Məhkəmə qərarları › İş №2(3-6)-749/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-749/2026

06.04.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-749/2026 06.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Əskərov Ələkbər Sultanağa oğlunun cavabdeh Rəfiyeva Ülviyyə Vidadi qızına qarşı mülki iş üzrə (açar sözlər: alimentin dəyişdirilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, Cavabdeh Rəfiyeva Ülviyyə Vidadi qızının iştirakı ilə, İddiaçı Əskərov Ələkbər Sultanağa oğlunun cavabdeh Rəfiyeva Ülviyyə Vidadi qızına qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24.12.2025-ci il tarixli, 2(007)-3796/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı MŞB/3/2025-00555 saylı, 15.10.2025-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı Əskərov Ələkbər Sultanağa oğlu ilkin mediasiya sessiyasında iştirak etmiş, 50 manat mediasiya xərcini ödəmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Astara Rayon Məhkəməsinin 03.07.2025-ci il tarixli, 8(018)-156/2025 saylı qərardadına əsasən, Astara Rayon Məhkəməsinin 26.02.2014-cü il tarixli 2(018)-114/2014 saylı qətnaməsi ilə 06.11.2010-cu il təvəllüdlü Əskərzadə Fatimə Ələkbər qızının yetkinlik yaşına çatanadək saxlanması üçün Ələskərov Ələkbər Sultanağa oğlundan tutulan 90 manat sabit pul məbləğində aliment ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.86 misli həddində indeksasiya olunmasına qərar verilmişdir. E-Sosial portalından çıxarışdan görünür ki, Əskərov Ələkbər Sultanağa oğlu Lənkəran- Astara Regional Məşğulluq mərkəzində işsiz kimi qeydiyyata alınmışdır. Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-III seriyalı 736072 saylı 22.04.2016-cı il tarixli doğum haqqından şəhadətnamədən görünür ki, Əskərzadə Fatimə Ələkbər qızı 06.11.2010-cu il tarixdə doğulmuş, atası Əskərov Ələkbər Sultanağa oğlu, anası Rəfiyeva Ülviyyə Vidadi qızıdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan tibbi sənədlərdən müəyyən olunur ki, 06.11.2010-cu il təvəllüdlü Əskərzadə Fatimə Ələkbər qızına qalxanabənzər vəzin exostruktur dəyişikliklərinə əsasən autoimmun tiroidit (Haşimoto) diaqnozu təyin edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Əskərov Ələkbər Sultanağa oğlu cavabdeh Rəfiyeva Ülviyyə Vidadi qızına qarşı "alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara Rayon Məhkəməsinin 03 iyul 2025-ci il tarixli, 8(018)-156/2025 saylı qərardadı ilə 06.11.2010-cu il təvəllüdlü Əskərzadə Fatimə Ələkbər qızının yetkinlik yaşına çatanadək saxlanması üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.86 misli həddində indeksasiya olunmuş alimentin azaldılaraq ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.4 misli həddində təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Astara Rayon Məhkəməsinin 2(018)- 114/2014 saylı, 26.02.2014-cü il tarixli qətnaməsinə əsasən 06.11.2010-cu il təvəllüdlü Əskərzadə Fatimə Ələkbər qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Əskərov Ələkbər Sultanağa oğlundan hər ay 90 manat məbləğində sabit pulməbləğində alimentin tutulması qət edilmişdir. 2025-ci ildə cavabdeh Rəfiyeva Ülviyyə Vidadi qızı tərəfindən təyin edilmiş alimentin indeksasiya olunması ilə bağlı Astara Rayon Məhkəməsinə müraciət olunmuşdur. Astara Rayon Məhkəməsinin 8(018)-156/2025 saylı, 03 iyul 2025-ci il tarixli qərardadı ilə Astara Rayon Məhkəməsinin 26.02.2014-cü il tarixli, 2(018)-114/2014 saylı qətnaməsi ilə 06.11.2010-cu il təvəllüdlü Əskərzadə Fatimə Ələkbər qızının yetkinlik yaşına çatanadək saxlanması üçün Ələskərov Ələkbər Sultanağa oğlundan tutulan 90 manat sabit pul məbləğində aliment ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.86 misli həddində indeksasiya olunmuşdur. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024-cü il tarixli 15 №-li qərarında qeyd edilir ki, Ailə Məcəlləsinin 110.1cimaddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Ali Məhkəmənin sözügedən qərarına istinad edib alimentin uşaqlar üçün minimum yaşayış səviyyəsindən artıq məbləğdə artırılması iddiaçının hüquqlarını pozmuşdur. Birdən-birə 90 manat məbləğində ödənilən aliment artırılaraq 2025-ci ilə görə 344 manat müəyyən edilmişdir. Bu da ağlabatan hal deyil. Nəzərə alınsa ki, 2025-ci il üçün Azərbaycan Respublikasında uşaqlar üçün yaşayış minimumu 246 manat məbləğində müəyyən edilmişdir. Ona görə də hesab edir ki, sözügedən alimentin azaldılması barədə qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsində qeyd edilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddədən də göründüyü kimi uşağı saxlamaq valideynin yox valideynlərin borcudur. İddiaçı Əskərov Ələkbər Sultanağa oğlu rəsmi olaraq heç bir yerdə işləmir. Fəhləlik etməklə ailəsinin maddi tələbatını təmin edir. İddiaçı boşandıqdan sonra nikaha daxil olmuş, həmin nikahdan 04.05.2015-ci il təvəllüdlü Əskərov Əli Ələkbər oğlu və 12.09.2022-ci il təvəllüdlü Əskərov Ayxan Ələkbər oğlu adlı uşaqları anadan olmuşdur. Anası onkoloji xəstə olmaqla onun himayəsində yaşayır. Maddi vəziyyətləri çox aşağıdır. Əskərov Ələkbər Sultanağa oğlu 90 manat alimenti güclə də olsa, ödəmişdir. Hazırda isə 344 manatı ödəyə bilmir. Cavabdeh Rəfiyeva Ülviyyə Vidadi qızı 21.07.2025-ci il tarixdə iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçının tələbi əsassızdır və rədd edilməlidir. İddiaçı 15 ildir ki, övladı ilə bir dəfə də olsa, maraqlanmamışdır. Övladı illərdir ki, “Haşimoto” xəstəliyi ilə mübarizə aparır. Hər ildə 2 dəfə onun müayinəsi, analizlərinin ödənişini, atası və anasının təqaüdünün dəstəyi ilə etmişdir. Atası üç aydır, illərlə sürən ağır xəstəlikdən dünyasını dəyişmişdir. Anası xəstə təqaüdçü qadındır. Özü də üçüncü qrup əlildir. O, alimenti artırmaq üçün müraciəti sadəcə qarşı tərəfin övladının təhsilinə dəstəyi üçün olmuşdur. Uşaq 9-cu sinif şagirdidir. İddiaçının göndərdiyi aliment 3 repititor puludur. Övladının müalicəsi, geyimi, sınaq imtahanlarının ödənişini hər bir ehtiyaclarını anasının 393 manat təqaüdü və öz əlillik 180 manat müavinəti ilə ödəmişdir. Özü də əlil xanım olduğundan iş tapmaq çox çətindir. Ona görə də iddiaçının tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24.12.2025-ci il tarixli, e-2(007)-3796/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 06.11.2010-cu il təvəllüdlü Əskərzadə Fatimə Ələkbər qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı Əskərov Ələkbər Sultanağa oğlundan cavabdeh Rəfı yeva Ülvı yyə Vı dadi qızının xeyrinə tutulan Astara Rayon Məhkəməsinin 8(018)-156/2025 saylı, 03.07.2025-ci il tarixli qərardadı ilə müəyyən edilmiş alimentin miqdarının azaldılması, 06.11.2010-cu il təvəllüdlü Əskərzadə Fatimə Ələkbər qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Əskərov Ələkbər Sultanağa oğlundan Rəfı yeva Ülvı yyə Vı dadi qızının xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, ailə qanunvericiliyi aliment miqdarı müəyyən olunduqdan sonra alimentin dəyişdirilməsi imkanını tərəflərin ailə və maddi vəziyyətində baş verən dəyişikliklə əlaqələndirmişdir. Tərəflərin ailə və ya maddi vəziyyətində dəyişiklik özündə tərəflərin ailə tərkibinin sayını, eləcə də qazancında baş verən dəyişikliyi ehtiva edir. O da, nəzərə alınmalıdır ki, hər kəs qanunvericilikdə nəzərdə tutulmuş şərtlər çərçivəsində ondan (qanundan) irəli gələn hüququn daşıyıcısı olmaqla qanuni gözlənti hüququna malikdir. Bu baxımdan, hər bir şəxsin məhkəmə müdafiəsi hüququndan yararlanarkən qanunvericinin verdiyi imkan daxilində hüquqlarının təmin olunmasına münasibətdə etimad hüququ qorunmalıdır. Həmçinin, qanunvericilik aliment tutularkən ilk növbədə uşağın mənafeyinin, onun təminatı səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini vurğulayır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də, qiymət verilməlidir. Bu göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını, lakin uşağın saxlanması üçün müəyyən edilmiş alimentin minimum dolanacaq xərclərindən xeyli artıq olmasını nəzərə alaraq hesab etmişdir ki, 06.11.2010-cu il təvəllüdlü Əskərzadə Fatimə Ələkbər qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan Astara Rayon Məhkəməsinin 8(018)-156/2025 saylı, 03.07.2025-ci il tarixli qərardadı ilə müəyyən edilmiş alimentin miqdarı azaldılmalı, Əskərov Ələkbər Sultanağa oğlundan 06.11.2010-cu il təvəllüdlü Əskərzadə Fatimə Ələkbər qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Rəfiyeva Ülviyyə Vidadi qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, uşağın saxlanılması üçün tutulan alimentin miqdarı 26.02.2014-cü il tarixdən həmin aliment məbləğinin indeksasiya edildiyi 03.07.2025-ci il tarixədək 90 manat olmuş, yalnız alimentin indeksasiya edilməsi barədə ərizə təmin edildikdən sonra həmin məbləğ 90:105(2014-cü il üzrə minimum əmək haqqı)=0.86 misli həddində olmuşdur. Yəni həmin məbləğ 400x0.86=344 manata qalxmışdır. Yəni iddiaçının 2025-ci ilədək yalnız 90 manat aliment ödəmək öhdəliyi olmuşdur. Məhkəmə hesab edir ki, həmin məbləğin 90 manatdan 344 manata yüksəlməsi iddiaçının vəziyyətinin ağırlaşmasına səbəb olmuşdur. Məhkəmə cavabdehin etirazına münasibətdə qeyd etmişdir ki, uşağın əlavə təhsil, müayinə və digər sosial xərclərinin ödənilməsi ilə bağlı ayrı qaydada iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ var. Nəzərə alınmalıdır ki, uşaqların saxlanılması üçün təyin edilən aliment, məhz uşaqların minimum yaşayış və dolanacaq xərclərini qarşılamaq məqsədi daşıyır. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.2, 78.1, 112.1ci maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13, 19-cü maddələrinə, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4, 218.3-cü maddələrinə, "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarına, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Rəfiyeva Ülviyyə Vidadi qızı apellyasiya şikayəti verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24.12.2025-ci il tarixli, e-2(007)-3796/2025 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Astara Rayon Məhkəməsinin 2(018)-114/2014 saylı, 26.02.2014-cü il tarixli qətnaməsinə əsasən 06.11.2010-cu il təvəllüdlü Əskərzadə Fatimə Ələkbər qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Əskərov Ələkbər Sultanağa oğlundan hər ay 90 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Astara Rayon Məhkəməsinin 03 iyul 2025-ci il tarixli, 8(018)-156/2025 saylı qərardadı ilə övladı 06.11.2010cu il təvəllüdlü Əskərzadə Fatimə Ələkbər qızının yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.86 misli həddində indeksasiya olunmuşdur. İddiaçı həmin məhkəmə qərardadından Şirvan Apellyasiya Məhkəməsinə şikayət vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası 8(106)- 111/2025 saylı, 11.08.2025-ci il tarixli qərardadı ilə haqlı olaraq iddiaçının şikayətini təmin etməmişdir. Belə ki, Ali Məhkəmənin Plenumun Qərarına əsasən indeksasiya edilmiş aliment məbləği ilə bağlı Astara Rayon Məhkəməsinin mövqeyinin qanuni və əsaslı olduğu qeyd olunmuşdur. Lakin iddiaçı Əskərov Ələkbər Sultanağa oğlu Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Astara Rayon Məhkəməsinin 03 iyul 2025-ci il tarixli, 8(018)- 156/2025 saylı qərardadı ilə 06.11.2010-cu il təvəllüdlü Əskərzadə Fatimə Ələkbər qızının yetkinlik yaşına çatanadək saxlanması üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.86 misli həddində indeksasiya olunmuş alimentin azaldılaraq ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.4 misli həddində təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3796/2025 saylı, 24.12.2025-ci il tarixli qətnaməsinə əsasən övladı 06.11.2010-cu il təvəllüdlü Əskərzadə Fatimə Ələkbər qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Əskərov Ələkbər Sultanağa oğlundan Rəfı yeva Ülvı yyə Vı dadi qızının xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Lakin aşağıdakı xüsusatlardan dolayı hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 3796/2025 saylı, 24.12.2025-ci il tarixli qətnaməsi tamamilə qanunsuz və əsassızdır, habelə övladının mənafeyinə ziddir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, Astara Rayon Məhkəməsinin 03 iyul 2025-ci il tarixli, 8(018)-156/2025 saylı qərardadı ilə övladı 06.11.2010cu il təvəllüdlü Əskərzadə Fatimə Ələkbər qızının yetkinlik yaşına çatanadək saxlanması üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.86 misli həddində (yəni 344 manat) alimentin tutulması qət edilmişdir. Lakin buna baxmayaraq iddiaçı Əskərov Ələkbər Sultanağa oğlu qanunvericiliyin tələbinə uyğun olaraq indeksasiya edilmiş və hesablanmış aliment məbləğinin övladımızın mənafeyinə uyğun olduğu halda azaldılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsi övladının üstün mənafeyini nəzərə almayaraq iddiaçının mənafeyini üstün tutaraq alimentin azaldılması tələbini əsassız və qanunsuz olaraq təmin etmişdir. Məhkəmə övladının böyüdükcə zəruri ehtiyaclarının, qida, geyim, təhsil və digər xərclərinin artdığını, habelə alimentin məbləğinin azaldılmasının onun saxlanılması üçün tələb olunan ehtiyaclarını qarşılamağa kifayət etməyəcəyini nəzərə almamışdır. Bu da övladının layiqli həyat səviyyəsinin təmin edilməsini minimuma endirir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsinə əsasən övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 172 (yüz yetmiş iki) manat aliment ödənilməsi qət edilmişdir. Halbuki, bu məbləğ həm 2025ci il üçün, həm də 2026-cı il üçün uşağın saxlanılması üçün nəzərdə tutulan alimentin minimum sabit məbləğindən (2025-ci il üçün 246 (iki yüz qırx altı) manat, 2026-cı il üçün 260 (iki yüz altmış) manat) də azdır. Ümumiyyətlə, təyin olunan aliment məbləği uşağın bütün ehtiyaclarını demək olar ki, qarşılamayacaqdır. O, özü də orqanizm funksiyalarının 31-61 faiz pozulmasına görə (3-cü dərəcə əlilik) əliliyi müəyyən edilmiş şəxsən və cəmi 172 (yüz yetmiş iki) manat alimentlə övladının ehtiyaclarını qarşılamaq ona çətin olacaq, maddi vəziyyətinin pisləşməsinə səbəb olacaqdır. Ata da övladlarının bütün xərclərinin qarşılanmasında bir valideyn olaraq iştirak etməli və valideynlik vəzifələrini tam icra etməlidir. Övladı böyüyür, onun hər zaman valideynlərinin yüksək diqqət və qayğısına ehtiyacı vardır, gündəlik zəruri ehtiyacları da artır. Övladının sağlamlığına da xüsusi diqqət göstərmək lazımdır. O, hazırda “Haşimoto” xəstəliyindən əziyyət çəkir. Yaz-payız aylarında onun müalicələri davam etdirilməlidir. Belə ki, onun sağlamlığı üçün lazım olan dərmanlar, həkim müayinələri və digər tibbi xərclər də yaranır. Övladı məktəb yaşındadır, onun təhsilinə də ciddi yanaşmaq lazımdır. 3 repetitor hazırlığına da gedir. Həmin ödənişləri özü ödəmək məcburiyyətindədir. Övladının geyim, qidalanma ilə bağlı ehtiyacları da gündən-günə artmışdır. Mövsüm dəyişdikcə yeni geyim əşyalarına (paltar, ayaqqabı vəs) ehtiyac olur, ona görə də tez-tez yeni geyimlər almaq məcburiyyətində qalır. Eyni zamanda, övladının əyləncəsi, asudə vaxtının düzgün təşkili üçün də pul xərcləmək lazım gəlir. Bütün bu xərcləri cəmi 172 (yüz yetmiş iki) manat alimentlə qarşılamaq mümkün olmayacaqdır. Övladı da bütün ehtiyaclarının qarşılanması imkanından məhrum ediləcəkdir. Bir valideynin mənafeyi övladın mənafeyindən üstün tutulmamalıdır. Onu da qeyd edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi hazırki iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları düzgün araşdırmamış, qeyd etdiyi xüsusatlara düzgün hüquqi qiymət verməmiş və nəticədə qanunsuz qətnamə qəbul etmişdir. Buna görə də hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi tərəfindən 2(007)-3796/2025 saylı, 24.12.2025-ci il tarixli qətnaməsi qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğu və düzgün tətbiq edilmədiyi, məhkəmənin gəldiyi nəticə üçün iş üzrə əhəmiyyətli olan bütün faktiki halları aydınlaşdırılmadığı, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyi üçün o, apellyasiya qaydasında ləğv edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegasiyanın iclasında cavabdeh Rəfiyeva Ülviyyə Vidadi qızı apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, sağ ayağında sol ayağına nisbətdə qısalıq olduğu üçün ona III qrul əlillik təyin edilmişdir. O, ali təhsilli olmaqla “Filalogiya” ixtisasını bitirmişdir. İşlə təmin olunması ilə bağlı müvafiq orqanlara müraciət etməsinə baxmayaraq əlilliyi ilə əlaqədar iş tapmaqda çətinlik çəkir. Övladı 220 saylı məktəb liseyində təhsil alır, savadlı uşaqdır. Uşağı daha yaxşı biliyə yiyənlənməsi üçün repetitor yanına gedir. Maddi cəhətdən həmin xərclərin qarşılanmasında çətinlik çəkir. Övladı boylu-buxunlu uşaq olduğu üçün hər tədris ilində onu yeni məktəbli forması ilə təmin edir. Ələkbər Əskərovla 2014-cü il tarixdə rəsmi nikahlarına xitam verilmişdir. Sonuncu uşağı ilə maraqlanmamışdır, uşağı atasını tanımaqda belə çətinlik çəkir. Ələkbər Əskərovun 90 manat aliment verməsinə qane olan insan olmuşdur. Lakin o, uşağın təhsil haqqının qarşılanmasında maddi çətinlik çəkir. Uşağın 16 yaşı var. Övladı illərdir ki, “Haşimoto” xəstəliyi ilə mübarizə aparır. Ələkbər Əskərov onunla və uşağı ilə ünsiyyətdə olmaqdan yayınır, qarşı tərəfindən hazırda hansı fəaliyyət növü ilə məşğul olmasından və qazancı barədə onun heç bir məlumatı yoxdur. Onun anası “Alzheimer” xəstəsidir və xərçəng xəstəliyindəndə əməliyyat olunmuşdur. O, bütün çətinliklərə baxmayaraq övladının gələcəyi ilə maraqlanır və təhsil alması istiqamətində əlindən gələni edir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı Əskərov Ələkbər Sultanağa oğluna rəsmi qaydada məlumat verilmiş, iddiaçı Əskərov Ələkbər Sultanağa oğlu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı Əskərov Ələkbər Sultanağa oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. II. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34. IV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 9.3. Məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 58.2.Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Maddə 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Maddə 75.4 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilsin. Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən edilsin. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27.07.2016-cı il tarixli qərarı: - Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. - Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. -Aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016cı il tarixli, 8-2/2016 nömrəli Qərarı: Bənd 8.2. Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bənd 8.3. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Bənd 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Bənd 8.11. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 100.3-cü maddəsində nəzərdə tutulan hallarda isə aliment əvvəlki dövr üçün 3 illik müddət həddində verilə bilər. Məhkəmələrə izah edilsin ki, aliment tutulması barədə qətnamələr Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinin tələbinə müvafiq olaraq dərhal icra edilməlidir. Yuxarı instansiya məhkəmələri tərəfindən aliment tutulması barədə qətnamənin ləğv olunması, aliment tələbinin rədd edilməsi, yaxud tutulan alimentin miqdarının azaldılması həmin dəyişikliyi nəzərdə tutan məhkəmə aktı qanuni qüvvəyə minənədək ödənilmiş aliment məbləğinin qaytarılmasına əsas vermir (səbəb olmur). Bənd 8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Bənd 8.13. Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Bənd 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112.1.3. İddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında; Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia qismən təmin olunduğundan, apellyasiya şilkayətinin məzmununa əsasən, cavabdeh qətnamənin bütövlükdə ləğv edilməsini xahiş etsə də, qətnamənin əsaslılığı iddianın təmin edilən hissəsində yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24.12.2025-ci il tarixli, 2(007)-3796/2025 nömrəli qətnaməsi alimentin məbləği hissəsində dəyişdirilməlidir. Belə ki, mülki iş üzrə tədqiq olunan sübutlardan müəyyən olunur ki, tərəflərin birgə nikahından 06.11.2010-cu il təvəllüdlü Əskərzadə Fatimə Ələkbər qızı anadan olmuşdur. Araşdırma zamanı daha sonra müəyyən olunmuşdur ki, cavabdeh ikinci dəfə nikaha daxil olmuş və bu nikahdan iki övladı vardır. Araşdırma zamanı eyni zamanda müəyyən olunmuşdur ki, Astara Rayon Məhkəməsinin 03.07.2025-ci il tarixli, 8(018)-156/2025 saylı qərardadı ilə Astara Rayon Məhkəməsinin 26.02.2014-cü il tarixli, 2(018)-114/2014 saylı qətnaməsinə əsasən 06.11.2010-cu il təvəllüdlü Əskərzadə Fatimə Ələkbər qızının yetkinlik yaşına çatanadək saxlanması üçün Ələskərov Ələkbər Sultanağa oğlundan tutulan 90 manat sabit pul məbləğində aliment ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,86 misli həddində indeksasiya olunmuşdur. Kollegiya qeyd edir ki, aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəflərin birgə nikahlarından olan 06.11.2010-cu il təvəllüdlü Əskərzadə Fatimə Ələkbər qızının saxlanması üçün məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi vəziyyətində dəyişiklik olması səbəbindən alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməli olması qənaətinə gələrkən haqlı olsa da alimentin məbləğini müəyyən edərkən tərəflərin hər birinin maddi imkanını, cavabdehin uzun müddət iddiaçının himayəsində olan uşağının saxlanması üçün ödədiyi alimentin miqdarını, bu uşağın yaş həddinə görə saxlanması üçün daha çox vəsaitin tələb olunmasını, yetkinlik yaşına çatmayanın ölkə üzrə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsini kifayət qədər dəyərləndirməmişdir. İstinad olunanlara əsasən, kollegiya belə qənatə gəlir ki, cavabdeh Rəfiyeva Ülviyyə Vidadi qızının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24.12.2025-ci il tarixli, e-2(007)-3796/2025 nömrəli qətnaməsi alimentin təyin edilməsi hissəsində dəyişdirilərək, 06.11.2010-cu il təvəllüdlü Əskərzadə Fatimə Ələkbər qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Əskərov Ələkbər Sultanağa oğlundan Rəfı yeva Ülvı yyə Vı dadi qızının xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,6 misli həddində sabit pul məbləğində aliment tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan hazırkı qətnamədən kassasiya şikayətinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Rəfiyeva Ülviyyə Vidadi qızının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24.12.2025-ci il tarixli, e-2(007)-3796/2025 nömrəli qətnaməsi alimentin təyin edilməsi hissəsində dəyişdirilsin. 06.11.2010-cu il təvəllüdlü Əskərzadə Fatimə Ələkbər qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Əskərov Ələkbər Sultanağa oğlundan Rəfı yeva Ülvı yyə Vı dadi qızının xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,6 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar