Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2236/2026 23.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı dəymiş zərərə görə sığorta haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı dəymiş zərərə görə sığorta haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin məktubundan görünür ki, yolnəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus “Kia Rio” markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Sığorta şirkəti tərəfindən avtomobilə dəymiş maddi zərər 500 manat məbləğində qiymətləndirilmişdir.
2. ***** nömrəli ödəniş qəbzinin surətindən görünür ki, 750 manat məbləğində sığorta ödənişi Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçının hesabına köçürülmüşdür.
Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtomobilə dəymiş 2386 manat zərərin və dövlət rüsumunun cavabdeh Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus olan “KIA RIO” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilə ## ####### 2025 tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində zərər dəymişdir. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə nəqliyyat vasitəsi Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində sığorta olunmuşdur. Həmin Şirkət tərəfindən təyin olunmuş ekspertiza nəticəsində iddiaçıya 500 manat ziyan vurulması qənaətinə gəlinmişdir. Bu məbləğlə razı olmayıb, Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə yaxınlaşmış, onlara ekspertlər sırasından 3 müstəqil ekspert təqdim etmişdir. Cavabdeh Sığorta Açıq Səhmdar Cəmiyyəti tərəfindən seçilmiş “Baku Property” servisin qiymətləndirməsinə əsasən müəyyən edilmiş 750 manat məbləğində vurulmuş ziyan üzrə rəyə ## ####### 2025 tarixində aldadılaraq razılıq vermişdir. Lakin daha sonra avtomobili təmir üçün “xxxx” MMC-yə aparmışdır. Orada məlum oldu ki, qiymətləndirmə düzgün deyil, əlavə ziyan, gizli zədələr nəzərə alınmamış, nəqliyyat vasitəsinə dəymiş real ziyan ekspert rəyində göstərilənlərdən çox olmuşdur. “xxxx” MMC tərəfindən ehtiyat hissələrin qiymət cədvəli tərtib edildi və həmin cədvələ əsasən usta xərci ilə birlikdə iddiaçıya vurulan ziyanın 3136 manat olduğu müəyyən edildi. Hüquqları kobud surətdə pozulmuşdur. Bununla bağlı Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə, daha sonra Mərkəzi Banka müraciət etmişdir. Lakin heç bir nəticə əldə edə bilmədi. Ona görə də hüquqlarının məhkəmə qaydasında müdafəsini tələb etmək qərarına gəlmişdir.
5. ## ###### 2026-cı il tarixli, **-***/** nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, “Kia Rio” markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1785 manat müəyyən edilmişdir.
6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, “xxxx Sığorta Şirkəti” ASC-dən 1035 manat zərər məbləğinin və ödənilmiş dövlət rüsumunun 25 manat hissəsinin tutularaq İddiaçı ödənilməsi, AECS Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidməti tərəfindən aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 200 manat vəsaitin 100 manat hissəsinin İddiaçı, 100 manat hissəsinin isə “xxxx Sığorta Şirkəti” ASC-dən tutulub AECS Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidmətinin hesabına köçürülməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.
7. Qətnamənin əsaslarına görə, qanunverici təqsirinin dərəcəsindən asılı olmayaraq mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsi ilə hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini ödəməsi vəzifəsini müəyyən etmişdir. Iş materiallarında olan ## ###### 2026-cı il tarixli, **-***/** nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, “Kia Rio” markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1785 manat müəyyən edilmişdir. Göründüyü kimi, “Kia Rio” markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 1785 manat olduğu təqdirdə cavabdeh Cavabdeh Sığorta Şirkəti ASC birtərəfli qaydada həmin avtomobilə dəymiş zərəri 750 manat məbləğində qiymətləndirmişdir. Məhkəmə işin faktiki hallarını, maddi və prosessual normaların tələblərini dəyərləndirərək hesab etmişdir ki, sığorta hadisəsi nəticəsində zərər dəymiş əmlakının təmiri və bərpası üçün birbaşa çəkilməli olan 1785 manat məbləğdən məhkəməyə kimi cavabdeh tərəfindən ödənilmiş 750 manat məbləğ çıxılmaqla 1035 manat məbləğində pul vəsaiti “xxxx Sığorta Şirkəti” ASC-dən iddiaçının xeyrinə tutulmalıdır.
8. Məhkəmə öz mövqeyini “Icbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1, 7, 15.3, 20.2, 56.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazin dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayətinin dəlillərinə görə, hadisədən sonra sığortaçı tərəfindən nəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş və hesabata əsasən nəqliyyat vasitəsinin təmir-bərpa xərcləri təxminən 500 manat müəyyən olunmuşdur. Iddiaçı sığortaçının müəyyən etdiyi zərər məbləği ilə razılaşmadığına görə, qanunvericiliyin tələbləri nəzərə alınaraq iddiaçıya zərərin müstəqil eskpert tərəfindən qiymətləndirilməsi üçün 3 müstəqil ekspert təklif edilmişdir. Iddiaçının razılığı ilə seçilmiş müstəqil ekspert avtomobilə baxış keçirmiş və zərər məbləği **/**-***ATS saylı müstəqil eskpert rəyinə əsasən, 750 manat müəyyən edilmişdir Iddiaçı sığortaçıya ünvanladığı ## ####### 2025-ci il tarixli ərizədə 750 manat sığorta ödənişi məbləği ilə razılaşdığını və həmin məbləğin onun bank hesabına köçürülməsini xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 927.2-ci maddəsinə əsasən zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi ödənilir. Sığorta tələbi əsasında, ##.##.2025-ci il tarixli, ***** saylı ödəniş tapşırığına əsasən 750 manat sığorta ödənişi iddiaçıya məxsus bank hesabına ödənilmişdir. Sığorta ödənişi ödənildikdən günlər sonra iddiaçı sığortaçıya və Azərbaycan Respublikası Mərkəzi Bankına şikayət edərək, nəqliyyat vasitəsində gizli zədələr olduğunu, buna görə də əlavə olaraq 2386 manat məbləğin ona verilməli olduğunu bildirmişdir. Iş üzrə qərardad əsasında təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının ekspert rəyi işin həqiqi hallarına uyğun olmamış, ekspertiza obyektiv şəkildə aparılmamışdır. Ekspert rəyini nəzərdən keçirərkən məlum olur ki, zərər məbləğini müəyyən edərkən ekspert iş materiallarında olan və yalnız iddiaçı tərəfindən təqdim olunan qüsur aktına istinad etmişdir. Baş tutmuş ekspertiza nəticəsində yalnız iddiaçı tərəfindən təqdim olunmuş sübutlara istinadən birtərəfli qaydada rəy verilmişdir. Halbuki, məhkəməyə elektron kabinet vasitəsilə cavabdeh tərəfindən nəqliyyat vasitəsinə dəymiş zərərin qiymətləndirilməsi barədə qüsur aktı təqdim edilmişdir. Buna baxmayaraq, ekspertiza mərkəzi tərəfindən yalnız iddiaçının təqdim etdiyi aktı əsasında rəy verilmiş və zərər məbləği şişirdilərək 1785 manat göstərilmişdir. Qeyd olunan məbləğ zərər görmüş hisssələrin təmiri və yenilənməsi üçün müəyyən ounmuş bazar dəyərindən daha artıq hesablanmışdır. Iddiaçı tərəfindən təqdim olunan təmir aktı sığorta şirkətinin iştirakı və razılığı olmadan, birtərəfli qaydada tərtib olunmuşdur. Zərərin təhlili və qüsurların müəyyən edilməsi sığortaçıi tərəfindən həyata keçirilməmiş, bu barədə qarşı tərəflə hər hansı razılaşdırılmış akt və ya ekspert rəyi də mövcud olmamışdır. Məhkəmə-əmtəəşünaslıq ekspertizası tərəfindən verilən ekspert rəyi işin həqiqi hallarına uyğun deyil, ekspertiza obyektiv aparılmamış, real zərər məbləği müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Baxılan iş üzrə də zərər məbləği cavabdeh tərəfindən müəyyən edilmişdir. Qanunvericiliyin tələbləri nəzərə alınaraq iddiaçıya zərərin müstəqil eskpert tərəfindən qiymətləndirilməsi üçün 3 müstəqil ekspert təklif edilmiş Iddiaçının razılığı ilə seçilmiş müstəqil ekspert avtomobilə baxış keçirmiş və zərər məbləği 750 manat müəyyən edilmişdir. Əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz. Mülki Məcəllənin 927.1-ci maddəsinin məzmunundan da aydın olur ki, sığorta ödənişinin miqdarı nəqliyyat vasitəsinə dəyən real zərərin miqdarından çox ola bilməz. Cavabdeh tərəfindən rəy nəzərə alınmadan zərər məbləğinin iddiaçının təqdim etdiyi rəyə əsasən, 1785 manat məbləğin tutulması əsassız olmuş və qarşı tərəf üçün əsassız varlanma halının yaranmasına səbəb olmuşdur. Birinci instansiya məhkəməsi həmin sübutları obyektiv qiymətləndirməmiş və tam araşdırılmamış, ekspertiza mərkəzi tərəfindən yalnız iddiaçının təqdim etdiyi aktı əsasında rəy verilmiş və zərər məbləği şişirdilərək 1785 manat göstərilmişdir. Qeyd olunan məbləğ zərər görmüş hisssələrin təmiri və yenilnməsi üçün müəyyən ounmuş bazar dəyərindən daha artıq hesablanmışdır. Ekspert iddiaçının qüsur aktı əsasında rəyinin müəyyən etdiyi təmir-bərpa xərci və sığortaçının qüsur aktı arasında aşkar uyğunsuzluq olduğu halda zərərlə bağlı mübahisə zamanı mühüm əhəmiyyət kəsb edən bu faktiki hal aydınlaşdırmamışdır. Ekspert rəyi işin həqiqi hallarına uyğun deyil, ekspertiza obyektiv aparılmamış, real zərər məbləği müəyyən edilməmişdir. Müəyyən edilmiş 1785 manat real bazar dəyərindən yüksəkdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı (onun nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 911.2. Sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Maddə 923.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Maddə 923.2. Sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya sığorta olunan şəxs, həmçinin faydalanan şəxs bu Məcəllənin 923.1-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdirsə sığortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırmalıdır. Maddə 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Maddə 925-1.4. Müvafiq hallarda sığortalı, sığorta olunan və ya faydalanan şəxs bu Məcəllənin 925-1.2-ci maddəsinə uyğun olaraq zərərin müstəqil ekspert tərəfindən qiymətləndirilməsinin nəticələrini qəbul etmədikdə həmin maddədə nəzərdə tutulmuş qaydada zərərin təkrar qiymətləndirilməsini tələb edə bilər. Maddə 935.1. “Icbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: 935.1.1. bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması; 935.1.2. bu Məcəllədə, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının, müvafiq hallarda zərərçəkənin müvafiq hadisənin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə hadisə ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayət törətməsi; 935.1.3. müqavilə və ya icbari sığorta qanunları ilə hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması; 935.1.4. sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri görmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı; 935.1.5. zərər dəymiş əmlakın sığortaçıya təqdim edilməsi ilə bağlı bu Məcəllənin 925.5-ci maddəsinə riayət edilməməsinin sığortaçını zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi; 935.1.6. bu Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması; 935.1.7. əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən alması; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir. 935.1.8. baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi; 935.1.9. sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu Məcəllənin 903.5-ci maddəsində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda; 935.1.10. icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər hallarda. Maddə 935.2. Bu Məcəllənin 911.2-ci maddəsində nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, habelə tələb olunan məlumata sığortalının cavab verməməsinə baxmayaraq sığorta müqaviləsi bağlanmış olduğu halda sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslana bilməz.
15. “Icbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6.1. Icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Maddə 7. Sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. Maddə 15.3. Əmlaka dəyən zərərin məbləği aşağıdakılardan ibarətdir: 15.3.1. zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyəri; 15.3.2. zərəri azaltmaq məqsədi ilə binaların, qurğuların, avadanlığın sökülməsi və başqa yerə köçürülməsi ilə bağlı xərclər; 15.3.3. zərər dəymiş əmlakın daşınması, habelə onun qalıqlarının yığılması və daşınması ilə bağlı xərclər; 15.3.4. sığorta hadisəsi zamanı zərəri azaltmaq məqsədi ilə görülən tədbirlər nəticəsində əmələ gələn digər zərərlər. Maddə 16.2. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1-ci maddəsinə uyğun olaraq bu Qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi üzərindən təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Maddə 20.2. Bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Maddə 34-1.1. Bu Qanunda nəzərdə tutulan icbari sığorta növləri üzrə məlumat mübadiləsinin və icbari sığorta növlərinin həyata keçirilməsinə nəzarətin səmərəli təşkili məqsədilə icbari sığorta müqavilələrinin bağlanması üçün lazım olan, sığorta şəhadətnamələrində əks olunan, habelə sığortaçılar, sığortalılar, sığorta olunanlar, sığorta predmeti, sığorta hadisələri, yol-nəqliyyat hadisəsi iştirakçılarının elektron formada tərtib etdiyi protokol (elektron formada tərtib edildiyi halda), zərərçəkən şəxslər və (və ya) zərər vurulan əmlak və onların sahibləri haqqında məlumatları ehtiva edən vahid elektron informasiya sistemi (bundan sonra – “informasiya sistemi”) qurulur və istifadəsi təmin edilir. Maddə 34-1.2. Informasiya sistemi müvafiq məlumatların onun informasiya ehtiyatına internet vasitəsilə daxil edilməsini və ya qəbul olunmasını, orada aydın şəkildə, oxunan vəziyyətdə saxlanılması və emalını təmin etmək imkanlarına malik olmalıdır. Maddə 34-1.3. Informasiya sisteminin qurulması və istifadəsi ilə bağlı texniki-proqram kompleksinin formalaşdırılması və ona texniki xidmət Mərkəzi Bankın nəzarəti altında Büro tərəfindən həyata keçirilir. Maddə 34-1.4. Informasiya sisteminin informasiya təhlükəsizliyinin təmin edilməsinə dair minimum tələblər Mərkəzi Bank tərəfindən müəyyən edilir. Maddə 56.1. Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: 56.1.1. fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat; 56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya şikayəti ilə qətnamənin tam ləğv olunması xahiş edilsə də, iddia tələbinin rədd edildiyi hissədə qətnamə iddiaçı tərəfindən mübahisə edilmədiyi üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddia tələbinin rədd edilən hissəsində hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün qətnamə iddia təmin olunan hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
18. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
19. Birinci instansiya məhkəməsi yekun aktında iddiaçının apellyasiya şikayətində irəli sürdüyü arqumentləri qiymətləndirərək iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticəni işin aşağıda qeyd olunan halları ilə əsaslandırmışdır: - iş materiallarında olan ## ###### 2026-cı il tarixli, **-***/** nömrəli məhkəməəmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, “Kia Rio” markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1785 manat müəyyən edilmişdir. - “Kia Rio” markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 1785 manat olduğu təqdirdə cavabdeh Cavabdeh Sığorta Şirkəti ASC birtərəfli qaydada həmin avtomobilə dəymiş zərəri 750 manat məbləğində qiymətləndirmişdir.
20. Məhkəmə kollegiyası ilk növbədə, qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericiliyə əsasən təqsirinin dərəcəsindən asılı olmayaraq mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsi ilə hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini ödəməsi vəzifəsini müəyyən etmişdir.
21. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində hər hansı yeni bir dəlil irəli sürülməmiş, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, həmçinin qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün digər bir əsas qeyd olunmamışdır. Işin hallarına və qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən ətraflı araşdırma və qiymətləndirmə aparılmışdır.
22. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Buna görə də qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
23. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.