Məhkəmə qərarları › İş №2(3-6)-4098/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-4098/2026

02.09.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-4098/2026 02.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Bəhrəmzadə Sabit Xanlar oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh X1 qarşı “övladının xəstəliyi ilə bağlı əlavə xərc və təhsil xərclərində iştirak” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)- ****/**** saylı ##.##.2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh X1 qarşı “övladının xəstəliyi ilə bağlı əlavə xərc və təhsil xərclərində iştirak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qərardaddan iddiaçı şikayət verərək, onun ləğv edilməsini, işin məhkəmə icraatına qəbul edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, maddi və prosessual hüquq normaları kobud surətdə pozulmuşdur. Qərardad qeyri-qanuni, ədalətsiz, heç bir hüquq normalarına sığmayan əsassızdır. Məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarına düzgün qiymət verilməmiş, yalnız qeyri-prosessual sübutlarına qiymət verməklə, qərardad qəbul etmişdir. Bakı şəhəri Binəqədi rayonu ərazisində övladları ilə birlikdə yaşayır. Başqa yaşayış yeri yoxdur. Ailəni təkbaşına böyüdür. Cavabdeh isə uşaqların əlavə xərclərində iştirak etmir. 2 uşaq tələbədir və maddi imkanları yoxdur. Ondan asılı vəziyyətdədilər. Onların bütün xərclərini özü qarşılayır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin edilərək qərardad ləğv edilməli və iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı nəzərdən keçirildikdə müəyyən olunur ki, iddia ərizəsi iki əsasla geri qaytarılmışdır. 1) iddia ərizəsinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 149-cu maddəsinin tələblərinə uyğun tərtib edilməməsi 2) iddiaya ərazi aidiyyəti üzrə baxmalı olan məhkəmənin düzgün seçilməməsi Birinci əsasa münasibətdə kollegiya hesab edir ki, məhkəmənin iddia ərizəsinin MPM-in 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən verilməsi və buna görə də iddia ərizəsinin geri qaytarılması barədə mövqeyi qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 149.2-ci və 149.2.2-ci maddələrinə əsasən, ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Hazırki iddia ərizəsindən cavabdehi eyniləşdirməyə imkan verən bütün zəruri məlumatların təqdim edilmədiyi müəyyən olunur. Belə ki, iddiaçı tərəfindən cavabdehin yalnız ad, soyadı və ata adı, yaşayış ünvanı qeyd edilmişdir. Cavabdehi eyniləşdirməyə imkan verən digər mühüm məlumatlar isə (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi) göstərilməmiş, bunu təsdiq edən hər hansı sübut, eyni zamanda cavabdehin qeydiyyatda olduğu ünvana dair sənəd ərizəyə qoşma edilməmişdir. FİN kod olmadığından elektron məhkəmə informasiya sistemində axtarış nəticə verməmişdir. Göründüyü kimi iddiaçı iddia ərizəsinin forma və məzmununa aid mülki prosessual qanunvericiliyin imperativ göstərişlərinə riayət etmədiyindən, məhkəmə bu əsasla iddia ərizəsini geri qaytarmaqda haqlı olmuşdur. Qərardadda iddia ərizəsinin ərazi aidiyyətinin düzgün müəyyənləşdirilməməsinə dair hissə isə belə əsaslandırılmışdır ki, hazırki tələb alimentlə bağlı olmamaqla yetkinlik yaşına çatmış uşaqların təhsil xərclərində cavabdehin iştirakı ilə bağlıdır. Belə olan halda iddia tələbi ilə bağlı məhkəmə aidiyyatı iddiaçının seçiminə görə deyil, cavabdehin qeydə alındığı yerin məhkəməsində baxılmalıdır. İddia ərizəsinə cavabdehin məhkəmənin yerləşdiyi Binəqədi ərazisində qeydiyyatını təsdiq edən sənəd əlavə edilməmiş, AZEMİS vasitəsi ilə də cavabdehə dair məlumatları sorğulamaq mümkün olmamışdır. Kollegiya hazırki iddia tələbinə seçim üzrə aidiyyət normasının tətbiqinin mümkün sayılmaması barədə məhkəmənin mövqeyi ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir. MPM-in 36.3-cü maddəsində alimentin alınması haqqında idiaların iddiaçının öz yaşayış yeri üzrə də verilə bilməsi nəzərədə tutulur. Ailə Məcəlləsinin 81-ci maddəsi ilə isə valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulmuşdur. Həmin normaya əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Qeyd edilən norma Ailə Məcəlləsinin “Valideynlərin və uşaqların aliment öhdəlikləri” adlanan 13-cü fəslində yer aldığı kimi, normanın məzmunundan görünür ki, valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı ilə bağlı məsələlərin “alimentin tutulması barədə saziş”lə də tənzimlənə bilməsi qeyd edilmişdir. Kollegiya qeyd edir ki, Ailə Məcəlləsinin “Valideynlərin və uşaqların aliment öhdəlikləri” adlanan 13-cü fəslində toplanmış normaların ümumi təhlili nəticəsində belə nəticəyə gəlmək olur ki, əlavə xərclərin tutulması tələbi formal olaraq alimentin tutulması tələbindən fərqlənsə də, hər iki tələb eyni ailə-hüquqi münasibətdən-valideynlərin uşağın saxlanılması ilə bağlı qanundan irəli gələn vəzifəsindən irəli gəlir və uşağın maddi təminatının həyata keçirilməsinə yönəlir. Bu baxımdan əlavə xərclərin tutulması tələbi aliment öhdəliyinin həyata keçirilməsinin xüsusi forması kimi xarakterizə oluna bilər. Bundan başqa kollegiya hesab edir ki, qanunvericinin alimentin alınması haqqında iddialar üçün seçim üzrə aidiyyət qaydasını müəyyən etməkdə məqsədi başlıca olaraq himayədə olan uşaqların maraqlarının müdafiəsinə yönəlməklə, həmçinin valideynin uşağın saxlanılması ilə bağlı xərclərin məhkəmə qaydasında tələb edilməsinə real imkan yaradılmasına xidmət edir. Odur ki, əlavə xərclərin mahiyyəti, bu cür xərc çəkilən subyektlərin xüsusiyyətləri nəzərə alındıqda, alimentin alınması haqqında iddialar üçün müəyyən edilmiş seçim üzrə aidiyyət qaydasının mahiyyətcə oxşar olan bu münasibətə tətbiq edilməsi də mümkün hesab edilməlidir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının hazırki tələblə öz yaşayış yeri məhkəməyə müraciət etməsi mülki prosessual qanunvericiliyin ərazi aiddiyəti qaydalarına zidd olmadığından birinci instansiya məhkəməsi iddia ərizəsini qeyd edilən əsasla geri qaytarmaqda haqlı olmamışdır. Qeyd edilənlərdən əlavə kollegiyanın hazırki iddia ərizəsi ilə bağlı diqqətə çatdırmaq istədiyi digər məsələ iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən verilib-verilməməsi məsələsinin araşdırılmasından ibarətdir. Belə ki, hazırki iddia tələbi valideynin yetkinlik çatmış övladlara çəkilən əlavə xərclərdə iştirakının təmin edilməsi barədədir. MPM-in 49.1-ci maddəsinə görə öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. 49.4-cü maddəsinə görə on dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. 49.5-ci maddəsinə görə qanunla nəzərdə tutulan hallarda mülki, ailə, əmək, inzibati və digər hüquq münasibətlərindən əmələ gələn və alınmış əmək haqqı və ya sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirə sərəncam verməklə əlaqədar olan əqdlər üzrə öz hüquq, azadlıq və qanunla qorunan mənafelərini yetkinlik yaşına çatmayanlar məhkəmədə şəxsən özləri müdafiə edirlər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair”##.##.2015-ci il tarixli Qərarında göstərilir ki, yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan övladlar üçün alimentin ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququ prosessual qanunvericiliyin tələbi baxımından yetkinlik yaşına çatmış övladın özü tərəfindən həyata keçirilməlidir. Çünki o, əmək qabiliyyəti olmayan şəxs olmasına baxmayaraq, tam fəaliyyət qabiliyyətlidir. Yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan övlad ilə birlikdə yaşayan valideynlərdən birinin bu barədə tələb irəli sürməsi prosessual qanunvericiliyin tələblərinə uyğun deyil və o, əsl iddiaçı hesab edilə bilməz. Göründüyü kimi iddia tələbi yetkinlik yaşına çatmış övladların ailə hüquq münasibətlərindən irəli gələn hüquqlarının müdafiəsi ilə bağlıdır, iddia ərizəsi isə yetkinlik yaşına çatmış övladların anası tərəfindən imzalanmışdır. Beləliklə, kollegiya hesab edir ki, iddia ərizəsinin mümkünlüyünə hazırki qərardadda şərh edilmiş göstərişlər nəzərə alınmaqla yenidən qiymət verilməli və müvafiq qərardad qəbul edilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 395, 397, 398.0.2 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qərara aldı: Şikayət qismən təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin və mülki iş iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Sabit Bəhrəmzadə Xumar Mərdanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar