Məhkəmə qərarları › İş №2(3-6)-3244/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-3244/2026

24.08.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-3244/2026 24.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X9 ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, İddiaçı İddiaçı nümayəndəsi-vəkili Vəkil iştirakı ilə İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “alimentin dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları: İddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh ##.##.2016-cı il tarixdə qeydə alınmış rəsmi nikahlarından ##.##.2017-ci il təvəllüdlü X1 anadan olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixlli qətnaməsinə əsasən tərəflər arasında ##.##.2016-cı il tarixdə bağlanmış nikah pozulmiuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından anadan olmuş həmin uşaq anası X8 himayəsində saxlanılmış, Cavabdeh uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ##.##.2018-ci il tarixdən başlayaraq hər ay 154 manat sabit pul məbləğində alimentin X8 xeyrinə tutulması qət edilmişdir. Hazırda iddiaçı həmin alimentin miqdarının dəyişdirilərək Cavabdeh aylıq qazancının və digər gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdən tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2018-ci il tarixli qətnaməsi ilə ##.##.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş 154 manat məbləğində alimentin miqdarının dəyişdirilərək Cavabdeh aylıq gəlirinin dörddə bir hissəsi miqdarında müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh ilə ##.##.2016-cı il tarixində rəsmi nikaha daxil olmaqla, ailə həyatı qurmuşlar. Birgə nikahdan ##.##.2017-ci il təvəllüdlü X1 doğulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2018-ci il tarixli qətnaməsi ilə ##.##.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanədək saxlanılması üçün ## ####### 2018-ci il tarixdən hər ay 154 manat sabit pul məbləğində alimentin cavabdeh Cavabdeh tutularaq ona ödənilməsi qət edilmişdir. Uşağın saxlanması, sağlamlığı, təhsili ilə bağlı bütün məsələlər onun öhdəsindədir və o, uşağın bütün xərclərini təkbaşına qarşılamaqda maddi çətinlik çəkir. Cavabdehin ödədiyi 154 manat aliment isə hazırki inflyasiyanın artdığı bir dövrdə uşağın sağlam və normal inkişafı üçün yetərli deyildir və onun saxlanması üçün zəruri olan tələbatlarını ödəmir. Onda olan məlumata görə cavabdeh hal-hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında xxxxnun Sosial Sığorta və Fərdi Uçot üzrə X21 və müraciətlərin qəbulu departamentinin, Sığortaedənlərə dəstək şöbəsinin müdiri vəzifəsində çalışır və onun aylıq gəliri kifayət qədər yüksəkdir. Belə olan halda hesab edir ki, alimentin məbləği artırılmalıdır. Daha sonra iddiaçı işin məhkəmədə baxılması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2018-ci il tarixli qətnaməsi ilə ##.##.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş 154 manat məbləğində alimentin miqdarının dəyişdirilərək Cavabdeh aylıq qazancının və digər gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, ##.##.2017-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, ##.##.2017-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün ##.##.2026cı ildən başlayaraq hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulub, İddiaçı ödənilməsi və məhkəmə xərclərinin dövlət büdcəsinə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh ##.##.2016-cı il tarixdə qeydə alınmış rəsmi nikahlarından ##.##.2017-ci il təvəllüdlü X1 anadan olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli qətnaməsinə əsasən tərəflər arasında ##.##.2016-cı il tarixdə bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından anadan olmuş, həmin uşaq anası X8 himayəsində saxlanılmış, Cavabdeh uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ##.##.2018-ci il tarixdən başlayaraq hər ay 154 manat sabit pul məbləğində alimentin X8 xeyrinə tutulması qət edilmişdir. Lakin bundan sonra ödəmələrin miqdarının müəyyənləşdirilməsi üçün əsas olan hallar dəyişmiş, uşağın maddi tələbatları və uşaqlar üçün yaşayış minimumu məbləği artmışdır. Məhkəmə bildirmişdir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşaqların getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Məhkəmə qeyd etmişdir ki, alimentin məbləğinin müəyyən olunduğu tarixdən bu günədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşaqların böyüməsi tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Məhkəmə hesab etmişdir ki, alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün yetərli hesab olunmamalı, ona görə bu miqdar dəyişməlidir. Qanunvericiliyə görə, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. ##.##.2018-ci il tarixli qətnamə əsasında alimentin məbləği və tutulması qaydası müəyyən edilərkən məhz iddiaçının alimentin sabit pul məbləğində tutulması barədə tələbi nəzərə alınmışdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı alimentin miqdarının dəşyişdirilməsini tələb etməkdə haqlıdır. Belə ki, iddiaçının aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən istehlak qiymətləri və s. dəyişmiş, uşaq böyüməkdə davam etməklə onun müvafiq olaraq tələbatları da artmışdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. İddiaçı Nizami Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş və hal-hazıradək dəyişdirilməmiş 154 manat aliment məbləği ilə uşaqları saxlamaqda çətinlik çəkir. Ali Məhkəmənin Plenumunun ## #### 2016-cı il tarixli qərarının 8.7-ci bəndində göstərilmişdir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Bu mənada, məhkəmə cavabdehin iddia tələbinə etirazının əsasını təşkil edən dəlillərinə münasibətdə qeyd edir ki, cavabdehin digər nikahdan olan iki uşağı onun himayəsində yaşayır, cavabdeh onların saxlanılması üçün aliment ödəmir, onun məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də digər əlavə xərclərə (kredit borcunun olması) məruz qalması alimentin məbləğinin dəyişdirilməsi (burada artırılması) zamanı iddianın rəddi üçün əsas kimi qəbul edilə bilməz. Cavabdehin alimentin Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinə uyğun olaraq üç uşağa görə qazancın (başqa gəlirlərin) yarısı miqdarında tutulması barədə irəli sürdüyü dəlilin də əsası yoxdur. Belə ki, həmin normada aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 3 və daha çox uşağa görə hər ay qazancın (başqa gəlirlərin) yarısı miqdarında tutulmalı olması nəzərdə tutulmuşdur. Məlumdur ki, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Cavabdeh isə iddiaçının himayəsində olmaqla aliment ödədiyi bir uşaqdan başqa digər iki uşağı ilə birlikdə yaşayır və həmin uşaqların saxlanılmasına görə aliment ödəmir. Ona görə həmin hal istinad olunan maddənin tətbiqinə, alimentin miqdarının həmin qaydada müəyyən edilməsinə əsas vermir. İddia tələbi təmin edildiyi halda bu, uşaqların hüquqlarının bərabərliyi prinsipini pozmayacaqdır, əksinə, bütün uşaqların bərabər səviyyədə maddi təminat almaq hüququnu təmin etmiş olacaqdır. Həmçinin nəzərə alınmalıdır ki, baxmayaraq ki, cavabdeh iddia tələbinə qarşı etiraz vermişdir, həmin etirazında və məhkəmədə verdiyi izahatında göstərdiyi kimi, o, alimenti ödəməyi ilə yanaşı övladının gündəlik yaşayış xərclərinin, təhsil, geyim, müalicə və digər zəruri ehtiyaclarının qarşılanmasında da daim iştirak edir. “Elektron məhkəmə” informasiya sistemində gəlir məlumatlarının yoxlanılması zamanı cavabdeh Cavabdeh “xxxx” X4 şöbə müdiri vəzifəsində işləməsi və aylıq əmək haqqının 3.500 manat olması müəyyən edilmişdir. Yəni, aliment öhdəliyi olan cavabdehin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən deyildir. Ali Məhkəmənin Plenumunun ## #### 2016-cı il tarixli qərarının 8.11-1-ci yarımbəndinə əsasən alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Ona görə məhkəmə hesab edir ki, miqdarı dəyişdirilən aliment hazırkı iddia ərizəsi verilən gündən, yəni ##.##.2026-cı il tarixdən başlayaraq tutulmalıdır. Qətnamədən cavabdeh Qəniyev Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilərək ##.##.2017-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün ##.##.2026-cı ildən başlayaraq hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin 1/6 hissədə alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsində icraat: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olubolmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Bu məsələ ilə əlaqədar bildirir ki, cavabdeh ##.##.2022-ci il tarixindən X7 ilə ailə həyatı qurmuşdur, onunla olan birgə nikahdan 2 azyaşlı övladları da var (##.##.2023-cü il təvəlüdlü X2 və ##.##.2025-ci il təvəlüdlü X5). Həmin övladların saxlanılması, ehtiyaclarının qarşılanması, tibbi və digər xərclərin qarşılanması da onun üzərindədir. Həmçinin bildirir ki, Azərbaycan Beynəlxalq Bankına 16.074 (on altı min yetmiş dörd) manat, Baku Electronicsə isə 4000 min (dörd min) manat olmaqla cəmi 20.074 (iyirmi min yetmiş dörd) manat məbləğində kredit borcları mövcuddur və hər ay əmək haqqından sözügedən kreditlər üçün 1.246 (min iki yüz qırx altı) manat kredit borclarına tutulma edilir. İddiaçı İddiaçı da rəsmi olaraq əmək müqaviləsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X16 çalışır və normal, stabil əmək haqqı alır. İddiaçı da valideyn olaraq öz üzərinə düşən öhdəlikləri yerinə yetirilməli, övladlarının saxlanılmasında onunla birgə iştirak etməlidir X12 76.1.3-cü maddəsinə əsasən 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur, burdan da aydın olduğu kimi, gəlirinin yarısının üçdə biri miqdarında aliment təyin edilə bilər. Bundan əlavə bildirir ki, alimentin artırılması o zaman həyata keçirilir ki, cavabdeh tərəfin maddi vəziyyəti əvvəlki illərə münasibətdə yaxşılaşsın, qarşı tərəfin maddi imkanı kifayət qədər olmasın. Cavabdehin maddi vəziyyəti isə yaxşılaşmamış, əksinə çətinləşmişdir. Belə ki, yeni nikah münasibətinə daxil olmağı, himayəsində əlavə iki azyaşlı uşağın olması, 20.074 manat kredit məbləğinin olması aldığı əmək haqqının çox hissəsinin digər istiqamətlər üzrə xərclənməsinə səbəb olmuşdur. Alimentin məbləği dəyişdirilərək (artırılaraq) cavabdehin qazancının və başqa gəlirlərin dörddə bir hissəsi miqdarında müəyyən ediləcəyi halda digər azyaşlı uşaqlarının saxlanması üçün (xərclər çıxıldıqdan sonra) ayrılan vəsaitin azalmasına, nəticə etibarilə onların normal həyat şəraitlərinin pisləşməsinə və qanunla qorunan mənafelərinin zərər görməsinə gətirib çıxaracaqdır. Həmçinin, cavabdehin digər öhdəliklərinin yerinə yetirilməsini daha da çətinləşdirəcəkdir. Məhkəmə tərəfindən bütün bunlar nəzərə alınmamış, bu cür qətnamə qəbul etməklə tərəflərin maddi vəziyyətləri və qarşılıqlı münasibətləri üzrə, o cümlədən cavabdehin digər uşaqları ilə bağlı valideyn olaraq hüquqi vəziyyətinə dair ədalətliliyi təmin etməmişdir. Məhkəmə tərəfindən cavabdehin alimentin Ailə Məcələsinin 76.1.3-cü maddəsinə uyğun olaraq üç uşağa görə qazancın (başqa gəlirlərin) yarısı miqdarında tutulması barədə irəli sürdüyü dəlilin də əsassız olması ilə bağlı sərgilədiyi mövqe anlaşılan olmamışdır. Belə ki, məhkəmə qətnaməsində qeyd edilmişdir ki, cavabdeh iddiaçının himayəsində olmaqla aliment ödədiyi bir uşaqdan başqa, digər iki uşağı ilə birlikdə yaşayır və həmin uşaqların saxlanılmasına görə aliment ödəmir. Ona görə bu maddənin tətbiqinə alimentin miqdarının bu qaydada müəyyən edilməsinə əsas vermir. Bununla bağlı bildiri ki, Ailə Məcələsinin 76.3-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Normadan görünür ki, alimentin məhkəmə qaydasında tutulmasına əsas valideynlər tərəfindən uşaqların saxlanılması üçün vəsaitin könüllü ödənilməməsidir. Yəni məhkəmə qaydasında tutulan alimentin məqsədi uşaqların saxlanılmasıdır. Başqa sözlə, valideyn uşağın saxlanmasında könüllü iştirak edirsə, məhkəmə qaydasında aliment tutulmasına zərurət yoxdur. Məhkəmənin isə mövqeyindən belə çıxır ki, cavabdeh digər iki uşağının saxlanmasını (əmək haqqı və digər gəlirlərinin onların saxlanmasına xərclənməsini) sübut etmək üçün hökmən (mütləq qaydada) məhkəmə qətnaməsi ilə aliment ödəməlidir?. Şərh olunanlardan da göründüyü kimi birinci instansiya məhkəməsi ağlabatan mühakimə aparmayaraq, qanunsuz və əsassız qətnamə qəbul etmiş, cavabdehin ikinci nikahından olan uşaqlarının birinci nikahdan olan uşaqla bərabər səviyyədə maddi təminat almaq hüququnun pozulmasına rəvac vermişdir. Proses iştirakçılarının izahatı: Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə Kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdi. Məhkəmə Kollegiyasının son iclası barədə lazimi qaydada xəbərdar edilmiş cavabdeh Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə tam yoxlanılmalıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası:

17. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər. Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır. 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.

Ailə Məcəlləsi:

75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

“Uşaq hüquqları haqqında” Qanun:

4. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları tə min etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.

5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

19. Uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” ## #### 2016-cı il tarixli qərarı:

Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşaqların əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016cı il tarixli, *-*/**** saylı qərarı:

8.2. Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.3. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. 8.4. Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. 8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək qətnamə dəyişdirilməklə, aliment hər ay cavabdeh X3 əmək haqqının və digər gəlirlərinin 1/5 hissəsi miqdarında müəyyən edilməlidir. Məhkəmə Kollegiyası ilk olaraq qeyd edir ki, hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüquqi vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcud qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafelərinin daha üstün tutulmasını imperativ olaraq göstərir. Valideynin uşağı saxlamaq vəzifəsi Ailə Məcəlləsində imperativ olaraq nəzərdə tutulmuşdur. Həmçinin, valideynlər uşağın tərbiyəsinə, sağlamlığına və onun psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar (AM-nin 58.2-ci maddəsi). Valideynlərin bu vəzifələrinin yerinə yetirilməsində isə uşağın maddi cəhətdən təmin olunması xüsusi rol oynayır. Ona görə də, maddi durumu imkan verdiyi halda, uşağın saxlanılması üçün valideyndən tutulan alimentin məbləği məhkəmə tərəfindən elə həddə müəyyən edilməlidir ki, bu valideynin uşağı saxlamaq vəzifəsinə, habelə uşağın sağlamlığına, onların psixi, fiziki, mənəvi inkişafına dair məsuliyyət həddinə mütənasib olsun. Məhkəmə Kollegiyası həmçinin qeyd edir ki, alimentin tutulmasının əsas məqsədi uşağın maddi təminatının, tərəflərin maddi vəziyyəti və digər hallar nəzərə alınmaqla, yüksək səviyyədə saxlanılması, habelə onun hüquq və mənafelərinin qorunmasına xidmət edir. Göründüyü kimi, hazırki vəziyyətdə ##.##.2017-ci il təvəllüdlü X1 ananın yanında qalması və uşağın günü-gündən artan maddi tələbatının qarşılanması məhz ananın-iddiaçının üzərindədir. Alimentin məbləğinə münasibətdə Məhkəmə Kollegiyası aşağıdakıları qeyd edir. Qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Belə ki, Ailə Məcəllənini 76-cı maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Göründüyü kimi, tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla məhkəmə tərəfindən azaldıla bilər. Hazırda cavabdeh bir ata kimi övladının qayğısına qalmalı, onu zəruri vəsaitlə təmin etməli, onun təminatını əvvəlki kimi yüksək saxlamalı və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməli, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də uşağın tələbatını təmin etməli olsa da, işin faktiki halları eləcə də cavabdehin diqqətəlayiq halları onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş alimentin məbləği düzgün olmamışdır. Belə ki, iş materiallarından görünür ki, cavabdeh Cavabdeh ##.##.2022-ci il tarixindən X7 ilə ailə həyatı qurmuşdur, onunla olan birgə nikahdan 2 azyaşlı övladları anadan olmuşdur (##.##.2023-cü il təvəlüdlü X2 və ##.##.2025-ci il təvəlüdlü X5). Məhkəmə Kollegiyası tərəflərin yetkinlik yaşına çatmamış uşaqların təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq alimentin məbləği onun hər ay qazancın və (və ya) başqa gəlirlərinin 1/5 hissəsi məbləğində müəyyən edilməlidir. Bundan başqa iş materiallarından görünür ki, “Elektron məhkəmə” informasiya sistemində gəlir məlumatlarının yoxlanılması zamanı cavabdeh Cavabdeh “xxxx” X4 şöbə müdiri vəzifəsində işləməsi və aylıq əmək haqqının 3.500 manat olması müəyyən edilmişdir. Göründüyü kimi, alimentin məbləği cavabdehin hər ay qazancın və (və ya) başqa gəlirlərinin 1/5 hissəsi məbləğində müəyyən edilməsi faktiki olaraq hər ay təxminən 600-700 manat civarında alimentin ödənilməsi deməkdir və bu hal Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” ## #### 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyə uyğun olacaqdır. Belə ki, həmin qərarda qeyd edilmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır”. Göründüyü kimi hazırda müəyyən edilən məbləğ minimum dolanacaq xərclərindən az olmamışdır. Məhkəmə Kollegiyası eyni zamanda qeyd edir ki, alimentin tutulması iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Eyni zamanda “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli, ** nömrəli qərarından görünür ki, 8.11-ci bəndə aşağıdakı məzmunda 8.11-1ci yarımbənd əlavə edilmişdir: “8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.”. Göründüyü kimi hazırda sabit pul məbləğində tutulması müəyyən edilən alimentin məhz iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni ##.##.2026-cı il tarixdən hesablanmalıdır. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək qətnamə dəyişdirilməklə cavabdehdən tutulmalı olan alimentin məbləği cavabdeh Cavabdeh əmək haqqının və digər gəlirlərinin 1/5 hissəsi miqdarında müəyyən edilməli, həmçinin alimentin bu məbləği iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni ##.##.2026-cı il tarixdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Məhkəmə Kollegiyası hesab edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, cavabdehin əmək haqqısı 3500 manat təşkil etdiyi halda tələb əmək haqqının 1/4 hissəsi ilə əlaqədar olmuş, bu isə təxminən 700-800 manat civarında məbləğ edir. Lakin apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəyə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan aliment məğbləği əmək haqqının 1/5 hissəsi həddində müəyyən edildiyinə görə, yəni, hər ay üçün təxminən 600-700 manat, yaranmış fərq 1 il üçün 5000 manatı keçmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası,

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilsin. ##.##.2017-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün ##.##.2026-cı ildən başlayaraq hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin 1/5 hissəsi miqdarında aliment tutulub, İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar