Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-864/2026 03.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Ikram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı Züleyxa Əfəndiyevanın, iddiaçının vəkili və nümayəndəsi Ilqar Qədirovun, cavabdeh Cavabdeh, cavabdehin vəkili və nümayəndəsi vəkil1 iştirakı ilə, iddiaçı X2 cavabdeh Cavabdeh Iqrametdinoviçə qarşı “aliment və əlavə xərcin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı Züleyxa Əfəndiyeva və cavabdeh Cavabdeh apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları 1.Mübahisə ##.##.2017-ci il təvəllüdlü uşaq X1 ilə bağlıdır (bundan sonra – uşaq). Tərəflər uşağın valideynləridir. Onların arasında nikah bağlanmayıb. Cavabdehin uşağın atası olması iddiaçının “atalığın müəyyən edilməsi barədə” iddiası əsasında Sabunçu Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə müəyyən edilib. Uşaq iddiaçı (ana) ilə birlikdə yaşayır, cavabdeh (ata) onlardan ayrı yaşayır. 2.Uşağın sağlamlıq problemi var. Əvvəlcə uşağa müddətsiz üçüncü dərəcəli əlillik təyin olunub, diqnozu “Q03.8. Digər anadangəlmə hidrosefaliya” kimi göstərilib. Daha sonra uşağa müddətsiz ikinci dərəcəli əlillik təyin olunub, orqanizmin funksiyasının 80 faiz pozulması müəyyən edilib, diaqnozu “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Orta kəmağıllıq. IQ-40” kimi göstərilib. 3.“Elektron məhkəmə” informasiya sistemində olan məlumatlara görə, cavabdeh (ata) “xxxx” MMC-də “MI” tipli vertolyotun ikinci pilotu işləyir, aylıq əmək haqqı 3.820 manat təşkil edir. Iddiaçı (ana) isə “xxxx” MMC-də tibb bacısı işləyir, aylıq əmək haqqı 618,29 manat təşkil edir. 4.Cavabdeh başqa qadınla – Elmira Magemodava ilə rəsmi nikahdadır. Həmin nikahdan onların üç uşağı var: 1) ##.##.2007-ci il təvəllüdlü Sədəf Məhəmmədova; 2) ##.##.2012-ci il təvəllüdlü Ibrahim Məhəmmədov; 3) ##.##.2021-ci il təvəllüdlü Yasmin Məhəmmədova. Göstərilən üç uşağa aliment ödənilməsi üçün ##.##.2024-cü il tarixdə cavabdeh ilə uşaqların anası Elmira Magemodavanın arasında mediasiya prosesi nəticəsində barışıq sazişi bağlanıb. Barışıq sazişinə görə, hər ay cavabdehin əmək haqqının yarısı miqdarında aliment tutularaq Elmira Magemodavaya ödənilməlidir. Barışıq sazişi Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə təsdiq edilib. Birinci instansiya məhkəməsində icraat 5.Iddia ərizəsi ##.##.2025-ci il tarixdə verilib. Iddia ərizəsində cavabdehə qarşı iki tələb irəli sürülüb: 1) uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay cavabdehin qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutulsun; 2) uşağın xəstəliyinə görə çəkilən əlavə xərcə görə hər ay 300 manat tutulsun. 6.Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi və ##.##.2025-ci il tarixli əlavə qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, ##.##.2025-ci il tarixdən başlayaraq uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay cavabdehin qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment, habelə uşağın xəstəliyi ilə bağlı 100 manat aliment cavabdehdən tutularaq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Apellyasiya instansiyası məhkəməsində icraat 7.Iddiaçının apellyasiya şikayətində tələb olunub ki, qətnamə qismən - iddianın təmin edilməyən hissəsində ləğv edilsin, iddia tam təmin olunsun, uşağın xəstəliyi ilə bağlı əlavə xərcə görə cavabdehdən hər ay 300 manat aliment tutulsun. 8.Cavabdehin apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin, cavabdehin aylıq qazancının 1/5 hissəsi miqdarında aliment tutulsun. 9.Məhkəmə iclasında iştirak edən iddiaçı Züleyxa Əfəndiyeva və iddiaçının vəkili və nümayəndəsi Ilqar Qədirov iddiaçının apellyasiya şikayətinin əsaslı olduğunu, əks tərəfin apellyasiya şikayətinin isə əsassız olduğunu bildirdi. 10.Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh və cavabdehin vəkili və nümayəndəsi vəkil1 cavabdehin apellyasiya şikayətinin əsaslı olduğunu, əks tərəfin apllyasiya şikayətinin isə əsassız olduğunu bildirdi. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 11.Qətnamə uşağın saxlanması üçün hər ay cavabdehin qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutulmasına aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsində qeyd olunub ki, 1 uşağa görə hər ay valideynin qazancının və (və ya) başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutulur. 12.Cavabdehin başqa qadınla nikahından olan üç uşağa görə aliment tutulması barədə mediasiya prosesi nəticəsində barışıq sazişinin bağlanmasına münasibətdə məhkəmə qeyd edir ki, bu saziş hazırkı işdə alimentin miqdarının 1/5 hissə müəyyən edilməsinə əsas ola bilməz. Belə ki, birinci, üç uşaqdan biri - ##.##.2007-ci il təvəllüdlü Sədəf Məhəmmədova artıq yetkinlik yaşına çatıb, bununla da cavabdehin həmin uşağa görə aliment ödəmək öhdəliyinə xitam verilib. Ikinci, iddiaçı tərəf barışıq sazişinin hazırkı işdə alimentin miqdarının az müəyyən edilməsi məqsədilə formal bağlandığını bildirir. Barışıq sazişinin formal bağlandığını göstərilən halların məcmusu təsdiq edir: Birinci, barışıq sazişi bağlayan şəxslərin - cavabdeh ilə Elmira Magemodavanın nikahı rəsmi qaydada pozulmayıb, habelə onların münasibətləri də pozulmayıb, yəni onlar birlikdə yaşayır, uşaqları da onlarla birlikdə yaşayır. Ikinci, barışıq sazişi iddiaçının cavabdehə qarşı “atalığın müəyyən edilməsi barədə” iddia ilə məhkəməyə müraciət etməsindən qısa müddət sonra bağlanıb, yəni cavabdeh atalığın müəyyən edilməsindən sonra iddiaçının aliment tutulması barədə də iddia verəcəyini bildiyinə görə həmin barışıq sazişini bağlayıb. Üçüncü, barışıq sazişi məhkəmə qətnaməsi ilə təsdiq olunsa da, məcburi icraya yönəldilməyib, yəni cavabdehin əmək haqqından tutulma həyata keçirilmir. 13.Qətnamə uşağın xəstəliyinə görə əlavə xərcin ödənilməsi üçün hər ay cavabdehdən 100 manat tutulmasına aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, yuxarıda qeyd olunduğu kimi uşağa müddətsiz ikinci dərəcəli əlillik təyin olunub, orqanizmin funksiyasının 80 faiz pozulması müəyyən edilib, diaqnozu “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Orta kəmağıllıq. IQ-40” kimi göstərilib. Iddiaçı uşağın müayinəsi və müalicəsinə xərc çəkdiyi təsdiq edən sübutları məhkəməyə təqdim edib. Odur ki, əlavə xərcin ödənilməsi üçün cavabdehdən hər ay 100 manat tutulması Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinin göstərişinə uyğun sayılır. 14.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Iddiaçı Züleyxa Əfəndiyevanın apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-6)-864/2026
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-864/2026
03.04.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver