Məhkəmə qərarları › İş №2(3-6)-899/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-899/2026

06.04.2026 · Əmək mübahisələri - Pensiyanın hesablanması tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-899/2026 06.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliynin tabeliyində Dövlət Sosial Müdafiə Fondu və Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) cavabdeh "İri şəhərlərin X4 Xidməti" X3rşı mülki iş (Açar sözlər: «ödənilməyən sığorta haqqının fərdi hesabına köçürülməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliynin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin və Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının nümayəndəsi nümayəndə1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliynin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:

1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu tərəfindən tərtib edilmiş sığortaolunanın hesabından 2006-cı ilin yanvar ayından 2024-cü ilin iyun ayınadək olan çıxarışdan müəyyən edilir ki, sığortaolunan İddiaçı məcburi dövlət sosial sığorta haqları 26.882,57 manat məbləğində hesablanmış, 24.432.88 manat məbləğində ödənilmişdir. Pensiya kapitalı 34.668,08 manat təşkil edir. Sığortaedən "xxxx" Açıq Səhmdar Cəmiyyəti DSMF PHŞ SSFU üzrə Mərkəzi filialında uçotdadır.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı İddiaçı cavabdeh "İri şəhərlərin X4 Xidməti" X3rşı məcburi sosial sığorta haqqının tutularaq pensiya kapitalına köçürülməsi tələbinə dair iddia ərizəsi, iddia tələbininin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək 2006-cı ilin yanvar ayından - 2024-cü ilin iyul ayına qədər əmək haqqından tutularaq pensiya kapitalına köçürülməmiş- 2449,69 manat məbləğində məcburi sosial sığorta haqqının cavabdehdən tutularaq şəxsi pensiya kapitalına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.

3. İddiada göstərilir ki, 2024-cü ilin iyul ayının 02-də "İri Şəhərlərin X4 Xidməti Publik Huquqi şəxsin Nəzarət ölçü cihazları İdarəsinin **-k saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsının "b" bəndinə əsaslanaraq ştat vahidinin ixtisar edilməsi səbəbi ilə xitam verilmişdir. Bundan sonra 2024-cü il #######ın #-də o, "İrı Şəhərlərın Bırləşmiş Su Təchizatı Xidməti Publik Huquqi şəxsə müraciət edərək, 2006 Yanvar-İyun 2024-cü illər arasında əmək haqqından tutulan məcburi dövlət sosial sığorta haqlarının onun fərdi şəxsı hesabına tam köçürülmədiyi ilə bağlı şikayət etmişdir. Belə ki, 2006-cı ilin Yanvar- 2024-cü il iyul arasında əmək haqqından 26882,57 manat məcburi sosial sığorta tutularaq hesablanmış, lakin pensiya kapitalına 24432,88 manat köçürülmüşdür. Hazıradək 2449,69 manat məbləğ ödənilməmişdir. Həmin müraciətinə cavab olaraq 22 okytabr 2024-cü il tarixində ona bildirildi ki, işəgötürən maliyyə çətinlikləri səbəbindən məcburi dövlət sosial sığorta haqlarını tam şəkildə ödəniş edə bilməmişdir və hazırda bu ödənişlərin həyata keçirilməsi üçün tədbirlər görülür. Bununla da huquqlarının pozulması nəticəsində ona xeyli zərər dəymişdir. Bu cavab onu qane etmir. Maliyyə çətinlikləri səbəbilə qanun pozuntularına yol verilməsi qəbuledilməzdir. Azərbaycan Respublikası qanunvericiliyində işəgötürənin işçi qarşısında maliyyə öhdəliklərinin tam və vaxtında yerinə yetirilməsi məcburi olaraq tələb olunur. Beləliklə, Sosial sığorta haqlarının vaxtında ödənilməməsi təkcə onun cari hüquqlarını deyil, gələcək sosial müdafiə hüquqlarını da zədələyir. Bu hal onun pensiya təminatına mənfi təsir göstərə bilər. Bundan əlavə, işəgötürənin maliyyə çətinliklərini bəhanə gətirərək onun qanuni hüquqlarını təmin etməməsi ona mənəvi zərər vurmuş, dövlətə və işəgötürənə olan etibarını sarsıtmışdır.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Ayşən Sultanova-Məmmədova) iddia tələbinin təmin edilərək 2006- 2024-cü illər üzrə ödənilməmiş 2449,69 (iki min dörd yüz qırx doqquz manat altmış doqquz qəpik) manat məbləğində məcburi dövlət sosial sığorta haqqının cavabdeh "İri şəhərlərin X4 Xidməti" X5 tutularaq iddiaçı İddiaçı fərdi şəxsi hesabına köçürülməsi; ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin cavabdeh "İri şəhərlərin X4 Xidməti" X5 tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iddiaçı İddiaçı 2006-cı ildən 2024cü ilin iyul ayınına qədər "xxxx" Açıq Səhmdar Cəmiyyətində çalışmışdır. Onunla bağlanan əmək müqaviləsinə xitam verilmiş, lakin işçinin Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondununa ödənilməli olan sosial sığorta haqqı tam şəkildə ödəniməmişdir. Hazırda iddiaçı ödənilməmiş məcburi sosial sığorta haqqının ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir iddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu tərəfindən tərtib edilmiş sığortaolunanın hesabından 2006-cı ilin yanvar ayından 2024-cü ilin iyun ayınadək olan çıxarışdan müəyyən edilir ki, sığortaolunan İddiaçı məcburi dövlət sosial sığorta haqları 26.882,57 manat məbləğində hesablanmış, lakin 24.432.88 manat məbləğində ödənilmişdir. Göründüyü kimi, ümumilikdə 2449,69 manat sosial sığorta haqqı işəgötürən tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, 2006-2024-cü illər üzrə ödənilməmiş 2449,69 (iki min dörd yüz qırx doqquz manat altmış doqquz qəpik) manat məbləğində məcburi dövlət sosial sığorta haqqı cavabdeh "İri şəhərlərin X4 Xidməti" X5 tutularaq iddiaçı İddiaçı fərdi şəxsi hesabına köçürülməlidir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi izahatında Dövlət Sosial Müdafiə Fonduna 40 milyon borclarının mövcud olduğunu, iddia tələbi təmin edilsə belə, məbləğin ümumi borcdan silinəcəyini bildirsə də, məcburi dövlət sosial sığorta haqqının ödənilməməsi ilə bağlı qanunvericilikdə güzəşt və ya istisna hal nəzərdə tutulmamışdır. Cavabdehin nümayəndəsinin borclarının olması ilə bağlı qeyd etdiyi hal məcburi dövlət sosial sığorta haqqının ödənilməməsi üçün əsaslı hal hesab edilə bilməz. Məhkəmə hesab edir ki, ödənilmiş 50 (əlli) manat mediasiya xərci cavabdeh "İri şəhərlərin X4 Xidməti" X5 tutularaq iddiaçı İddiaçı ödənilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

6. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliynin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Uçot Üzrə Mərkəzi Filialı (nümayəndəsi nümayəndə1) apellyasiya şikayətində qətnamənin dəyişdirilməsini və məcburi dövlət sosial sığorta haqqına görə hesablanmış 2449,69 manat məbləğində pulun cavabdeh "İri şəhərlərin X4 Xidməti" X5 tutulması ilə bağlı yeni qətnamə qəbul edilməsini xahiş edib göstərir ki, hazırda məhkəmə mübahisəsinin predmetini iddiaçıya 2006-cı ilin yanvar - 2024-cü ilin iyul ayları arasındakı dövr ərzində əmək haqqından hesablanmış 26882.57 manat məbləğində məcburi dövlət sosial sığorta haqlarından 24432.88 manat məbləğinin fərdi şəxsi hesabına köçürülməsi halı təşkil edir. İddiaçı hesabına köçürülməyən 2449.69 manat məbləği ilə bağlı işəgötürənə müraciət etmişdir. ##.##.2024-cü il tarixində işəgötürən maliyyə çətinliklərinin olması səbəbindən məcburi dövlət sosial sığorta haqlarının tam şəkildə ödəyə bilmədiyini və hazırda sözügedən ödənişlərin köçürülməsi istiqamətində tədbirlər gördüyünü bildirmişdir. Araşdırma zamanı Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Sığorta” (Hesabat) altsistemində “Sığortaolunanın hesabı” bölməsində məcburi dövlət sosial sığorta haqlarının 26882,57 manat məbləğində hesablandığı, 24432.88 manat məbləğində ödənildiyi müəyyən edilmişdir. Aparılan islahatlar çərçivəsində fərdi uçot sisteminin sağlamlaşdırılması məqsədilə 2020-ci il tarixindən etibarən 2006-2016-cı illər üzrə “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”lara (Forma B1, B2) uyğun təqdim edilməyən məlumatların təqdim edilməsi və vaxtilə sığortaolunanların məlumatlarının düzgün qeyd edilməməsi səbəbindən “Bölüşdürülməmiş” və “FİN-ləşməmiş” hesablar bölümündə əks olunan məlumatlarda yaranmış uyğunsuzluqlar aradan qaldırılmış və ödənilmiş sosial sığorta haqlarının sığortaolunanların fərdi şəxsi hesablarına işlənilməsi təmin edilmişdir. Sığortaolunanlara Nazirliyin e-sosial.azportalında qeydiyyatdan keçməklə fərdi şəxsi hesabında əks olunan məlumatlarını real vaxt rejimində izləmək və həmin məlumatlara dair elektron arayışları əldə etmək, habelə “Şəxsi Kabinet” bölməsinin “Sosial sığorta ödəmələri” pəncərəsinə daxil olaraq, sosial sığorta ödəmələri ilə bağlı haqq-hesab cədvəllərinin emal vəziyyəti (icrada olması, geri qaytarılması və ödənişə göndərilməsi), məcburi dövlət sosial sığorta haqları hesabına ödənilmiş müavinət məbləğləri barədə məlumatları real vaxt rejimində izləmək imkanı təqdim edilmişdir. Məcburi dövlət sosial sığorta haqqı qanunla müəyyən edilmiş dövlət ödənişidir və Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Qeyd edək ki, bununla bağlı qanunvericilikdə güzəşt və ya istisna hal nəzərdə tutulmamışdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliyə əsasən 2019-cu ilin # ###### tarixindən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət Dövlət Vergi Xidmətinə həvalə edilmişdir. Bununla bağlı qeyd edir ki, iddiaçının iddia ərizəsində qeyd olunan halların icrası Fondun Sosial Sığorta və X1 Mərkəzi Filialının səlahiyyətlərinə aid olması, iş üzrə Fondun deyil, həmin filialın üçüncü şəxs qismində işə cəlb olunmasını zəruri edir. Həmçinin, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanunun 10.2.1-1-ci maddəsinə əsasən istinad edərək bildirir ki, ödənilən məcburi dövlət sosial sığorta haqlarının qanunvericilikdə məcburi dövlət sosial sığorta haqqının konkret şəxslərə münasibətdə ödənilməsi nəzərdə tutulmadığı və Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin müvafiq altsistemlərinin qanunvericiliyin tələbinə uyğun tənzimləndiyi üçün sığortaedən tərəfindən ödəniləcək məbləğin avtomatlaşdırılmış qaydada qurumda çalışmış və məcburi dövlət sosial sığorta haqları tam ödənilməyən bütün sığortaolunanlar arasında bölüşdürüləcəkdir. Bu səbəbdən, iddiaçının tələb etdiyi 2449.69 manat məbləğinin məhkəmə qətnaməsində qeyd olunduğu kimi sığortaedən tərəfindən sırf İddiaçı fərdi şəxsi hesabına köçürülməsi mümkün olmayacaqdır. Bu isə öz növbəsində məhkəmə qətnaməsinin icrasının təmin edilməsində maneələr yaradır. Belə ki, “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ###### 2021-ci il tarixli ** nömrəli qərarında qeyd olunmuşdur ki, “... birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmənin qərarının daha sonra yuxarı instansiya (apellyasiya və ya kassasiya) məhkəmələri tərəfindən dəyişdirilməsinə və ya ləğv edilərək yeni qərar çıxarılmasına baxmayaraq, hər bir halda məhkəmənin yekun aktının icrası ilə bağlı hərəkətlər birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmə tərəfindən həyata keçirilməlidir. Müvafiq olaraq məhkəmə aktının qanuni qüvvəyə mindiyi və ya icraat materiallarının (apellyasiya və kassasiya şikayəti verilmiş işlər üzrə) məhkəməyə daxil olduğu gündən sonra birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmələr təxirə salınmadan məhkəmə qərarının icrasını təmin etməyə yönəlmiş vəzifələrini həyata keçirməlidirlər. Bu, həmin məhkəmələrin xidməti vəzifəsinə görə (ex officio) yerinə yetirməli olduğu borcunu təşkil edir.” Sözügedən hallar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmamış və əsassız qətnamə çıxarılmışdır.

7. Apellyasiya şikayətini “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanunun 1.1.2, 9.2.1, 10.2.1-1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

8. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliynin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının nümayəndəsi nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin dəyişdirilməsini və məcburi dövlət sosial sığorta haqqına görə hesablanmış 2449,69 manatın cavabdeh "İri şəhərlərin X4 Xidməti" X5 tutulması ilə bağlı yeni qətnamə qəbul edilməsini xahiş etdi.

9. Məhkəmə iclasında iddiaçı İddiaçı isə 2449,69 manat pulun köçürüləcəksə, elə fərdi şəxsi hesabına köçürülməsini və bu səbəbdən də apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

10. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh cavabdeh "İri şəhərlərin X4 Xidməti" QSC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

11. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

Maddə 12, 1-ci hissəsinin "j" bəndi. İşçilərin qanunla müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta haqlarının vaxtında və tam həcmdə ödənilməsini təmin etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. Maddə 304.1. Sosial sığorta - müvafiq normativ hüquqi aktlarda nəzərdə tutan hallarda işçilərin əmək münasibətləri prosesində itirdikləri gəlirlərinin - əmək haqlarının, əmək haqqına əlavələrin, başqa ödənclərin, həmçinin digər xərclərin müəyyən olunmuş qaydada və məbləğdə əvəzinin ödənilməsi, habelə onların itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Maddə 304.2. İşəgötürən hər bir işçini onunla əmək müqaviləsi bağladığı zaman "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta olunmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin məcburi dövlət sosial sığorta olunması, o cümlədən onun əlavə sığorta olunubolunmaması barədə müvafiq məlumatlar mütləq göstərilməlidir.

12. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunu:

Maddə 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Maddə 1.0.17. sosial sığorta ehtiyatı - sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabın sığorta hissəsinə və idarəetmə xərclərinə yönəldilən hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğdə formalaşdırılan, əmək pensiyalarının bu Qanunda müəyyən olunmuş əmək pensiyasının minimum məbləğinə çatdırılması, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlər və digər ödəmələr üzrə xərclərin maliyyələşdirilməsinə yönəldilən, istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan və ilin sonuna istifadə edilməmiş qalığı növbəti ilə keçən vəsaitdir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

13. «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanunu:

Maddə 2. Sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. Maddə 9. Sığortaçının vəzifələri aşağıdakılardan ibarətdir:özünün müntəzəm ödəmə qabiliyyətini təmin edən tədbirlər görmək; sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək; Maddə 9-1.1. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Maddə 10. Sığortaedənlərin vəzifələri aşağıdakılardır: müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək; Maddə 11.Sığortaolunanların hüquqları aşağıdakılardır: onları məcburi dövlət sosial sığortası üzrə sığorta etməyi sığortaedəndən tələb etmək; sosial sığorta ödəmələrinin vaxtında verilməsini tələb etmək; sosial sığorta ödəmələri təyin edilərkən sığortaçıdan və ya sığortaedəndən özünün sığorta stajı barədə məlumat almaq. Maddə 14.2. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Maddə 14.2. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Maddə 14.3. Bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: 14.3.1. sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi; 14.3.2. sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi. Maddə 18. Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı: məcburi dövlət sosial sığorta vəsaitlərini idarə edir; bu Qanunun tətbiqi ilə əlaqədar izahatlar verir və səlahiyyəti daxilində normativ aktlar qəbul edir;

14. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1. dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) – Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq əmək pensiyası və sosial müdafiə sahəsində digər hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunana dair bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulan məlumatların uçotunun təşkili və aparılması; 1.1.2. fərdi şəxsi hesab – hər bir sığortaolunana sığortaçı tərəfindən sosial sığorta nömrəsi ilə açılan, fərdi uçot məlumatlarının əks olunduğu hesab; 1.1.3. sosial sığorta nömrəsi (SSN) – sığortaçı tərəfindən sığortaolunana verilən daimi (dəyişməz) nömrə. Maddə 3.0. Fərdi uçot aşağıdakı prinsiplər əsasında təşkil edilir: 3.0.1. dövlət sosial sığorta sistemində sığortaolunanlar haqqında məlumatların uçota alınmasının ümumi və məcburi olması; 3.0.2. hər bir sığortaolunanın özü barəsində sığortaçıda olan fərdi uçot məlumatlarını əldə etməsi; 3.0.3. sığortaolunanlar barədə məlumatlardan əmək pensiyası təyinatı və qanunvericilikdə nəzərdə tutulan digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün istifadə olunması; 3.0.4. bu Qanunun 2.0.1-ci maddəsində nəzərdə tutulan informasiya bazasından sığortaçının razılığı olmadan digər məqsədlər üçün istifadənin yolverilməz olması; 3.0.5. sığortaolunanın dövlət sosial sığorta sistemində uçota alındığı vaxtdan fərdi uçotun həyata keçirilməsi. Maddə 4.1. Fərdi uçot sığortaçı tərəfindən elektron qaydada aparılır. Maddə 8.1. Sığortaolunan aşağıdakı hüquqlara malikdir: 8.1.2. özü haqqında fərdi uçot məqsədləri üçün sığortaedənin sığortaçıya təqdim etdiyi məlumatları sığortaçıdan, bu Qanunun 5.2.11-ci və 5.2.12-ci maddələrinə münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) və ya sığortaedəndən almaq; 8.1.3. fərdi şəxsi hesabında əks olunan məlumatlarla razı olmadıqda, həmin məlumatların dəqiqləşdirilməsi barədə sığortaçıya, bu Qanunun 5.2.11-ci və 5.2.12ci maddələrində nəzərdə tutulmuş məlumatlara münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və ya sığortaedənə müraciət etmək; Maddə 9.2. Sığortaedənin aşağıdakı vəzifələri vardır: 9.2.1-ci maddə sığortaolunanların fərdi şəxsi hesabına daxil edilməli olan məlumatları sığortaçıya, bu Qanunun 5.2.11-ci və 5.2.12-ci maddələrində nəzərdə tutulmuş məlumatları isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) bu Qanuna və "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən tam və düzgün təqdim etmək. Maddə 10.2 və 10.2.1-1. Sığortaedən tərəfindən təqdim edilmiş siyahıya uyğun olaraq ödənilmiş məcburi dövlət sosial sığorta haqqını sığortaolunanlar üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqına münasibətdə proporsional bölüşdürərək fərdi şəxsi hesablarda qeydə almaq sığortaçın vəzifələrindən biridir.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz.

17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ####### 2020-ci il tarixli **/**** nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

19. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin nəticə hissəsinin 3-cü şəxsin istəyinə uyğun olmaması (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

20. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

21. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

22. Belə ki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddia tələb(lər)inin qanuni əsası kimi “Sosial sığorta haqqında” Qanunun 10 və 11-ci maddələri nəzərdə tutulduğundan iddiaçı bu iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

23. “Sosial sığorta haqqında” Qanunun 10-cu maddəsinə əsasən cavabdehin sığortaedən kimi müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək vəzifəsi olmuşdur. Ancaq işin mübahisəsiz halı kimi, üstəlik 3-cü şəxsin verdiyi rəsmi mülahizədən də (i.v.64-65) bəlli olur ki, iddiaçının 2006-cı ilin yanvar ayından 2024-cü ilin iyun ayınadək olan dövr ərzində iddiaçı-sığortaolunanın fərdi şəxsi hesabına cavabdeh-sığortaedən tərəfindən 2449.69 manat məcburi dövlət sosial sığorta ödəməsi aşkar edilməmişdir. Cavabdeh iddiaçıya maliyyə çətinlikləri səbəbindən məcburi dövlət sosial sığorta haqlarını tam şəkildə ödəniş edə bilmədiyini və hazırda bu ödənişlərin həyata keçirilməsi üçün tədbirlər görüldüyünü bildirib. Göründüyü kimi, cavabdehin yuxarıda qeyd olunan vəzifəsini yerinə yetirmədiyinə görə iddiaçı da sığortaolunan kimi “Sosial sığorta haqqında” Qanunun 11-ci və “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsində nəzərdə tutulan hüquqlarından istifadə edib və birinci instansiya məhkəməsi də haqlı olaraq onun iddiasını təmin etmişdir.

24. Buna baxmayaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliynin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsini və məcburi dövlət sosial sığorta haqqına görə hesablanmış 2449.69 manatın cavabdehdən tutulması kimi qət edilməsini xahiş edib göstərir ki, “Fərdi uçot haqqında” Qanunun 10.2.1-1-ci maddəsinə əsasən cavabdeh tərəfindən 2449.69 manat məbləğində ödənilməli olan məcburi dövlət sosial sığorta haqqı ödənildikdən sonra sığortaolunanlar arasında proporsional qaydada bölüşdürüldüyündən və məcburi dövlət sosial sığorta haqlarının sığortaolunanlar arasında fərdi qaydada bölüşdürülməsi qanunvericilikdə nəzərdə tutulmadığından hazırkı qətnamə dəyişdirilməlidir.

25. Əvvəla, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanunun 10.2 və 10.2.1-1-ci maddəsində həqiqətən sığortaedən tərəfindən təqdim edilmiş siyahıya uyğun olaraq ödənilmiş məcburi dövlət sosial sığorta haqqını sığortaolunanlar üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqına münasibətdə proporsional bölüşdürərək fərdi şəxsi hesablarda qeydə almaq sığortaçının vəzifələrindən biri kimi nəzərdə tutulmuşdur (# #### 2022-ci il tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, ## ###### 2022-ci il “Azərbaycan” qəzeti ## ###### 2022-ci il, № ***, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №*, maddə 834) ilə yeni aşağıdakı məzmunda 10.2.1-1-ci maddə əlavə edilmişdir). Ancaq sığortaçının belə bir vəzifəsinin olması o demək deyil ki, hazırkı işdə olduğu kimi konkret məhkəmə qətnaməsinə əsasən qət olunan məcburi dövlət sosial sığorta haqlarının sığortaolunan-iddiaçının fərdi şəxsi hesabına köçürülə bilməz. Başqa sözlə, cavabdeh tərəfindən konkret iddiaçıya münasibətdə 2449.69 manat məbləğində ödənilməli olan məcburi dövlət sosial sığorta haqqı digər sığortaolunanlara aid olmadığından onlar arasında proporsional qaydada bölüşdürülməsi də mümkün deyil. Çünki 2449.69 manatın sırf tərəflər arasında yaranmış məhkəmə mübahisəsinin nəticəsinə görə iddiaçının fərdi şəxsi hesabına köçürülməsi qət olunub. Ona görə də məhz bu məbləğin digər sığortaolunanlara heç bir aidiyyəti olmamalıdır. Demək ki, sığortaedən tərəfindən təqdim edilmiş siyahıya uyğun olaraq ödənilmiş məcburi dövlət sosial sığorta haqqını sığortaolunanlar üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqına münasibətdə proporsional bölüşdürərək fərdi şəxsi hesablarda qeydə almaq sığortaçının vəzifələrindən biri kimi nəzərdə tutulması mübahisə yaranmayan hallara aiddir. Başqa sözlə, sığortaçı sığortaedən tərəfindən təqdim edilmiş siyahıya uyğun olaraq ödənilmiş məcburi dövlət sosial sığorta haqqını sığortaolunanlar üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqına münasibətdə o zaman proporsional bölüşdürərək fərdi şəxsi hesablarda qeydə almaq vəzifəsini icra etməli olacaq ki, sığorta edən məcburi dövlət sığorta haqqını könüllü ödəsin və sığortaolunanların siyahısını təqdim etsin. Lakin qeyd olunduğu kimi bu hallar məhkəmə aktı ilə ilə həll edilən münasibətlərə aid deyil.

26. Bundan əlavə, sığortaedənlər haqqında məlumat bazası olan Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsistemində cavabdehin Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları üzrə 40 milyon manat məbləğində borcunun olması da heç nəyi dəyişmir. Çünki hazırkı iş üzrə olan qətnamə qanuni qüvvəsini alacağı təqdirdə cavabdeh tərəfindən məhz qətnamənin icrası ilə əlaqədar ödəniləcək vəsait iddiaçının fərdi hesabına ödənilməlidir. Ona görə də bu qətnamə ilə qət edilən məbləğ müvafiq dövrdə verilmiş hesabatlara uyğun olaraq sığortaedənlə işləyən bütün sığortaolunanlar arasında proporsional qaydada bölünə bilməz. Çünki qətnamə ilə qət edilən 2449.69 manatın sığortaedənlə işləyən digər sığortaolunanlara heç bir aidiyyəti yoxdur.

27. Məhkəmə tərkibi xüsusilə vurğulayır ki, cavabdeh sığortaedən tərəfindən məhkəmə qətnaməsinə əsasən ödəniləcək 2449.69 manatın sığortaçı (Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin Sosial Sığorta və X1 Mərkəzi Filialı) tərəfindən müvafiq dövrdə verilmiş hesabatlara uyğun olaraq sığortaedənlə işləyən bütün sığortaolunanlar arasında proporsional qaydada bölüşdürüləcəyi barədə şikayətin dəlilləri o anlama gəlir ki, sığortaçı “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanunun 10.2 və 10.2.1- 1-ci maddəsində nəzərdə tutulan vəzifəsi ilə məhkəmə qətnaməsinin icrası ilə əlaqədar yaranacaq vəzifəsini bir-birindən fərqləndirə bilmir yaxud məhkəmə qətnaməsinin icrası ilə əlaqədar yaranacaq vəzifəsinin əhəmiyyətini azaldır və ya məhkəmə qətnaməsinin icrasının onun üçün daha məcburi olacağını unudur. Ona görə də Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və X1 Mərkəzi Filialı bu iş üzrə qətnamənin qanuni qüvvəsini alıb icra olunarkən növbəti inzibati mübahisəyə səbəb olacaq hərəkətdən (hərəkətsizlikdən) çəkinməlidir.

28. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

qət e t d i:

Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar