Məhkəmə qərarları › İş №2(3-6)-860/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-860/2026

15.04.2026 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-860/2026 15.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh Əliyeviçə qarşı “bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair ilkin, İddiaçı Cavabdeh Əliyeviçin cavabdeh İddiaçı qarşı “mənzildən çıxarılma və maneələrin aradan qaldırılması” tələbinə dair qarşılıqlı iddiası barədə iş üzrə (Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi; mənzildən çıxarılma və maneələrin aradan qaldırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), X3 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili nümayəndə2, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Y.Maratın nümayəndəsi və vəkili vəkil4 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh Əliyeviçə qarşı “bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair ilkin, iddiaçı Cavabdeh Əliyeviçin cavabdeh İddiaçı qarşı “mənzildən çıxarılma və maneələrin aradan qaldırılması” tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı ilə X13 ##.##.2005-ci il tarixində Lipetsk şəhəri VVAQ İdarəsinin Sovetski şöbəsində nikahlarını bağlamışlar. ##.##.2003-cü il təvəllüdlü Cavabdeh Əliyeviç sonuncunun övladıdır.

2. ##.##.2019-cu il tarixli, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Doğan Liliya İzzətovna ünvan 2 ünvanında yerləşən mənzili 75.000 manata İddiaçı satmışdır. Həmin mənzil üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ##.##.2019-cu il tarixdə qeydiyyata alınmışdır.

3. İddiaçı ##.##.2019-cu il tarixli müqavilə ilə əsasən həmin mənzili Cavabdeh Əliyeviçə bağışlamışdır. Mənzil üzərində Cavabdeh Əliyeviçin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ##.##.2019-cu il tarixdə qeydiyyata alınmışdır

4. Cavabdeh nümayəndəsi tərəfindən İddiaçı ünvanlanan ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubunda qeyd olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən mənzil tam pay ilə Rusiya Federasiyasının vətəndaşı olan Cavabdeh xüsusi mülkiyyətindədir. Bizdə olan məlumata əsasən Siz Cavabdeh (mülkiyyətçinin) razılığı olmadan həmin mənzilə daxil olmuş, mənzilə digər şəxsləri yerləşdirmiş, mənzili zəbt etmiş və hazırda da həmin mənzildə qanunsuz olaraq yaşamağa davam edirsiniz. Yuxarıda qeyd olunanlara əsasən, Sizdən tələb edirik ki, ## ######## 2025-ci il tarixinədək Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən mənzili əşyalarınız ilə birlikdə (əgər varsa) tərk edəsiniz. Əks halda, mənzildən məcburi qaydada çıxarılacaqsınız və əşyalarınıza görə heç bir cavabdehlik daşımırıq. Vacib qeyd: Sizdən tələb edirik ki, mənzili olduğu saz vəziyyətdə bizə təhvil verəsiniz. Əks halda, qanunvericiliyin tələblərinə uyğun olaraq, Cavabdeh dəymiş maddi və mənəvi ziyanın, o cümlədən əldən çıxmış faydanın Sizdən tutulması üçün tərəfimizdən müvafiq hüquq-mühafizə orqanlarına müraciət olunacaqdır.

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı İddiaçı cavabdeh Cavabdeh Əliyeviçə qarşı “bağışlanma müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, Sumqayıt Şəhəri “Asan xidmət” Mərkəzində (reyestr №-li 4Ə-2373 ##.##.2019-cu il) tərəfindən onunla cavabdeh Cavabdehlə aralarında bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, iddianın qaldırılması ilə bağlı çəkilən xərclər, 50 manat mediasiya xərci, 100 manat dövlət rüsumu, hüquqi xidmətə görə ödənilən 550 manat cavabdehdən tutularaq ona qaytarılması barədə qəbul edilməsini xahiş etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı özünə məxsus evini Abşeron, Masazır kəndi, Yeni Bakı yaşayış kompleksi, bina 1B, mənzil 33, ümumi sahəsi 68,20 mənzilini ##.##.2019-cu il tarixdə Rusiya Federasiyası vətəndaşı Azərbaycan Respublikasında Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küç, ev 112, mənzil 93-də müvəqqəti qeydiyyatda olmaqla yaşayan Cavabdeh Əliyeviçə cavabdehin anası ilə nikahda olduğu dövrdə ona bağışlamışdır. Belə ki, ##.##.2005-ci ildə Rusiya vətəndaşı ilə X14 ilə Lipetsk şəhərində rəsmi nikaha daxil olmuş və həmin şəhərdə Politexnik küşəsi, ev 5, mənzil 73-də sonuncuya məxsus evdə yaşamışlar. Cavabdeh onun oğludur. Həmin vaxtı Maratın 2 yaşı var idi və onu özü böyütmüş, bütün xərclərini çəkib övladı kimi ona baxmışdır. 2018-ci ildə Rusiya Federasiyasında Lipetsk şəhərində Politexnik küçəsi, ev 5, mənzil 73-də birgə nikah dövründə əldə etdikləri və yaşadıqları evin təmiri yaşayış üçün əlverişli olmadığından o, evi yenidən təmir etdirərək, yeni mebellər almış, onların pulu ilə 75.000 manat pul ödəmişdir. 2019-cu ildə anası rəhmətə gedəndən sonra onda panik atak deyilən psixoloji xəstəlik əmələ gəlmiş və müalicə almağa başlamışdır. Müalicə ərəfəsində həkim təyinatı ilə müxtəlif psixotrop dərmanlar içməyə başlamışdır. Həmin müddət özünü çox pis hiss edirdi. 2019-cu il avqustunda o, həyat yoldaşı Qalina və onun oğlu Marat ilə birlikdə Bakıya gəldilər. O, Masazır, Yeni Bakı kompleksində ##.##.2019-cu ildə 2 otaqlı ev aldı. Alqı-satqı müqaviləsi Sumqayıt Asan Xidmət Mərkəzində baş tutdu. Həmin ev Masazır qəsəbəsində duz gölünün ətrafında yerləşir. Orada ev almağının səbəbi xəstəliyi ilə bağlı olmuşdur. Qalinanın dediyinə görə əqli geriliyə görə həkimlər həm də Maratın duz gölü ətrafında olan yerdə yaşamasını tövsiyə etmişdirlər. Evə çıxarış aldıqdan sonra Qalina təkid edərək evini Marata bağışlamağı haqqında onu dilə tutmağa başladı. O, bunun nə səbəbdən etməli olduğunu soruşduqda o, bildirmişdir ki, “biz bir ailəyik, burada heç bir qəbahət yoxdur. Marat sevinsin və görsün ki, atası ona ev bağışlayıb. Onsuz da bu ev sənindir, onların Bakı ilə heç bir əlaqəsi yoxdur. Həm də Marat səni öz atası bilir. Qoy görsün ki, atası ona ev bağışlayıb. Sonra yenidən öz adına sənə verəcəyik. Sadəcə qoy oğlumuz müvəqqəti sevinsin. Mən sənə 18 yaşı olanda Maratdan etibarnamə alıb verərəm. Yenə də öz adına dəyişərsən”. O, da öz növbəsində bir ailə olduqlarını, bir yerdə yaşadıqlarını və evin kimə məxsus olmasının əhəmiyyətsiz olduğunu, adına geri qaytaracağını, Qalina dedikdən sonra onunla razılaşdı. Çünki ev onun Bakıda tək evi idi və başqa yaşayış yeri yox idi. Hazırda əlverişsiz vəziyyətə düşmüşdür. Onu tək yaşayış evindən çıxarmaq istəyirlər. Qalina bildirmişdir ki, onun Rusiyada birgə aldıqları evləri var. Maratın buna ehtiyacı yoxdur. O, ailə münasibətlərinin pozulmasından çəkinərək təklifin səmimi olduğuna mənzili özünə qayıdacağına inandı. 2019-cu ilin ######un ##-də evi Marata bağışlayan kimi 1 gün müddətində Qalina, yəni ##.##.2019-cu ildə evin çıxarışını əldə etdi. İlkin olaraq bu hal onun şübhələrini artırdı. Lakin bir daha düşündü ki, burada heç bir pis niyyət ola bilməz. Bundan sonra Qalina onunla əsassız mübahisələr etməyə başladı, hətta onu evdən çıxarmaqla hədələdi. Mənzilinin ehtiyat açarlarını ona verməkdən imtina etdi. Bir sözlə, açıq-aşkar onu evdən kənarlaşdırmaq niyyətdə olduğunu anladı. Beləliklə, o, bu qənaətə gəlməyə başladı ki, həyat yoldaşı Qalinanın və onun oğlu Maratın məqsədi Masazırda olan evi ələ keçirmək olmuşdur. 2021-2022-ci illərdə Qalina oğulları Marat və Ali qanunsuz spirtli içki satdıqlarına görə həbs edildilər. O, onlara kömək etmək məcburiyyətində qaldı, onların hər biri üçün ayrıayrılıqda vəkil tutdu, Lipetsk şəhər,Yeletski rayonunda yerləşən şəxsi 1 otaqlı evini 4 milyona (90.000 manat) təcili satdı və 48.000 manat istintaqın gedişi müddətində pul xərclədi. Lakin bunlar kifayət etmədiyindən 2024-cü il tarixdə həyat yoldaşı Qalina və oğlanları tərəfindən vurduqları ziyanın aradan qaldırılması məqsədi ilə bankdan pul götürərək 70.000 manat ödəniş etdi. Lakin bütün bunlara baxmayaraq Qalina təkrar 2024-cü ildən etibarən onunla əsassız mübahisələr etməyə davam etmiş, birgə nigah dövründə aldıqları Lipetsk şəhərində Politexnik küçəsi, ev 5, mənzil 73 ünvanda onun evdən çıxmağını tələb etmiş, çıxmadığı halda hüquq mühafizə orqanları ilə onu hədələmişdir. O, bu səbəbdən orada boşanma ərizəsini yazıb Bakıya gəlmiş, Marata bağışladığı evin təmirinə 30.000 manat pul qoyub ##.##.2024-cü ildə X5 ilə rəsmi nikaha daxil oldu. Ailə həyatı qurduqdan sonra özünə məxsus Masazırdakı 2 otaqlı həmin evdə yaşmağa başladı. Yoldaşı Qasımova-Əliyeva Bahar evə cehiz olaraq yeni mebellər aldı, lüstur, xalça, koridor üçün dolab, TV, soyuducu, xalça, pərdə və yataq mebeli 20.000 manat dəyərində cehiz əşyalar gətirdi. O, isə öz növbəsində Qalina ilə birgə nikah dövründə əldə etdikləri əmlakla bağlı iddia qaldırmadı. Düşündü ki, münasibətlər pozulmuş və bir-birinə qarşı mülki iddia olmayacaq. Bakıdakı evini etibarnamə verəcəklər özünə qaytaracaq. O, da birgə nikah dövründəki RF-dakı evini tələb etməyəcək. Ona görə onu Qalina evdən qovanda da iddia qaldırmadı, düşündü ki, Mazasırda evi var və hər hansı əmlak bölgüsü etmək əvəzinə o, Azərbaycanda öz evində yaşayacaq, Qalina isə Marat və digər oğlu Ali ilə Lipetskdə. Lakin ##.##.2025-ci il tarixdə Marat və Qalinanın tutduğu vəkil onlara zəng edərək evdən çıxmagı tələb etmiş, bu da öz növbəsində evdə yaşayan yoldaşını və uşaqları sarsıtmışdır. Onların yaşamağa başqa yeri yoxdur. Eyni zamanda ona məlum olmuşdur ki, Lipetskdə onu evdən qovandan sonra yazdığı boşanma ərizəsinə əsasən boşanma həyata keçirilməmişdir. Ona görə də Bakıda yenidən boşanma ərizəsi verdi. Ona görə o, bağışlanma müqaviləsinin ləğvi ilə eyni zamanda Yakubi Qalina ilə Lipetsk şəhərində bağlanmış nikahının pozulması ilə məhkəməyə müraciət etmişdir. Onun və ailəsinin başqa yaşayış yeri olmadığından Masazır kəndi, Yeni Bakı yaşayış kompleksi, bina 1B, ümumi sahəsi 68,20 olan ** saylı mənzildə həyat yoldaşı Qasımova-Əliyeva Bahar yaşayır və heç bir digər yaşayış evi yoxdur.

7. Cavabdeh Əliyeviç İddiaçı qarşı “mənzildən çıxarılma və maneələrin aradan qaldırılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı “müqavilənin ləğv edilməsi” tələbinin rədd edilməsi; iddiaçı Cavabdeh Əliyeviçə məxsus ünvan 1 ünvanında yerləşən mənzildən cavabdeh İddiaçı istifadə hüququnun olmadığının müəyyən edilməsi; iddiaçı Cavabdeh Əliyeviçə məxsus ünvan 2 ünvanında yerləşən mənzildən cavabdeh İddiaçı çıxarılması, həmin mənzilin iddiaçıya təhvil verilməsi, iddiaçıya həmin mənzildən istifadədə yaradılan maneələrin aradan qaldırılması və gələcəkdə həmin mənzilə İddiaçı daxil olmasının qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Qarşılıqlı iddia tələbi onunla əsaslandrılmışdır ki, mənzil iddiaçı üçün nəzərdə tutulmuşdur. ##.##.2019-cu il tarixində cavabdeh İddiaçı ilə Doğan Liliya İzzətovna arasında “Daşınmaz Əmlakın Alqı-satqısı” müqaviləsi imzalanır. Həmin müqaviləyə əsasən, ünvan 2 ünvanında yerləşən mənzil Cavabdeh Əliyeviç üçün alınır. Alqı-satqıdan 5 gün sonra ##.##.2019-cu il tarixdə tərəflər arasında “Daşınmaz Əmlakın Bağışlanması” müqaviləsi imzalanır və həmin mənzil iddiaçı Cavabdeh Əliyeviçə bağışlanır. Nəticədə, iddiaçı Cavabdeh Əliyeviçə mübahisəli mənzilin tam mülkiyyətçisi kimi Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, ##.##.2019-cu il tarixli çıxarış verilir. Cavabdeh mənzilə daxil olmaqla yanaşı, icazəsiz digər şəxsləri də yerləşdirib. 2024-cü ilin sonlarında cavabdeh ilə iddiaçının anası – X14 arasında münaqişələr baş verir və bunun nəticəsi olaraq, cavabdeh Rusiya Federasiyasını tərk edərək Azərbaycana gəlir. Azərbaycana gəldikdən sonra, cavabdeh iddiaçının yazılı razılığı olmadan onlara naməlum yollar ilə həmin mənzilə daxil olur. Hətta elə həmin dövrdə cavabdeh, Qalina Yakubi ilə nikahda ola-ola, VVAQ orqanlarına yanlış məlumat verərək, başqa bir xanım ilə Azərbaycanda rəsmi nikaha daxil olur. Bu azmış kimi, cavabdeh həmin xanımı (yeni arvadını) və onun qohumlarını iddiaçının mənzilinə yerləşdirir. Daimi olaraq RF vətəndaşı olmaqla, RF-də yaşaması səbəbindən iddiaçı bu hadisələr barədə məlumatsız olur. 2025-ci ilin avqust ayında iddiaçı Azərbaycana gəlir, lakin öz mənzilinə daxil ola bilmir. Binanın komendantından və qonşulardan öyrənir ki, cavabdeh iddiaçıya məxsus mənzildə digər şəxslər ilə birlikdə yaşayır. Bundan sonra iddiaçı pozulmuş mülkiyyət hüquqlarının bərpası məqsədi ilə vəkilə, daha sonra isə polisə müraciət edir. ##.##.2025-ci il tarixində cavabdehə “mənzildən çıxması” ilə bağlı xəbərdarlıq məktubu göndərilir, xəbərdarlıq məktubu cavabdeh tərəfindən alınmasına baxmayaq, cavabdeh məktuba məhəl qoymur. Xəbərdarlıq məktubu və poçt qəbzi əlavə edilir. Tərəflər arasında heç bir razılaşma imzalanmayıb. 2000-ci ilin ########ın #-dən qüvvəyə minmiş Mülki Məcəllənin (“MM”) 228.1ci maddəsi müəyyən etmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olsun. MM-in 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; - həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; - istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. İddiaçı ilə cavabdeh arasında mənzildən istifadə hüququna dair heç bir saziş imzalanmamış və reyestrdə qeydə alınmamışdır. Göründüyü kimi, cavabdehin mənzildən istifadə hüququ yaranmamışdır. İddiaçı ilə cavabdeh qohum deyillər. İddiaçının anası – X14 ilə cavabdeh İddiaçı ##.##.2005-ci il tarixdə nikaha daxil olmuşlar. Bununla belə, iddiaçı cavabdehin doğma oğlu deyil. Onlarda olan məlumata əsasən, cavabdeh hətta təzəlikcə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə həmin nikahın pozulması tələbi ilə müraciət etmişdir. İddiaçının cavabdehi saxlamaq vəzifəsi yoxdur, cavabdeh iddiaçı ilə birlikdə yaşamır. Beləliklə, cavabdehin Mənzil Məcəlləsinin 30-cu maddəsi ilə də mənzildən istifadə hüququ yoxdur.

9. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı Y.Maratın nümayəndəsi və vəkili bildirmişdir ki, Maratın 18 yaşı 2021-ci ilin oktyabr ayında tamam olur və İddiaçı etibarnamə vermir. Deməli, kəsici müddət 2021-ci ildən başlayır. Yəni, 1 il müddət ötürülmüşdür. Onların münasibətləri 2019-2020-ci illərdə pozulmuşdur.

10. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Ü.B.Yusifova) ilkin iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia tələbi təmin edilərək, iddiaçı Cavabdeh Əliyeviçə (İakubi Marat) məxsus ünvan 3 ünvanında yerləşən mənzilə cavabdeh İddiaçı istifadə hüququnun olmamasının müəyyən edilməsi, ünvan 3 ünvanında yerləşən mənzildən İddiaçı çıxarılması, mənzilin Cavabdeh təhvil verilməsi, İddiaçı tərəfindən mənzildən istifadədə yaradılan maneələrin aradan qaldırılması və İddiaçı mənzilə daxil olmasının qadağan edilməsi qət edilmişdir.

11. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında ##.##.2019-cu il tarixdə bağlanmış müqavilə Plenum Qərarında qeyd olunan zəruri hallara riayət olunmaqla bağlanmışdır. Belə ki, qanunda nəzərdə tutulmuş formaya uyğun notarial qaydada təsdiq olunmaqla bağlanmışdır. Digər hal gərəkli razılığın verilmiş olmasıdır, hansı ki, tərəflər öz iradə ifadələri ilə notariat ofisində bağışlanma müqaviləsi bağlamışlar. Plenum Qərarında qeyd olunan müqavilənin etibarlılıq şərtlərindən biri də əqdi bağlayan şəxslərin anlaqlı olmasıdır. Məhkəmə araşdırması zamanı tərəflərin müqavilə bağlayan zaman anlaqsız olmasına şübhə doğuran, yaxud sübut edən heç bir mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, ##.##.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinin etibarsız hesab edilməsinə əsaslar mövcud deyildir.

12. Həmçinin ilk iddiaçı İddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Göründüyü kimi, Mülki Məcəllənin 354.2-ci maddəsinin dispozisiyasında əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu vaxtdan qanunvericinin müəyyən etdiyi bir illik müddət ötürülmüş hesab edilir. Belə ki, müqavilə ##.##.2019-cu il tarixdə bağlanmışdır, iddiaçı isə ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir.

13. İşdən göründüyü kimi, İddiaçı əqdin etibarsız sayılmasına səbəb olan hal kimi onun aldadıldığını əsas gətirir. Lakin iddia ərizəsindən və məhkəmə iclasında verdiyi izahatından görünür ki, Yakubi Qalina ilə olan ər-arvad münasibətlərinin pisləşdiyi vaxtdan, yaxud da Cavabdeh 18 yaşı tamam olduğu vaxtdan aldadıldığını bilməli idi.

14. Eyni zamanda, İddiaçı 2019-cu il tarixdə Qalinanın 2019-cu ilin ######un ##-də evi Marata bağışlayan kimi 1 gün müddətində, yəni ##.##.2019-cu ildə evin çıxarışını əldə etmək istəməsi zamanı onlardan şübhələnmişdir. Sonradan onların münasibəti 2020-2024-cü illər ərzində pisləşmişdir. İş materiallarına əlavə olunmuş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş 308013001441-05320-****** reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil Cavabdeh Əliyeviçin xüsusi mülkiyyətindədir. Mənzil onun adına ##.##.2019cu il tarixli, ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Beləliklə, bağışlanma müqaviləsinin icrasına başlandığı vaxt 2019-cü ildir.

15. Bundan əlavə, ##.##.2025-ci il tarixində Cavabdeh tərəfindən İddiaçı “mənzildən çıxması” ilə bağlı xəbərdarlıq məktubu göndərilir, xəbərdarlıq məktubu İddiaçı tərəfindən alınmasına baxmayaq, məktuba məhəl qoymur. Odur ki, qeyd olunanlara əsasən ilk iddia üzrə iddiaçı İddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür və bu səbəbdən iddia tələbi təmin edilə bilməz.

16. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, qarşılıqlı iddia təmin edilməlidir. Belə ki, ünvan 2 ünvanında yerləşən mənzil Cavabdeh mülkiyyətindədir. Onun mülkiyyət hüququ ##.##.2019-cu ildə reyestrdə qeydə alınıb. İddiaçı mülkiyyətçinin anasının keçmiş əridir. Qanunun tələbinə əsasən “Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər”. Göründüyü kimi “ailə üzvləri” deyiləndə ər, arvad, valideynlər və uşaqlar nəzərdə tutulub. Odur ki, İddiaçı Cavabdeh ailə üzvü deyil.

17. Məhkəmə belə qənaətə gəlmişdir ki, İddiaçı ünvan 2 ünvanında yerləşən mənzilinə istifadə hüququ olmayan (itirilmiş) hesab edilməlidir.

18. Məhkəmə hesab etmişdir ki, İddiaçı sözügedən mənzildə istifadə hüququ olmadığından həmin mənzildən çıxarılmalı, mənzil Cavabdeh təhvil verilməli, iddiaçıya həmin mənzildən istifadədə yaradılan maneələr aradan qaldırılmalı və gələcəkdə həmin mənzilə İddiaçı daxil olması qadağan edilməlidir.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə, 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin 1-ci və 2-ci bəndlərinə, 71-ci maddəsinin 1-ci hissəsinə, Mülki Məcəllənin 152.1, 178.1, 324.1, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 338, 354.1, 354.2, 404.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il ## #### tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” 2023-cü il ## ###### tarixli Qərarlarına, Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işi üzrə qərarına, Avropa Konvensiyasının * saylı protokolunun: 1ci maddəsinə, “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2004-cü il tarixli Qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

20. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və ilkin iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddiaçının yeganə yaşayış evi olan daşınmaz əmlakla bağlı bağışlama müqaviləsinin etibarsız sayılması tələbi təmin edilməmişdir. Məhkəmə iddianı iddia müddətinin keçməsi əsas gətirilməklə rədd etmişdir. Bu qərar maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması ilə qəbul edildiyindən onun ləğv edilməlidir. İddia müddəti düzgün tətbiq edilməmişdir Birinci instansiya məhkəməsi Mülki Məcəlləsinin 373 və 377-ci maddələrini formal şəkildə tətbiq etmişdir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı 2025-ci ilə qədər bağışlama müqaviləsinin mövcudluğundan və hüquqlarının pozulduğundan xəbərsiz olmuşdur; bağışlama müqaviləsi iddiaçının xəbəri və razılığı olmadan, həyat yoldaşının aldadıcı hərəkətləri və psixoloji təsiri altında bağlanmışdır, Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddəti hüququ pozulan şəxsin bunu bildiyi və ya bilməli olduğu andan hesablanır. Deməli, iddia müddətinin başlanğıcı müqavilənin bağlandığı tarix yox, iddiaçının faktı öyrəndiyi – 2025ci il olmalıdır. Müqavilə aldatma və sui-istifadə nəticəsində bağlanmışdır. Bağışlama müqaviləsi:Ananın təkidi və aldadıcı davranışı nəticəsində; Ailə üzvü olan, lakin iddiaçıya bioloji baxımdan ögey olan şəxsə yönəlik; İddiaçının yeganə yaşayış evindən məhrum edilməsi məqsədi ilə bağlanmışdır. Bu hallar əqdin aldatma yolu ilə bağlanması kimi qiymətləndirilməlidir və belə əqd mübahisələndirilən deyil, etibarsız hesab edilməlidir. Yeganə yaşayış evindən məhrumetmə Konstitusiyaya ziddir. Hazırda Cavabdeh İddiaçını yeganə yaşayış evindən çıxarmağa cəhd edir; İddiaçı yaşlı, sosial baxımdan həssas şəxsdir. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Əqdin aldatma nəticəsində bağlanması deyəndə aşağıdakılar nəzərdə tutulur: - Aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; - Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; - Müqavilə məhz aldadılma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki, aldadılma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqaşərtlərlə bağlanmış olardı. Azərbaycan Respublikası Mülki Məcəllənin 339.3-cü maddəsinə görə, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfəzərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, şəxsin yaşayış hüququ toxunulmazdır. Məhkəmə bu mühüm konstitusion hüquqi heç bir hüquqi qiymətləndirməyə cəlb etməmişdir. Məhkəmə iş üzrə mühüm halları araşdırmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi, həmçinin bildirdi ki, İddiaçı əmlakı Qalina Yakubinin təkidi ilə bioloji oğlu olmayan Marata bağışlamışdır. 2025-ci ildə o, başa düşür ki, aldadılıb. Ona görə iddiada göstərilir ki, o, 2025-ci ildə anlayıb və həmin andan müraciət edib ki, aldadılmışdır. Yəni onun yeganə evi olub, bağışlayanda da düşünüb ki, bir ailədirlər. Çünki həqiqətən də onu oğlu kimi görürdü, hətta birinci instansiya məhkəməsində belə bir söz dedi ki, əgər Marat gəlib desə ki, doğrudan da o ev mənimdir, mən o evdən əl çəkərəm, çünki Marat heç vaxt bunu deməz. Münasibətləri pozulandan sonra bura gəlmişdir, sonra da evlənmişdir. Faktiki olaraq bir yaşayış evi var, başqa heç bir evi yoxdur. Əslində faktiki olaraq gedib orada spirtli içki biznesi ilə məşğul olub, qadını da o işə cəlb edib. Sonradan Qalina artıq o biznesi ondan öyrənib, bununla məşğul olmağa başlayıblar və nəticədə bu biznes hətta elə həddə çatıb ki, qanunsuz spirtli içkilər buraxmağa başlayıblar. Sonra da münasibətləri pozulub. Münasibətlər də pozulandan sonra bəlli məsələdir ki, düşünür ki, evi bağışlamışam, aldadılmışam. Faktiki onun bugünkü gündə Lipetsk şəhərində elə bir imkanı yoxdur ki, getsin, orada iddianı qaldırsın. Qabaq o bizneslə məşğul olub, hazırkı vəziyyətində isə maddi durumu ona imkan vermir. Bütün bu münasibətlər onlar ailə olanda baş vermişdi, o düşünə bilməzdi ki, nəticə etibarı ilə vəziyyət belə olacaq. Bugünkü gündə İddiaçı bunu aldadılma kimi görür ki, həqiqətən də onu aldadıblar. Tələb birinci instansiya məhkəməsində sonradan dəqiqləşdirildi ki, tələb etibarsızlıqdır. Tələbin əsasını sırf Mülki Məcəllənin 339.2-ci maddəsi, yəni onun aldadılması təşkil edir.

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Y.Maratın nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, İddiaçı əmlaksız göstərməyə çalışırlar, lakin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsindən əldə edilən cavab məktubuna əsasən onun digər əmlakı da var, Şəmkirdədir. Hətta bir neçə müddətə qədər Şəmkirdə ona məxsus olan həmin evdə qeydiyyatda idi. Əgər şəxs aldadıldığını, yanıldığını məhkəmədə iddia edibsə, sübut etməli idi, lakin bu günə kimi məhkəmə proseslərində bir dənə də sübut əldə edilməmişdir. Bundan da əlavə, cavabdehin heç bir əlavə sübut gətirməyə də ehtiyacı yoxdur. Qarşı tərəfin iddia ərizəsində kəsici müddətlərin yer aldığını və tətbiq olunmalı olduğunu məhkəməyə bildirmişdir. Əgər bağışlanmadan dərhal sonra şəxs bu qənaətə gəlibsə, deməli 2019-2020-ci illərdə artıq kəsici müddətin axımı başlamışdır. Maratın 2021-ci ildə 18 yaşı tamam olmuşdur, lakin 5 il ərzində ona qarşı heç bir hərəkət olunmamışdır. Niyə olunmamışdır, çünki bu dediklərinin hamısı yalandır, heç bir aldadılma, vəd vermə baş verməmişdir. Ailə münasibətlərindən söz gedirsə, deyir ki, bu onun ailəsidir, onun evidir, halhazırda Nizami Rayon Məhkəməsində Qalina xanımla Elbrus müəllimin nikahının pozulması, eyni zamanda Elbrus müəllimin digər şəxslə nikahının etibarsızlığı iddiası qaldırılmışdır. Bununla yanaşı, Rusiya Federasiyasından gəlir, oradan hansısa bir yolla açarın bir nüsxəsini əldə edib Maratın evinə girir, girməyi də azmış kimi nikahda ola-ola başqa nikaha girir. Mənzilə başqa xanım gətirir və xanım da ora öz əşyalarını yerləşdirir. Deyir ki, həyat yoldaşıdır, axı sən, Rusiya Federasiyasında başqa bir xanımla evlisən. Yay aylarında Marat istirahət etməyə gəlib, öz mənzilinə daxil ola bilməyib, komendant və digər şəxslərdən öyrənib ki, onun evində bir bəylə xanım yaşayır. Sonra polis idarəsinə, sahə müvəkkilinə müraciət edir, məlum olub ki, onun mənzilində İddiaçı yaşayır. Yenə də onu oradan məcburi qaydada çıxartmır, ona pretenziya göndərilib ki, əgər hansısa əşyaların varsa, əşyalarınla bir yerdə çıx, daha sonra da aralarında məhkəmə çəkişməsi başlayır. Hesab edir ki, heç bir hüquqi əsas yoxdur, lakin hansısa maddi durumunun zəif olmasına istinad edərək həmin mənzildə yaşamağa davam etmək istəyir. Apellyasiya şikayətinin də əsas məqsədi onun orada yaşamasının müddətini uzatmaqdır. Çünki Marat 9 aydır ki, o mənzilə daxil ola bilmir, amma 1 ilə yaxındır ki, Elbrus müəllim o mənzildə elə həmin X2 ilə yaşamağa davam edir. Bu, mülkiyyət hüquqlarının birbaşa pozulmasıdır. Elbrus müəllim Nizami Rayon Məhkəməsində də bu məsələsini qaldırmışdı, guya Maratın heç bir şeydən xəbəri yoxdur və hər şeyi Qalina təşkil edir. O, Maratın öz şəkli, imzası ilə etibarnaməni təqdim etmişdir, birbaşa özü ilə şəxsən görüşmüşdür, vəkil ilə müqaviləni etibarnaməsiz şəxsən özü imzalayıb. Qarşı tərəf mövqeyini məhkəmə iclasında dəqiqləşdirdi ki, aldadılıb. Kəsici müddətin üzərindən 4 il keçib. Şəmkirdə yerləşən torpaq sahəsinin üzərində ev var. Məhkəmədə bildirdi ki, o evin sizə nə aidiyyəti var ki, o mənim atamdan qalan evdir. Marat hal-hazırda Rusiya Federasiyasındadır. Şəxsən özünün iştirakı alınmır. Əgər Elbrus müəllim deyirsə ki, “Marat gəlsin, o sözü desin, bu gün belə çıxaram”, demək ki, maddi durumla, başqa evinin olmaması ilə bağlı arqumentlərin də heç bir əsası yoxdur. Bu gün belə çıxa bilirsinizsə, deməli çoxdan çıxa bilərdiniz.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır.

26. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının * saylı Protokolu: Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

28. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2021-ci il tarixli qərarı: Mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il ## #### tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur.

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Hazırkı işdə ilkin iddia rədd, qarşılıqlı iddia təmin olunduğundan, apellyasiya şikayətinin məzmununa əsasən qətnamə ilkin iddia üzrə iddiaçı İddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. İşdən müəyyən olunur ki, mübahisəli mənzil İddiaçı tərəfindən ##.##.2019-cu il tarixli bağışlama müqaviləsi əsasında Cavabdeh mülkiyyətinə verilmiş və sonuncunun bu hüququ ##.##.2019-cu il tarixində dövlət qeydiyyatına alınmışdır.

34. İddiaçı həmin müqavilənin etibarsız hesab edilməsi üçün əsas kimi arvadı X13 (Cavabdeh anası) tərəfindən aldadıldığını iddia etsə də, bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir.

35. İddiaçı özü iddia ərizəsində qeyd edir ki, Maratı 2 yaşından özü böyütmüş, onun bütün xərclərini çəkmiş və ona övladı kimi baxmışdır. Belə olan halda iddiaçı tərəfindən mülkiyyətində olan mənzilin öz övladı kimi qəbul etdiyi şəxsə bağışlanması ağlabatandır.

36. Eyni zamanda, iddiaçı iddia ərizəsində göstərir ki, X7 18 yaşı olanda ona mənzilə dair etibarnamə verəcəyini, bununla da mənzili öz adına dəyişəcəyini bildirmişdir. Mənzil bağışlandıqdan sonra Qalina onunla əsassız mübahisələr etməyə başlamış və onu mənzildən çıxarılmaqla hədələmiş, ona mənzilinin ehtiyat açarlarını verməkdən imtina etmişdir. Beləliklə o, Qalina və Maratın məqsədlərinin mənzili ələ keçirmək olduğu barədə qənaətə gəlmişdir.

37. Kollegiya qeyd edir ki, iddiaçının bildirdikləri öz təsdiqini tapdığı halda belə, onun tərəfindən əqdin mübahisələndirilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş 1 illik kəsici müddət ötürülmüşdür. Həmin müddətin keçməsi isə əqdin mübahisələndirilməsi hüququnun xitamına səbəb olur.

38. İşdən görünür ki, mənzilin bağışanmasının 2019-cu ildə həyata keçirilməsinə, ##.##.2021-ci il tarixində isə Cavabdeh 18 yaşı olmasına baxmayaraq iddiaçı hazırki iddia ilə məhkəməyə ##.##.2025-ci il tarixində müraciət etmiş, bununla da qeyd olunan müddəti ötürmüşdür.

39. Qeyd edilməlidir ki, mülki qanunvericilikdə bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməyən əvəzsiz müqavilə kimi müəyyən edilmişdir. Hədiyyə verən hədiyyəni bağışlamaqla hədiyyə alanı zənginləşdirdikdə bağışlama müqaviləsi real müqavilə hesab olunur, yəni bu müqavilənin bağlanması barədə razılıq əldə olunmaqla, eyni vaxtda əmlak və ya əmlak hüquqları verilir.

40. Hazırki iş üzrə iddiaçı İddiaçı öz mənzilini Cavabdeh bağışlamaqla mənzilə dair əmlak hüquqlarından sonuncunun xeyrinə imtina etmişdir. Bundan sonra iddiaçının həmin mənzildən istifadə hüququnun yaranması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər də mövcud olmamışdır.

41. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği ilkin iddia üzrə iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər: Məhəmməd Rüstəmli Rəşid Səmədov Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar