Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-3280/2026 17.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı İbrahimov Xalid Mirzəhəsən oğlu cavabdeh “xxxx” ASC-yə qarşı “ziyan” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(5-102) ***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: “Kia Sorento” markalı **-UD-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi üçüncü şəxslərin mülki məsuliyyətinin icbari sığortası növü üzrə “xxxx” ASC tərəfindən sığortalanmışdır. “Kia Sorento” markalı **-UD-*** dövlət nömrə nişanlı və “BAJAJ” markalı, 99-L-596 dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin iştirakı ilə ##.##.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə “Kia Sorento” markalı **-UD-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü təqsirli bilinmişdir. Hadisə nəticəsində eyni zamanda iddiaçının sağlamlığına yüngül zərər dəymişdir. Hazırda iddiaçı ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı İbrahimov Xalid Mirzəhəsən oğlu cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək fəaliyyəti ilə məşğul ola bilmədiyi və işlədiyi günlər üçün taksi xərcləri ilə bağlı orta hesabla 3 ay üçün 2.700 manat, motosikla vurulmuş zərər kimi 4886 (4076+340+470) manat, ekspertiza xərci kimi 100 manat, mühərrikin sökülməsi xərci kimi 300 manat və sağlamlığa vurulan yüngül zərərlə bağlı 750 manat olmaqla cəmi 8736 manat pulun və 110 manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ## ######## 2025-ci il tarixdə saat təxminən 15:50 radələrində idarə etdiyi “BAJAJ” markalı 99-L-596 dövlət nömrə nişanlı motosikl ilə Nərimanov rayonu “Ulduz” metrosu istiqamətindən hərəkət edib M.Nərimanov küçəsi ilə Z.Bünyadov prospektinə doğru yolun sağdan birinci zolağı ilə saatda 80-90 km sürətlə hərəkət edərkən əks yoldan qəflətən sola dönmə əməliyyatını edən X3 idarə etdiyi “Kia Sorento” markalı **-UD-*** dövlət nömrə nişanlı avtomobili ilə ona yol verməyərək hərəkət yoluna daxil olduğundan qəza hadisəsi baş vermişdir. Qəza nəticəsində motosiklin qabağı ilə həmin avtomobilin sağ arxa təkərinə və sağ arxa hissələrinə dəyərək zədə almışdır. Motosikl isə yararsız hala düşmüşdür. Onun və cavabdeh X3 izahatları iddia ərizəsinə əlavə edilmişdir. Hadisədən sonra təcili yardımla Sabunçu xəstəxanasına aparılmışdır. Bir neçə gün orada qalıb müalicə olunmuşdur. ## ######## 2025-ci il tarixdə isə Nərimanov rayon məhkəmə tibbi ekspertizasından keçmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi X1 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli sağlamlığa zərərvurmanın təyini ilə bağlı *** nömrəli ekspert rəyinə əsasən, 1979-cu il təvəllüdlü İbrahimov Xalid Mirzəhəsən oğlunun məhkəmə-tibbi ekspertizasına, tibbi sənədlərə əsaslanaraq hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulan suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinmişdir: Vət. İbrahimov Xalid Mirzəhəsən oğlunda aşkar edilmiş xəsarət-onurğa sütununun bel-oma nahiyəsinin gərilməsiküt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan ##.##.2025-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhəri Nərimanov Rayon Polis İdarəsi tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışı ilə də sözügedən yol nəqliyyat hadisəsi nəticəsində onun sağlamlığına və mülkiyyətinə zərər vurulması faktı bir daha təsdiqlənmişdir. “Baku Service Company” servis xidməti tərəfindən tərtib edilmiş ##.##.2025ci il tarixli zərər aktına əsasən, mülkiyyətində olan “BAJAJ” markalı 99-L-596 dövlət nömrə nişanlı motosikla X3 tərəfindən vurulmuş zərər 4076 manat olaraq qiymətləndirilmişdir. Həmçinin bu akta əlavə olaraq qiymətləri 340 və 470 manat olmaqla 2 ədəd dəbilqə də daxildir. Lakin “xxxx” ASC tərəfindən ona hər hansı bir ödəniş edilməmişdir. Eyni zamanda qeyd etmək istəmişdir ki, nəqliyyat hadisəsi nəticəsində sağlamlığına zərər vurulduğu üçün beş gün xəstəxanada və bir ay ərzində isə evdə müalicə almalı olmuşdur. Nəticədə isə bu müddət ərzində əmək fəaliyyəti ilə məşğul ola bilmədiyindən əldən çıxmış fayda yaranmışdır. Həmçinin, müvafiq olaraq xəstəxana və müalicə xərcləri də olmuşdur ki, bunların heç biri cavabdeh tərəfindən qarşılanmamışdır. Bunlardan əlavə, işi ilə əlaqədar olaraq hər gün Bakı şəhərinin müxtəlif yerlərində yerləşən əmək fəaliyyəti göstərdiyi şirkətin depolarına getməli olur. Motosiklin artıq uzun müddətdir yararsız halda olduğu üçün ondan gündəlik əmək fəaliyyətində istifadəsi mümkün olmadığından hər gün taksilərdən istifadə etmək məcburiyyətində qalır. Nəticə etibarilə hər gün taksi xidmətinə orta hesabla əlli manat məbləğində pul ödəyir. Bu isə onun əmək hüquqlarını və qanunla qorunan mənafelərini pozur. Həmçinin bunu da qeyd edir ki, ona məxsus “BAJAJ” markalı 99-L-596 dövlət nömrə nişanlı motosiklin motorunun sökülüb yığılması üçün iki dəfə (hər dəfə 150 manat olmaqla) 300 manat xərc çəkmişdir. Eləcə də, təkrar ekspertizanın aparılması üçün 100 manat pul da tərəfindən ödənilmişdir. Beləliklə, sağlamlığına vurulan zərər nəticəsində əmək fəaliyyətilə məşğul ola bilmədiyi və işlədiyi günlər üçün isə taksi xərclərilə bağlı orta hesabla 3 ay üçün (hər ay üçün 900 manat olmaqla) cəmi 2700 manat, zərərin ümumi dəyəri 4886 (4076+340+470) manat, ekspertiza xərci olaraq 100 manat, motorun sökülməsi xərci olaraq 300 manat və sağlamlığına vurulan yüngül zərərlə bağlı isə 750 manat olmaqla ümumilikdə 8736 (səkkiz min yeddi yüz otuz altı manat) manat məbləğində pulun cavabdeh "xxxx” Şirkəti ASC-dən alınaraq ona ödənilməsi zərurəti yaranmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(5-102) ***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, motosikletə dəymiş zərərin əvəzi kimi 3118 manat, dəbilqələrə dəymiş zərərin əvəzi kimi 300 manat, sağlamlığa dəymiş zərərin əvəzi kimi 750 manat olmaqla ümumilikdə 4168 manat məbləğində pul vəsaitinin və iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 60 manat məbləğində hissəsinin cavabdeh “xxxx” ASC-dən iddiaçı İbrahimov Xalid Mirzəhəsən oğlunun xeyrinə tutulması, “xxxx” Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidməti tərəfindən aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 200 manat vəsaitin 100 manat hissəsinin İbrahimov Xalid Mirzəhəsən oğlundan, 100 manat hissəsi isə “xxxx” ASC-dən tutulub “xxxx” Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidmətinin hesabına köçürülməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, motosikla dəymiş zərərin əvəzi kimi cavabdehdən tutulmalı olan məbləğə münasibətdə tələb qismən təmin edilməlidir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya dəymiş olan zərər məbləği mütəxəssis rəyi ilə 3118 manat dəyərində qiymətləndirilmişdir. Belə olan halda yuxarıda göstərilənlərə istinadən məhkəmə belə nəticəyə gəlmişdir ki, motosikla dəymiş zərərin əvəzi kimi 3118 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin “750 manat sağlamlığa dəymiş zərərin əvəzinin tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, tələb bu hissədə əsaslıdır. İşdə olan *** nömrəli ekspert rəyində qeyd edilir ki, İbrahimov Xalid Mirzəhəsən oğlunda aşkar edilmiş xəsarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. Cavabdeh iddia tələbini bu hissədə etiraf etdiyindən və bununla 750 manat zərər məbləği ilə bağlı tərəflər arasında mübahisə olmadığından məhkəmə hesab etmişdir ki, iddiaçının sağlamlığına dəymiş zərərlə bağlı qeyd olunan məbləğ cavabdehdən tutulmalıdır. İddia tələbinin “iki dəbilqəyə dəymiş zərərin əvəzi 340 və 470 manat zərərin əvəzinin tutulması” hissəsinə münasibətdə məhkəmə hesab etmişdir ki, tələb bu hissədə qismən əsaslıdır. İşdə olan “xxxx” MMC-nin mütəxəssis rəyində qeyd edilir ki, bir ədəd dəbilqəyə dəymiş zərərin məbləği 150 manat müəyyən edilməklə 2 ədəd dəbilqəyə dəymiş zərərin məbləği ümumilikdə 300 manat müəyyən edilir. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya məxsus dəbilqələrə dəymiş zərər baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində baş verdiyindən, həmin dəbilqələrin dəyəri kimi 300 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “əmək fəaliyyəti ilə məşğul ola bilmədiyi və işlədiyi günlər üçün taksi xərcləri ilə bağlı orta hesabla 3 ay üçün 2700 manat pulun cavabdehdən tutulması” hissəsinə münasibətdə qeyd etmişdir ki, tələb bu hissədə əsassızdır. Məhkəmə ilk öncə vurğulamışdır ki, işdə olan ekspert rəyindən görünür ki, qəza nəticəsində iddiaçının sağlamlığına dəymiş xəsarətin dərəcəsi sağlamlığın yüngül dərəcədə pozulması olmuşdur. Bu isə o deməkdir ki, iddiaçı sağlamlığına dəymiş zərərlə bağlı uzun müddət əmək fəaliyyətindən məhrum ola bilməzdi. İddiaçının motosiklina dəymiş zərərlə bağlı əmək fəaliyyəti ilə məşğul ola bilməməsinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, hadisə baş verdikdən sonra sığorta şirkəti iddiaçıya sığorta ödənişi verməkdən imtina etməmişdir. Sadəcə olaraq iddiaçı sığorta şirkətinin ona ödəməyə hazır olduğu məbləğlə bağlı razı olmamış və bu mübahisəni məhkəmə müstəvisinə çıxarmışdır. Göründüyü kimi, tərəflər arasında məbləğlə bağlı narazılıq yarandığından sığorta ödənişinin ödənilməsi yubanmışdır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, motosiklin zərər görməsi nəticəsində iddiaçınını əmək fəaliyyətindən məhrum qalması sığorta şirkətinin təqsirindən baş verməmişdir. Bundan başqa eyni zamanda məhkəmə qeyd etmişdir ki, iddiaçı tələbinin bu hissəsində göstərilənləri təsdiq edə biləcək heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə “iddia tələbinin mühərrikin sökülməsi xərci kimi 300 manat və ekspertiza xərci kimi 100 manat pulun cavabdehdən tutulması” hissəsinə münasibətdə qeyd etmişdir ki, tələb bu hissədə də əsassızdır. Belə ki, işdən göründüyü kimi məhkəməyə qədər müddətə 2 dəfə müstəqil ekspertlər tərəfindən qiymətləndirmə keçirilmişdir. İddiaçı bu qiymətləndirmələrlə razı olmadığından öz təşəbbüsü ilə zərərin qiymətləndirilməsi üçün mütəxəssisə müraciət etmiş və mühərrikin sökülməsi də bu mərhələdə baş vermişdir. Göründüyü kimi, iddiaçı qeyd olunan müstəqil ekspertlərin rəyləri ilə razılaşmadığından bunu öz təşəbbüsü ilə etmişdir ki, bunun üçün çəkmiş olduğu xərc də sığorta şirkətindən tutula bilməz. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, hadisədən sonra sığortaçı tərəfindən nəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş və hesabata əsasən nəqliyyat vasitəsinin təmir-bərpa xərcləri təxminən 2055 manat müəyyən olunmuşdur. İddiaçı sığortaçının müəyyən etdiyi zərər məbləği ilə razılaşmadığına görə, qanunvericiliyin tələbləri nəzərə alınaraq iddiaçıya zərərin müstəqil ekspert tərəfindən qiymətləndirilməsi üçün 3 müstəqil ekspert təklif edilmişdir. İddiaçının razılığı ilə seçilmiş müstəqil ekspert avtomobilə baxış keçirmiş və zərər məbləği müstəqil ekspert rəyinə əsasən 2573 manat müəyyən edilmişdir. Baxılan iş üzrə zərər məbləği cavabdeh tərəfindən müəyyən edilmişdir. Qanunvericiliyin tələbləri nəzərə alınaraq iddiaçıya zərərin müstəqil ekspert tərəfindən qiymətləndirilməsi üçün 3 müstəqil ekspert təklif edilmiş, lakin iddiaçı müstəqil ekspert tərəfindən müəyyən edilən məbləğlə də razılaşmamışdır. İddiaçı əmlakını sığortaçı ilə razılaşdırmadan rəsmi servis tərəfindən qiymətləndirilməsini təmin edərək, həmin müəssisə tərəfindən tərtib edilmiş qüsur aktını iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etmişdir. İddiaçının təqdim etdiyi qüsur aktı istinad edilmiş qanunvericiliyin tələbləri nəzərə alınmadan, sığortaçı ilə razılaşdırmadan tərtib olunduğuna görə sübut kimi qəbul edilməməlidir. Əlavə olaraq, həmin qüsur aktında zərər şişirdilərək 4076 manat (əlavə olaraq 810 manat) göstərilmişdir. Rəsmi servisin qüsur aktında ehtiyat hissələrinin təmir və bərpa dəyəri deyil, onların yeni vəziyyətdə olan bazar qiyməti nəzərə alınmışdır. Bu da sığorta ödənişinin hesablanması prinsiplərinə ziddir. Qeyd edilməlidir ki, sığorta ödənişi zərər dəymiş əmlakın sığorta hadisəsi baş verməzdən əvvəl mövcud olmuş texniki vəziyyətinə gətirilməsi məqsədi daşıyır və sığortalının maddi vəziyyətinin yaxşılaşdırılmasına və ya əsassız varlanmasına yönəlmiş ödəniş hesab edilmir. Həmçinin mövcud qanunvericiliyin tələblərinə əsasən, sığorta hadisəsi nəticəsində dəymiş zərər sığortaçı tərəfindən və ya qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət göstərən müstəqil ekspert tərəfindən qiymətləndirilməlidir. Bu səbəbdən rəsmi servis tərəfindən tərtib edilmiş qüsur aktı sığorta ödənişinin müəyyən edilməsi üçün hüquqi əsas hesab edilə bilməz və qəbul edilməməlidir, çünki həmin qüsur aktı obyektivlik və etibarlılıq meyarlarına cavab vermir. Qeyd olunmalıdır ki, rəsmi servis kommersiya qurumu kimi birbaşa maddi marağa malik subyektdir və bu səbəbdən tərtib etdiyi qüsur aktı obyektiv sübut hesab edilməməlidir. Çünki həmin aktda ehtiyat hissələrinin və görüləcək işlərin qiymətləri orta bazar dəyərlərindən xeyli yüksək göstərilmiş, real zərər məbləği süni şəkildə şişirdilmişdir. İddiaçı tərəfindən təqdim olunan məbləğ qanunvericiliyin tələblərinə uyğun qaydada müəyyən edilmədiyindən və real zərəri əks etdirmədiyindən cavabdeh tərəfindən həmin məbləğin ödənilməsi üçün hüquqi əsas mövcud deyil. Mülki Məcələnin 927.1-ci maddəsinin məzmunundan da aydın olur ki, sığorta ödənişinin miqdarı nəqliyyat vasitəsinə dəyən real zərərin miqdarından çox ola bilməz. Sığortaçı əmlaka baxış keçirməklə ona dəymiş zərəri müəyyən etdiyi halda, iddiaçı doğruluğu şübhəli olan, sığortaçının razılığı və iştirakı olmadan birtərəfli qaydada tərtib edilmiş qüsur aktını təqdim edərək həmin məbləğin zərər məbləği kimi təsdiq edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə tərəfindən ekspertiza təyin edilmiş, lakin ekspertiza mərkəzi tərəfindən zərər məbləği şişirdilərək 3118 manat göstərilmişdir. Qeyd olunan məbləğ zərər görmüş hissələrin təmiri və yenilənməsi üçün müəyyən olunmuş bazar dəyərindən daha artıq hesablanmışdır. Belə ki, ekspert rəyində həm təmir işləri üzrə usta xərcləri, həm də dəyişdirilməsi və ya təmir olunması nəzərdə tutulan ehtiyat hissələrinin dəyəri bazar qiymətlərindən artıq göstərilmiş, bu hallar isə rəyin obyektivliyinə ciddi şübhələr yaratmışdır. Göründüyü kimi məhkəmə-əmtəəşünaslıq ekspertizası tərəfindən verilən ekspert rəyi işin həqiqi hallarına uyğun deyil, ekspertiza obyektiv aparılmamış, real zərər məbləği müəyyən edilməmişdir. Məhkəmə, iddiaçının qüsur aktına əsasən müəyyən edilmiş təmir-bərpa xərci ilə müstəqil ekspertin müəyyən etdiyi məbləğ arasında aşkar uyğunsuzluq mövcud olmasına baxmayaraq, zərərlə bağlı mübahisə üçün mühüm əhəmiyyət kəsb edən bu halı aydınlaşdırmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş iddiaçı Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının həddi: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh tərəf apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, qətnamə iddia tələbinin təmin edilən motosikletə dəymiş zərərin əvəzi kimi 3.118 manat məbləğində pul vəsaitinin cavabdeh “xxxx” ASC-dən iddiaçı İbrahimov Xalid Mirzəhəsən oğlunun xeyrinə tutulması hissəsində mübahisələndirildiyindən Məhkəmə Kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin yoxlanılmasını məhz bu hissə təşkil edir. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 883-cü maddəsinə əsasən zərərdən sığorta müqaviləsinə görə bir tərəf (sığortaçı) müqavilə ilə şərtləşdirilmiş haqq (sığorta haqqı) müqabilində digər tərəfə (sığortalıya) və ya sığorta müqaviləsi xeyrinə bağlanmış başqa şəxsə (faydalanan şəxsə) müqavilədə nəzərdə tutulan hadisənin (sığorta hadisəsinin) baş verdiyi təqdirdə həmin hadisə nəticəsində sığortalanmış əmlaka dəymiş zərərin əvəzini müqavilə ilə müəyyənləşdirilmiş məbləğ (sığorta məbləği) həddində ödəməyi (sığorta ödənişi) öhdəsinə götürür. 922.1.-ci maddəsinə əsasən, sıgorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. “İcbari sığortalar haqqında” Qanun: 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. 7-ci maddəsinə əsasən, mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. 20.2-ci maddəsinə əsasən, həmin Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. 58.3-2-ci maddəsinə əsasən fiziki şəxsin həyatına və ya sağlamlığına zərər vurulduğu hallar istisna olmaqla, sığorta hadisəsinin baş verməsində sığorta olunanla yanaşı, üçüncü şəxsin də təqsiri müəyyənləşdirilərsə, vurulmuş zərərə görə sığorta ödənişi üçüncü şəxsin təqsirinin dərəcəsinə mütənasib məbləğdə azalır. Mülki Prosessual Məcəllə: 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Məhkəmə Kollegiyasının mövqeyi:
Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. İşin faktiki hallarından görünür ki, “Kia Sorento” markalı **-UD-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi üçüncü şəxslərin mülki məsuliyyətinin icbari sığortası növü üzrə “xxxx” ASC tərəfindən sığortalanmışdır. “Kia Sorento” markalı **-UD-*** dövlət nömrə nişanlı və “BAJAJ” markalı, 99-L-596 dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin iştirakı ilə ##.##.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə “Kia Sorento” markalı **-UD-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü təqsirli bilinmişdir. Hadisə nəticəsində eyni zamanda iddiaçının sağlamlığına yüngül zərər dəymişdir. Zərərin aradan qaldırılması üçün “xxxx” ASC iddiaçıya 2573 manat məbləğində sığorta ödənişi ödəməyi təklif etmiş, iddiaçı isə bununla razılaşmayaraq məhkəməyə müraciət etmişdir. İddiaçı tələbində həmçinin motosikla vurulmuş zərər kimi 4886 (4076+340+470) manat vəsaitin tutulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı təqdim edilmiş “xxxx” MMC-nin ##.##.2026cı tarixli mütəxəssis rəyində isə qeyd edilmişdir ki, “Bajaj 200 NS” markalı 99-L-596 dövlət nömrə nişanlı motosikla dəymiş zərərin aradan qaldırılması üçün 3118 manat pul vəsaiti tələb olunur. Birinci instansiya məhkəməsi də motosikla dəymiş zərərin əvəzi kimi cavabdehdən tutulmalı olan məbləğə münasibətdə qeyd edilən rəyə əsaslanmışdır. Cavabdeh isə apellyasiya şikayətində məhkəmə-əmtəəşünaslıq ekspertizası tərəfindən verilən ekspert rəyinin işin həqiqi hallarına uyğun olmaması, ekspertizanın obyektiv aparılmaması, real zərərin məbləğinin müəyyən edilməməsini, iddiaçının qüsur aktına əsasən müəyyən edilmiş təmir-bərpa xərci ilə müstəqil ekspertin müəyyən etdiyi məbləğ arasında aşkar uyğunsuzluq mövcud olmasına baxmayaraq, zərərlə bağlı mübahisə üçün mühüm əhəmiyyət kəsb edən bu halın aydınlaşdırmamasını göstərmişdir. Məhkəmə Kollegiyası cavabdehin apellyasiya şikayətinin bu dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh rəydə göstərilən qiymətlərin "bazar qiymətindən artıq" olduğunu, usta xərclərinin şişirdildiyini iddia etsə də, lakin bu iddiasını təsdiq edən hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Mütəxəssis rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) rəyin hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Məhkəmə Kollegiyası tədim edilən mütəxəssis rəyi ilə razılaşaraq qeyd edir ki, rəyinin məzmunundan və tədqiqatının aparıldığı sənədlərdən görünür ki, mütəxəssisin gəldiyi nəticə, ona tədqiqatın aparılması üçün mənbəyi bəlli məlumatlar tədqiq olunmaqla əldə olunmuş və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan Məhkəmə Kollegiyası hesab edir ki, yuxarıda tədqiq edilən mütəxəssis rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Bununla yanaşı mütəxəssis rəyini şübhə altına alan və ala biləcək hər hansı halla bağlı cavabdeh tərəf mötəbər sübut təqdim etməmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçıya dəymiş olan zərər məbləğini mütəxəssis rəyi ilə 3118 manat dəyərində qiymətləndirmişdir. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları mübahisələndirilən hissədə düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə Kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏT ETDİ:
Cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(5-102) ***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən şikayət verilə bilməz.