Məhkəmə qərarları › İş №2(3-6)-877/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-877/2026

24.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-877/2026 24.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X7 və X3 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 yanvar 2026-cı il tarixli, 2(006)-5863/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 may 2025-ci il tarixli, 2(006)-1574/2025 nömrəli qətnaməsi ilə Cavabdeh xeyrinə tutulmuş alimentin miqdarının azalaraq, ondan Cavabdeh xeyrinə iki uşağın saxlanması üçün qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 yanvar 2026-cı il tarixli, 2(006)- 5863/2025 nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.

3. Həmin qətnamədən İddiaçı apellyasiya şikayət verərək, qətnamənin ləğv edilərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.3. aliment alınması haqqındakı iddialarda — bir il ərzində ödəmənin məcmusu ilə. Maddə 361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə; 363.1.2. Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə. Maddə 363.2. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

5. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində rüsum ödənilməlidir. Maddə 8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində rüsum ödənilməlidir. Maddə 9.1. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar;

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

6. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsində “Ödəniş rüsumdan azaddır – aliment alınması barədə iddialar üzrə - iddiaçılar” qeydi aparılmış, sonradan iş materiallarına 20 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə qəbzin əsli əlavə olunmuşdur.

7. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, İddiaçı tələbi alimentin alınması ilə deyil, alimentin azaldılması ilə bağlıdır və bu növ iddialar üzrə qanunvericilikdə dövlət rüsumundan azad edilmə ilə bağlı hər hansı bir hal nəzərdə tutulmamışdır.

8. Azərbaycan Respublikası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda — bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

9. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 may 2025-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə X6 arasında xx.xx.2017-ci il tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 1032 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2018-ci il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X2 iddiaçı X5 yanında saxlanılması, xx.xx.2018- ci il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 08 yanvar 2025-ci il tarixdən başlayaraq cavabdeh İddiaçı X5 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.

10. İddia ərizəsinin məzmunundan göründüyü kimi, İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1574/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə Cavabdeh xeyrinə tutulmuş alimentin miqdarının azalaraq, ondan Cavabdeh xeyrinə iki uşağın saxlanması üçün qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdən həmin qurumda “fəhlə” vəzifəsində çalışır və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı vəzifə maaşı 400 manat təşkil edir.

12. Beləliklə hesablamalara əsasən iddianın qiyməti ümumilikdə 4308 manat təşkil edir. 492 manat (aliment məbləği) – 133 manat (aylıq vəzifə maaşının 1/3 hissəsi) = 359 manat x 12 (bir il ərzində ödəmənin məcmusu) = 4308 manat.

13. Bu halda iddia ərizəsi verilərkən ödənilməli olan dövlət rüsumunun məbləği 73,08 manat, apellyasiya şikayəti verilərkən ödənilməli olan dövlət rüsumunun məbləği 36,54 manat təşkil edir.

14. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün, qeyri-mümkün sayılmalı və iş materialları apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

15. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 yanvar 2026-cı il tarixli, 2(006)- 5863/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayət qeyrimümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar