Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-3060/2026 23.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Sultanlı (Zülfüqarlı) Leyla Şakir qızına qarşı "müqavilənin ləğv edilməsi" tələbinə dair iş üzrə (Açar sözlər: qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və X5 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh Sultanlı (Zülfüqarlı) Leyla Şakir qızı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Iddiaçı İddiaçı cavabdeh Sultanlı (Zülfüqarlı) Leyla Şakir qızına qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Changan” markalı “Deepal S07 Plug-in Hybrid” minik markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı, tünd boz metallik rəngli nəqliyyat vasitəsinə dair cavabdeh X4 ilə bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi və həmin nəqliyyat vasitəsinin iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Cavabdeh Sultanlı (Zülfüqarlı) Leyla Şakir qızı iddiaçı İddiaçıa qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə olunaraq sonradan iddiaçı İddiaçı tərəfindən özgəninkiləşdirilmiş “Porsche Cayenne”, “Mercedes Benz S350”, “Mercedes Benz G63”, “X1”, “Renault Megane”, “Honda CBR1000RR”, “Yamaha R15 V4” markalı nəqliyyat vasitələrinin tərəflərin ümumi birgə mülkiyyəti hesab edilməsi və Cavabdeh həmin əmlaklar üzərində 1/2 pay hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadına əsasən qarşılıqlı iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır.
4. Birinci instansiyası məhkəməsinin mövqeyinə görə ilkin və qarşılıqlı iddia tələbləri bir-biri ilə əlaqəli olmayan tamamilə fərqli kateqoriyalara aid olan mübahisələr olduğundan, onlara birlikdə baxılmamalı və qarşılıqlı iddianın icraatı hazırkı mülki işin icraatı çərçivəsində mümükün sayılmamalıdır.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
5. Cavabdeh Sultanlı (Zülfüqarlı) Leyla Şakir qızı tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından verilmiş şikayət həmin məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə təmin edilməmiş, iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia tələbi təsadüfi və ilkin iddiadan tamamilə kənar mübahisə deyildir. Əksinə, qarşılıqlı iddia tərəflər arasında mövcud olmuş ailə münasibətlərindən, nikah dövründə əldə edilmiş əmlakların hüquqi rejimindən, həmin əmlakların sonradan iddiaçı tərəfindən özgəninkiləşdirilməsindən və mübahisəli “Changan Deepal S07 Plug-in Hybrid” avtomobilinin tərəflər arasındakı ümumi əmlak münasibətləri kontekstində qiymətləndirilməsi zərurətindən irəli gəlmişdir. Belə ki, ilkin iddiada iddiaçı faktiki olaraq mübahisəli avtomobilin cavabdehdə qalmasını mübahisələndirir və həmin avtomobilin özünə qaytarılmasını tələb edir. Cavabdehin mövqeyi isə ondan ibarətdir ki, tərəflər arasında nikah dövründə əldə edilmiş və sonradan iddiaçı tərəfindən özgəninkiləşdirilmiş digər nəqliyyat vasitələrinin hüquqi taleyi müəyyən edilmədən, yalnız bir avtomobil üzrə müqavilənin ləğvi və avtomobilin iddiaçıya qaytarılması barədə tələbə baxılması işin faktiki və hüquqi hallarının natamam araşdırılması ilə nəticələnə bilər. Başqa sözlə, ilkin iddianın düzgün həlli üçün tərəflər arasında mövcud olmuş ümumi əmlak münasibətləri, nikah dövründə əldə edilmiş nəqliyyat vasitələrinin kimə məxsus olması, həmin əmlakların hansı vəsait hesabına əldə edilməsi, sonradan hansı qaydada özgəninkiləşdirilməsi və mübahisəli avtomobilin həmin ümumi əmlak münasibətlərində hansı yer tutması araşdırılmalıdır. Məhz bu səbəbdən qarşılıqlı iddia ilkin iddia ilə birgə baxılmalı idi. Çünki qarşılıqlı iddianın təmin edilməsi ilkin iddianın tam və ya qismən təmin edilməsinə birbaşa təsir göstərə bilərdi. Eyni zamanda hər iki tələb arasında qarşılıqlı əlaqə mövcuddur və həmin tələblərə birlikdə baxılması tərəflər arasında yaranmış mübahisənin daha tam, obyektiv, hərtərəfli və düzgün həllinə xidmət edərdi. Lakin Bakı şəhəri Xətai Rayon Məhkəməsi ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərardadı ilə cavabdeh Sultanlı (Zülfüqarlı) Leyla Şakir qızının vəkili və nümayəndəsi tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsini geri qaytarmışdır. Məhkəmə qərardadında belə nəticəyə gəlmişdir ki, ilkin iddia tələbi müqavilənin ləğvi ilə bağlı olduğu halda, qarşılıqlı iddia tələbi ailə münasibətlərindən irəli gələn ərarvad arasında əmlak bölgüsü ilə bağlıdır. Məhkəmə bu əsasla hesab etmişdir ki, ilkin və qarşılıqlı iddia tələbləri bir-biri ilə əlaqəli olmayan, tamamilə fərqli kateqoriyalara aid olan mübahisələrdir və onlara birlikdə baxılması mümkün deyildir. Birinci instansiya məhkəməsinin bu nəticəsi formal yanaşmaya əsaslanmışdır. Məhkəmə iddia tələblərinin yalnız zahiri adlandırılmasına — yəni birinin “müqavilənin ləğvi”, digərinin isə “əmlak bölgüsü” kimi göstərilməsinə əsaslanmış, lakin həmin tələblərin faktiki əsaslarını, tərəflər arasındakı ümumi hüquqi münasibətləri, mübahisənin yaranma səbəblərini və qarşılıqlı iddianın ilkin iddianın həllinə təsir imkanını araşdırmamışdır. Məhkəmə nəzərə almamışdır ki, mübahisəli “Changan Deepal S07 Plug-in Hybrid” avtomobili üzrə ilkin iddia da əslində tərəflər arasında mövcud olmuş ailə və əmlak münasibətlərindən təcrid olunmuş şəkildə qiymətləndirilə bilməz. Iddiaçı ilə cavabdeh arasında nikah münasibətlərinin mövcud olması, nikah dövründə müxtəlif nəqliyyat vasitələrinin əldə edilməsi, həmin əmlakların sonradan iddiaçı tərəfindən özgəninkiləşdirilməsi və hazırda yalnız bir avtomobilin cavabdehdən tələb olunması iş üzrə mühüm əhəmiyyət kəsb edən hallardır. Birinci instansiya məhkəməsi bu halları araşdırmadan və qarşılıqlı iddianın ilkin iddia ilə hüquqi və faktiki əlaqəsini qiymətləndirmədən qarşılıqlı iddia ərizəsini geri qaytarmışdır. Halbuki, qarşılıqlı iddianın məqsədi tərəflər arasında eyni hüquqi münasibətlərdən irəli gələn və bir biri ilə bağlı olan tələblərin bir icraatda həll edilməsinə, ziddiyyətli məhkəmə aktlarının qarşısının alınmasına və mübahisəyə daha tez və düzgün baxılmasına xidmət edir. Bundan əlavə, qarşılıqlı iddianın ayrıca icraatda qaldırılması tərəflər arasında eyni əmlak münasibətlərindən irəli gələn mübahisələrin parçalanmasına, eyni faktların müxtəlif məhkəmə icraatlarında ayrıca araşdırılmasına, ziddiyyətli məhkəmə aktlarının qəbul edilməsi riskinə və prosessual qənaət prinsipinin pozulmasına səbəb ola bilər. Beləliklə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsinin geri qaytarılması qanunsuz və əsassız olmuş, məhkəmə işin faktiki hallarına formal yanaşmış, qarşılıqlı iddianın ilkin iddia ilə əlaqəsini düzgün qiymətləndirməmiş və nəticədə cavabdehin prosessual hüquqlarının həyata keçirilməsini məhdudlaşdırmışdır.
7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
Tətbiq edilən hüquq normaları:
8. Mülki Prosessual Məcəllə
Maddə 156.1. Hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: 156.1.1. qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; 156.1.2. qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; 156.1.3. qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
9. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
10. Məhkəmə kollegiyası qarşılıqlı iddia ərizəsinin geri qaytarılması qənaətinə gələn birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, qanunvericiliklə qarşılıqlı iddianın icraata qəbul edilməsi üçün müəyyən edilmiş ilkin hal qarşılıqlı iddia tələbinin ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlməsindən ibarətdir. Mülki prosessual qanunvericiliyə əsasən qarşılıqlı iddianın müstəqil icraata deyil, ilkin iddia ilə birgə baxılması üçün icraata qəbul edilməsi prosessual qənaət və ziddiyyətli qərarların qarşısının alınması məqsədinə xidmət edir.
11. MPM-in 156.1.3-cü maddəsinin mənasına görə, qarşılıqlı iddianın ilkin iddia ilə birlikdə icraata qəbul edilməsi üçün onların arasında mübahisənin həlli üçün əhəmiyyət kəsb edən maddi-hüquqi əlaqənin mövcudluğu tələb olunur. Başqa sözlə, qarşılıqlı iddia üzrə irəli sürülən tələbin həlli ilkin iddia üzrə hüquq münasibətlərinin müəyyən edilməsinə təsir göstərməli, yaxud həmin tələbin təmin olunması ilkin iddianın tam və ya qismən təmin edilməsini istisna etməli və ya onun hüquqi nəticələrinə təsir etməlidir.
12. Hazırkı mülki işdə isə ilkin iddia tələbinin predmeti və əsası ilə, qarşılıqlı iddia tələbinin həm predmeti, həm əsası, həm də iddianın obyekti fərqlidir.
13. Belə ki, ilkin iddia tələbinin predmeti müqavilənin ləğvi, iddianın obeyekti “Changan Deepal S07 Plug-in Hybrid” markalı avtomobil olsa da, qarşılıqlı iddia tələbinin predmeti ər-arvadın birgə mülkiyyətinin bölünməsi, iddianın obyekti “Porsche Cayenne”, “Mercedes Benz S350”, “Mercedes Benz G63”, “X1”, “Renault Megane”, “Honda CBR1000RR”, “Yamaha R15 V4” markalı nəqliyyat vasitələridir.
14. Buna görə də tərəflər arasında eyni ailə münasibətlərindən irəli gələn faktiki zəminin mövcudluğu özlüyündə MPM-in 156.1.3-cü maddəsinin tətbiqi üçün kifayət hesab edilə bilməz və ilkin iddia ilə qarşılıqlı iddia arasında qanunun tələb etdiyi səviyyədə maddihüquqi qarşılıqlı əlaqə müəyyən edilmir.
15. Kollegiya əlavə edir ki, ilkin iddiada müqavilənin ləğvi tələbi ilə qarşılıqlı iddiadakı əmlak bölünməsi tələbi arasında qanunun tələb etdiyi dərəcədə bir-birini şərtləndirən və ya istisna edən maddi-hüquqi bağlılıq olmadığından bu iddialara bir icraatda baxılması prosessual sadələşməyə deyil, aksinə, mübahisənin əsassız mürəkkəbləşməsinə və uzanmasına gətirib çıxara bilər.
16. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsini geri qaytarmaqda haqlı olmuşdur.
17. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
18. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA A L D İ:
Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Məhəmməd Rüstəmli Fərrux Qasımov