Məhkəmə qərarları › İş №2(3-6)-3823/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-3823/2026

27.08.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-3823/2026 27.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı İsmayıl qızının cavabdeh “Aqro İnvest və İstehsalat” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mülki iş üzrə (açar sözlər: müddətin bərpa edilməməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı İsmayıl qızının cavabdeh “Aqro İnvest və İstehsalat” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmək haqqı tələbi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh “Aqro İnvest və İstehsalat” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı İsmayıl qızı cavabdeh “Aqro İnvest və İstehsalat” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3.951 manat son haqq-hesabın cavabdehdən tutularaq ididaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı İddiaçı İsmayıl qızı tərəfindən qətnamədən 3 dəfə apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətləri 2 dəfə Xətai Rayon Məhkəməsi tərəfindən geri qaytarılmış, sonuncu apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi tərəfindən qeyri-mümkün hesab edilmiş və yenə də Xətai Rayon Məhkəməsi tərəfindən geri qaytarılmışdır. Hazırda İddiaçı İsmayıl qızı qətnamədən yenidən apellyasiya şikayəti vermiş, eyni zamanda ərizə verərək, apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair iddiaçı İddiaçı İsmayıl qızı tərəfindən verilmiş ərizənin təmin edilməsi, apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Lakin iddaçı tərəfindən verilmiş əvvəlki apellyasiya şikayətləri elektron kabinet vasitəsi ilə verilmədiyindən, elektron imza ilə imzalanmadığından, ötürülmüş müddətin bərpasına dair ərizə təqdim edilmədiyindən geri qaytarılmışdır. Göründüyü kimi şikayətlərin geri qaytarılması apellyasiya şikayətinin elektron qaydada verilməsi ilə bağlı qanunvericiliyin tələbərinə riayət edilməsində yaranan nöqsanlardan qaynaqlanmışdır. Hazırki apellyasiya şikayətinin məhkəməyə gec daxil olmasının səbəbi də məhz əvvəlki şikayətlərin geri qaytarılması ilə bağlı məhkəmə prosesləri olmuşdur. Odur ki, qətnamədən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizə təmin edilməli və apellyasiya şikayəti mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh “Aqro İnvest və İstehsalat” Məhdud Məsuliyyətli Cəmiyyəti şikayət verərək, qərardadın ləğv edilməsini və İddiaçı apellyasiya şikayətinin geri qaytarılmasını, əks təqdirdə işin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair iddiaçı İddiaçı İsmayıl qızı tərəfindən verilmiş ərizənin təmin edilməsi, apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bildirir ki, qarşı tərəfin prosessual müddətin bərpasına dair ərizəsi və apellyasiya şikayəti tamamilə əsassızdır. Belə ki, iş üzrə qətnamə ##.##.2026-cı il tarixdə qarşı tərəfin elektron kabinetinə yerləşdirilmiş və həmin tarixdən etibarən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddət axmağa başlamışdır. Qarşı tərəf müəyyən edilmiş bir aylıq müddət ərzində apellyasiya şikayəti təqdim etsə də, həmin şikayət qanunvericiliyin forma və məzmun tələblərinə cavab vermədiyindən məhkəmə tərəfindən geri qaytarılmışdır. Şikayətin geri qaytarılması tam qanuni və əsaslı olmuşdur. Diqqətəlayiq hal ondan ibarətdir ki, qarşı tərəf geri qaytarılma haqqında qərardadda göstərilən nöqsanları aradan qaldıraraq qanunvericiliyin tələblərinə uyğun yeni apellyasiya şikayəti təqdim etmək əvəzinə, apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddət hələ bitməmiş olduğu halda, ikinci dəfə eyni məzmunlu sənədi “apellyasiya şikayətinə əlavə” adı altında sistemə yükləmişdir. Halbuki, qarşı tərəfin nümayəndəsi Nümayəndə elektron məhkəmə kabinetindən istifadə imkanına malik olmuş və apellyasiya şikayətini elektron şikayət formasında təqdim etmək imkanı mövcud olmuşdur. Buna baxmayaraq, həmin sənəd yenə də prosessual qanunvericiliyin tələblərinə uyğun qaydada deyil, adi sənəd əlavəsi formasında təqdim edilmişdir. Bundan sonra qarşı tərəf müəyyən edilmiş prosessual müddət başa çatdıqdan sonra, yol verdiyi nöqsanları aradan qaldırmaq əvəzinə, müxtəlif dövlət qurumlarına əsassız müraciət və şikayətlər ünvanlamaqla prosesi uzatmağa çalışmışdır. Eyni zamanda, apellyasiya şikayətini yenidən məhkəməyə əvvəlki kimi qanunvericiliyin tələblərinə uyğun olmayan formada təqdim etmişdir. Qeyd edilməlidir ki, qarşı tərəfin məhkəməyə təqdim etdiyi apellyasiya şikayətləri mahiyyət etibarilə bir-birindən fərqlənmir. Hər üç müraciət eyni formada tərtib edilmiş, əvvəlki nöqsanlar aradan qaldırılmamış, hətta şikayətin məzmunu cəmi bir səhifədən ibarət olmuşdur. Qanunvericilikdə apellyasiya şikayətinin həcmi ilə bağlı məcburi tələb müəyyən edilməsə də, hüquqlarının pozulduğunu iddia edən şəxsin şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin hansı hüquqi və ya faktiki əsaslarla qanunsuz və əsassız hesab edildiyi konkret və əsaslandırılmış şəkildə göstərilməlidir. Halbuki təqdim olunmuş şikayətlərdə məhkəmə qətnaməsinin hansı hissələrinin qanuna zidd olduğu, hansı maddi və ya prosessual hüquq normalarının pozulduğu barədə hər hansı hüquqi əsaslandırma mövcud olmamış, ümumi sözlərlə cədvəlləri doldurmağa çalışmışdır. Bu hallar bir daha təsdiq edir ki, qarşı tərəfin məqsədi məhkəmə qətnaməsinin qanuniliyinin yoxlanılması deyil, prosesi süni şəkildə uzatmaq və məhkəmə icraatını ləngitmək olmuşdur. Belə ki, qanunla müəyyən edilmiş müddət ərzində nöqsanların aradan qaldırılması üçün kifayət qədər vaxt mövcud olsa da, qarşı tərəf bu imkandan istifadə etməmiş, əvəzində müxtəlif dövlət qurumlarına ünvanladığı əsassız müraciət və sorğulara cavab gözləməyi üstün tutmuş, nəticədə həm apellyasiya şikayətinin verilməsi müddətini, həm də prosessual hüquqlarını öz hərəkətsizliyi nəticəsində itirmişdir. Hazırkı mərhələdə həmin işin yenidən mahiyyəti üzrə araşdırılması prosessual qənaət prinsipinə zidd olardı. Çünki mübahisə birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırılmış, tərəflərin bütün dəlillərinə qiymət verilmiş və əsaslandırılmış qətnamə qəbul edilmişdir. Qarşı tərəf isə apellyasiya şikayətində məhkəmənin iddia müddətinin tətbiqi ilə bağlı gəldiyi nəticənin hansı hüquqi və ya faktiki səbəblərə görə yanlış olduğunu ümumiyyətlə göstərməmişdir. Halbuki həmin məsələ qətnamənin əsaslandırıcı hissəsində ətraflı hüquqi təhlil edilmiş və məhkəmənin mövqeyi tam əsaslandırılmışdır. Belə olan halda, yeni hər hansı sübut və ya hüquqi arqument təqdim edilmədən işin yenidən icraata qəbul edilməsi eyni halların təkrar araşdırılmasına səbəb olmaqla prosessual qənaət prinsipinin tələblərinin pozulması, məhkəmələrin iş yükünün əsassız artırılması və məhkəmə resurslarından səmərəsiz istifadə edilməsi ilə nəticələnəcəkdir. Eyni zamanda qeyd edilməlidir ki, İddiaçı İsmayıl qızı ilə bağlanmış əmək müqaviləsinə ##.##.2022-ci il tarixində xitam verilmiş və son haqq-hesab da məhz həmin tarixə hesablanaraq ödənilmişdir. Həmin dövrdə cəmiyyətin direktoru İddiaçı İsmayıl qızının həyat yoldaşı, hazırda isə onun nümayəndəsi qismində çıxış edən Nümayəndə olmuşdur. Bu baxımdan, tərəflər arasında mövcud olmuş ailə münasibətləri, əmək münasibətlərinə xitam verilməsindən dörd ildən artıq müddətin keçməsi, həmçinin həmin dövrdə müəssisənin idarə edilməsinin və maliyyə sənədlərinin məhz Nümayəndə səlahiyyətində olması nəzərə alındıqda, son haqq-hesabın əmək müqaviləsinə xitam verilərkən tam şəkildə ödənildiyi qənaətinə gəlmək üçün kifayət qədər əsaslar mövcuddur. Əksini təsdiq edən hər hansı mötəbər sübut isə qarşı tərəf tərəfindən məhkəməyə təqdim edilməmişdir. Qeyd edilməlidir ki, qarşı tərəf prosessual müddətin ötürülməsini apellyasiya şikayətinin yenidən tərtib edilməsi ilə əsaslandırsa da, ilkin və sonradan təqdim edilmiş şikayətlər arasında məzmun baxımından heç bir fərq mövcud deyildir. Həmçinin nümayəndə Nümayəndə elektron kabineti əvvəlcədən mövcud olmuş, iş üzrə dövlət rüsumu tələb edilməmiş, vəkillə müqavilə bağlanılmamışdır. Bundan başqa, sənədlərdə əks olunan tarixlərlə, onların elektron kabinetə yüklənmə tarixləri arasındakı müddət fərqləri də göstərilən səbəblərin əsassız olduğunu təsdiq edir. Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsinə əsasən, məhkəmə yalnız qanunla müəyyən edilmiş prosessual müddətin buraxılmasının səbəbini üzrlü hesab etdiyi hallarda, işdə iştirak edən şəxsin ərizəsi əsasında buraxılmış müddəti bərpa edə bilər. Lakin hazırkı iş üzrə məhkəmənin üzrlü səbəb kimi qiymətləndirdiyi hal əslində qarşı tərəfin öz prosessual səhlənkarlığı və hərəkətsizliyinin nəticəsi olmuşdur. Belə ki, qarşı tərəf apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş bir aylıq müddətin mövcud olduğunu bildiyi halda, məhkəmə tərəfindən geri qaytarılmış apellyasiya şikayətində göstərilən nöqsanları aradan qaldıraraq həmin müddət başa çatmamış qanunvericiliyin tələblərinə uyğun yeni apellyasiya şikayəti təqdim etmək əvəzinə, geri qaytarılma haqqında qərardaddan müxtəlif dövlət orqanlarına müraciətlər etmiş, eyni zamanda prosessual qanunvericiliyin tələblərinə cavab verməyən sənədləri yenidən elektron məhkəmə sisteminə yükləməklə kifayətlənmişdir. Halbuki, apellyasiya şikayətinin geri qaytarılması prosessual müddətin axımını dayandırmır və şəxsi qanunla müəyyən edilmiş müddət ərzində nöqsanları aradan qaldırmaq öhdəliyindən azad etmir. Əksinə, geri qaytarılma haqqında qərardadda göstərilən nöqsanların operativ şəkildə aradan qaldırılması və qanunvericiliyin tələblərinə uyğun yeni apellyasiya şikayətinin təqdim edilməsi qarşı tərəfin vəzifəsi olmuşdur. İş materiallarından da görünür ki, qarşı tərəfin nümayəndəsinin elektron məhkəmə kabinetindən istifadə etmək imkanı olmuş, apellyasiya şikayətinin elektron qaydada təqdim edilməsinə hər hansı obyektiv maneə mövcud olmamışdır. Buna baxmayaraq, qarşı tərəf öz prosessual vəzifələrini lazımi qaydada yerinə yetirməmiş, nəticədə prosessual müddəti öz təqsiri ucbatından ötürmüşdür. Belə olan halda, qarşı tərəfin öz səhlənkarlığı nəticəsində yaranmış vəziyyətin “üzürlü səbəb” kimi qiymətləndirilməsi MPM-nin 133.1-ci maddəsinin mahiyyətinə və təyinatına uyğun deyildir. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları tam və hərtərəfli araşdırmamışdır. Belə ki, məhkəmə yalnız əvvəlki apellyasiya şikayətlərinin geri qaytarılması faktına istinad etmiş, lakin həmin şikayətlərin hansı səbəblərdən geri qaytarıldığını və bu səbəblərin cavabdehin öz prosessual davranışından irəli gəldiyini nəzərə almamışdır. Halbuki, əvvəlki apellyasiya şikayətləri elektron kabinet vasitəsilə təqdim edilmədiyinə, elektron imza ilə təsdiqlənmədiyinə və qanunvericiliyin digər imperativ tələblərinə əməl olunmadığına görə geri qaytarılmışdır. Məhkəmə həmçinin cavabdehin nümayəndəsinin elektron məhkəmə kabinetindən istifadə imkanına malik olmasına, geri qaytarılma haqqında qərardadda göstərilən nöqsanların qanunla müəyyən edilmiş müddət ərzində aradan qaldırılmasının mümkün olmasına, buna baxmayaraq həmin nöqsanların aradan qaldırılmamasına və eyni məzmunlu sənədin yenidən sistemə “əlavə” kimi yüklənməsinə hüquqi qiymət verməmişdir. Bundan başqa, təqdim edilmiş etirazda göstərilən, elektron məhkəmə sistemində mövcud bildirişlərin cavabdehin nümayəndəsi tərəfindən izlənilməsinin mümkün olması, elektron qaydada apellyasiya şikayətinin təqdim edilməsinə heç bir obyektiv maneənin mövcud olmaması, habelə prosessual müddətin ötürülməsinin cavabdehin öz hərəkətsizliyi nəticəsində baş verməsi barədə arqumentlər də məhkəmə tərəfindən araşdırılmamış və qərardadda bu dəlillərə münasibət bildirilməmişdir. Nəticədə məhkəmə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmadan prosessual müddətin bərpası barədə nəticəyə gəlmiş, bu isə qəbul edilmiş qərardadın qanuniliyini və əsaslılığını şübhə altına alır. Birinci instansiya məhkəməsi prosessual müddətin ötürülməsinin səbəbi kimi əvvəlki apellyasiya şikayətlərinin geri qaytarılması ilə bağlı məhkəmə proseslərinin mövcud olduğunu göstərmiş, lakin həmin halın cavabdehin prosessual müddəti üzrlü səbəbdən buraxdığını təsdiq edən hər hansı sübuta istinad etməmişdir. Belə ki, iş materiallarında cavabdehin apellyasiya şikayətini qanunla müəyyən edilmiş qaydada elektron kabinet vasitəsilə təqdim etməsinə mane olan obyektiv səbəbin mövcudluğunu təsdiq edən heç bir sübut yoxdur. Əksinə, işdən görünür ki, cavabdehin nümayəndəsinin elektron məhkəmə kabinetindən istifadə etmək imkanı olmuş, əvvəlki müraciətlər də elektron sistem vasitəsilə təqdim edilmişdir. Buna baxmayaraq, apellyasiya şikayəti prosessual qanunvericiliyin imperativ tələblərinə uyğun qaydada təqdim edilməmişdir. Məhkəmə həmçinin geri qaytarılma haqqında qərardadda göstərilmiş nöqsanların müəyyən edilmiş müddət ərzində aradan qaldırılmasının mümkün olmadığını təsdiq edən hər hansı sübut müəyyən etməmişdir. İş materiallarında belə bir maneənin mövcudluğunu təsdiq edən sənəd, izahat və ya digər sübut yoxdur. Əksinə, iş materialları təsdiq edir ki, cavabdeh geri qaytarılma haqqında qərardadda göstərilən nöqsanları aradan qaldırmaq əvəzinə, eyni məzmunlu sənədi yenidən sistemə “əlavə” kimi yükləmiş və qanunvericiliyin tələblərinə uyğun yeni apellyasiya şikayəti təqdim etməmişdir. Bu hal isə prosessual müddətin ötürülməsinin cavabdehin öz hərəkətlərindən (hərəkətsizliyindən) irəli gəldiyini göstərir. Beləliklə, birinci instansiya məhkəməsinin cavabdehin prosessual müddəti üzrlü səbəbdən buraxdığı barədə gəldiyi nəticə iş materialları ilə təsdiq olunmur, həmin nəticə ehtimallara əsaslanır və mötəbər sübutlarla əsaslandırılmamışdır. Bu səbəbdən qərardadın həmin hissəsi qanuni və əsaslı hesab edilə bilməz. Birinci instansiya məhkəməsinin prosessual müddətin bərpası barədə gəldiyi nəticə iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun gəlmir. Belə ki, məhkəmə qərardadında apellyasiya şikayətinin məhkəməyə gec təqdim edilməsinin səbəbi kimi əvvəlki apellyasiya şikayətlərinin geri qaytarılması ilə bağlı məhkəmə proseslərinin aparılmasını göstərmişdir. Halbuki, iş materiallarından aydın görünür ki, əvvəlki apellyasiya şikayətləri qanunvericiliyin imperativ tələblərinə əməl edilmədiyinə görə geri qaytarılmışdır. Yəni, prosessual müddətin ötürülməsi məhkəmənin və ya hər hansı obyektiv halın deyil, bilavasitə cavabdehin öz prosessual hərəkətlərinin və hərəkətsizliyinin nəticəsi olmuşdur. İş materialları ilə müəyyən edilir ki, cavabdehin nümayəndəsinin elektron məhkəmə kabinetindən istifadə etmək imkanı olmuş, apellyasiya şikayətini qanunvericiliyin tələblərinə uyğun elektron qaydada təqdim etməsinə hər hansı obyektiv maneə mövcud olmamışdır. Bundan əlavə, geri qaytarılma haqqında qərardadda göstərilən nöqsanlar qanunla müəyyən edilmiş müddət ərzində aradan qaldırıla biləcəyi halda, cavabdeh həmin imkandan istifadə etməmiş, əksinə eyni məzmunlu sənədi yenidən sistemə “apellyasiya şikayətinə əlavə” adı altında yükləmişdir. Belə olan halda, məhkəmənin “apellyasiya şikayətinin gec təqdim edilməsinin səbəbi əvvəlki şikayətlərin geri qaytarılması ilə bağlı məhkəmə prosesləri olmuşdur” qənaəti işin faktiki hallarından irəli gəlmir və həmin hallarla təsdiq olunmur. Əslində, iş materialları tam əksini – prosessual müddətin cavabdehin öz səhlənkarlığı nəticəsində ötürüldüyünü təsdiq edir. Beləliklə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini və İddiaçı apellyasiya şikayətinin geri qaytarılmasını, əks təqdirdə işin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh “Aqro İnvest və İstehsalat” MMC tərəfindən verilmiş şikayətin təmin edilməməsi və şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 134.1. Məhkəmə işdə iştirak edən şəxslərə aşağıdakı məhkəmə sənədlərini rəsmi qaydada verməlidir: 134.1.5. birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını; Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 135.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. Maddə 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; 398.0.4. qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın ## ###### 2006cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu ## ### 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, «… qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.» Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini və mülki işin sənədlərini araşdıraraq hesab edir ki, cavabdehin şikayəti təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilərək, həmin qərardadla həll edilməli olan məsələ həll edilməlidir. Kollegiya qeyd edir ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Elektron qaydada təqdim etmə məhkəmə sənədlərinin eləcə də, məhkəmə aktlarının rəsmi qaydada təqdim edilməsidir. Mülki işin sənədlərindən müəyyən olunur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)- ****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi iddiaçı İddiaçı İsmayıl qızına məxsus elektron kabinetə ##.##.2026-cı il tarixdə yerləşdirilmişdir. Mülki işdən daha sonra müəyyən olunur ki, iddiaçı İddiaçı İsmayıl qızının Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən ##.##.2026-cı il tarixdə verdiyi apellyasiya şikayəti Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı, ##.##.2026-cı il tarixdə verdiyi apellyasiya şikayəti Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə geri qaytarılmış, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-*)-****/**** nömrəli qərardadı ilə verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmişdir. Bundan sonra iddiaçı ##.##.2026-cı il tarixdə, yəni mübahisələndirdiyi qətnaməni rəsmi qaydada aldığı vaxtdan 6 aya yaxın vaxt keçdikdən sonra apellyasiya şikayətini və buraxılmış prosessual müddətin bərpasına dair ərizəsini məhkəməyə təqdim etmişdir. Mülki işdən daha sonra müəyyən olunur ki, iddiaçının apellyasiya şikayətləri qeyri-mümkün hesab edilərkən ona təqdim etdiyi şikayətlərin MPM-in və MPM-ə “Əlavə 2” ilə müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmədiyi dəfələrlə izah edilmişdir. Daha sonra iddiaçı İddiaçı İsmayıl qızı müddətin bərpa edilməsi ilə bağlı ərizəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün qanunla müəyyən olunan prosessual müddəti ötürməsini etiraf etsə də, bunun hansı üzrlü səbəblərdən baş verməsini ərizəsində qeyd etməmiş, bu barədə hər hansı bir sübutunu məhkəməyə təqdim etməmiş, ərizəni təmin edib müddəti bərpa edən birinci instansiya məhkəməsi isə müddətin hansı üzrlü səbəblərdən ötürülməsini müəyyən etmədiyi, bu barədə işdə hər hansı bir sübut olmadığı halda ərizəni təmin etməklə əsaslandırılmamış məhkəmə aktı qəbul etmişdir. Kollegiya qeyd edir ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, qanunla müəyyən olunan prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Hazırkı işdə isə iddiaçı qanunla nəzərdə tutulmuş prosessual müddətin ötürməsinin üzrlü səbəbdən baş verməsinə dair hər hansı bir sübutunu məhkəməyə təqdim etmədiyi halda birinci instansiya məhkəməsi müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsi qənaətinə gələrək ərizəni təmin etmişdir. İstinad olunanlara əsasən, kollegiya belə nəticəyə gəlir ki, cavabdehin şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli, qərardadla həll edilməli olan məsələ həll edilərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı İsmayıl qızı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzrlü hesab edilərək buraxılmış müddət bərpa edilməsinə dair ərizəsi təmin edilməməli, apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398- 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı İsmayıl qızı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzrlü hesab edilərək bərpa edilməsinə dair ərizəsi təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı İsmayıl qızı tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar