Məhkəmə qərarları › İş №2(3-6)-618/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-618/2026

10.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-618/2026 10.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı işi üzrə Açar sözlər:( «təzminat») hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı təzminat tələbinə dair Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-5221/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı

1. İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış olan xx.xx.2024-cü il tarixli RGTK0949722C226 saylı kredit müqaviləsinin, iddiaçının özü tərəfindən tərtib edilmiş ödəniş cədvəlinə əsasən ödənilməsinə şərait yaratmadığına və fəaliyyətdə olan filialları vasitəsilə nağd olaraq ödənişinə imtinası və əlavə kredit-borc müqaviləsi üzrə məhkəmədə qaldırılmasına lüzum olmayan iddiası ilə bağlı cavabdeh “Kapital Bank» ASC-nin ona 1000 manat məbləğində təzminat ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iddia tələbini onunla əsaslandırılmışdır ki, Şəki rayon Məhkəməsinin e-2(075)1652/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı “Kapital Bank» ASC-nin cavabdeh İddiaçı qarşı “borc” tələbinə dair iddiası üzrə, iddianın təmin edilməsi, yəni 4442,56 manat əsas borc, 333,54 manat faiz borcu, cəmi 4776,10 manat məbləğində pulun və ödənilmiş 67,76 manat dövlət rüsumunun cavabdeh İddiaçı tutularaq “Kapital Bank» ASC-yə ödənilməsi qət edilmişdir. İş üzrə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli RGTK0949722C226 saylı kredit müqaviləsinə əsasən, “Kapital Bank» ASC-yə 82 ay müddətinə, illik 17 % dərəcəsi ilə, 4510,61 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əlavə olunan cədvəl əsasında, verilmiş kredit üzrə aylıq ödənişlərin İddiaçı tərəfindən yerinə yetirilməsi uğursuzluqla nəticələnmişdir. Belə ki, iş üzrə “Kapital Bank» ASC-yə məxsus ödəniş terminallarında, tərəflər arasında bağlanmış kredit müqaviləsi müəyyən edilməmiş, “Kapital Bank» ASC-yə məxsus müxtəlif filiallarda isə, onun günahı ucbatından, kredit üzrə ödənişləri yerinə yetirmək mümkün olmamışdır. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-dən 4776 manat tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdeh iddiaya yazılı izahatla məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, Şəki rayon Məhkəməsinin e-2(075)-1652/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən, Bankın cari iş üzrə İddiaçı qarşı “borc” tələbinə dair iddiası üzrə, iddianın təmin edilməsi, yəni 4442,56 manat əsas borc, 333,54 manat faiz borcu, cəmi 4776,10 manat məbləğində pulun və ödənilmiş 67,76 manat dövlət rüsumunun cavabdeh İddiaçı tutularaq Banka ödənilməsi qət edilmişdir. Tərəflər arasında cari iddia ərizəsində qeyd edilən məsələyə iddia ərizəsində də qeyd edildiyi kimi daha öncə Şəki Rayon Məhkəməsində qiymət verildiyi üçün, həmin iş üzrə (iş N e-2(075)-1652/2025) təqdim edilən sübutlar cari mülki işdə də preyudisial xarakter daşıdığından və tərəflərə və Məhkəməyə çatımlı olduğundan, e-2(075)-1652/2025 saylı mülki iş üzrə müəyyənləşdirilən hallar və təqdim edilmiş sübutlar cari iş üzrə yeni sübut sayılmır. Lakin işin daha operativ həlli üçün tərəfimizdən e-2(075)-1652/2025 saylı mülki iş üzrə təqdim edilmiş sənədlər təkrarən cari iş üzrə elektron kabinetə əlavə edilir. Həmin iş üzrə də görünür ki, tərəflər arasında bağlanılmış RGTK0949722C226 saylı kredit müqaviləsi üzrə qrafikə əsasən iddiaçı Banka yekun olaraq 7657.80 azn məbləğində pul vəsaiti ödəməli idi. Lakin iddiaçı tərəfindən cəmi 100 azn ödəniş edilmişdir. Həmin kredit müqaviləsinin ödənişlərində problem olduğu üçün, Bank tərəfindən məhkəməyə müraciət edilərkən, iddiaçıdan müqavilənin müddət sonuna deyil, Bankın Şəki Rayon Məhkəməsinə müraciət edilmə gününə hesablanmış borc vəsaiti, yəni 4776,10 azn pul vəsaiti tələb edilmişdir. Bu isə kredit müqaviləsi üzrə nəzərdə tutulmuş ödənilməli olan pul məbləğindən 2881.70 azn azdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi formada ödəniş cədvəli bərpa ediləcəyi təqdirdə, iddiaçı indiki vəziyyətdən fərqli olaraq, əlavə olaraq Banka 2881.70 azn məbləğində pul vəsaiti ödəməli olacaq. Bundan başqa İddiaçı mahiyyəti üzrə artıq qətnamə qəbul edilmiş və məhkəmə qaydasında qiymət verilmiş münasibətlərə dair yenidən məhkəməyə müraciət etmişdir.

3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - xx.xx.2024-cü il tarixli RGTK0949722C226 saylı kredit müqaviləsinə əsasən, "xxxx" ASC ilə İddiaçı arasında kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə, Bank tərəfindən kreditalana 82 ay müddətinə, illik 17 faiz ödəmək şərtilə 4510.61 manat məbləğində kredit verilməsi haqqında bağlanmışdır; - Ödəniş qrafikinə əsasən, İddiaçı "xxxx" ASC qarşısında yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi xx.xx.2024-cü il tarixdən xx.xx.2031-ci il tarixədək hər ay 93.36 manat, sonuncu ay 95.64 manat ödəniş etməklə yerinə yetirməsi barədə öhdəlik götürmüşdür; - Maliyyə arayışına əsasən, İddiaçı xx.xx.2025-ci il tarixə banka 4442.56 manat əsas, 333.54 manat faiz, cəmi 4776.10 manat borcu vardır. "xxxx" ASC tərəfindən cavabdehə ünvanlanmış bildirişə əsasən müəyyən olunur ki, bank ona borcun qaytarılması barədə xəbərdarlıq etmişdir; - “Mpay” terminalı tərəfindən verilmiş arayışa əsasən, İddiaçı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi qeyd olunan ödənişləri icra etmiş, lakin əks olunan ödənişlərin hər biri uğursuz nəticələndiyi üçün məbləğlər müştərinin istyinə əsasən “Birbank” **********232276 kart hesabına köçürülmüşdür; - Şəki rayon Məhkəməsinin e-2(075)-1652/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən 4442,56 manat əsas borc, 333,54 manat faiz borcu, cəmi 4776,10 manat məbləğində pulun və ödənilmiş 67,76 manat dövlət rüsumunun İddiaçı tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir.

4. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-5221/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1, 445.2, 445.5, 446.1, 446.2, 446.3, 446.5, 446.6, 446.8, 743.1, 743.2; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 119.1, 217.4-cü maddələrinə istinad edilməklə iddia tələbi rədd edilmişdir. Qətnamədə qeyd edilmişdir ki, cavabdeh bank iddiaçının kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etməməsi səbəbindən məhkəməyə müraciət etmiş və həmin mübahisə üzrə çıxarılmış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiaçının öhdəliyini icra etmədiyi faktı hüquqi baxımdan artıq müəyyən edilmişdir. Bu qərarla bankın kredit müqaviləsini vaxtından əvvəl ləğv edərək borcun qaytarılmasını tələb etməsi qanuni hesab edilmiş və tələb təmin olunmuşdur. Hüquqi müəyyənlik və res judicata (mübahisənin qəti həlli) prinsiplərinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş hallar eyni tərəflər arasında yenidən mübahisələndirilə və başqa icraat çərçivəsində fərqli hüquqi qiymət verilə bilməz. Bu baxımdan, iddiaçının öz öhdəliyini icra etməməsi faktı artıq mübahisəsiz hala çevrildiyindən, məhkəmə həmin məsələyə yenidən qiymət vermək səlahiyyətinə malik deyildir. Mülki hüquq doktrinasına görə, ziyanın əvəzinin ödənilməsi üçün cavabdehin hüquqazidd və təqsirli davranışı, zərərin mövcudluğu və həmin davranışla zərər arasında səbəbli əlaqə olmalıdır. Hazırkı iş üzrə isə cavabdeh bankın davranışında bu elementlərin heç biri müəyyən olunmur. Əksinə, bank öz hüquqlarını qanunvericiliyə uyğun şəkildə həyata keçirərək, borclunun öhdəliyi icra etməməsi səbəbindən məhkəməyə müraciət etmiş və tələbi təmin edilmişdir. Digər tərəfdən, iddiaçı öhdəliyini icra etdiyini, lakin ödənişlərin bank tərəfindən qəbul edilmədiyini iddia edirdisə, bu halları məhz bankın müraciəti əsasında baxılmış əvvəlki məhkəmə icraatı çərçivəsində irəli sürməli, xx.xx.2025-ci il tarixli Şəki rayon məhkəməsinin qərarını qanunla nəzərdə tutulmuş qaydada mübahisələndirməli və ya qərar qəbul edilməmişdən əvvəl yazılı etirazlarını məhkəməyə təqdim etməli idi. Həmin hallar vaxtında araşdırılsaydı və ödənişlərin gecikməsinin iddiaçının təqsirindən yaranmadığı müəyyən edilsəydi, bankın müqaviləni vaxtından əvvəl ləğv etmək hüququnun olub-olmaması məsələsi araşdırıla bilərdi. Mövcud vəziyyətdə isə məhkəmə bu icraat çərçivəsində iddiaçının öhdəliyini faktiki olaraq icra etdiyini və ya ödənişlərin gecikməsinin onun təqsirindən irəli gəlmədiyini müəyyən edə bilməz. Çünki qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə artıq öhdəliyin iddiaçının təqsiri ucbatından icra edilmədiyi hüquqi fakt kimi təsbit olunmuşdur. Buna görə də iddiaçının cavabdeh bankdan təzminat tələbi əsassızdır və təmin edilə bilməz.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

5. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 2(006)- 5221/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iş üzrə iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.5, 446.2; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı daimi Bakı şəhərində yaşadığından, cavabdehin iddiası üzrə Şəki rayon Məhkəməsinin icraatından xəbərdar olmamış və onun tərəfindən təqdim edilməklə, işə əlavə edilmiş ödəniş qəbzləri və Mpay sisteminin arayışı sübut edir ki, iddiaçı, iş üzrə cavabdehin Şəki rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciətindən 3-4 ay qabaq ödənişləri yerinə yetirmiş, iş üzrə cavabdeh qurum isə bu ödənişləri qəbul etməmişdir. İşə iddiaçı tərəfindən əlavə edilmiş qəbzlərinin surətləri və Mpay ödəniş sistemindən verilmiş arayış təsdiq edir ki, iş üzrə iddiaçı kreditorun qarşısında öhdəliklərini yerinə yetirməyə çalışmış, ancaq iş üzrə cavabdehin ödənişləri qəbul etməməsi səbəbi ilə öhdəliyi icra edə bilməmişdir. İşə iddiaçı tərəfindən təqdim edilmiş ödəniş qəbzləri və ödənişin icra edildiyi tarixlərlə, Mpay sistemi tərəfindən verilmiş arayış məhkəmə tərəfindən nəzərə alınmamışdır. İddiaçının daimi Bakı şəhərində yaşaması ilə onun Şəki rayon Məhkəməsinin e-2(075)1652/2025 saylı, xx.xx.2025-ci il tarixli icraatından ümumiyyətlə xəbərdar olmaması araşdırılmamışdır.

6. Cavabdeh apellyasiya şikayətinə etiraz təqdim etmiş və qeyd etmişdir ki, tərəflər arasında bağlanılmış RGTK0949722C226 saylı kredit müqaviləsi üzrə qrafikə əsasən apellyator Banka yekun olaraq 7657.80 azn məbləğində pul vəsaiti ödəməli idi. Lakin apellyator tərəfindən cəmi 100 azn ödəniş edilmişdir. Həmin kredit müqaviləsinin ödənişlərində problem olduğu üçün Bank tərəfindən məhkəməyə müraciət edilərkən Bank tərəfindən apellyatordan müqavilənin müddət sonuna deyil, Bankın Şəki Rayon Məhkəməsinə müraciət edilmə gününə hesablanmış borc vəsaiti, yəni 4776,10 azn pul vəsaiti tələb edilmişdir. Bu isə kredit müqaviləsi üzrə nəzərdə tutulmuş ödənilməli olan pul məbləğindən 2881.70 azn azdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi formada ödəniş cədvəli bərpa ediləcəyi təqdirdə apellyator indiki vəziyyətdən fərqli olaraq, əlavə olaraq Banka 2881.70 azn məbləğində pul vəsaiti ödəməli olacaq. Appelyator cari iş üzrə hər hansı ziyana məruz qalmamışdır, əksinə ödənilməsi gözlənilən vəsaitdən 2881.70 azn daha az pul məbləği ödəyəcək (Şəki Şəhər Məhkəməsinin e2(075)-1652/2025 qətnaməsinə əsasən). Bundan başqa, apellyasiya şikayətində apellyator Şəki Şəhər Məhkəməsinin e-2(075)-1652/2025 saylı qətnaməsindən xəbərdar olmadığını bildirmişdir. Eyni məsələyə birinci instansiya məhkəməsində də münasibət bildirilmişdir və apellyatorun cari iş üzrə apellyasiya şikayəti verdiyi kimi, həmin qətnamədən də apellyasiya şikayəti vermək imkanının olduğu bildirilmişdir (müvafiq buraxılmış prosessual müddətin bərpası barədə ərizə təqdim etməklə - əgər həqiqətən həmin qətnaməni vaxtında əldə etməmişdirsə). Qeyd edilənlərdən aydın olur ki, 1) apellyator hər hansı ziyana məruz qalmamışdır. Əksinə ödəməli olduğu pul məbləğdən 2881.70 azn daha az pul məbləği ödənilməsinə dair məhkəmə qərarı qəbul edilmişdir. 2) həmin məhkəmə qətnaməsindən şikayət verilməmişdir. Və cari iş üzrə faktiki olaraq artıq digər qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə həll edilən məsələ yenidən baxılır.

Apellyasiya icraatında müəyyən edilən hallar

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Şəki rayon Məhkəməsinin e- 2(075)1652/2025 saylı qətnaməsi ilə müəyyən edilən borcun silməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

8. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir.

Apellyasiya baxışının hədləri

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır.

Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 446.6. Əgər təklif edilmiş icra vaxtınadək borclu kreditorun hərəkəti üçün təyin edilmiş müddət ərzində öhdəliyi icra etməyə qadir deyildirsə, kreditor icranı gecikdirmiş sayılmır. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən: 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. 3. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. 4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. 5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən: Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Mülki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülkihüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir (Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göründüyü kimi, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştirak etməmişlərsə, müvafiq əsaslar olduqda müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilərlər. Əvvəlki məhkəmə qətnaməsinin preyudisiallığı, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yeni açılmış hallar üzrə baxılmasına da aid edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli Qərarının 7-ci bəndində qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.2 və 82.3-cü maddələrində qeyd olunan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Nəzərə alınmalıdır ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun.

14. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını qeyd edilənlərə və Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 385-390-cı maddələrinə, kredit müqaviləsi (öhdəlikləri) və qanunvericiliklə müəyyən edilən mülki hüquq münasibətlərinə dair qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni istisna edən və ya bu nəticəyə rəğmən fərqli qənaət formalaşdıran, habelə ekspertiza təyin edilməsi üçün əsaslar müəyyən edilmir. Məhkəməyə kollegiyası qeyd edir ki, Şəki rayon Məhkəməsinin e-2(075)- 1652/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən 4442,56 manat əsas borc, 333,54 manat faiz borcu, cəmi 4776,10 manat məbləğində pulun və ödənilmiş 67,76 manat dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh ASC-yə ödənilməsi qət edilmişdir. İddiaçı qeyd edilən iş üzrə hallarını mübahisələndirsə də, Şəki rayon Məhkəməsinin e-2(075)-1652/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə artıq iddiaçının öhdəliyini icra etmədiyi faktı hüquqi baxımdan müəyyən edilmişdir. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə olan halda, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini hüquqdan sui-istifadəyə yönəlmiş cəhd kimi qiymətləndirir. Beləliklə də, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan və formal mülahizə xarakteri daşıdığından qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci onu ödəyən şəxsin özünə aid olmalıdır.

15. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən diqqətə çatdırılmalıdır ki, mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır

16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-5221/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar