Məhkəmə qərarları › İş №2(3-6)-517/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-517/2026

16.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-517/2026 16.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-326/2025 saylı, 14 yanvar 2026-cı il tarixli qərardadından cavabdeh "xxxx" MMC-nin şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödənilmiş 3000(üç min) manatın, gələcəkdə çəkiləcək xərclə bağlı maddi zərərə görə 10000(on min) manatın, mənəvi zərərə görə 50000 (əlli min) manatın cavabdeh "xxxx" MMC-dən (VÖEN **********) özəl tibb müəssisəsindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-326/2025 saylı, 03 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakim İlkin Əliyev) iddia tələbinin qismən təmin edilərək cavabdeh "xxxx" MMC-dən tibb müəssisəsinə ödənilmiş 1400 (bir min dörd yüz) manat və mənəvi zərərin əvəzi qismində 5000 (beş min) manatın tutularaq İddiaçı ödənilməsi; iddianın qalan hissədə təmin edilməməsi; iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun əvəzi qismində 84.00 (səksən dörd) manat vəsaitin cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. Mülki iş apellyasiya icraatında olarkən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin sorğusuna əsasən, həmin qətnamədən Cavabdeh MMC nümayəndəsi X8 tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar apellyasiyanın mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6057/2025 saylı, 03 noyabr 2025-ci il tarixli qərardadı ləğv edilmiş və cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti ilə əlaqədar mülki iş apellyasiya baxışından çıxarılaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılmışdır. Cavabdeh nümayəndəsi və vəkili X9 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)-326/2025 saylı qətnaməsindən apellyasiya şikayəti və şikayət vermək üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə təqdim edib ərizəsini onunla əsaslandırmışdır ki, hər iki apellyasiya şikayəti eyni zaman aralığında və eyni qaydada yüklənməsinə baxmayaraq, X7 adından yüklənmiş apellyasiya şikayəti icrata alınmış lakin "VİMAY-MED” MMC-nin direktoru X3 adından yüklənmiş apellyasiya şikayəti sistemdə “natamam imzalanmış” (heç bir səhvlik olmadığı halda) olaraq göstərilərək icraata alınmamışdır. Nəticədə hər iki apellyasiya şikayəti vəkil kabinetində yüklənmiş kimi göründüyündən müdafiə tərəf olaraq bu haldan xəbəri olmamış və iş üzrə xx.xx.2025-ci il tarixində Bakı Apellyasiya Məhkəməsində hakim Elşən Kazımov tərəfindən keçirilən məhkəmə iclası zamanı hakimin ona bu haqda bildirməsi ilə xəbəri olmuşdur. Üzrlü və texniki səbəblərdən vəkil tərəfindən onun kabinetinə yerləşdirilmiş apellyasiya şikayətlərindən biri icraata alınmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-326/2025 saylı, 14 yanvar 2026-cı il tarixli qərardadı ilə (hakim Toğrul İbrahimli) cavabdehin qətnamədən şikayət vermə müddətinin bərpa edilməsi barədə ərizəsinin təmin edilməməsi və verilmiş apellyasiya şikayətinin qaytarılması qərara alınmışdır. Məhkəmə qənaətində göstərir ki, iş materiallarından göründüyü kimi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)-326/2025 saylı qətnaməsi xx.xx.2025-ci il tarixdə sifarişli poçt vasitəsilə tərəflərə göndərilmiş, həmçinin qətnamə xx.xx.2025-ci il tarixdə Cavabdeh nümayəndə və vəkili X6 məxsus elektron kabinetə yerləşdirilmiş və sonuncu qətnaməni aldığını mübahisələndirməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, X2 qızı həmin mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 da nümayəndəsi və vəkili qismində işdə iştirak etmiş və iş üzrə qəbul edilmiş qətnamədən X4 adından elektron kabinet vasitəsilə xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti vermiş və həmin şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bundan sonra, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən apellyasiya mümkün hesab edilərək xx.xx.2025-ci il tarixdə həm Cavabdeh, həm də müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 nümayəndəsi və vəkili X2 qızının iştirakı ilə iclas keçirilmişdir. Yalnız bundan sonra Quliyeva- X9 tərəfindən Cavabdeh MMC-nin adından xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti və müddətin bərpa edilməsinə dair ərizə elektron kabinet vasitəsilə sistemə daxil edilmişdir. Cavabdehin nümayəndəsi və vəkili X2 qızı ərizəsində hər iki apellyasiya şikayətini eyni zaman aralığında verdiyini, lakin texniki səhvlik nəticəsində cavabdehin adından verilmiş apellyasiya şikayətinin icraata götürlmədiyini göstərsə də, bu fakta dair sübut təqdim etməmişdir. “Elektron məhkəmə” informasiya sistemində cavabdeh tərəfindən apelyasiya şikayətinin xx.xx.2025-ci il tarixdə, yəni qətnamənin rəsmi qaydada verildiyi gündən 2 ay 10 gün sonra verilməklə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş 1 ay müddətin heç bir üzrlü səbəb olmadan pozulduğu müəyyən edilmişdir. Həmin qərardaddan Cavabdeh MMC (nümayəndəsi və vəkili X1) şikayət verərək ləğv, şikayət vermək üçün nəzərdə tutulmuş prosessual müddətin barpası barədə ərizənin isə təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-326/2025 saylı, 23 yanvar 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 133.1-cü maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlər edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və.s.). Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə əsasən, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə tərkibi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi üçün kifayət etmir. Çünki qətnamə cavabdehin nümayəndəsinin elektron kabinetinə xx.xx.2025-ci ildə yerləşdirilib, xx.xx.2025-ci il tarixədək apellyasiya şikayəti verməli olduğu halda, xx.xx.2025-ci il tarixdə verib, bununla da prosessual müddəti buraxıb. Müddətin buraxılmasının üzrlü səbəbi barədə isə məhkəməyə mötəbər sübut təqdim etməyib. Yəni, mütləq deyil ki, apellyasiya şikayəti müddətin bitməsinin sonuncu günü yaxud müddət bitdikdən sonra versin. Demək, apellyasiya şikayətini elə müddətdə verməlidir ki, hər hansı bir nöqsana yol verdiyi halda şikayət vermənin qalan müddəti ərzində onu aradan qaldırıb yenidən apellyasiya şikayəti vermək üçün də müddət qalsın. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilənlər birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas deyildir, ona görə də şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-326/2025 saylı, 14 yanvar 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qəraraaldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-326/2025 saylı, 14 yanvar 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar