş materiallarını və faktiki halları araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara düzgün qiymət verməmişdir və belə olduğu təqdirdə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılaraq iddia yenidən rədd edilməlidir.

40. Belə ki, işin mübahisə olunmayan hallarına görə iddiaçı yetkinlik yaşına çatmayan şəxsdir və onun qanuni nümayəndəsi qismində Qanuni nümayəndə iddiaçının cavabdeh tərəfindən ##.##.2025-ci il tarixdə döyülməsinə görə dəymiş mənəvi ziyanın ödənilməsini xahiş edir.

41. Birinci instansiya məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, münaqişəli, gərgin vəziyyətin yaranıb nəticə etibarı ilə ədavətə çevrilməsinin səbəbkarı məhz iddiaçı tərəf olmuşdur. Həmçinin iddiaçı tərəf müvafiq ərizə verməklə, cavabdeh tərəflə barışdığını, heç bir şikayət və tələbinin olmadığını bəyan etmişdir. Belə olduğu təqdirdə, iddia tələbi özü-özlüyündə əsaslı hesab edilə bilməz.

42. Kollegiya göstərilən əsaslandırma ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi inzibati xəta tərkibinin yaranmasına əsas olacaq hadisənin mövcudluğunu tanımış və buna şəraitin iddiaçının özü tərəfindən yaradılmasını, sonradan isə barışığın əldə olunmasını bildirmişdir. Lakin iş materiallarındakı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qərarından görünür ki, ##.##.2025-ci il tarixli, ******* saylı protokol Cavabdeh məhz Qanuni nümayəndə, yəni iddiaçını deyil, onun qanuni nümayəndəsini döydüyü üçün tərtib olunmuşdur. Həmin qərardan verilən apellyasiya şikayəti təmin edilməmişdir. Nəticə etibarilə məhz İddiaçı cavabdeh tərəfindən döyülməsi, ona mənəvi ziyan, iztirab dəyməsi, sarsıntı keçirməsinə səbəb olacaq hadisənin baş verməsinə dair hər hansı preyudisial qərar yoxdur.

43. Apelyator həmin iş üzrə aparılmış ekspert tədqiqatı zamanı tərtib edilmiş rəyə istinad edərək oğlunun sağlamlığına ziyan dəyməsini bildirmişdir. Kollegiya göstərilən arqumentə münasibətdə qeyd edir ki, həmin rəyə əsasən İddiaçı məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – dodaq burun büküşünün qançırı küt əşya (əşyalar) təsirindən müayinədən bir günə qədər əvvəl törədilə bilərdi, qərarın təsviri hissəsində göstərilən ##.##.2025-ci il tarixində və şəraitdə əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcəsi təyin edilmir. Həmçinin xəsarətin xarakteri lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarət əlçatan nahiyədə olduğu üçün həm şəxsin özü, həm də kənar tərəfindən yetirilməsi mümkündür.

45. Rəydən də göründüyü kimi iddiaçıya dəymiş xəsarətlərin birbaşa cavabdeh tərəfindən törədilməsi şübhəsiz formada öz təsdiqini tapmamışdır. Bundan əlavə şəxsin təqsirli hesab edilməsinə dair qanuni qüvvəsini almış qərar olmadan (üstəlik cinayət işinin başlanması rədd olunmuş və icraat inzibati xəta üzrə aparılmışdır) və həmin qərar ən yaxşı halda belə iddiaçıya deyil, onun atası ilə bağlı olacağından bununla bağlı aparılmış araşdırma zamanı əldə edilmiş ekspert rəyinin hazırki işdə tətbiq olunması Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinin tələblərinə bütün aspektlər baxımından ziddir.

46. Odur ki, məhkəmə kollegiyası hazırda işin qeyd edilən bütün faktiki hallarına və qanunvericiliyin tələblərinə məcmu halında qiymət verərək birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və hesab edir ki, məhz iddiaçıya mənəvi zərərin dəyməsi hər hansı digər mötəbər sübutla təsdiqlənmədiyindən qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia bu əsasla rədd olunmalıdır.

47. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).

48. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

49. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

50. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Sabit Bəhramzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar