Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-404/2026 02.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "alimentin azaldılması" tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayəti geri qaytarılmışdır, dövlət rüsumu ödənilməmişdir) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4855/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı Cavabdeh qarşı "alimentin azaldılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İmişli Rayon Məhkəməsinin 15 may 2025-ci il tarixli, 8(036)- 62/2025 saylı qərardadı ilə qərara alınmış 664 manat aliment məbləğini azaldaraq 400 manat müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4855/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi qət edilmişdir.
3. Cavabdeh tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmişdir.
Tətbiq edilən hüquq normaları:
4. “X5” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə görə iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda dövlət rüsumu 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi təşkil edir.
5. Həmin Qanunun 9.1-ci maddəsinə görə aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: Maddə 9.1.2. Aliment alınması barədə iddialar üzrə -iddiaçılar; 6.Həmin Qanunun 8.6-cı maddəsinə görə apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci, 8.2-ci, 8.8-ci (müvəqqəti təminat tədbirlərinin tətbiqinə münasibətdə), 8.10-cu və 8.11-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda-iddianın qiyməti bir il ərzində ödəmənin mücmusu ilə müəyyən edilir.
8. Mülki Prosessual Məcəllənin 366.1-ci maddəsində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.
9. Mülki Prosessual Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir.
10. Mülki Prosessual Məcəllənin 363.1.2-ci madəsində qeyd edilir ki, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
11. Həmin Məcələnin 366.2-ci maddəsində qeyd edilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
12 Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilmədiyindən işə apellyasiya qaydasında baxılması qeyri-mümkündür.
13. Belə ki, işdən görünür ki, iddiaçının tələbi məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilməsi/azaldılması ilə bağlıdır.
14. “X5” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - yalnız iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddır.
15. Cavabdeh hazırki işdə prosessual hüquqi statusu “cavabdeh” olmaqla qanunla o, apellyasiya şikayətinin verilməsinə görə dövlət rüsumu ödəməkdən azad edilmiş şəxslər kateqoriyasına aid edilmir.
16. Bununla belə Cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti verilərkən qanunla müəyyən edilmiş dövlət rüsumu ödənilməmişdir.
17. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4855/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu ödənilmədiyindən apellyasiya qeyri-mümkün hesab edilməlidir.
18. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4855/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fərrux Qasımov Məhəmməd Rüstəmli