Məhkəmə qərarları › İş №2(3-6)-3041/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-3041/2026

28.07.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-3041/2026 28.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Kayman Adalarının “X4” Şirkətinin Fillialına qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSI (Açar sözlər: “əmək haqqı” tələbi) Hakimlər Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə Quliyeva Gültac Sadıq qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Işin halları:

1. Iddiaçı İddiaçı cavabdeh Kayman Adalarının “X4” Şirkətinin Fillialına qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2009 – 2015-ci il tarixləri dövründə aylıq iş normasından artıq iş saatına görə işlədiyi üçün ödənilməli olan əlavə ödənişlərin cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Iddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh hüquqi şəxsdə 2009–2015-ci illər ərzində müxtəlif vəzifələrdə çalışdığı müddətdə aylıq iş normasından artıq işlədiyi saatlara görə qanunvericiliklə nəzərdə tutulmuş əlavə ödənişlər ona ödənilməmişdir. Hüquqlarının pozulduğunu hesab edən iddiaçı əvvəlcə ##.##.2025-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və X5 Xidmətinə müraciət etmişdir. X5 Xidməti tərəfindən ona izahat və müvafiq sənədlərin təqdim olunmasının zəruri olduğu bildirilmiş, sonradan Şirvan–X2 ilə əlaqə saxladıqda isə sənədlərin elektron qaydada təqdim edilməsinin məqsədəuyğun olduğu izah edilmişdir. Bununla əlaqədar iddiaçı yazılı izahatını, əmək kitabçasının surətini, şəxsiyyət vəsiqəsinin notarial təsdiq edilmiş surətini, eləcə də əvvəlki müraciət və cavab məktublarını elektron poçt vasitəsilə aidiyyəti quruma göndərmişdir. Iddiaçı qeyd etmişdir ki, X5 Xidməti tərəfindən ona ünvanlanmış məktublarda cavabdehdən müvafiq sənədlərin tələb olunduğu, lakin həmin sənədlərin tam təqdim edilmədiyi üçün müraciətdə göstərilən hallara aydınlıq gətirilməsinin mümkün olmadığı bildirilmişdir. Eyni zamanda ona izah edilmişdir ki, əlavə sübutlar təqdim ediləcəyi təqdirdə müraciətinə yenidən baxıla bilər və bununla yanaşı, məhkəməyə müraciət etmək hüququ vardır. O, tələb olunan sənədləri əldə etmək məqsədilə Ombudsmana, “SOCAR”a, Mərkəzi Banka və digər aidiyyəti qurumlara da müraciətlər etmişdir. Ombudsman Aparatı tərəfindən ona şikayətinin Ombudsmanın səlahiyyətlərinə aid olmadığı və məhkəməyə müraciət edə biləcəyi bildirilmişdir. “SOCAR”ın tabeliyində olan şirkət tərəfindən isə cavab məktubunda arxiv sənədlərinin həcminin böyük olması, uzun illəri əhatə etməsi və bəzi sənədlərin müəyyən edilməsinin mümkün olmaması qeyd edilmiş, həmçinin əmək mübahisələri üzrə qanunvericilikdə bir illik müddətin nəzərdə tutulduğu göstərilmişdir. Bununla yanaşı, cavabdeh iş vaxtından artıq iş saatlarına görə ödənişlərin vaxtında həyata keçirildiyini və işçilərin əvvəllər bununla bağlı müraciət etmədiklərini bildirmişdir. Iddiaçı həmçinin qeyd etmişdir ki, Mərkəzi Bankın müraciəti əsasında Əmanətlərin Sığortalanması Fondu tərəfindən onun əmək haqqı hesabları üzrə bank çıxarışları təqdim edilmiş, həmin sənədlər X5 Xidmətinə təqdim olunmuşdur. X1 Müfəttişliyi Xidməti tərəfindən cavabdehə yenidən sorğular göndərilmiş, sənədlər təqdim edilmədiyi halda qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin tətbiq ediləcəyi barədə xəbərdarlıq olunmuşdur. Iddiaçı bildirmişdir ki, cavabdeh müəssisədə 7 gün iş, 7 gün istirahət qrafiki ilə çalışmış və həmin iş rejimi nəticəsində bəzi aylarda qanunvericiliklə müəyyən edilmiş aylıq iş vaxtı normasından artıq işləməli olmuşdur. Onun fikrincə, bu artıq işlənmiş saatlara görə əlavə əmək haqqı ödənilməli olduğu halda, 2009–2024-cü illər ərzində ona və digər işçilərə belə ödənişlər edilməmişdir. O, yalnız 2024-cü ilin noyabr ayında bəzi işçilərə 2024-cü ilin iyul ayından etibarən “normadan artıq iş saatına görə əlavə ödəniş” verildiyini öyrəndiyini göstərmişdir. Iddiaçı hesab etmişdir ki, X5 Xidmətinin tələb etdiyi “iş vaxtından sonra işə cəlb edilməni təsdiq edən sənədlər” məsələsi düzgün anlaşılmamışdır, çünki söhbət iş vaxtından sonra əlavə işdən deyil, iş vaxtının cəmlənmiş uçotu zamanı aylıq normanın aşılmasından gedir. Iddiaçı əlavə etmişdir ki, artıq işlənmiş saatlar və əmək haqqı ödənişləri ilə bağlı məlumatlar cavabdeh şirkətin elektron sistemində saxlanılır və həmin sistem üzrə araşdırma aparılmaqla işçilərin faktiki iş saatları müəyyən edilə bilər. O, əvvəlcə Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, lakin iddia ərizəsi geri qaytarıldıqdan sonra yenidən məhkəməyə müraciət etmişdir. Bundan başqa, mediasiya qaydasında mübahisəni həll etməyə çalışmış, lakin cavabdeh tərəf mediasiya prosesində iştirak etmədiyindən ona bu barədə arayış verilmişdir. Iddiaçı hesab etmişdir ki, hüquqlarının pozulduğunu yalnız 2024-cü ilin noyabr ayında öyrənmiş, bundan sonra isə aidiyyəti dövlət orqanlarına ardıcıl müraciətlər etmiş, tələb olunan sənədləri toplamağa çalışmışdır. Bu səbəbdən iddia müddətinin ötürülməsinin onun iradəsindən asılı olmadığını, müddətin bərpasının mümkün olduğunu və pozulmuş əmək hüquqlarının məhkəmə qaydasında müdafiə edilməli olduğunu göstərmişdir.

3. Cavabdeh iddiaya yazılı etiraz edərək bildirmişdir ki, iddiaçının iddiası əsassızdır və təmin edilə bilməz. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə iddiaçının ərizəsi nəzərə alınaraq Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən ##.##.2015-ci il tarixdə xitam verilmişdir. Iddiaçı iddia ərizəsinin əsaslandırılma hissəsində qeyd etmişdir ki, artıq iş saatına görə əlavənin ödənilməsi halı ona 2024-cü ilin noyabr ayında məlum olmuşdur. Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən - pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün qanunvericilik 1 il iddia müddəti nəzərdə tutmuşdur. Iddiaçı iddia müddətini ötürmüşdür. Iddiaçı eyni tələblə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə müraciət etmişdir. X5 Xidmətinin Bakı Şəhər Idarəsinin sorğusuna Kayman Adalarının "X4" Şirkətinin Filialı tərəfindən analoji cavab verilmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçı iddiasının təmin olunmaması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Nəsimi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Əfsanə Heydərova) iddia təmin edilməmişdir.

5. Iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

6. Iddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, rayon məhkəməsi maddi və prosessual hüquq normalarını pozaraq qətnamə qəbul etmişdir. Işin halları hərtərəfli araşdırılmamış, cavabdehin etirazı əsas götürülərək iddia tələbi təmin edilməmişdir. Qeyd edilənlərə əsasən, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbule dilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

7. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və şikayətin təmin edilməsini xahiş etdi.

8. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi M.Mikayılzadə apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

9. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verilməmişdir.

10. Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: 11.

12. Azərbaycan Respublikası Insan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatı tərəfindən İddiaçı ##.##.2025-ci il tarixdə ünvanlanmış 2-5/2- *****/**** nömrəli cavab məktubunun surətindən müəyyən olunur ki, 2000 – 2019-cu illər ərzində gündəlik iş vaxtından artıq işə cəlb olunma ilə bağlı “xxxx” Əməliyyat Şirkəti tərəfindən ona ödənişin verilməsində köməklik göstərilməsi barədə Azərbaycan Respublikasının Insan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) ünvanlanmış müraciətə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294.1-ci maddəsinə əsasən, bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.

13. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı Şəhər Idarəsi tərəfindən İddiaçı ##.##.2025-ci il tarixdə ünvanlanmış *-**-*/*-M-*****/**** nömrəli cavab məktubundan müəyyən olunur ki, müraciətlə əlaqədar olaraq ərizəçiyə aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.9-cu maddəsinin tələbinə müvafiq olaraq təqdim edilməsi məqsədilə Kayman Adalarının “X4” Şirkətinin Fillialının ünvanına məktublar göndərilmişdir. Kayman Adalarının “X4” Şirkətinin Fillialı tərəfindən X5 Xidmətinin Bakı şəhər Idarəsinə təqdim olunan sənədlərdən ərizəçi ilə bağlanmış əmək müqaviləsinə ##.##.2015-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3- cü hissəsinə əsasən xitam verildiyi müəyyən edilmişdir. Kayman Adalarının “X3” Şirkətinin Fillialı tərəfindən müvafiq sənədlər tam təqdim edilmədiyi üçün müraciətdə qeyd edilən məsələlərlə aydınlıq gətirilməsi mümkün olmamışdır. Odur ki, müraciətdə qeyd edilən məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.

14. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı Şəhər Idarəsi tərəfindən İddiaçı nümayəndəsinə ##.##.2025-ci il tarixdə ünvanlanmış məktubundan görünür ki, Kayman Adalarının “X3” Şirkətinin Fillialının ünvanına yenidən sorğu məktubu ünvanlanaraq müvafiq sənədlərin təqdim edilmədiyi təqdirdə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə müvafiq olaraq məsuliyyətə cəlb ediləcəyi ilə bağlı məlumatlandırılmışdır. Kayman Adalarının “X3” Şirkətinin Fillialı tərəfindən sənədlər təqdim edildikdən sonra müraciətin araşdırılmasının nəticəsi barədə iddiaçıya əlavə məlumat veriləcəyi bildirilmişdir.

15. X6 * saylı Mediasiya Təşkilatı tərəfindən ##.##.2025-ci il tarixdə verilmiş MŞŞ/MT***/****-***** nömrəli arayışdan müəyyən olunur ki, iddiaçının etibarnamə üzrə nümayəndəsi ##.##.2025-ci il tarixdə keçirilmiş iddiaçıların 2009 – 2019- cu illər üzrə gündəlik iş saatından (normadan) artıq iş saatı üzrə cavabdeh tərəfindən işlədildiklərinə görə iddiaçılara ödənilməyən ödənişin cavabdeh tərəfindən ödənilməsi tələbinə dair ilkin mediasiya sessiyasında iştirak etmiş, qarşı tərəfə ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq (##.##.2025-ci il tarixdə bildiriş göndərilmişdir), qarşı tərəfin səlahiyyətli nümayəndəsinin mediasiya prosesində iştirakınə təmin etmək mümkün olmamışdır. Ilkin mediasiya xərci (120 manat) iddiaçının etibarnamə üzrə nümayəndəsi tərəfindən ödənilmişdir.

16. Kayman Adalarının “X4” Şirkətinin Filialı tərəfindən ##.##.2026-cı il tarixdə tərtib edilmiş *** nömrəli maliyyə arayışından müəyyən olunur ki, 2009 – 2015-ci illərdə Kayman Adalarının “X4” Şirkətinin Fillialında Quyuların Əsaslı və Yeraltı Təmiri sexində Yeraltı təmir üzrə usta vəzifəsində işləmiş İddiaçı 2009-cu təqvim ili üzrə ümumilikdə 7662.57 manat, 2010- cu təqvim ili üzrə ümumilikdə 7516.43 manat, 2011-ci təqvim ili üzrə ümumilikdə 8128.81 manat, 2012-ci təqvim ili üzrə ümumilikdə 7215.07 manat, 2013-cü təqvim ili üzrə ümumilikdə 8150.35 manat, 2014-cü təqvim ili üzrə ümumilikdə 7868.47 manat, 2015-ci təqvim ili üzrə ümumilikdə 4955.88 manat, ##.##.2015-ci il tarixinə son haqq-hesab 6580.04 manat məbləğində ödəniş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

17. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

18. Maddə 89.1. Tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır.

19. Maddə 89.2. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz.

20. Maddə 89.3. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz.

21. Maddə 95.1. Iş vaxtının rejimi qaydaları — gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı daxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir.

22. Maddə 96.2. Iş vaxtının cəmlənmiş uçotunun tətbiqi qaydası kollektiv müqavilə ilə, müəssisədə iş vaxtının rejimini müəyyən edən qaydalarla və ya əmək müqaviləsi ilə tənzim edilir.

23. Maddə 99.1. Iş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır.

24. Maddə 100.1. Hər bir işçi dalbadal gələn iki iş günü ərzində dörd saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə iki saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz.

25. Maddə 101.1. Iş vaxtından artıq işlərə yalnız aşağıdakı müstəsna hallarda yol verilir: a) dövlətin müdafiəsinin təmin olunması üçün, habelə təbii fəlakətin, istehsal qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsinə; b) su, qaz və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal xidmət sahələrində işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaq üçün zəruri işlərin görülməsini təmin etmək üçün; c) başlanmış və istehsalın texniki şəraitinə görə iş gününün sonunadək tamamlana bilməyən işlərin dayandırılması avadanlıqların, əmtəələrin qarşısıalınmaz korlanması, sıradan çıxması təhlükəsi zamanı işlərin tamamlanması zəruriyyəti olduqda; ç) işçilərin əksəriyyətinin işinin dayandırılmasına səbəb olan sıradan çıxmış mexanizmlərin, qurğuların təmiri, bərpası ilə əlaqədar işlərin görülməsi zərurəti olduqda; d) işçini əvəz edə biləcək başqa işçinin olmaması ilə əlaqədar işə fasilə verilməsinə yol vermək mümkün olmadıqda.

26. Maddə 102.1. Işəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur.

27. Maddə 102.2. Iş vaxtının uçotunun aparılması forması və qaydası işəgötürən tərəfindən müəyyən edilir.

28. Maddə 103.5 Istirahət və nahar fasilələrinin müddəti iş vaxtına daxil edilmir. Istirahət və nahar fasilələrindən işçi öz mülahizəsi ilə istədiyi kimi istifadə edə bilər.

29. Maddə 160.1 Vaxtamuzd işçi eyni zamanda müxtəlif işlər, vəzifələr, peşələr və ya ixtisas dərəcələri üzrə əmək vəzifələrini yerinə yetirdikdə, habelə müəyyən edilmiş normalardan artıq dəzgaha, maşına, aparata xidmət etdikdə, onun əməyi daha yüksək haqq verilən ixtisas (peşə) dərəcələri, tarif (vəzifə) maaşları üzrə ödənilir və əmək haqqına əlavə müəyyən edilir.

30. Maddə 164.1 Istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla ödənilir.

31. Maddə 165.1. Işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: -əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; -əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində.

32. Maddə 172.4 Işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.

33. Maddə 290.2 Işçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir.

34. Maddə 296.1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

35. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

36. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

37. Maddə 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Işçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

38. 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

39. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

40. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

41. 377.1. Iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

42. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

46. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

47. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

48. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

49. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

50. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

51. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

52. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

53. 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

54. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

55. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

57. Hazırkı halda Məhkəmə Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

58. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətinin dəlilləri ilə birlikdə araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

59. Hazırkı işin hallarından müəyyən olur ki, iddiaçı ilə cavabdeh arasında ##.##.2000-ci il tarixində əmək müqaviləsi bağlanmış, həmin müqaviləyə bir neçə dəfə dəyişiklik edilmiş və son olaraq iddiaçı cavabdehin nəzdində Quyuların Əsaslı və Yeraltı Təmiri sexində Yeraltı təmir üzrə usta vəzifəsində əmək fəaliyyəti göstərmişdir. Iddiaçı ilə cavabdeh arasındakı əmək münasibətlərinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən ##.##.2015-ci il tarixdə xitam verilmişdir.

60. Hazırda iddiaçı məhkəməyə müraciət edərək 2009-2015-ci il tarixləri dövründə aylıq iş normasından artıq iş saatına görə işlədiyi üçün ödənilməli olan əlavə ödənişlərin hesablanaraq ona ödənilməsini xahiş etmişdir.

61. Rayon məhkəməsi cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsini nəzərə alaraq iddianı təmin etməmişdir.

62. Məhkəmə rayon məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq və iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, göründüyü kimi işin rayon məhkəməsi tərəfindən tədqiq edilən halları ilə iddiaçının pozulmuş hesab etdiyi hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş 1 (bir) illik müddət ötürüldükdən sonra məhkəməyə müraciət etdiyi müəyyən edilmişdir. Belə ki, iddiaçının əmək müqaviləsinə ##.##.2015-ci il tarixdə xitam verildiyi halda, o, məhkəməyə 2025-ci ildə müraciət etmişdir.

63. Iddiaçı apellyasiya şikayətində hüququnun pozulmasının ona 2024-cü ilin noyabr ayında məlum olduğunu, buna görə də 1 (bir) illik iddia müddətini ötürmədən məhkəməyə müraciət etdiyini bildirsə də, Məhkəmə qeyd edir ki, əmək qanunvericiliyinə əsasən, işçinin hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Hazırkı halda isə iddiaçının əmək müqaviləsinə xitam verilməsindən, onunla son haqq-hesab aparılmasından 10 il müddət keçmişdir ki, iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl müxtəlif dövlət orqanlarına, o cümlədən X5 Xidmətinə, Ombudsmana və digər qurumlara müraciət etməsi də iddia müddətini bərpa edən və ya onu axımını dayandıran hal kimi hesab edilə bilməz, çünki iddiaçı müvafiq müraciətləri də iddia müddətini ötürdükdən sonra etməyə başlamışdır.

64. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

65. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

66. Beləliklə, Məhkəmə hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassızdır və təmin edilə, rayon məhkəməsi qətnaməsinin ləğvinə və ya dəyişdirilməsinə səbəb ola bilməz.

67. MPM-in 385.2-ci maddəsinin tələbinə görə də birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

68. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə ## ###### 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə ## ####### 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Nəticə:

69. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, rayon məhkəməsi düzgün hüquqi nəticəyə gəlmiş və iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, iddiaçının apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır

70. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

71. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

72. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir.

73. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 387, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDI:

Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar