Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-534/2026 24.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “mənəvi ziyanın ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-6038/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı Cavabdehnə qarşı cavabdehdən 80.000 manat məbləğində mənəvi zərərə görə, “Ekol” Vəkil Bürosu ilə bağladığı müqaviləyə əsasən ödədiyi 300 manatın və ödədiyi 330 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun bir ata kimi çəkdiyi mənəvi sarsıntı və onun ardınca yaşadığı iztirabları heç kimə arzu etməz. Çünki o ata kimi 2 övladını birdən itirmişdir. Belə ki, o 2003-cü ildə həmkəndlisi Günel Müseyibovla ailə qurmaqla evlənmişlər. Yaşadıqları birgə müddət ərzində 2 oğlan övladları dünyaya gəlmişdir. X20 Sığıncaq kənd orta məktəbində 8-ci sinif, Məhəmməd Müseyibov isə 2-ci sinif şagirdləri olmuşdur. Ailə qurduqdan sonra bir müddət Rusiya Federasiyasında yaşamışdırlar. Sonralar vətənə Azərbaycana Masallı rayonuna qayıtmışdırlar. Onun qurduğu işlər Rusiya Federasiyasında olduğundan mütəmadi olaraq Rusiya Federasiyasına gedərək orada işləyib, sonra geri qayıdırdı. O Rusiyada olduğu zaman 08 dekabr 2018-ci il tarixdə ona zəng edərək evdə qazdan partlayış olduğunu və evin partladığını demişdirlər. Bunun üçün onun təcili olaraq kəndə qayıtmalı olduğunu demişdirlər. O bu partlayışda evə ziyan dəyməsini deyil, ondan nəisə gizlətdiklərinin şübhəsinə düşmüşdür. Həmin vaxtı dərhal bilet alaraq Azərbaycana gəlib. Bakıya düşəndə onu qarşılayanlar qazdan evin partlamasını, onun 2 uşağının və qaynının bir uşağının yanaraq ağır vəziyyətdə olmasını demişdirlər. Bundan sonra dərhal xəstəxanaya getmişlər. Uşaqlarının yanmış bədənlərini görəndə dünya başına fırlanmışdır. Bir anlıq nə baş verməsini anlaya bilməmişdir. Çünki yanmaq dedikdə 3 uşağın hər birində yanıqlar elə səviyyədə idi ki, uşaqları tanımaq mümkün deyildi. 2005-ci il təvəllüdlü oğlu Əli 10 dekabr 2018-ci il tarixdə, 2011-ci il təvəllüdlü oğlu Məhəmməd 14 dekabr 2018-ci il tarixdə, qaynı oğlu 2006-cı il təvəllüdlü X22 isə 16 dekabr 2018-ci il tarixdə faciəvi surətdə vəfat etmişdirlər. Bu fikirləri dillə söyləmək bəlkə də asan olardı, amma bir ata kimi bir valideyn kimi bunları yaşamayan onun vəziyyətini anlaya bilməz. Əlbəttə ki, bu vəziyyəti heç bir valideynə arzu etməzdir. Onun 2 övladının birdən birə hər ikisinin faciəvi surətdə vəfat etməsini düşünməyi heç bir zehin qəbul edə bilməz. Masallı rayonu, Sığıncaq kəndindəki onlara məxsus olan evin tikintisi 2015-ci ildə yekunlaşdırdıqdan sonra həyat yoldaşı və övladları ilə birlikdə həmin evə köçüb yaşamağa başlamışlar, lakin evin birinci mərtəbəsində təmir işləri davam etdirilmişdir. Yaşadıqları evə 2017-ci ilin aprel ayında qaz xətti çəkilmiş, ev kombi istilik sistem ilə təhciz edilmişdir. İstilik kombi sistemi ilə işlədiyi üçün evin mətbəxindən başqa heç bir otağında qaz sobası və qаz avadanlığı olmamışdır. Sığıncaq kəndinin ana qaz xətti yaşadıqları evin həyət qapısının qarşısından keçir. Qaz borusu qapının yanına qədər çöllə, qapının qarşısında isə yerin altı ilə çəkilmişdir. 2018-ci ilin sentyabr ayının sonlarından etibarən yaşadıqları evin həyət qapısının qarşısından və həyətdən kəskin qaz iyi gəlmiş, qaz borusundan sızıntının olduğunu hiss etmiş, lakin konkret olaraq sızıntının haradan olduğunu müəyyən edə bilməmişdir. Dəfələrlə oğlu Əli sızıntı olması barədə 27 noyabr 2018-ci il və 05 dekabr 2018-ci il tarixlərdə qaz qəza xidmətinin 104 xidmətinə zəng edərək məlumat vermiş, lakin bununla bağlı heç bir tədbir görülməmişdir. Hadisədən 3-4 gün əvvəl yağışların yağması ilə əlaqədar həyət qapısının qarşısında gölməçələr yaranmış, yerin altında sızan qaza görə qapının qarşısında olan gölməçənin bir neçəsində su qaynadığını, yəni köpükləndiyini görmüşlər. 05 dekabr 2018-ci il tarixdə oğlu Əli yenə 104 xidmətinə zəng edərək həyət qapsının qarşısında qaz sızıntısının olması barədə təkrar məlumat vermiş, qəza xidmətinin əməkdaşı isə Əlidən valideynlərinin, atasının zəng etməsini istəmiş və texnikalarının olmadığını bildirmişdir. Əli isə iddiaçının Rusiya Federasiyasında olduğu üçün özünün zəng etdiyini demişdir. Həmin gün bir nəfər həyətə gəlmiş və sızma yerinə baxaraq, qazıntı işlərinin aparılması üçün texnika lazım olmasını və bu barədə idarəyə məlumat verəcəyini bildirmişdir. Həmin vaxt gələn şəxs uşaqlara və ya həyat yoldaşına evin havalandırılması, qapalı yerlərin açıq saxlanılması, elektrikdən və qazdan ehtiyatla istifadə etmələri barədə təlimatlandırmamış, o cümlədən evə qaz sızmasının olmasını yoxlamamışdır. Hadisənin baş verdiyi gün, yəni 08 dekabr 2018-ci il tarixdə qaynı Rauf Kərimov qaz idarəsinin əməkdaşlarına zəng edərək təkidlə onları evinin qarşısında olan qaz sızıntısının təmir etməyə çağırmış, lakin qaz qəza xidməti texnikaları olmadığı üçün həmin gün də gəlməmişlər. 08 dekabr 2018-ci il tarixdə, saat 19:30 radələrində həyat yoldaşı Məhəmməd və Əli ilə birlikdə evdə olduqları zaman qonşuluğunda yaşayan qaynı X17 Kərimov onlara gələrək Əlidən kitab istəmiş və birlikdə evdə oturub çay içmişlər. Həyat yoldaşı uşaqlara çay verdikdən sonra evin ikinci mərtəbəsində namaz qılmağa başlamışdır, Məhəmməd, Əli və Sənan birlikdə oynamaq üçün evin birinci mərtəbəsində yerləşən giriş qapısından sağ tərəfdə yerləşən otağa getmişlər. Həmin otaqdan gündəlik istifadə edilməmişdir. Uşaqlar birinici mərtəbəyə düşəndən çox az müddət sonra çox güclü partlayış olmuşdur. Yoldaşı partlayışın təsirindən özünü itirmiş və qaça-qaça birinci mərtəbəyə düşmüşdür, aşağı düşəndə nə baş verdiyini anlamamışdır, lakin partlayışın baş verdiyi otaqda Məhəmmədin səsinin gəldiyini eşidib oraya tərəf gedəndə. Məhəmmədin partlayışın baş verdiyi otaqda oturuqlu vəziyyətdə “yandım” deyə ağladığını görmüşdür, Məhəmmədi qucağına götürüb çölə çıxmış və əynindəki paltarları çıxartmışdır. Sonra Əlinin qarşısında dayandığını görüb, ondan nə baş verdiyini soruşmuş, Əli isə ona Məhəmməd və Sənan ilə birlikdə otağa girib işığı yandıran kimi partlayış olduğunu demişdir. Əlinin bütün bədəni və əynindəki paltarları yanmış, partlayışın təsiri ilə pəncərədən çölə düşmüşdür. Sənan isə partlayışdan sonra yanayana küçəyə qaçmış və partlayışın səsinə çölə çıxan qayınları Rauf və Namiq Sənanı söndürmüşlər. X27 avtomobili ilə uşaqların üçünü də Masallı RMX-na aparmış, xəstəxanada göstərilən ilk tibbi yardımdan sonra onların vəziyyətinin yaxşı olmadığı bildirilmiş və hər üç uşaq müalicənin davam etdirilməsi üçün elə həmin gecə Bakı şəhərində yerləşən 5 saylı xəstəxananın nəzdindəki yanıq xəstəxanasına aparılmışdır. Uşaqların yanıq xəsarətləri ciddi olduğundan göstərilən bütün tibbi yardımlara baxayaraq Əli Müseyibov 10 dekabr 2018-ci il tarixdə, Məhəmməd Müseyibov 14 dekabr 2018-ci il tarixdə, Sənan Kərimov isə 16 dekabr 2018-ci il tarixdə faciəvi surətdə ölmüşlər. Cavabdeh əməkdaşları X28 İstismarı İdarəsinin əməkdaşlarının onlara məxsus olan fərdi yaşayış evinin həyət qapısının qarşısından keçən yeraltı qaz kəmərində qaz sızma olması barədə, məlumat almasına baxmayaraq, vəzifəli şəxs kimi işə vicdansız və laqeyd münasibətləri nəticəsində öz xidməti vəzifələrini yerinə yetirməyərək həmin qaz sızmasının qarşısını almaması səbəbindən 08 dekabr 2018-ci il tarixdə baş vermiş partlayış nəticəsində ehtiyatsızlıqdan 3 nəfərin, yəni X6, X1 və X13 ölümünə səbəb olan səhlənkarlıq etmişlər. Masallı Rayon Məhkəməsinin 1(050)-1/2023 nömrəli, 29 avqust 2023-cü il tarixli hökmü ilə X4 Azərbaycan Respublikası CMnin 314.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə dövlət və yerli özünüidaretmə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 15 mart 2023-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi X19 apellyasiya şikayəti verib, hökmün ləğv edilməsi, təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-750/2023 nömrəli, 06 dekabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin 1(050)- 1/2023 nömrəli, 29 avqust 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)-1863/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə məhkum X10 və müdafiəçisi X14 tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməməsi, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-750/2023 nömrəli, 06 dekabr 2023-cü il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bu baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Respublikası CM-nin 314.3-cü maddəsi ilə cinayət işinin ibtidai istintaqı aparılmış və cinayət işi məhkəməyə göndərilmiş, iş üzrə məhkəmənin hökmü çıxarılmış və qanuni qüvvəsini almışdır. Cinayət işi üzrə təyin edilmiş ekspertizaların rəylərindən görünür ki, hadisə Cavabdeh Lənkəran Qaz İstismarı İdarəsinin əməkdaşlarının təqsiri ucbatından baş vermişdir. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşlarının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona mənəvi ziyan dəymişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində azyaşlı oğlanlarının və qaynı oğlunun ölməsi ilə bağlı onun və digər ailə üzvlərinin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ vardır.
3. Xətai Rayon Məhkəməsinin 2(011)-6038/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim Əminə Abbasova) ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdehndən dəymiş mənəvi zərərin əvəzi olaraq 30000 (otuz min) manat, ödənilmiş hüquqi yardım haqqının əvəzi olaraq 112,5 (yüz on iki manat əlli qəpik) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 180,34 (yüz səksən manat otuz dörd qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. İddiaçı və cavabdeh qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər. Apellyasiya şikayətləri və onların dəlilləri:
5. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlili ondan ibarət olmuşdur ki, Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməsi tələb olunsa da məhkəmə heç bir əsaslandırma aparmadan iddianı qismən yəni 30.000 manat hissəsində təmin etməklə səhv nəticəyə gəlmiş işin faktiki hallarını düzgün qiymətləndirməmişdir. Məhkəmə bir cox halları, xüsusilə də onun yeganə 2 oğlan övladının olmağını, başqa uşağının olmamasını, hadisənin faciəvi surətdə partlayışdan baş verməsini, uşaqların yanaraq, ağrı içində acı çəkərək ölmələrini düzgün qiymətləndirməmişdir. Həmçinin məhkəmə hesab etmişdir ki, hadisənin üzərindən 7 il müddət keçmişdir. Məhkəmə səhlənkarlığa görə aparılan cinayət işi üzrə məhkəmələrin yekunlaşmasına diqqət yetirməmiş, hadisənin 7 il keçməsini uzun vaxt olaraq dəyərləndirmişdir. Cavabdehin işçilərinin təqsiri üzündən iddiaçının valideyin olaraq həm də toy, yas, bayram və el şənliklərində iştirakdan məhrum olduğundan mənəvi hüzuru pozulmuşdur. Göstərilənlərə əsasən qətnamənin - iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
6. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlili ondan ibarət olmuşdur ki, məhkəmə qətnamə qəbul edən zamanı zərərvuran Cavabdeh İB işçilərinin təqsirinin ehtiyatsızlıqdan baş verdiyini nəzərə almamış, təqsirin qəsd və ehtiyyatsızlıq növləri arasında fərqi düzgün müəyyən edə bilməmiş və bu səbəbdən iddiaçıya ödəniləcək mənəvi zərər məbləğini ağlabatan və ədalətli müəyyən etməmişdir. “Azərbaycan Respublikası MülkiMəcəlləsinin 23-cümaddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına əsasən ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış 2. “Azərbaycan Respublikası MülkiMəcəlləsinin 23-cümaddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı. birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviriəsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. İddiaçının ailə üzvü X11 öz 2 uşağınınölümü ilə əlaqədar mənəvi ziyan tələbi ilə ayrıca olaraq məhkəməyə müraciət etmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10726/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən 80.000 manat mənəvi təzminat almışdır. Xətai Rayon Məhkəməsi müvafiq işə baxarkən, iş üzrə iddiaçının arvadının mənəvi zərərə görə Cavabdeh İB-dən ayrıca olaraq 80.000 manat məbləğində təzminat almış olduğunu nəzərə almamışdır. İddiaçının ailə üzvündən əlavə, iddiaçının qaynı X25 və qaynının arvadı X15 da həm öz övladının, həm də iddiaçının 2 övladının ölümü ilə əlaqədar ayrı-ayrılıqda Cavabdeh İBdən mənəvi zərərin əvəzi qismində müvafiq olaraq 50.000 və 10.000 manat məbləğində təzminat almışlar. Eyni zamanda iddiaçı hadisə baş verən zamanı övladları ilə birgə onların yanında yaşamamış, baş vermiş bədbəxt hadisənin (partlayışın) şahidi olmamış və 2 övladının ölümü ilə əlaqədar aparılan cinayət işində zərərçəkmiş şəxslərin hüquqi varisi qismində tanınmamış, iştirak etməmişdir. Rayon məhkəməsi tərəfindən bu hallar da nəzərə alınmamışdır. Göstərilənlərə əsasən qətnamənin - iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin izahatı:
7. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 öz apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verib şikayətin təmin edilməsini, cavabdehin apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, əlavə olaraq da qeyd etdi ki, iddiaçı cavabdehin günahı ucbatından eyni gündə iki oğlan uşağını, həm də faciləli şəkildə itirmiş, onun iztirab və mənəvi sarsıntısının sözlə ifadə edilməsi, eləcə də milyonların müqabilində unudulması və ya azaldılması mümkünsüzdür, həm də nəzərə almaq lazımdır ki, bir çox oxşar işlərdən bu iş fərqlidir, o baxımdan ki, bu hadisədə 2005 və 2011-ci il doğumlu iki oğlan uşağı olan iddiaçı onların hər kisini itirmiş, iddiaçının və onun arvadının elə yaşıdır ki, onların yenidən dünyaya uşaq gətirmək imkanları həm fizoloji, həm də mənəvi-pisixoloji baxımdan mümkünsüzdür, hadisədən xeyli müddətin keçməsinə gəldikdə isə nəzərə alınmalıdır ki, oxşar hadisələrlə bağlı iddialar yalnız təqsirləndirilən şəxslər barəsində hökmün qüvvəyə minməsindən sonra verilə bilir ki, bu hadisə ilə bağlı da cinayət əməlinin törədilməsində cavabdehin əməkdaşlarının məhkum olunmasına dair Ali Məhkəmənin son qərarı xx.xx.2023-cü ildə qəbul olunmuşdur, bundan dərhal sonra isə müvafiq iddialar verilmişdir. Nümayəndə eyni zamanda cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etdi ki, həmin dəlillər, xüsusən də iddiaçının başqa dövlətin vətəndaşı olması, eləcə də hazırda xaricdə yaşamasının mənəvi zərərin müəyyən edilməsində nəzərə alınmalı olması barədə dəlilləri anlaşılmaz olmaqla yanaşı, qətiyyən qəbul edilməzdir, bu münasibətləri, yəni uşaq valideyn bağlarını və onlar arasındakı qarşılıqlı hissləri vətəndaşlığa və məsafəyə bağlamaq absurddur.
8. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi öz apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verib şikayətin təmin edilməsini, iddianın iki min manat həddində təmin olunmasını, iddiaçının apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, əlavə olaraq da qeyd etdi ki, rayon məhkəməsi bundan öncə iddiaçının arvadının eyni iddiası əsasında cavabdehdən 80.000 manatın, onun qaynının və onun arvadının iddiaları üzrə isə cəmi 60.000 manat tutulmasını nəzərə almamış, onlar iddiaçının mənəvi sarsıntıya məruz qalmasını mübahisələndirmirlər və başa düşürlər ki, hər iki uşağını birdən itirmək ata üçün ağır faciədir, lakin nəzərə alınmalıdır ki, baş vermiş hadisə ehtiyatsızlıqdan törədilmişdir, burada hər hansı qəsd yoxdur, eləcə də hadisədən xeyli müddət keçmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:
9. Nikah haqqında şəhadətnaməsinin sürətindən görünür ki, X8 ilə X18 arasında xx.xx.2019-cu il tarixdə 31 saylı akt qeydi ilə nikahları rəsmiləşdirilmişdir.
10. 777 saylı Doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X2 24 aprel 2014-cü il tarixdə Masallı rayonunda anadan olmuşdur. Onun atası X8, anası X18 olmuşdur.
11. 505 saylı Ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X2 14 dekabr 2018-ci il tarixdə toksemiya nəticəsində vəfat etmişdir.
12. 06 saylı Ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X16 10 dekabr 2018-ci il tarixdə ən ağır yanıq şoku, bütün bədənin 98-100% yanması nəticəsində vəfat etmişdir.
13. Masallı Rayon Məhkəməsinin 1(050)-1/2023 nömrəli, 29 avqust 2023-cü il tarixli hökmü ilə X4 Azərbaycan Respublikası CM-nin 314.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə dövlət və yerli özünüidaretmə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 15 mart 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən görünür ki, X18 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi X19 apellyasiya şikayəti verib, hökmün ləğv edilməsi, təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.
14. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-750/2023 nömrəli, 06 dekabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin 1(050)-1/2023 nömrəli, 29 avqust 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından məhkum X10 və onun müdafiəçisi X14 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(102)- 1863/2024 saylı qərarı ilə məhkum X10 və müdafiəçisi X14 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməyərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-750/2023 nömrəli, 06 dekabr 2023-cü il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
16. Masallı Rayon Məhkəməsinin 1(050)-1/2023 nömrəli, 29 avqust 2023-cü il tarixli hökmü qanuni qüvvəsini almışdır.
17. Xətai rayon Məhkəməsinin 2(011)-4301/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, iddia qismən təmin edilərək Cavabdehndən 60000 (altmış min) manat məbləğində dəymiş mənəvi ziyan iddiaçı X5 xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən iddiaçı və cavabdeh tərəfindən apellyasiya şikayətləri verilmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10726/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Xətai rayon Məhkəməsinin 2(011)-4301/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi mənəvi zərərə görə məbləğinin 60000 (altmış min) manat müəyyən edilməsi hissəsində dəyişdirilmiş, mənəvi zərərin məbləği 80000 (səksən min) manat müəyyən edilməsi qət edilmişdir.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3647/2024 nömrəli, xx.xx.2024-cü il qərarı ilə iddiaçı X7 Cavabdehnə qarşı “mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3475/2024 nömrəli, 25 iyun 2024- cü il tarixli qətnaməsi iddiaçının xeyrinə tutulmalı pulun məbləği hissəsində dəyişdirilmiş, övladı X13 ölümü ilə əlaqədar vurulmuş mənəvi zərərin əvəzi olaraq 9.000 (doqquz min) manat, baldızının övladları X16 və X1 ölümü ilə əlaqədar vurulmuş mənəvi zərərin əvəzi olaraq 1.000 (bir min) manat, ümumilikdə 10.000 (on min) manat məbləğində pul vəsaiti Cavabdehndən alınaraq, iddiaçı X9 verilməsi qərara alınmışdır.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3145/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3263/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsində- hadisədən müəyyən zamanın keçməsinin mənəvi zərərin müəyyən edilməsinə təsiri barədə mövqeyi dəyişdirilmədən saxlanılmışdır. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
21. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
22. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
23. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
24. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
25. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
26. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
27. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
28. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
29. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarına əsasən, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Plenumun qərarında əlavə olaraq qeyd edilmişdir ki, ölənin yaxınının mənəvi təzminat tələbi ailə başçısını itirməyə görə zərərin əvəzi tələbi ilə eyniləşdirilməməlidir. Belə ki, Mülki Məcəllənin 1121-ci maddəsi ilə tənzimlənən ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi məhz maddi zərərin qarşılanması məqsədli olub müvəqqəti əvəzləşdirici xarakter daşıyır.
31. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə, habelə digər normalarına əsaslanaraq mənəvi zərərin müəyyən edilməsinə dair müvafiq təcrübə formalaşdırmışdır. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar).
32. Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir.
33. Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010-cu il 18 mart tarixli Qərarında qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. “Şəxsiyyət Hüquqlarının Müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun № 20, 24 dekabr 2025-ci il tarixli Qərarı:
34. 5.9. Mənəvi zərərin kompensasiyasının əsas məqsədi zərərçəkənin pozulan mənəvi tarazlığının bərpası ilə yanaşı, zərərvuranı gələcəkdə eyni əməllərin təkrar törədilməsindən çəkindirməkdən ibarətdir. Bu baxımdan zəzərvuranın üzərinə olduqca az və ya əhəmiyyətsiz məbləğdə təzminatın ödənilməsi vəzifəsinin qoyulması yolverilməzdir. Bununla yanaşı, mənəvi təzminatın həcmi elə balanslaşdırılmalıdır ki, bu, bir tərəfin təzminat hesabına zənginləşməsinə, digər tərəfin isə kasıblaşmasına səbəb olmasın.
35. 7.1.Mənəvi zərərin kompensasiyası üsullarının və mənəvi təzminatın həcminin müəyyən edilməsi zamanı zərərçəkən və zərərvuran şəxslərə aid xüsusiyyətlər, pozulmuş şəxsiyyət hüquqlarının növü, hüquqazidd əməlin xarakteri, ağırlıq dərəcəsi və nəticələri, törədildiyi şərait, pozulmuş hüquqlara görə təyin edilən təzminat məbləğinin mütənasibliyi və işin faktiki hallarından asılı olaraq ədalətli kompensasiyanın müəyyən edilməsi üçün zəruri olan digər meyarlar nəzərə alınmalıdır.
36. 7.3.Mənəvi təzminatın həcminin hesablanması zamanı nəzərə alınan ağrı, əzab, fiziki narahatlıq, psixi sarsıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdikləri təzminatın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az təzminatın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər.
37. 7.4. Təzminatın həcmi müəyyən edilərkən nəzərə alınmalıdır ki, cavabdehdən tutulmalı olan məbləğ pozuntunun nəticələrinə uyğun olmalı və zərərçəkmişin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabların kompensasiya edilməsinə xidmət etməlidir. Təyin olunan məbləğin ağlabatan hesab edilməsi üçün işin bütün halları, o cümlədən adi həyat tərzi və vətəndaşların ölkə üzrə ümumi gəlirlərinə nisbətdə təzminatın əhəmiyyəti nəzərə alınmalıdır. Cavabdehin üzərinə olduqca az və ya əhəmiyyətsiz məbləğdə təzminatın ödənilməsi vəzifəsinin qoyulması yolverilməzdir. Lakin zərərçəkmiş şəxs öz iddiasında daha az zərər tələb edirsə, məhkəmə tələbdən kənara çıxaraq daha artıq məbləğ müəyyən edə bilməz.
38. 7.6. Mənəvi zərər bilavasitə zərərvuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə, mənfi psixoloji reaksiyaya səbəb olduğu üçün hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin artıb-azalması da mümkündür. Belə ki, hadisədən dərhal sonra təzminat tələb edən şəxslə əhəmiyyətli müddətin keçməsindən sonra tələb irəli sürən şəxs arasında zərərin təsiri ilə bağlı qiymətləndirmə aparılmalıdır. Tətbiq edilən prosessual hüquq normaları:
39. Mülki Prosessual Məcəllə
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
43. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
44. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
45. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
46. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
47. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
48. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
49. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
50. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
51. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
52. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
54. Məhkəmə kollegiyası (bundan sonra – Məhkəmə) Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı və cavabdehin apellyasiya şikayətlərinə əsasən, tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
55. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
56. Hazırkı işin qeyd olunan halları ilə müəyyən edilmişdir ki, Cavabdeh əməkdaşlarının səhlənkarlığı, yəni işə laqeyd münasibətləri, xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməmələri nəticəsində iddiaçının 2005 və 2011-ci il doğumlu iki oğlan uşağının yanaraq ölümü ilə nəticələnmiş hadisə baş vermişdir. Dəyən zərər məhz Cavabdeh əməkdaşlarının Birliyin fəaliyyəti ilə birbaşa əlaqəli olan əmək vəzifələrinin icrası zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğundan, iddiaçı cavabdehdən mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır.
57. Hazırkı işin araşdırılan halları ilə mübahisəsiz qaydada müəyyən olunur ki, cavabdeh təşkilatın əməkdaşlarının təqsirli hərəkəti nəticəsində iddiaçının 2 oğlunun yanaraq ölməsi iddiaçının yüksək dərəcədə mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur. Cavabdeh tərəf də bunu mübahisələndirmir.
58. Yuxarıda istinad edilən məhkəmə aktlarından da göründüyü kimi, iddiaçının övladlarının ölməsində cavabdehin işçisinin təqsirli olması qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmişdir.
59. Məhkəmə hesab edir ki, 2 oğlunun ölümü nəticəsində iddiaçının çəkdiyi mənəvi ağrının hər hansı məbləğlə ölçülməsi, hər hansı pul vəsaiti ilə azaldılması və onların həyata qaytarılması mümkün olmasa da, mövcud şəraitdə cavabdehdən pul kompensasiyası tutulması vasitəsilə ilə o, müəyyən mənada, cüzi də olsa, təsəlli ala bilər.
60. Məhkəmə iddiaçının şikayətinin dəlilləri üzrə qeyd edir ki, hazırkı işin halları və mövcud məhkəmə təcrübəsi baxımından rayon məhkəməsinin müəyyən etdiyi kompensasiyanın məbləği ağlabatan olmuşdur və Məhkəmə onun artırılması üçün tutarlı əsaslar görmür.
61. Məhkəmə cavabdehin şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçının övladlarının ölümü səbəbindən mənəvi sarsıntılar keçirməsi şəksiz olsa da, hadisənin bilavasitə cavabdehin əməkdaşlarının qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. Hazırkı halda mülki işin materialları ilə mübahisəsiz qaydada müəyyən edildiyi kimi, cavabdehin işçilərinin təqsirli hərəkətləri nəticəsində göstərilən hadisə baş vermiş, iddiaçının övladları həmin hadisə nəticəsində yanaraq ölmüşdür.
62. Digər tərəfdən Məhkəmə iddiaçının, eləcə də cavabdehin apellyasiya şikayətinin – mənəvi ziyanın məbləği ilə bağlı bildirdiklərinə münasibətdə qeyd edir ki, ailədə baş vermiş faciə ilə bağlı hər bir ailə üzvünün bu itki ilə bağlı mənəvi sarsıntı keçirməsi əsası ilə ayrılıqda cavabdehə qarşı qeyd edilən iddialarla müraciət etməsi onların hüququ olsa da, bu halda sonuncunun maddi vəziyyətinin nəzərə alınması da diqqətdən qaçırılmamalıdır.
63. Belə ki, yuxarıda qeyd edilən Plenum qərarında göstərildiyi kimi, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınmasının zəruriliyi və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalı olması nəzərə alınmaqla Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi mənəvi zərərin məbləği hissəsində düzgün nəticəyə gəlmişdir. Çünki təmin edilən məbləğin vurulmuş mənəvi zərərin həcminə uyğunluğu birinci instansiya məhkəməsi tərəfindən əsaslandırılmış, bu zaman cavabdehdən qeyd olunan hadisəyə görə mərhumun atası və anasının da ayrı-ayrılıqda mənəvi ziyana görə kompensasiya almasını, eləcə də cavabdehin maliyyə vəziyyəti də nəzərə alınmışdır.
64. Məhkəmə hazırkı iddianın hüquqdan sui-istifadə olması ilə bağlı səsləndirilən fikrə münasibətdə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Cavabdehin nümayəndəsi belə bir dəlil səsləndirərkən iddiaçının həyat yoldaşının, qaynının və qaynının həyat yoldaşının eyni tələblə məhkəməyə müraciət etmələrinin və müvafiq olaraq, onlara 80000 (səksən min) manat, 50000 (əlli min) manat, 10000 (on min) manat mənəzi zərərin ödənilməsini əsas gətirmişdir. Cavabdeh tərəfin istinad etdiyi həmin faktlar işin mübahisəsiz halları kimi müəyyən olunur. Bununla belə, bu faktların mövcudluğu öz-özlüyündə iddiaçının - atanın belə tələblə çıxış etməsi hüquqdan suiistifadə kimi dəyərləndirilə bilməz. Çünki atanın övladlarının qəfil, həm də yanaraq ölümü, həm də bunun kiminsə aşkar təqsirli əməli səbəbindən baş verməsinə görə dərin mənəvi sarsıntı keçirməsi mübahisə doğurmayan haldır. Buna görə də mərhumların ölümünə görə digər ailə üzvlərinin əvvəllər ayrı-ayrılıqda müvafiq tələblərlə çıxış etmələri, heç bir halda atanın bu hüquqdan istifadəsini istisna edə bilməz. Digər tərəfdən də göründüyü kimi, rayon məhkəməsi tərəfindən ödəniləcək mənəvi zərərin məbləği müəyyən olunarkən cavabdehin qeyd etdiyi həmin hallar nəzərə alınmamış, müəyyən olunmuş məbləğ bu işin xüsusi hallarına uyğun müəyyən edilmişdir.
65. Cavabdeh apellyasiya şikayətində həm də rayon məhkəməsi tərəfindən hadisədən uzun müddət, 7 (yeddi) il keçməsinin nəzərə alınmamasını vurğulamışdır.
66. Məhkəmə cavabdehin bu dəlilinə münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
67. Əvvəla, iddiaçının vəkilinin bildirdiyi kimi, iddiaçının uşaqlarının faciəli şəkildə ölümünə səbəb olan və 2018-ci ildə baş vermiş hadisəylə bağlı cinayət əməlini törətmiş təqsirli şəxslərin barəsində çıxarılmış ittiham hökmü üzrə yekun məhkəmə qərarının alınması yalnız xx.xx.2023-cü ildə başa çatmışdır, bundan dərhal sonra isə müvafiq iddialar verilmişdir. Vəkil həm də bildirmişdir ki, mənəvi zərərlə bağlı tələblər yalnız analoji işlərdə ittiham hökmü üzrə son qərarın çıxarılmasından sonra verilə bilir. Demək ki, cavabdehin hadisədən 7 (yeddi) il keçməsi barədə irəli sürdüyü dəlil əsaslı sayıla bilməz.
68. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3145/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə qüvvədə saxlanılmış Bakı Apellyasiya Məhkəməsinin oxşar iş üzrə 2(103)-3263/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsində qeyd edilmişdir:
69. “ ... iddiaçının iki ailə üzvünü (əri və oğlunu) eyni gündə itirməsi həqiqətən də onda ağrı və əzab, dərin mənəvi, psixoloji sarsıntı, fiziki narahatlıq yaratmışdır, hadisənin 2012-ci ildə baş verməsi və o vaxtdan (10 ildən) çox vaxtın keçməsi şəxsdə qeyd edilən halların azalmasına, aradan qalxmasına mütləq səbəb deyil və iddiaçının mənəvi zərəri tələb etməsini məhdudlaşdırmamalıdır. Qeyd- şərtsiz olaraq öz doğmalarının itkisi ilə iddiaçıda yaranmış ağrı, əzab, mənəvi iztirab və sarsıntının aradan qalxmasını zamanla (müddətlə) əlaqələndirmək bütün hallarda əsaslı hesab edilə bilməz. Çünki şəxsin hadisə baş verən zaman keçirmiş olduğu sarsıntıya görə mənəvi zərərin əvəzini illər keçdikdən sonra da tələb edilməsi istisna deyil. Əvvəla, ona görə ki, qanunvericiliyin göstərişinə əsasən bu tələblər müddətə tabe tutulmur. İkincisi isə, məhkəmə kollegiyasının qənaətinə görə oxşar işlər üzrə yanaşma hər bir işin konkret halları baxımdan dəyərləndirilmə tələb edir.
70. Məsələn, hazırkı işdə olduğu kimi: bu işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, cavabdehin məsul işçisinin işinə vicdansız və laqeyd münasibəti nəticəsində xx.xx.2012ci il tarixdə iddiaçının əri və 17 yaşı yenicə tamam olmuş oğlu faciəli şəkildə həyatdan məhrum olumuşdur. Cavabdehin hadisədən 10 ildən çox vaxtın keçməsi barədə bildirdiyi də mübahisəsizdir.
71. İndi baxaq görək, müddətin keçməsi, həyatının ən fərəhli və xoş günlərini yaşayan iddiaçının gözlənilmədən, bir anda- həm ərini, həm də böyük arzu və xəyallarının ümidi olan gənc övladını itirməsi səbəbindən keçirdiyi, sözlə ifadə edilə bilməyəcək, sarsıntı və iztirablarının azalmasına necə təsir edə bilər.
72. Heç kəs mübahisə edə bilməz ki, hazırkı iş üzrə iddiaçı milli və mental dəyərlər baxımından çoxluq tərəfindən qəbul olunmuş bütün bayramlarda, ərinin və övladının ad günlərində, bəzən də elə bunlarsız, həlak olmuş əri və oğlunun qəbrlərini ziyarət etdiyində, bəzən də ev albomları və videogörüntülərə baxarkən qeyri-ixtiyari olaraq xəyalən onlarla ünsiyyət qurarkən, eləcə də qohum-qonşunun həyətində əsgər yola salıb-qarşılama, ad günləri, “hə”nin alınması, nişan və toy mərasimləri və bu kimi, hər bir ananın övladı üçün xəyal etdiyi digər mərasimlərdə iştirakı zamanı, hadisədən hansı müddətin keçməsinə baxmayaraq, iddiaçının eyni hisləri təkrar-təkrar yaşaməsına səbəb olur. Bu baxımdan “zaman bütün yaraları sağaldır” deyiminin daha çox təsəlliedci funksiya daşıdığı məlum olur. Eyni anda əri ilə 17 yaşlı övladını faciəli şəkildə itirmiş ananın bundan dolayı keçirdiyi sarsıntı, yaşadığı iztirab və daxili boşluğunun “daha dərinlərə” işləməsini demək olar, lakin bütün bunların zamanla azalmasını iddia etmək mümkün deyildir. Hadisədən sonra həyatının çərxi dönmüş iddiaçı, sadəcə olaraq, geri dönüşün mümkünsüzlüyünü dərk etdiyindən, özünə qapana və dərdini “içinə” çəkə bilər, lakin bu hislərdən əsla və əsla azad ola və onlardan qurtula bilməz. Eyni əsaslara görə, cavabdehin şikayətinin dəlili kimi istinad etdiyi iddiaçı-ananın hazırkı tələbinin hüquqdan sui-istifadə kimi qiymətləndirilməsi də mümkünsüzdür”.
73. Yuxarıda qeyd edildiyi kimi, Ali Məhkəmənin qərarı ilə oxşar vəziyyətlərdə baş vermiş hadisədən müəyyən zamanın keçməsinin, heç də bütün hallarda itkiyə məruz qalmış iddiaçı ata və ya ananın iztirab və sarsıntısının “azalması və ya zəifləməsi”nə səbəb olmamasına dair mövqe əsaslı hesab edilmişdir.
74. Belə olan halda Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir və mənəvi zərərin baş verməsinə səbəb olmuş əməlin təhlükəlilik dərəcəsi, bunun nəticəsində iddiaçının iki uşağının faciəli şəkildə ölməsi səbəbindən onun keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsirini (qəsd və yaxud ehtiyatsızlıq), habelə işin sair diqqətəlayiq hallarını nəzərə almaqla ağlabatan məbləğ olaraq 30.000 (otuz min) manat pul vəsaiti vurulmuş mənəvi ziyanın əvəzi kimi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi ədalətli və ağlabatandır.
75. Eyni zamanda qeyd edilməlidir ki, hazırkı dövrdə oturuşmuş məhkəmə praktikasına görə, həm də hazırkı qəbildən olan işlə oxşarlıq təşkil edən işlərdə, ailədə bir nəfərin vəfat etməsinə görə mənəvi zərərin məbləği 10.000-40.000, bir sıra işlərdə isə 60.000 manat olmaqla dəyişir. Bu baxımdan da Məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə rayon məhkəməsi tərəfindən mənəvi zərərə görə müəyyən olunmuş məbləğ ağlabatan və mütənasib olmaqla, həm də oxşar işlər üzrə məhkəmə təcrübəsinə də uyğun olmuşdur. Məhkəmə bir daha vurğulayır ki, hər bir konkret işin fərqli xüsusi halları ola bilər və bu hallar fərqli qənaətə gəlməyə əsas verə bilər.
76. MPM-in 385.2-ci maddəsinin tələbinə görə də birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
77. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bəraqərar edildiyi də aydın görünməlidir”. Nəticə:
78. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən haqlı olmuş, qətnamə qanuni və əsaslı, apelyasiya şikayətləri isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
79. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
80. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
81. Buna görə də Məhkəmə hesab edir ki, hazırda apellyasiya şikayətləri təmin olunmadığından şikayətlərin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumları şikayəti vermiş tərəflərin özünə aid edilməlidir.
82. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Xətai Rayon Məhkəməsinin 2(011)-6038/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilən dövlət rüsumları tərəflərin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.