Məhkəmə qərarları › İş №2(3-6)-3769/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-3769/2026

25.08.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-3769/2026 25.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı Yasamal Rayon Prokurorluğuna, cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə və cavabdeh3 qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: icraatın dayandırılması, işin icraatının dayandırılmasına əsas verən digər iş) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), İmanov Azad Nizam oğlundan və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə İddiaçı Yasamal Rayon Prokurorluğuna, cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə və cavabdeh3 qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq İşin halları

1. İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal qərb hissəsi) yerləşmiş yaşayış evində yaşamış, həmin yaşayış evi 2025-ci ildə sökülmüşdür.

2. cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti İddiaçı qarşı "kompensasiya ödənilməklə qanunsuz tikilinin sökülməsi" barədə ilkin, İddiaçı isə cavabdeh2 ASC-yə qarşı "əmlakın cavabdehin vəsaiti hesabına əvvəlki vəziyyətinə qaytarılması" barədə qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir və həmin iddia tələbləri üzrə iş hazırda Yasamal Rayon Məhkəməsinin icraatındadır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

3. İddiaçı (iddiaçı) Yasamal Rayon Prokurorluğuna, cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə və cavabdeh3 (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Qanlı göl qəsəbəsi 160 A ünvanda yerləşən, ümumi sahəsi 166,87 kv.metr olan fərdi yaşayış evinin cavabdeh2 ASC-nin rəhbərinin göstərişi ilə onun əməkdaşları tərəfindən qanunsuz olaraq sökülməsi və bu faktla bağlı dəfələrlə qanunsuz qərar çıxarılması nəticəsində özünün və ailə üzvlərinin mənzil toxunulmazlığı hüququnun kobud şəkildə pozulmasına görə cavabdehlərdən dəymiş mənəvi ziyana görə 30 000 (otuz min) manat məbləğində kompensasiyanın və ödənilmiş 180 (bir yüz səksən) manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Məhkəmənin ## #### 2026-cı il tarixli qərardadı ilə həmin iddia tələbi üzrə işin icraatının, məhkəmənin icraatında olan cavabdeh2 ASC-nin İddiaçı qarşı "kompensasiya ödənilməklə qanunsuz tikilinin sökülməsi" barədə ilkin, İddiaçı cavabdeh2 ASC-yə qarşı "əmlakın cavabdehin vəsaiti hesabına əvvəlki vəziyyətinə qaytarılması" barədə qarşılıqlı iddia tələbinə dair *(***)-****/**** saylı iş üzrə çıxarılacaq məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılması qərara alınmışdır.

5. Qərardaddan İddiaçı verdiyi şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə icraatın dayandırlması üçün heç bir qanuni əsas yoxdur. ##.##.2025-ci il tarixdə iddiaçının evi qanunsuz olaraq söküldükdən sonra cavabdeh2 ASC ona qarşı evin sökülməsi barədə iddia ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin vaxt onun bu məhkəmə işindən məlumatı olmamışdır və evin qanunsuz sökülməsi ilə bağlı müraciəti Yasamal Rayon Prokurorluğunda araşdırılmışdır. Məhkəmə işindən xəbər tutan kimi ## ###### 2025-ci il tarixində evin əvvəlki vəziyyətinə qaytarılması barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırda həmin iş üzrə icraat mütəxəssis rəyi alınanadək dayandırılmışdır. Nəsimi Rayon Məhkəməsində qaldırılmış mənəvi ziyanın ödənilməsinə dair iddianın həmin işin nəticəsi ilə heç bir bağlılığı yoxdur. Onun iddiası cavabdehlər – evi qanunsuz sökən cavabdeh2 ASC-nə və bu göstərişi verən həmin şirkətin rəhbəri cavabdeh3 qarşı yönəlmişdir. İddianın mahiyyəti evin qanunsuz olaraq, heç bir razılığı və ya məhkəmə qərarı olmadan sökülməsindən, mənzil toxunulmazlığı hüququnun kobud şəkildə pozulmasından və kirayədə qalmağa məhkum edilməyindən, bu vəziyyətin ona və ailə üzvlərinə verdiyi sarsıntı və iztirablardan qaynaqlanır. Bütün bu əməllər artıq baş vermiş, ev məhkəmə qərarı olmadan sökülmüşdür. Ev söküldükdən sonra o, prokurorluğa müraciət etmiş, əməldə cinayət əlaməti ola-ola Yasamal Rayon Prokurorluğu ona qarşı artıq iki dəfə qanunsuz qərar qəbul etmişdir. Hazırda təkrar araşdırma zamanı Prokurorluğun müstəntiqi bir daha evin çıxarışı olmadığı üçün cinayət işi açılmayacağını bəyan etmişdir. Yasamal Rayon Prokurorluğunun da ona qarşı qanunsuz hərəkətləri artıq baş vermişdir və gələcəkdə hər hansı digər mülki işin nəticəsinin nə olması, qarşılıqlı iddianın təmin və ya rədd olunması bu faktı dəyişməyəcək. Mənzil toxunulmazlığı hüququna müdaxilə faktı işin mübahisəsiz halıdır. ##.##.2025-ci il tarixdən bu günədək o, istər cavabdeh2 ASC-dən, istərsə də Yasamal Rayon Prokurorluğundan heç bir müsbət addım görməmişdir. Cavabdehlər bu cinayətin bağlı qalması üçün əllərindən gələni edirlər. Bütün bunların nəticəsində o, 9 aydır ki, vəzifəli şəxslərin qəbullarında, məhkəmələrdə, prokurorluqda və s. orqanlarda sürünür. Məhkəmənin qərarı olmadan evin sökülməsi bütün həyatlarını iflic etmişdir. Əgər işin gedişatında məhkəmə müəyyən etsəydi ki, o, haqsızdır və ev sökülməli və təhvil verilməlidir, ən azından onlar bundan xəbərdar olar və yaşamaq üçün özlərinə qısa müddətdə kirayə ev tapıb əşyaları ilə birgə ora köçər, sonra evi təhvil verərdilər. İndiki halda isə, onlar qəflətən evsiz qalmaqla yanaşı, yaşayış üçün lazım olan bütün əşyalarından, hətta geyimlərindən də məhrum olmuşdurlar. Bu hallar artıq mənəvi zərər üçün kifayətdir və gələcəkdə Yasamal Rayon Məhkəməsində baxılan iddianın nəticəsi bu halları dəyişməyəcək.

Apellyasiya baxışı

7. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

8. Maddə 254.1. Məhkəmə aşağıdakı hallarda iş üzrə icraatı dayandırmalıdır: 254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa.

9. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

Apellyasiya baxışının həddi

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

Məhkəmə kollegiyasının mövqeyi

11. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin icraatını dayandırdığı zaman, yuxarıda qeyd olunan işlərin arasındakı bağlılığın mahiyyətinə düzgün hüquqi qiymət verməmişdir.

12. Belə ki, qanunverici məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan - Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın.

13. Kollegiyanın qənaətinə görə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan iş, hazırda baxılan iş baxımından belə bir asılılıq yaratmır.

14. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçı özünə məxsus olduğunu iddia etdiyi əmlakının cavabdeh2 ASC tərəfindən söküldüyünü və bu səbəblə mənəvi ziyana məruz qaldığını irəli sürür; belə olan halda isə məhkəmə, digər işin nəticəsindən asılı olmayaraq onun müvafiq iddia tələbinin dispoziya şərtlərinin mövcud olub-olmadığını yoxlayacaqdır.

15. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDI:

Şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı iş üzrə ## #### 2026-cı il qərardadı ləğv olunsun və mülki iş, icraatın təzələnərək işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Səadət Səlimova

Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar