Məhkəmə qərarları › İş №2(3-6)-468/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-468/2026

03.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-468/2026 03.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X6 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızının katibliyi, İddiaçı, Cavabdeh Eyvazov Cavabdeh və onun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin azadılması və aliment borcunun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(010)-4692/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı “alimentin məbləğinin azadılması və aliment borcunun silinməsi” tələbinə dаir iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) məhkəməyə müraciət edərək, birgə nikahlarından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı alınaraq cavabdeh Qaraxanova (Məmmədova) Aysel Natiq qızına ödənilməli olan aliment məbləğinin azadılaraq minimum əmək haqqının 0,50 misli həddində müəyyən edilməsi və 1400 manat aliment borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, tərəflər xx.xx.2015-ci ildə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində rəsmi nikah bağlayaraq ailə qurmuş, birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X7 adlı bir övladları vardır. Tərəflər arasında olan nikah Bakı şəhəri Surxanı Rayon Məhkəməsinin 2(010)-7826/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə pozulmuş, xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 117 manat aliment məbləğinin İddiaçı alınaraq Qaraxanova (Məmmədova) Aysel Natiq qızına verilməsi, aliment ödənilməsinin əvvəlinin 21 iyun 2016-ci ildən hesablanması qət edilmişdir. Bundan sonra cavabdeh başqa nikaha girəcəyini əsas gətirərək aliment məbləğindən imtina etməsi qarşılığında uşağın təzə ailə quracağı şəxsin himayəsinə verilməsinə dair razılıq verməsini iddiaçıya təklif etmiş, iddiaçı da razılaşmışdır. Bu razılıq tərəflər arasında notariat orqanı tərəfindən rəsmiləşdirilmişdir. İddiaçı bu razılığa əsaslanaraq aliment ödəməmiş və ödəməyəcəyini zənn etmişdir. Aradan bir müddət keçdikdən sonra, yəni 2023-cü ilin iyul ayından 2024-cü ilin iyul ayınadək tərəflər yenidən barışaraq bir yerdə yaşamağa davam etmişlər. Həmin müddətdə cavabdeh barışmalarından yararlanaraq iddiaçının imkanları hesabına özünə yeni iş yeri, yəni qadın salonu açaraq lazımi ləvazimatlarla təchiz etmişdir. Bundan əlavə 2023-cü ildən 2024-cü ilədək birlikdə yaşadıqları müddətdə ailənin bütün ehtiyaclarını ödəyərək, uşağının da qayğısına qalmışdır. İddiaçı cavabdehlə birlikdə yaşadıqları müddətdə iddiaçı cavabdeh üçün açılmış qadın salonunun təmiri üçün 1500 manat pul xərcləmişdir. Bundan sonra iddiaçı cavabdeh tərəfindən götürülmüş kredit öhdəliyinin əvəzi olaraq onun adından hər ay 50 manat olmaqla cəmi 600 manat ödəniş etmişdir. Lakin sonradan tərəflərin münasibətləri yenidən pozulmuş və ayrılmışlar. Cavabdeh ayrılıb yenidən barışdıqdan sonra iddiaçıdan aliment tələb etmədiyi və məhkəmə qərarı ilə təyin edilmiş aliment borcundan imtina etmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh alimentin indeksasiya olunması ilə bağlı yenidən məhkəmə müraciət etmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-138/2025 saylı, xx.xx.3035-ci il tarixli qərardadı ilə aliment məbləği minimum əmək haqqının 1,1 misli həddində, yəni 440 manat məbləğində müəyyən edilmişdir. Bildirilir ki, iddiaçının başqa nikahdan da bir övladı vardır və həmin uşağın saxlanılması üçün 120 manat aliment ödəyir. İddiaçı övladının saxlanılması üçün aliment ödəməkdən imtina etmir. Lakin uşağa qayğı göstərmək, onu tərbiyə etmək iddiaçı kimi cavabdehin də borcudur. Cavabdeh özü hazırda işləyərək kifayət qədər əmək haqqı alır. Bundan başqa iddiaçı hazırda heç bir yerdə işləməməklə aylıq qazancı yoxdur. Belə olan halda alimentin məbləğinin minimum əmək haqqının 1,1 misli həddində, yəni 440 manat müəyyən edilməsi ədalətli deyildir. Bununla yanaşı, cavabdeh aliment məbləğinin indeksasiyasına dair ərizəsində iddiaçıdan tutulmalı olan aliment məbləğinin minimum əmək haqqının 0,68 misli həddində müəyyən edilməsini xahiş etmişdir ki, bu da 272 manat kimi hesablanır. Bundan əlavə, iddiaçı Bakı şəhərində kirayədə qalır və hər ay 300 manat ödəniş edir, həmçinin xəstə anasının da qayğısına qalır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(010)- 4692/2025 saylı qətnaməsi ilə (hakim Firuzə Mirzəyeva) iddia təmin olunmamışdır. İddiaçı qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun əsaslandırılmış, həmçinin qətnamənin əsassız olması, tam və hərtərəfli araşdırmanın aparılmaması, iddianın əsaslı olması, maddi vəziyyətinin aşağı olması, hazırda işsiz olması, başqa gəlirinin olmaması, himayəsində xəstə anasının olması, başqa nikahdan da övladının olması və həmin uşaq üçün aliment ödəməsi, alimentin indeksasiya olunmuş məbləğinin həddindən artıq olması, maddi vəziyyətinin həmin məbləği ödəmək üçün kifayət etməməsi, bundan başqa bir müddət cavabdehlə birgə yaşayıb təsərrüfat apaması, ailəsinin və övladının qayğısına qalması, maddi dəstək olması, buna baxmayaraq həmin dövrdə isə alimentlə bağlı borc məbləğinin hesablanmasının qanunsuz olması və həmin məbləğin silinməli olması və s. göstərilmiş, məhkəmə kollegiyasından şikayətin təmin olunması xahiş edilmişdir. Tərəflərin izahatları, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, onun rəsmi iş yeri yoxdur, restoranlarda skripka musiqi aləti ilə ifa edir, ortalama aylıq gəliri 600-700 manat həddindədir, başqa daimi gəliri yoxdur. Həmçinin digər nikahdan olan övladının saxlanılması üçün də aliment ödəyir. İndeksasiya olunmuş aliment məbləği yüksəkdir və bu səbəbdən onu ödəyə bilmir. Cavabdehlə bu barədə danışıqlar aparmasına baxmayaraq hər hansı nəticə əldə etməmişdir. Hazırda alimentin məbləğinin azaldılmasını istəyir. Bundan başqa, cavabdehlə barışıb bir müddət birgə yaşamışlar, həmin dövrdə ailəsinin maddi tələbatı qarşılamış, buna baxmayaraq həmin dövr üçün aliment borcun hesablanmasını əsası saymır. Lakin o, hazırda qalıq qalmış aliment borcunun çox hissəsini ödəmiş, bu səbəbdən də həmin tələbini müdafiə etmir və qətnaməni həmin hissədə mübahisələndirmir. Onun əsas tələbi aliment məbləğinin azaldılması ilə bağlıdır. Birinci instansiya məhkəməsinin onun maddi vəziyyətini, digər nikahdan olan övladına aliment ödəməsini, indeksasiya olunmuş alimentin miqdarının həddindən artıq olmasını və s. bu kim halları nəzərə almamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə baxışında iştirak edən cavabdeh və onun nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişlər ki, tərəflər rəsmi olaraq 2016-cı ildə boşanmış, bir uşaq üçün 117 manat aliment müəyyən olunmuş, bundan sonra iddiaçı uşaqla maraqlanmamış, cavabdeh isə başqa şəxslə nikaha daxil olmuş, həmin vaxt iddiaçı uşağın həmin şəxsin himayəsinə daxil olmasına icazə vermiş, bunun qarşılığında aliment öhdəliyindən azad olunması tələb etmiş, bu barədə onlar qarşılıqlı razılıq əldə etmişlər və buna dair notariat qaydada razılıq əldə edilmişdir. Lakin sonra yaranmış narazılıq səbəbindən həmin proses baş tutmamış, iddiaçı isə aliment ödəməkdən yayınmışdır. Bundan başqa, cavabdehin ikinci ailə həyatı da uğursuz olmuş, altı ildən sonra ayrılmışlar. Bundan sonra iddiaçı ilə cavabdeh yenidən barışmışlar və təxminən 11 ay birlikdə yaşamışlar. İddiaçının gəlirinin məbləği barədə dəqiq məlumata malik olmasa da, o restoranda skripka ifa edir və müəyyən gəlirlərə malikdir. Cavabdeh əvvəllər işləsə də, hazırda işsizdir, himayəsində iki uşağı var, onlarla məşğuldur, onların xərclərini qarşılamaqda çətinlik çəkir. Bu səbəbdən də alimentin azaldılmasına etiraz edirlər. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi alimentin miqdarının azaldılması barədə tələbin təmin olunmaması hissədə ləğv olunmalı, həmin hissədə iddia qismən təmin olunmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, tərəflərin xx.xx.2015-ci ildə rəsmi nikah bağlayaraq ailə həyatı qurması, birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X7 adlı bir övladlarının olması, nikahlarının Bakı şəhəri Surxanı Rayon Məhkəməsinin 2(010)-7826/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə pozulması, iddiaçıdan övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 117 manat alimentin tutulması işin mübahisə olunmayan hallarıdır. Bununla yanaşı işdə olan cavabdehin xx.xx.2017-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, övladı X3 həyat yoldaşı X4 tərəfindən övladlığa götürüldükdən sonra İddiaçı qarşı aliment tələbindən imtina etməyi öhdəsinə götürəcəyini və gələcəkdə bu tələblə bağlı iddia irəli sürməyəcəyini qeyd etmişdir. Həmçinin 4 saylı Bakı “Asan xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X5 tərəfindən təsdiqlənmiş İddiaçı 7E-35443 reyestr nömrəli xx.xx.2017-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, xx.xx.2016-cı il təvəllüdlü övladı X3 X2 övladlığa verilməsinə razı olmuşdur. İşdə olan cavabdeh tərəfindən Şəki rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, icra sənədinin icra şöbəsinin icraatında saxlanılmasına hələlik zərurət olmadığını qeyd edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin “2(010)- 7826/2015” saylı, 19 sentyabr 2016-ci il tarixli icra sənədinin “İcra haqqında" Qanunun 23.1.1-ci maddəsinə əsasən icra sənədini vermiş məhkəməyə qaytarılmasını və borclu İddiaçı barəsində olan axtarış və məcburi gətirilmə ilə bağlı tədbirlərin ləğv edilməsini xahiş etmişdir. İşdə olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-138/2025 saylı, xx.xx.3035-ci il tarixli qərardadından görünür ki, cavabdehin ərizəsi üzrə alimentin məbləği indeksləşdirilərək, minimum əmək haqqının 1,1 misli həddində (440 manat) müəyyən edilmişdir. İşdə olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3586/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Məmmədova (Quliyeva) Aysel Ramazan qızı arasında Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində 11 noyabr 2011- ci il tarixdə bağlanmış 1801 saylı nikah qeydiyyatının pozulması, 16 oktyabr 2012-ci il təvəllüdlü X1 anası Məmmədova (Quliyeva) Aysel Ramazan qızının yanında saxlanılması və İddiaçı 29 sentyabr 2014-cü il tarixdən başlayaraq, 16 oktyabr 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün, hər ay 103 manat sabit pul məbləğində alimentin Məmmədova (Quliyeva) Aysel Ramazan qızının xeyrinə tutulması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı DOST Mərkəzi tərəfindən verilən xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq" altsisteminə əsasən xx.xx.2025-ci il tarixinə qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi iddianı alimentin miqdarının azaldılması hissədə rədd edərkən, bunun qanunvericiliyin tələblərinə, uşağın üstün maraqlarına uyğun olmaması kimi əsaslandırmışdır. Məhkəmə kollegiyası həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra, AM) 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barədə bərabər hüquq və vəzifələrə malikdirlər. AM-in 58.2.-ci maddəsinə əsasən valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. AM-in 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-nin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. AM-nin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin qeyd edilməlidir ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndindəki mövqeyinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Analoji hüquqi mövqe, həmçinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli Qərarında da göstərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8- 2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Həmin Qərarın 8.13-ü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır; Həmin Qərarın 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə … uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə … uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, yaşayış minimumu özündə insanın sağlamlığının və həyat fəaliyyətinin yalnız minimum səviyyəsi üçün zəruri ehtiyacları müəyyənləşdirmişdir. İşin hallarından, tərəflərin izahatlarından və qüvvədə olan məhkəmə aktlarından görünür ki, tərəflər arasında nikah pozularkən iddiaçıdan övladının saxlanılması üçün tutulmalı olan alimentin miqdarı sabit pul məbləğində 117 manat müəyyən olunmuş, lakin qısa müddət sonra cavabdeh başqa nikaha daxil olmuş və tərəflər arasında müvafiq şərtlərlə alimentin ödənilməməsi barədə razılıq əldə olunmuşdur. Cavabdehin ikinci nikahı da pozulmuş və tərəflər təqribən 2023-2024-cü illər ərzində barışaraq birlikdə yaşamağa davam etmiş, lakin sonra münasibətləri yenidən pozulmuş və ayrılmışlar. Bundan sonra cavabdeh alimentin indeksasiya olunması üçün ərizə ilə məhkəməyə müraciət etmiş, alimentin ödənilməsini tələb etmişdir. Bununla yanaşı, işdə olan sübutlara (məhkəmə aktı və s.) əsasən - iddiaçı rəsmi qaydada işləməməklə, digər nikahdan olan övladının saxlanılması üçün də aliment ödəyir. Tərəflərin izahatlarından aydın olur ki, iddiaçı faktiki olaraq restoranlarda skripka musiqi aləti ifa edir və müəyyən gəlirlərə malikdir (iddiaçı ortalama aylıq gəlirinin 600-700 manat həddində olmasını, cavabdeh isə daha artıq olmasını bildirir). Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən də göründüyü kimi, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və yaxud aliment ödəməkdən azad etmənin əsaslarını tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin baş verməsi və tərəflərin diqqətəlayiq başqa maraqları təşkil edir. Bununla yanaşı, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır (Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.7-ci bəndi) İşin hallarından göründüyü kimi, iddiaçının maddi vəziyyətində müsbət dinamika üzrə əsaslı dəyişiklik baş verməmiş (cavabdeh bunun əksini sübut edə bilməmiş), həmçinin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşağının da olması nəzərə alınmaqla hazırki aliment məbləği indeksasiya olunduqdan sonra iddiaçı üçün icrası çətinləşmiş vəziyyət yaranmışdır. Eyni zamanda alimentin hazırki məbləği yaşayış minimumu ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş müvafiq pul vəsaitindən (2026-cı il üzrə 260 manat) də əhəmiyyətli artıqdır. Lakin, iddiaçının tələb etdiyi məbləğ də (minimum əmək haqqının 0,5 misli) uşağın saxlanılması üçün yetərli olmamaqla, onun üstün mənafeyniə uyğun sayıla bilməz. Məhkəmə kollegiyası işin faktiki hallarını, uşağın mənafeyini və üstün maraqları nəzərə almaqla hesab edir ki, alimentin miqdarının ölkə üzrə minimum əmək haqqı məbləğinin 0,70 misli (hazırki vəziyyətdə 280 manat) həddində müəyyən edilməsi qanuni, əsaslı və ədalətli olmaqla, həmçinin iddiaçının digər övladının saxlanılmasına mənfi təsir göstərmir. Birinci instansiya məhkəməsi isə yuxarıda qeyd edilənləri nəzərə almamış, sübutları düzgün qiymətləndirməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol, işin müəyyən olunmuş hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Bu səbəbdən də, apellyasiya şikayəti yoxlanılan hissədə qismən əsaslıdır, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv olunmaqla, iddia qismən təmin olunmalıdır. Həmçinin qeyd edilməlidir ki, iddiaçı apellyasiya şikayətində qətnaməni bütövlükdə mübahisələndirsə də apellyasiya baxışı zamanı 1400 manat aliment borcunun silinməsi ilə bağlı tələbinin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxmış, hazıki vəziyyətdə həmin borcu ödədiyini, təqribən 6000 manatdan 1400 manatadək azaltdığını bildirərək, bu halı mübahisələndirmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsi iddianı həmin hissədə rədd edərkən göstərmişdir ki, iddiaçı iddia ərizəsində cavabdehə ödənilməli olan 1400 manat aliment borcunun silinməsini xahiş etsə də, tələbini əsaslı hesab edəcək dəlilləri məhkəməyə təqdim etməmişdir. Eyni zamanda iş materiallarından görünür ki, iddiaçı məhkəmə aktı ilə üzərinə qoyulmuş aliment öhdəliyini vaxtında və tam icra etmədiyinə görə Şəki Rayon Məhkəməsinin 3(075)-355/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Həmin qərar iddiaçı tərəfindən mübahisələndirilməmiş və qanuni qüvvəyə minmişdir. Bu hal aliment öhdəliyinin icra edilmədiyini və aliment borcunun mövcudluğunu hüquqi cəhətdən təsdiq edir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 113-cü maddəsində aliment ödənilməsinə xitam verilməsi halları müəyyən edilmişdir. Göründüyü kimi, aliment öhdəliyinə xitam verilməsinin konkret əsasları qanunla müəyyən edilmişdir və həmin əsaslar genişləndirici təfsir edilə bilməz. Hazırki halda isə həmin əsasların hər hansı biri müəyyən edilməmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin 3(075)-355/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, iddiaçı məhkəmə aktı ilə üzərinə qoyulmuş aliment öhdəliyini vaxtında və tam icra etmədiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Beləliklə məhkəmə kollegiyası işin hallarını və iddiaçının hazırki mövqeyini nəzərə alaraq, hesab edir ki, qətnamə qeyd edilən hissədə dəyişdiilmədən saxlanmalıdır. MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası, hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə qismən, yəni alimentin məbləğinin azaldılması ilə bağlı tələbin rədd olunması hissədə ləğv olunmalı, iddia həmin hissədə qismən təmin olunmalı, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-7826/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi ilə İddiaçı tutulan alimentin miqdarı dəyişdirilməli, tərəflərin birgə nikahından doğulmuş X3 yetkinlik yaşınadək saxlanılması üçün iddiaçıdan cavabdehin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,70 misli həddində sabit pul məbləğində aliment tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddiannı qiyməti — bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. MPM-in 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda - ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin azadılması və aliment borcunun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(010)-4692/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(010)- 4692/2025 saylı qətnaməsi qismən, yəni alimentin məbləğinin azaldılması barədə iddia tələbinin rədd olunması hissədə ləğv olunsun, həmin iddia qismən təmin olunsun. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-7826/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi ilə İddiaçı tutulan alimentin miqdarı dəyişdirilsin, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıdan cavabdehin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,70 misli həddində sabit pul məbləğində aliment tutulsun. Alimentin miqdarının dəyişdirilmiş məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar