Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-53/2026 06.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı və Cavabdeh MMC-nin nümayəndəsi (direktoru) Qanuni nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqının ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-5186/2025 nömrəli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Tərəflərin arasında iki əmək müqaviləsi bağlanıb. 2.Birinci əmək müqaviləsi xx.xx.2021-ci il tarixdə müddətli - xx.xx.2021-ci il tarixədək bağlanıb. Belə ki, xx.xx.2021-ci il tarixdə sistemə daxil edilmiş “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”ndən (iş v. 121) görünür ki, iddiaçının iş yerinin adı “ümumi”, vəzifəsinin adı “mühasib, audut”, əmək haqqının məbləği 250 manat göstərilib. Hər dəfə müddət bitdikcə müqavilə eyni müddətə uzadılıb. Daha sonra birinci əmək müqaviləsinə dəyişiklik edilib. Belə ki, xx.xx.2022-ci il tarixdə sistemə daxil edilmiş “Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndən (iş v. 122) görünür ki, birinci əmək müqaviləsi müddətsiz hesab edilib, iddiaçının iş yerinin adı “sədərək”, vəzifəsinin adı “mühasib”, əmək haqqının məbləği 300 manat göstərilib. Birinci əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilib. Belə ki, xx.xx.2022-ci il tarixdə sistemə daxil edilmiş “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndən (iş v. 123) görünür ki, əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndində əsasən (işçinin təşəbbüsü ilə) xx.xx.2022-ci il tarixdə xitam verilib. 3.İkinci əmək müqaviləsi xx.xx.2022-ci il tarixdə müddətsiz bağlanıb. Belə ki, xx.xx.2022-ci il tarixdə sistemə daxil edilmiş “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”ndən (iş v. 125) görünür ki, iddiaçının iş yerinin adı “sədərək”, vəzifəsinin adı “mühasib”, əmək haqqının məbləği 300 manat göstərilib. İkinci əmək müqaviləsinə iki dəfə dəyişiklik edilib. Brinci dəyişiklik xx.xx.2023-cü il tarixdə edilib, əmək haqqının məbləği 345 manat göstərilib (iş v. 150). İkinci dəyişiklik xx.xx.2024-cü il tarixdə edilib, əmək haqqının məbləği 400 manat göstərilib (iş v. 135). Həmin müqavilə qüvvədədir. 4.X1 Xidmətinin “Əmək və məşğulluq” altsisteminə daxil edilmiş əmək müqavilələri barədə məlumatda iddiaçının bağladığı bütün əmək müqavilələri göstərilib (iş v. 135). Birinci instansiya məhkəməsində icraat 5.İddia ərizəsi xx.xx.2025-ci il tarixdə verilib. İddia ərizəsində tələb olunub ki, 180.000 manat məbləğində əmək haqqı cavabdehdən alınaraq iddiaçıya verilsin. Daha sonra xx.xx.2025-ci il tarixdə “dəqiqləşdirilmiş iddia ərizəsi” adlandırılan ərizə verilib və tələb olunub ki, 80.000 manat məbləğində əmək haqqı cavabdehdən alınaraq iddiaçıya verilsin. İddia onunla əsaslandırılıb ki, 72 aya görə əmək haqqı cavabdeh tərəfindən iddiaçıya ödənilməyib. 6.Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin edilsin, xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci tarixədək ödənilməmiş əmək haqqı kimi 12.540 manat cavabdehdən alınaraq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 7.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. 8.Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi (direktoru) Qanuni nümayəndə apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 9.Qətnamənin bir hissəsi – iddianın təmin edilməsinə aid hissəsi mübahisələndirildiyinə görə qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılmalıdır. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 10.Apellyasiya şikayətində qeyd olunub ki, cavabdeh iddiaçının əmək haqqını artıqlaması ilə ödəyib. Bununla bağlı məhkəmə qeyd edir ki, işçi işəgötürənə qarşı əmək münasibətlərindən irəli gələn pul öhdəliyinin icrası (əmək haqqının ödənilməsi və s.) barədə iddia qaldırdıqda, həmin öhdəliyin həcmini və icra olunduğunu sübut etmə yükü işəgötürənin üzərinə düşür. Bunun iki səbəbi var. Birinci, ümumi qaydaya görə, öhdəliyin icra olunduğunu borclu sübut etməlidir; ikinci, işəgötürən təşkilati-sərəncamverici səlahiyyətlərə malik olduğuna görə ödənişlərin hesablanması və işçiyə verilməsinə dair mühasibat sənədləri işəgötürəndə olur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 173-cü maddəsinin 1ci hissəsinə görə, işəgötürən əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən işçilərin haqqhesab sənədlərini (kitabçalarını, vərəqələrini, çeklərini) tərtib edir. Lakin cavabdeh iddiaçıya əmək haqqı ödənildiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməyib. 11.Apellyasiya şikayətində qeyd olunub ki, iş üzrə ekspertiza təyin olunmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh iddiaçıya əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə mühasibat hesablamaları əks etdirilən haqq-hesab sənədlərini məhkəməyə təqdim etmədiyinə görə ekspertiza keçirilməsi mümkün deyil. Apellyasiya icraatı zamanı bu məsələ cavabdehin nümayəndəsi (direktoru) ilə müzakirə olunmuş, mühasibat ekspertizasının təyin edilməsi üçün ilk öncə həmin sənədlərin məhkəməyə təqdim edilməsinin zəruriliyi izah edilmiş, lakin cavabdeh bu barədə heç bir sənəd təqdim etməmişdir. 12.Birinci instansiya məhkəməsi xx.xx.2021-ci il tarixdən (birinci əmək müqaviləsinin bağlandığı tarixdən) xx.xx.2025-ci tarixədək (dəqiqləşdirilmiş iddia ərizəsinin verildiyi tarixədək) ödənilməmiş əmək haqqı kimi 12.540 manat tutulmasını qət edib. Müəyyən olunur ki, həmin dövrə görə cavabdehin iddiaçıya ödəməli olduğu, lakin ödəmədiyi əmək haqqının məbləği 12.540 manatdan da çoxdur. Məhkəmə bu mövqeyini aşağıda qeyd olunanlarla əsaslandırır. 13.Birinci, mülki işdə olan sənədlərə görə xx.xx.2021-ci il tarixdən (1-ci əmək müqaviləsinin bağlandığı tarixdən) xx.xx.2022-ci il tarixədək (1-ci əmək müqaviləsi üzrə əmək haqqının məbləğinin artırıldığı tarixədək) olan 12 ay 9 gün üçün hər ay 250 manat əmək haqqı ödənilməlidir. Belə ki, 1-ci əmək müqaviləsi üzrə əmək münasibəti başlayarkən əmək haqqı 250 manat müəyyən edilib, xx.xx.2022-ci il tarixdə əmək haqqı artırılıb. Bu hesabla 12 ay 9 günlük dövrə görə iddiaçıya verilməli olan əmək haqqının məbləği 3.075 manat təşkil edir. Yəni 12 ay üçün əmək haqqı 3.000 manat (12 ay x 250 manat = 3.000 manat), 9 gün üçün əmək haqqı 75 manat (250 manat : 30 gün x 9 gün = 75 manat), cəmi məbləğ 3.075 manat (3.000 manat + 75 manat) təşkil edir. 14.İkinci, mülki işdə olan sənədlərə görə xx.xx.2022-ci il tarixdən (1-ci əmək müqaviləsi üzrə əmək haqqının məbləğinin artırldığı tarixdən) xx.xx.2022-ci il tarixədək (1-ci əmək müqaviləsinə xitam verildiyi tarixədək) olan 21 gün üçün hər ay 300 manat əmək haqqı ödənilməlidir. Belə ki, 1-ci əmək müqaviləsi üzrə əmək münasibəti başlayarkən əmək haqqı 250 manat müəyyən edilsə də, xx.xx.2022-ci il tarixdə artırılaraq 300 manat müəyyən edilib, 21 gündən sonra - xx.xx.2022-ci il tarixdə isə əmək müqaviləsinə xitam verilib. Bu hesabla 21 günlük dövrə görə iddiaçıya verilməli olan əmək haqqının məbləği 210 manat (300 manat : 30 gün x 21 gün = 210 manat) təşkil edir. 15.Üçüncü, mülki işdə olan sənədlərə görə xx.xx.2022-ci il tarixdən (2-ci əmək müqaviləsinin bağlandığı tarixdən) xx.xx.2023-cü il tarixədək (2-ci əmək müqaviləsi üzrə əmək haqqının məbləğinin 1-ci dəfə artırıldığı tarixədək) olan 3 ay 5 gün üçün hər ay 300 manat əmək haqqı ödənilməlidir. Belə ki, 2-ci əmək müqaviləsi üzrə əmək münasibəti başlayarkən əmək haqqı 300 manat müəyyən edilib, xx.xx.2023-cü il tarixdə əmək haqqı artırılıb. Bu hesabla 3 ay 5 günlük dövrə görə iddiaçıya verilməli olan əmək haqqının məbləği 950 manat təşkil edir. Yəni 3 ay üçün əmək haqqı 900 manat (3 ay x 300 manat = 900 manat), 5 gün üçün əmək haqqı 50 manat (300 manat : 30 gün x 5 gün = 50 manat), cəmi məbləğ 950 manat (900 manat + 50 manat) təşkil edir. 16.Dördüncü, mülki işdə olan sənədlərə görə xx.xx.2023-cü il tarixdən (2-ci əmək müqaviləsi üzrə əmək haqqının məbləğinin 1-ci dəfə artırıldığı tarixdən) xx.xx.2024-cü il tarixədək (2-ci əmək müqaviləsi üzrə əmək haqqının məbləğinin 2-ci dəfə artırıldığı tarixədək) olan 23 ay 21 gün üçün hər ay 345 manat əmək haqqı ödənilməlidir. Belə ki, 2-ci əmək müqaviləsi üzrə əmək münasibəti başlayarkən əmək haqqı 300 manat müəyyən edilsə də, xx.xx.2023-cü il tarixdə artırılaraq 345 manat müəyyən edilib və xx.xx.2024-cü il tarixədək həmin məbləğ qüvvədə olub. Bu hesabla 23 ay 21 günlük dövrə iddiaçıya verilməli olan əmək haqqının məbləği 8.176,5 manat təşkil edir. Yəni 23 ay üçün əmək haqqı 7.935 manat (23 ay x 345 manat = 7.935 manat), 21 gün üçün əmək haqqı 241,5 manat (345 manat : 30 gün x 21 gün = 241,5 manat), cəmi məbləğ 8.176,5 manat (7.935 manat + 241,5 manat) təşkil edir. 17.Beşinci, mülki işdə olan sənədlərə görə xx.xx.2024-cü il tarixdən (2-ci əmək müqaviləsi üzrə əmək haqqının məbləğinin 2-ci dəfə dəfə artırıldığı tarixdən) xx.xx.2025-ci il tarixədək (dəqiqləşdirilmiş iddia ərizəsinin verildiyi tarixədək) olan 8 ay 29 gün üçün hər ay 400 manat əmək haqqı ödənilməlidir. Belə ki, 2-ci əmək müqaviləsi üzrə əmək münasibəti başlayarkən əmək haqqı 300 manat müəyyən edilsə də, xx.xx.2023-cü il tarixdə artırılaraq 345 manat, xx.xx.2024-cü il tarixdə artırılaraq 400 manat müəyyən edilib və xx.xx.2025-ci il tarixədək həmin məbləğ qüvvədə olub. Bu hesabla 8 ay 29 günlük dövrə iddiaçıya verilməli olan əmək haqqının məbləği 3.586,66 manat təşkil edir. Yəni 8 ay üçün əmək haqqı 3.200 manat (8 ay x 400 manat = 3.200 manat), 29 gün üçün əmək haqqı 386,66 manat (400 manat : 30 gün x 29 gün = 386,66 manat), cəmi məbləğ 3.586,66 manat (3.200 manat + 386,66 manat) təşkil edir. 18.Beləliklə, xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixədək iddiaçıya ödənilməli olan, lakin ödənilməmiş əmək haqqının ümumi məbləği 15.998,16 manat təşkil edir (3.075 manat + 210 manat + 950 manat + 8.176,5 manat + 3.586,66 manat = 15.998,16 manat). Birinci instansiya məhkəməsi həmin dövrə görə daha az məbləğ - 12.540 manat tutulmasını qət edib, iddiaçı isə bunu mübahisələndirməyib. Məhkəmə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12 və 154-cü maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, qətnamə cavabdeh tərəfindən mübahisələndirlən hissədə, yəni iddianın təmin edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. 19.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-5186/2025 nömrəli qətnaməsi iddianın təmin edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(3-6)-53/2026
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-53/2026
06.02.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver