Məhkəmə qərarları › İş №2(3-6)-479/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-479/2026

08.04.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-479/2026 08.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh X7 qarşı mülki iş üzrə (Açar sözlər: əlavə xərclərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədzadə Günay Sarastən qızının katibliyi, İddiaçı İddiaçı və cavabdeh X7 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh X7 qarşı “əlavə xərclərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İŞİN HALLARI

1. İddiаçı İddiaçı cavabdeh X7 qarşı “əlavə xərclərin ödənilməsi” tələbinə dair iddiа ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X7 tərəfindən azyaşlı X4 bu günədək bütün təhsil xərclərinin və əlavə xərclərlə bağlı (məktəb haqqı, dərsliklər, geyim, hazırlıq kursları, olimpiada və idman xərcləri və s.) çəkilmiş və çəkiləcək xərclərin 50 faizini cavabdeh ata tərəfindən ödəməyə məcbur ediməsi bərədə qətnamə çıxarılmasını, ##.##.2025-ci il tarixindən bu günə qədər övladının işkişafı üçün çəkilmiş xərclərin, yəni Dubay şəhərində FİSO Olimpiadası üçün 4000 AZN, 2025-2026-cı il tədris ili üzrə təhsil haqqı 6888 AZN, məktəblə əlaqədar məktəb, geyim və dərsliklər, məktəb ləvazimatları, olimpiada və yarış ödənişləri və s. ümumilikdə 560 AZN, Cambridge Movers hazırlığı (8 aylıq tədris proqramının 4 ayı ödənilib) 280 AZN məbləğində ödənişlərin, ümumi gözlənilən aylıq təhsil xərci olan 500-600 AZN məbləğinin yarısının cavabdehdən tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2021-ci il tarixli qətnaməsi əsasında cavabdeh X7 azyaşlı X1 üçün 175 (bir yüz yetmiş beş) manat məbləğində aliment alır. Hazırda cavabdeh bu məbləğdən çox, yəni 250 manat ödəyir. Lakin övladının ehtiyacları, istedad və xüsusi təhsil şəraiti bu məbləği üstələyir. Qeyd edir ki, cavabdeh uşağın doğulmasından sonra nə ona məsuliyyət, nə də uşağa qarşı valideyn məsuliyyəti daşımayıb, maddi və mənəvi dəstək göstərməyib. Uşaq doğulduqdan bir ilə qədər öz soyadını verməkdən yayınıb, himayəsində olduğu şəxs kimi öz soyadına keçirdib. Lakin sonradan uşağın ata soyadına keçməsi üçün atalığın məhkəmə yolu ilə müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət edib və atalığı məhkəmə ilə sübuta yetirilərək, həmin prossesi tam şəkildə özü hüquqi və maddi baxımdan apararaq qazanıb. Cavabdeh bu məsuliyyətdən yayınmaq məqsədi ilə vəkil tutaraq apellyasiya şikayəti verib, lakin bütün hüquqi instansiyalar onun iddialarını əsassız hesab edərək rədd edib. X1 4 yaşından etibarən onun tərəfindən məqsədyönlü şəkildə inkişaf etdirilib, bir sıra bilik yarışlarında və olimpiadalarda yüksək nəticələr əldə edib. 2025-ci ilin iyun ayında BƏƏ-də keçirilən FİSO beynəlxalq olimpiadada iştirak edərək, riyaziyyat və İQ üzrə qızıl medal qazanıb. Bildirir ki, X1 istedadlı və xüsusi hazırlıqlı uşaqdır. Onun intelektual inkişafı və beynəlxalq uğurları nəzərə alınaraq hazırda özəl təhsil müəsisəsində təhsil alır. Maliyyə imkanlarının məhdud olmasına baxmayaraq, yalnız öz şəxsi səyləri və fədakarlığı ilə övladının yüksək inkişafına şərait yaradıb. Uşağın fitri istedadı və yüksək intellekti onu bu təhsil formasına yönləndirməyə onu məcbur edib. Dövlət məktəbində oxuyarkən yaşıdlarından intelektual və inkişaf səviyyəsinə görə fərqlənirdi. O, bir valideyn kimi onun gələcəyinə sərmayə qoymağı və onun üçün ən yaxşı təhsil imkanlarının yaratmağı öz vəzifəsi hesab edib, maddi imkanlarını zorlayaraq təhsili üçün xərcləri öz üzərinə götürərək və bütün gücünü səfərbər edib onu təmin etməyə qərar verib. Hazırda onun təhsil haqqı 7250 AZN təşkil edir və məktəb 2025-2026-cı tədris ilində Cambridge proqramına keçid mərhələsində olduğunu bildirib və bu səbəbdən, 2025-2026-cı il üçün endirimli təhsil haqqı 7250 AZN olaraq tətbiq edilib. Məktəbin rəsmi Cambrigde akkreditasiyası tam təsdiqləndikdən sonra təhsil haqqının artırılacağı qabaqcadan bəyan olunub. O, əvvəl 1500 manat depozit, sonra 5388 manat (nağd ödəniş edildiyinə görə ümumi 6888 manat 1 tədris ili üçün olan təhsil haqqı (endirim tətbiq edildi)), məktəb forması və dərsliklərə isə 308 manat, Cambridge Movers hazırlıği üçün 8 aylıq tədris proqramının 4 ayı üçün 280 manat ödəyib. Bu onun maddi imkanları üçün çox böyük bir yükdür. Düşünür ki, buna görə də, digər valideynin, yəni atasının da uşağın inkişafına maliyyə dəstəyi verməsi həm qanuni, həm də vicdani baxımdan vacibdir. Uşağın təhsil və inkişafı ilə bağlı xərclər aşağıdakı istiqamət üzrə formalaşır: Təhsil haqqı və məktəb xərcləri; Olimpiada hazırlığı, olimpiada və müsabiqə iştirak xərcləri; Nəqliyyat, dərslik, forma və gündəlik ləvazimatlar; idman və əlavə inkişaf kursları; Beynəlxalq səfərlər və yarışlar. Həmçinin sənədlə təsdiq edilə bilinməyən kurslar də mövcuddur. Uşağın təhsil və inkişafi ilə bağlı çəkilən xərclərin bir hissəsi rəsmi müqavilə və qəbzlərlə sənədləşdirilir, məsələn məktəb haqqı, daxili dərnəklər, beynəlxalq olimpiadaya gediş və qəbul xərcləri və s. Digər xərclər, yəni idman bölmələri, əlavə hazırlıq dərsləri, olimpiada hazırlıqları və s. çox vaxt rəsmi qəbz təqdim olunmadan ödənilir. Lakin bu xərclər də uşağın inkişafı və istedadının dəstəklənməsi üçün zəruri olduğundan, onların da nəzərə alınması tələb olunur. Gələcəkdə mümkün olduğu halda müvafiq qəbzlər, müqavilələr, arayışlar və digər sübutedici sənədlər məhkəməyə təqdim ediləcək. Bundan başqa qidalanma, gündəlik həyat xərcləri də davamlı və artan şəkildə yalnız onun tərəfindən qarşılanır. X24 iştirakı, məsələn, 2025-ci ilin iyun ayında Dubay şəhərində keçirilmiş olimpiada xərci olan 4000 manat da tam olaraq onun tərəfindən təmin olunub. Cavabdehin maliyyə imkanlarının yüksək olduğunu zənn edir, cavabdehin gəlirləri barədə onun dəqiq məlumatı yoxdur, lakin onun xaricə səfərləri və digər övladlarının təhsil imkanları onun maliyyə vəziyyətinin daha yaxşı olduğunu ehtimal etməyə əsas verir. Onun avtomobil aksessuarları mağazalarının sahibi (bildiyi: Sumqayıt Maşın Bazarı Babək Avto 999 (Babək oğlunun adıdır)) olması ilə yanaşı, son model şəxsi avtomobili, bağ evi, digər daşınmaz (öz adına olmasa da yaxın ətrafının, ailə üzvlərinin və s. adına olan) əmlakları və övladlarına verdiyi bahalı hədiyyələrlə, bizneslərlə maddi cəhətdən təminatlı həyat sürdüyünü əsaslı şəkildə ehtimal edir və cavabdeh də öz maddi durumunu əyani şəkildə göstərməkdədir. Cavabdehin gəlir mənbələrinin şəffaf olmadığını ehtimal edir. Əlavə olaraq onu da bildirir ki, cavabeh şəxsin digər iki övladına qarşı davranışı tam fərqlidir və tam fərqli yanaşma sərgiləyir. Qızı ADA Universitetində bakalavr və magistratura pilləsində təhsilini bitirib, əlavə olaraq İtaliya Respublikasında təhsil alıb. Oğlu hazırda Riqa Texniki Universitetində oxuyur və Almaniya Federasiyasında magistratura təhsili planlaşdırılır. Onun hələ bildikləri bu qədərdir. Bu təhsillərin və həyat şəraitinin maliyyələşdirilməsi cavabdeh tərəfindən təmin olunur. X2 isə cavabdehdən maddi və mənəvi baxımdan tamamilə təcrid olunmuş şəkildə doğulduğu gündən 9 il tək anası tərəfindən böyüdülür. Bütün qeyd etdiyi faktlardan görünür ki, cavabdeh faktiki olaraq maddi imkanlara malikdir, lakin üçüncü övladı olan Muxtarın hüquqlarını və ehtiyaclarını nəzərə almır və Muxtara qarşı tam məsuliyyətsizlik və biganə münasibət sərgiləməsi bir başa ayrı-seçkilik və uşağın inkişaf hüquqlarının pozulmasıdır. Bu məsuliyyətsizlik həm də övladın psixoloji durumuna mənfi təsir göstərib. Uşağın bütün tərbiyyə və inkişafı yalnız ana tərəfindən təmin olunub, atasının iştirak etməməsi səbəbindən bütün məsuliyyət təkcə ananın üzərində qalıb. Onu da qeyd edir ki, cavabdeh indiyə qədər azyaşlı övladı ilə şəxsi ünsiyyət qurmayıb və uşağın həyatında iştirak etməyib. Uşaq atasını görmədiyi üçün valideyn-övlad münasibəti formalaşmayıb. Cavabdehin digər övladlarına münasibətdə fərqli davranması, lakin azyaşlı X8 qarşı tam biganə münasibət göstərməsi bu prinsiplərin pozulmasıdır. Qeyd edilən hallar bir daha göstərir ki, cavabdehin övladının mənəvi və maddi inkişafindan yayınması üçün heç bir hüquqi və mənəvi əsası yoxdur. Əksinə övladına borclu olduğu valideyn məsuliyyətini daha ciddi şəkildə yerinə yetirməli, onun bugünkü və gələcək inkişafı üçün daha çox töhfə verməlidir. Qeyd edir ki, onun 2006-ci il təvəllüdlü, hazırda 19 yaşı olan övladı da var, onun himayəsindədir. O, 1 yaşından etibarən atası tərəfindən tamamilə tərk edilib, atasından ona heç bir maddi və mənəvi dəstək göstərilməyib. Atası aliment ödəməyib, xaricə qeyri-qanuni yollarla gedib və övladına heç bir töhfə verməyib. Hazırda bu övladı özəl Ali məktəb və eyni zamanda İT Akademiyada (özəl texnologiya və ixtisas yönümlü akademiya) təhsil alır. Ödənişlər və xərclər təkbaşına onun üzərindədir. Bütün çətinliklərə baxmayaraq, 22 ildir ki, fasiləsiz olaraq eyni iş yerində çalışır və iki övladını yalnız öz imkanları ilə böyüdür. Bu səbəbdən iki övladının təhsil və yaşayış xərclərini təkbaşına qarşıladığına görə, maddi yükü çox ağırdır və bu da hazırkı ərizənin əsaslandırılmasında böyük rol oynayır. X4 qeyri-adi intelektual potensialını və elmi bacarıqlarını nəzərə alaraq, onu dövlət məktəbində deyil, beynəlxalq proqram əsasında təhsil verən özəl təhsil müəssisəsinə yönləndirib. Bu qərar onun tərəfindən övladının gələcək inkişafı və cəmiyyətə yararlı bir fərd kimi formalaşması məqsədi ilə, tam məsuliyyətlə və yalnız onun xeyrinə verilib. Uşağı 4 yaşından etibarən sistemli şəkildə müxtəlif sahələr üzrə (ana dili, riyaziyyat, ingilis dili və İQ) hazırlıqlara cəlb olunub, çox saylı yerli və beynəlxalq səviyyəli bilik yarışlarında iştirak edərək, yüksək nəticələr əldə edib. Onun uğurlarını sübut edən 25-dən çox rəsmi sertifikat, diplom, beynəlxalq təltif sənədləri və medallar mövcuddur. Bu qərar heç bir lüks və ya dəb-dəbə məqsədi daşımır. Əksinə, dövlət məktəbində onun intelektual səviyyəsinə uyğun təhsil şəraiti olmadığı üçün, o, maddi imkanlarını son həddə çatdıraraq belə bir seçim edib. Bu müddət ərzində uşağın atası təhsilinə nə maddi, nə də mənəvi dəstək göstərməyib. 2025-ci il avqust ayında da zəng edib,18 yaşına qədər məhkəmənin kəsdiyi alimenti birdəfəlik tamamlayıb aliment öhdəliyindən yayınmağa cəhd göstərdi. Cavabdehin 18 yaşınadək ümumi məbləği ödəyib məsuliyyətdən qurtarmaq niyyəti var. Bu qanunvericiliyə və uşağın maraqlarına ziddir.

2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh X7 qarşı “əlavə xərclərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. 3.Məhkəmə qeyd etmişdir ki, dövlət hər bir vətəndaşın icbari ümumi orta təhsil almaq hüququnu təmin edir, dövlət təhsil müəssisələrində hər bir təhsilalanın pulsuz ümumi təhsil almaq hüququ vardır. X12 dövlət təhsil müəssisəsində deyil, özəl təhsil müəssisəsində təhsilini davam etdirməsi, uşağın beynəlxalq yarışlarda iştiraka cəlb edilməsi və s. iddiaçının öz seçimi ilə həyata keçirilən tədbirlərdir və özəl ümumi təhsil müəssisələrində təhsil alınması, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə cavabdehin əlavə xərclərdə iştirakı, ondan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikasının Ailə Məcəlləsin 55.2, 58.4, 58.5, 60.3, 61.1, 81.1, 81.2, 81.3, maddələrinə, “Uşaq hüquqları haqqında” Qanunun 5-ci maddəsinə, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasinin Qanununun 1.0.1-ci, 5.1, 5.4, 12.3, 13.20, 13.23-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ###### 2015-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ ŞİKAYƏTƏ ETİRAZIN DƏLİLLƏRİ

4.İddiaçı İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə uşağın faktiki təhsil xərclərini, inkişaf məqsədli kurs və olimpiada xərclərini tam şəkildə araşdırmamış, təqdim edilmiş sübutlara lazımi hüquqi qiymət verməmişdir. Bu xərclərin davamlı xarakter daşımasını və uşağın inkişafı üçün zəruri olmasını aydınlaşdırmamışdır. Bu hallar iş üzrə düzgün nəticəyə gəlmək üçün əhəmiyyət kəsb edir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

6.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi.

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR

8.Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, ##.##.1976-cı il tarixdə Ermənistan Respublikasında anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü MKR, Mir Cəlal küçəsindəki ** saylı evin ** saylı mənzilində qeydiyyatda olan X7 anası İddiaçı olan ##.##.2017-ci il təvəllüdlü X10 atası olması faktının müəyyən olunması, Doğum haqqında akt qeydinə əlavə edilməsi və yeni şəhadətnamə verilməsinin Nizami Rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi, ##.##.2017-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanması üçün X7 ## ### 2021-ci il tarixdən hesablanmaqla uşaq üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul miqdarında alimentin tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, aliment hissəsində qətnamənin dərhal icra edilməsi, məhkəmə xərclərinin X7 aid edilməsi, iddia tələbi üzrə ödənilməli olan əlavə 20 manat məbləğində dövlət rüsumunun ondan alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı ##.##.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 10.AZ-IV seriyalı ****** saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ##.##.2017-ci il tarixdə doğulmuşdur. X5, anası İddiaçıdır;

11. ##.##.2025-ci il tarixli 2067/2025 (T****-****) saylı Zirvə liseyi MMC (orta təhsil bölməsi) ilə Təhsilalanın valideyni (qanuni nümayəndəsi) İddiaçı arasında Təhsilin Təşkili Müqaviləsindən görünür ki, Bu müqavilə ilə Zirvə liseyi ümumi təhsilin dövlət standartı və proqramına, Azərbaycan Respublikasının ümumi təhsil standartları və beynəlxalq təhsil standartları, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş, həmçinin beynəlxalq tədris planları və proqramları əsasında dünya təhsil sistemində əldə edilən müsbət təcrübəni tətbiq edərək, Təhsilalanın ümumi təhsil almasını həyata keçirir, Təhsilalanın valideyni isə bunun müqabilində Zirvə liseyinə bu müqavilənin qüvvədə olduğu müddət ərzində və müəyyən edilmiş məbləğdə təhsil haqqını ödəməyi öhdəsinə götürür. Zirvə liseyində Təhsilalanın tədris ili üçün təyin olunmuş təhsil haqqı məbləği 7250 AZN manat təşkil edir.

12. ##.##.2025-ci il tarixli qəbzin surətindən görünür ki, şagird X8 təhsil haqqı üzrə 1500 manat (depozit) Zirvə Liseyinə ödənilib.

13. ##.##.2025-ci il tarixli qəbzin surətindən görünür ki, şagird X8 təhsil haqqı üzrə 5388 manat (tam ödəniş) Zirvə Liseyinə ödənilib. 14.X11 (GOC) ilə İddiaçı arasında bağlanmış ##.##.2025-ci il tarixli müqavilədən görünür ki, GOC, FİSO final raundunda iştirakı təşkil etmək üçün finalçının valideynin təqdim ediyi şagird üçün lazım olan şəraitin yaradılmasını öhdəlik kimi öz üzərinə götürür. Tədbir 13-17 iyun tarixləri arasında keçiriləcəkdir. Valideyn Silver medal üzrə tam məbləği ödəyib, Silver kateqoriyası:1650 ABŞ dollar. 15.İcraçı Fərdi sahibkar X3 ilə sifarişçi İddiaçı arasında bağlanmış ##.##.2025-ci il tarixli **/**** saylı müqavilədən görünür ki, tərəflər sifarişçının övladı X6 Cambridge İngilis dili hazırlığının təmin olunması barədə razılığa gəliblər. Cambridge ingilis dili hazırlığının Movers pilləsinin aylıq xidmət haqqı 70 manat təşkil edir. 16.Məhkəməyə iddiaçı tərəfindən sertifikatlar və ödənişlər barədə qəbzlər təqdim edilmişdir. 17.Elektron məhkəmə informasiya sistmindən əldə edilmiş çıxarışlardan görünür ki, iddiaçı "BAKU ELECTRONİCS" MMC-də bölmə rəhbəri vəzifəsində və cavabdeh X9 əmək müqaviləsi əsasında satıcı vəzifəsində işləyirlər.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

18.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 19.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi xahiş edilir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir. 20.Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Ailə Məcəlləsin 55.2, 58.4, 58.5, 60.3, 61.1, 81.1, 81.2, 81.3, maddələrinə, “Uşaq hüquqları haqqında” Qanunun 5-ci maddəsinə, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasinin Qanununun 1.0.1-ci, 5.1, 5.4, 12.3, 13.20, 13.23-cü maddələri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 21.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ###### 2015-ci il tarixli Qərarı: Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər - digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.

22. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, tərəflərin faktiki nikahlarından ##.##.2017-ci il təvəllüdlü X8 adlı övladları dünyaya gəlib. Məhkəmə qətnaməsinə əsasən ##.##.2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün X7 ## ### 2021-ci il tarixdən hesablanmaqla uşaq üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul miqdarında alimentin tutularaq İddiaçı verilməsi qət edilib. Tərəflərin bildirdiklərinə əsasən cavabdeh hər ay 250 manat məbləğində aliment ödəyir. ##.##.2017-ci il təvəllüdlü X8 iddiaçı İddiaçı himayəsindədir. Hazırda iddiaçı uşağı ilə bağlı çəkdiyi və çəkəcəyi əlavə xərclərə cavabdehin cəlb olunmasını tələb edir. 23.Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Hazırda cavabdeh aylıq 250 manat məbləğində aliment ödənişləri iddiaçıya ödəməklə alimentlə bağlı öhdəliklərini icra edir. İddiaçı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, X8 hazırda özəl təhsil müəssisəsində təhsilini alır və onun 2025-2026-ci il üzrə 6888 manat ödəniş edilib, Dubay şəhərində FİSO olimpiadası üçün xərcləri 4000 manat təşkil edib, İngilis dili hazırlığı üçün aylıq 70 manat olmaqla, 4 ay üzrə 280 manat ödəniş edilib, uşağın məktəblə əlaqədar geyim, dərslik, məktəb ləvazimatarı, olimpiada və yarış ödənişləri üzrə 560 manat ödəniş edib. Həmçinin uşağın olimpiada və müsabiqələrə hazırlığı, dərs vəsaitləri, məktəbə aid əlavə dərnəkləri, gələcəkdə beynəlxalq olimpiada və yarışları üçün səyahət və qeydiyyat xərcləri üçün ümumiliklə aylıq 500-600 manat xərc gözlənilir. İddiaçı göstərilən məbləğlərin yarısının ödənilməsi xahiş etmişdir.

24. Apellyasiya şikayətində iddiaçı qeyd edir ki, birinci instansiya məhkəməsi əlavə xərclərin tutulmasından əsassız imtina etmişdir. Lakin bu arqumentlər işin faktiki hallarına və qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, Ailə Məcəlləsinə əsasən valideynlər uşağın saxlanılması üçün məsuliyyət daşısalar da, əlavə xərclərin bölüşdürülməsi yalnız həmin xərclərin: -zəruri olması -sənədlərlə sübuta yetirilməsi şərti ilə mümkündür. İş materiallarından görünür ki: 1.Xərclərin zəruriliyi sübut olunmamışdır İddiaçı tərəfindən təqdim edilmiş sənədlər (çeklər və digər qəbzlər) xərclərin mövcudluğunu təsdiqləsə də, onların uşağın sağlamlığı və ya inkişafı üçün məcburi və qaçılmaz olduğunu təsdiqləmir. Hər hansı tibbi göstəriş, mütəxəssis rəyi və ya zəruriliyi əsaslandıran sübut təqdim olunmamışdır.

2. Xərclər alimentin əhatə etdiyi adi xərclərdir Tələb olunan xərclər öz mahiyyətinə görə uşağın gündəlik saxlanılması ilə bağlı olub, artıq təyin edilmiş aliment öhdəliyinin predmetinə daxildir. Bu səbəbdən onların əlavə xərclər kimi ayrıca tutulması hüquqi əsasdan məhrumdur. 3.Alternativ imkanlar nəzərə alınmamışdır İddiaçı həmin xidmətlərin daha münasib və əlçatan variantlarının mövcudluğunu nəzərə almadan, daha yüksək məbləğli xərclər etmişdir ki, bu da onların zəruri xarakter daşımasını şübhə altına alır. 4.Sübutetmə yükü yerinə yetirilməmişdir Mülki prosesin prinsiplərinə əsasən, iddiaçı tələb etdiyi halları sübut etməlidir. Lakin iddiaçı bu öhdəliyi yerinə yetirməmişdir. 25.Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, dövlət hər bir vətəndaşın icbari ümumi orta təhsil almaq hüququnu təmin edir, dövlət təhsil müəssisələrində hər bir təhsil alanın pulsuz ümumi təhsil almaq hüququ vardır. X12 dövlət təhsil müəssisəsində deyil, özəl təhsil müəssisəsində təhsilini davam etdirməsi, uşağın beynəlxalq yarışlarda iştiraka cəlb edilməsi və s. iddiaçının öz seçimi ilə həyata keçirilən tədbirlərdir (cavabdehin razılığı alınmamışdır) və özəl ümumi təhsil müəssisələrində təhsil alınması, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə cavabdehin əlavə xərclərdə iştirakı, ondan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Bu səbəbdən iddia tələbi təmin edilə bilməz.

26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasiya şikayətində irəli sürülən dəlillər, iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırmasını təşkil edirdi və birinci instansiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Baxılan iş üzrə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. Beləliklə, Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və qanunvericiliyin müvafiq müddəalarına istinadla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri isə mübahisələndirilən qətnamənin ləğv və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. 27.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

28. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar