Məhkəmə qərarları › İş №2(3-6)-367/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-367/2026

09.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-367/2026 09.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X2 ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4595/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı nümayəndəsi-vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh İddiaçı ilə Cavabdeh birgə nikahlarından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X1 anası İddiaçı yanında saxlanılması, xx.xx.2015-ci il təvəllüdlü X1 saxlanılması üçün 500 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi və ödənilmiş 50 manat dövlət rüsümunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-4595/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsinin ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan İddiaçı nümayəndəsi-vəkili Nümayəndə şikayət verərək, qərardadın ləğv olunmasını və iddia ərizəsinin icraata qəbul edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qəbul edilmiş qərardad əsassız olduğundan ləğv edilməli və iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməlidir. Belə ki, güman edirlər ki, məhkəmə iddiaçı ilə ad, soyad və ata adı eynilik təşkil edən başqa şəxsin sənədini yoxlamışdır. Lakin onlarda olan məlumatdan və iddia ərizəsinə əlavə edilmiş şəxsiyyət vəsiqəsindən görünür ki, xxxxxxx FİN kodlu Cavabdeh qeydiyyat ünvanı ünvan 1 Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-4595/2025 saylı xx.xx.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə Kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin məcəllənin 36.1-ci maddəsinə əsasən yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Həmin məcəllənin 36.3-cü maddəsinə əsasən, alimentin alınması haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Həmin məcəllənin 36.5-ci maddəsinə əsasən iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. Həmin məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Yaşayış yeri və olduğu yer haqqında” Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin qanunun 3-cü maddəsinə əsasən yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1. Azərbaycan Respublikası vətəndaşı barədə-yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; 2. Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsindəxüsusi nümunəli vəsiqə; 3. Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi nümunəli qərar; 4. Azərbaycan Respublikasında qaçqın statusu almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - qaçqın vəsiqəsi. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş sorğu məlumatına əsasən müəyyən edilir ki, Cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadır. Göründüyü kimi cavabdehin rəsmi qeydə alındığı yer də Bakı şəhəri Nizami Rayon Məhkəməsinin yurisdiksiyasına aid deyildir. Eyni zamanda iddiaçının Azərbaycan Respublikasında, xüsusən Nizami rayonu ərazisində qanunvericiliklə müəyyən edilmiş əsaslarla yaşayış yerinə malik olduğunu təsdiq edən müvafiq sənəd ümumiyyətlə iddia ərizəsinə əlavə edilməmişdir, eləcə də Elektron Məhkəmə İnformasiya Sistemindən də iddiaçının şəxsiyyətini və yaşayış yerini müəyyən etməyə imkan verən məlumatlar müəyyən edilmir. İş materiallarında olan iddiaçının adına olan pasportun surətindən görünür ki, o, Ukrayna vətəndaşı olmaqla uşaq da həmin dövlətdə anadan olmuşdur. Bu isə iddia ərizəsinin iddiaçının yaşadığı yerə görə verilə bilməsi barədə Mülki Prosessual Məcəllənin müddəasının tətbiq edilməsini istisna edir. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, nə cavabdehin rəsmi qeydiyyat ünvanının, nə də iddiaçının yaşayış yerinin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə yerləşdiyi təsdiq olunmadığına görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şikayəti dəlilləri isə əsassız olmuşdur. Belə ki, iddiaçı tərəf şikayətdə bildirmişdir ki, onlarda olan məlumatdan və iddia ərizəsinə əlavə edilmiş şəxsiyyət vəsiqəsindən görünür ki, xxxxxxx FİN kodlu Cavabdeh qeydiyyat ünvanı ünvan 1 Lakin iddiaçının iddia ərizəsində istinad etdiyi şəxsiyyət vəsiqəsinin (AZE ********) etibarlılıq müddəti 27 avqust 2024-cü ilə dəqər olmuş və hazırda həmin vəsiqə qüvvəsini itirmişdir ki, həmin şəxsiyyət vəqisəsinə istinad edilməklə cavabdehin qeydiyyat ünvanının Nizami rayonu ərazisi olması müəyyən edilmir. Göründüyü kimi iddiaçının aliment tələbi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciəti yurisdiksiya baxımından əsaslandırılmayıb. Nə cavabdehin, nə də iddiaçının yaşayış yeri bu rayonun ərazisinə aid olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Bu, həm qanunvericiliyə uyğun, həm də məhkəmə təcrübəsinə əsaslı yanaşmadır. Beləliklə Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, iddia ərizəsi birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılarkən, mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilmişdir. Şikayətin dəlilləri isə qərardadın ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Ona görə də Məhkəmə Kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Nizami rayon Məhkəməsinin hazırkı iş üzrə e- 2(007)-4595/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan respublikası MPM-nin 263-264, 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nizami rayon Məhkəməsinin hazırkı iş üzrə e-2(007)-4595/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar