Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-990/2026 06.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Cavabdeh Cavabdeh Vahid oğlunun iştirakı ilə, İddiaçı X5 cavabdeh Cavabdeh Vahid oğluna qarşı “alimentin təyin edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2026cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh Vahid oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları: İddiaçı X5 ilə cavabdeh Cavabdeh Vahid oğlunun qeyri-rəsmi nikahından ##.##.2015-ci il təvəllüdlü X3 və ##.##.2013-cü il təvəllüdlü X4 doğulmuşdur. Tərəflərin münasibətləri pozulduğundan birlikdə yaşamırlar. Uşaqlar analarının yanındadırlar. Hazırda iddiaçı cavabdehdən aliment məbləğinin tutulmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı X5 cavabdeh Cavabdeh Vahid oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən, cavabdehdən X4 və X3 məqsədilə hər ay hər birinə 250 (iki yüz əlli) manat olmaqla, ümumilikdə 500 (beş yüz) manat sabit pul məbləğində alimentin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 2011-ci ilin avqust ayında Xaçmaz rayonunda tanış olmuşdur. Həmin dövrdə Xaçmazda yaşayırdı, cavabdeh isə Xaçmaz rayon FHN-də işləyirdi və qonşuluğunda kirayə qalırdı. Bir müddət tanışlıqdan sonra cavabdehlə dini nikaha (kəbin) girdikdən sonra birlikdə yaşamağa qərar vermişlər. Cavabdehin ailəli olduğunu bilirdi. Onlar 1-2 ay kirayədə yaşadıqdan sonra ona məxsus olan evinə köçmüşlər və orda yaşamağa davam etmişlər. Cavabdeh həftənin 5 günün onun yanında həftə sonları 2 günü öz ailəsinin yanında qalırdı. ## ###### 2013-cü il tarixində onların oğlu Cavad, ## ######## 2015ci il tarixdə qızı Zəhra dünyaya gəlmişdir. Cavabdehin ailəsində həyat yoldaşından başqa hər kəs onu və övladını bilirdi və müsbət qarşılayırdı. Hətta dəfələrlə cavabdehin atası onu öz evinə qonaq çağırıb və orda gedib qalmışdır. 2016-2017-ci illərdə cavabdeh işi ilə əlaqədar Xaçmazdan Neftçala şəhərinə köçmüş və onlar da özü ilə apardı. Lakin hava şəraiti çox isti olduğu üçün uşaqlara uyğun olmadı o, uşaqlarıyla 10 gündən sonra Xaçmaza geri dönmüşdür. 2017-ci ildən sonra cavabdeh onlara ayda 100 manat göndərərək dolanmağa kömək etmişdir, ara sıra özü də uşaqların yanına gəlirdi. Bu vəziyyət 2 il davam etdi, sonradan pul göndərməkləri dayandırdı. İmkanının olmadığını və onlara maddi kömək edə bilməyəcəyini dedi. O müddətdə o, körpə övladlarını anasının himayəsində qoyub meyvə bağlarında meyvə yığmaqla məşğul idi, ordan aldığı maaş və anasının pensiyası ilə dolanırdı. Sonra vəziyətin çətinləşdiyini gördükdə Xaçmazda iş tapa bilmədiyi üçün 2021-ci ildə övladları və anası ilə birlikdə Bakıya köçmüşlər. Hal hazırda da Bakıda yaşayır. Bu müddət ərzində yəni 2020-ci ildən cavabdeh tərəfindən hər hansı bir maddi dəstək göstərməmişdir. Dəfələrlə vəziyyətinin pis olduğu zaman ona zəng edərək uşaqlar üçün köməklik istəmiş lakin işləmədiyini onlara dəstək göstərə bilməyəcəyini bildirmişdir. Maddi vəziyyəti övladlarına baxmağa, onların inkişafına dəstək verməyə yetmədiyi üçün cavabdehdən aliment tutulması ilə bağlı müraciət etmək məcburiyyətində qalmışdır. ##.##.2025-ci il tarixdə Bakı ** saylı Mediasiya Təşkilatında mediasiya proseduru aparılaraq arayış verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, ##.##.2015-ci il təvəllüdlü X3 və ##.##.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ##.##.2025-ci il tarixdən başlayaraq Cavabdeh Vahid oğlundan hər ay hər bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,625 misli, ümumilikdə 1.25 misli həddində sabit pul məbləğində alimentin tutularaq X5 ödənilməsi, iddiaçının mediasiya xərci kimi ödədiyi 60 (altmış) manatın əvəzi cavabdeh Cavabdeh Vahid oğlundan iddiaçı X5 xeyrinə tutulması, cavabdeh Cavabdeh Vahid oğlundan 80 (səksən) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi və alimentin tutulması hissəsində qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, qanunvericiliyin normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Alimentin miqdarına gəldikdə isə məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən Cavabdeh Vahid oğlu Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində yanğınsöndürən vəzifəsində işləyir, əmək haqqı 641.41 manat təşkil edir. Məhkəmə eyni zamanda onu da qeyd etmişdir ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Məhkəmə qanunla müəyyən edilmiş, uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, iddia tələbini, uşaqların yaş həddini, diqqətəlayiq olan digər halları əsas tutaraq, həmçinin, Plenum qərarı əsasında formalaşmış mövqeyi nəzərə alaraq hesab edir ki, aliment sabit pul məbləğində təyin edilməli və hər uşağa görə 2025-ci il üzrə minimum əmək haqqının 0.625 misli həddində müəyyən edilməlidir Məhkəmə hesab etmişdir ki, uşaqların iddiaçının himayəsində qalmaları, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən cavabdehdən tutulmasına əsasdır. Məhkəmə hesab etmişdir ki, ##.##.2015-ci il təvəllüdlü X3 və ##.##.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün cavabdeh Cavabdeh Vahid oğlundan sonrakı artımlar nəzərə alınmaqla hər ay hər bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (iddia ərizəsinin verildiyi 2025-ci il üçün minimum aylıq əmək haqqının məbləği 400 manat müəyyən edilmişdir) 0,625 misli həddində (400 x 0,625 = 250 manat) sabit pul məbləğində alimentin tutulması hər iki tərəfə münasibətdə ədalətli və ağlabatandır. Məhkəmə qeyd etmişdir ki, iddiaçı müvafiq iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Ona görə alimentin tutulması həmin tarixdən hesablanmalıdır. Qətnamədən cavabdeh Cavabdeh Vahid oğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ##.##.2015-ci il təvəllüdlü X3 və ##.##.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşağa görə 120 manat və ya hər uşağa görə minimum əmək haqqının 0,30 misli həqqində sabit pul məbləğində aliment tutularaq X5 ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsində icraat: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin mübahisələndirilməyən halı odur ki, iddiaçı ilə qeyri-rəsmi nikahından 2, rəsmi ailəsindən daha 3 övladı var, o cümlədən yaşlı və onkoloji xəstəlikdən əziyyət çəkən anası var, anasına da o baxır. Ümumilikdə 5 uşağının olması faktı alimentin miqdarı müəyyən edilərkən nəzərə alınmalı idi. Hesab edir ki, məhkəmə maddi hüquq normalarını işin hallarını nəzərə almadan birmənalı tətbiq etmişdir. Belə ki, uşaqların yaşayış minimumuna görə onların xərcləri hazırda 246 manat müəyyən edilmişdir. Qanunvericilik demir ki, uşaqların yaşayış minimumu olan 246 manat mütləq şəkildə atadan alınmalıdır. Düzdür uşaqlara baxmaq valideynlərin borcudur, lakin hər iki valideynin borclu olması nəzərdə tutulub. Hazırda uşaqlarına baxmamaq kimi fikri yoxdur, lakin həqiqətən də maddi vəziyyəti çox aşağıdır, ona görə ondan asılı olmayan səbəblərdən qətnamə ilə müəyyən olunan məbləği ödəmək onun imkanları xaricindədir. Yalnız əmək haqqına uyğun olaraq hər uşağa görə 120 manat ödəyə bilər ki, bu da rəsmi gəlirinə münasibətdə 2 uşağa görə əmək haqqının üçdə birindən çox edir. Elektron sistemdən də məhkəmə məlumat əldə edə bilər ki, aylıq əmək haqqı 641,41 manat təşkil edir. Məhkəmənin müəyyən etdiyi 500 manat aliment və dövlət rüsumu xərcləri (80 AZN) çıxıldıqdan sonra onun ixtiyarında cəmi 61,41 manat vəsait qalır. Bu məbləğlə nəinki digər 3 övladını saxlamaq, hətta özünün minimum yaşayış ehtiyaclarını təmin etmək qeyri-mümkündür. O cümlədən qeyd edir ki, hazırda səhhəti ilə bağlı ciddi problemləri var və bu, əlavə xərclər tələb edir. Məhkəmə bu halın gəlirlərinə və ödəmə qabiliyyətinə təsirini araşdırmadan maksimum həddə aliment təyin etmişdir. Məhkəmə qeyd etmişdir ki, aliment valideynin öz ehtiyaclarına mane olsa belə ödənilməlidir. Lakin nəzərə almamışdır ki, qanunvericiliyini tələbinə əsasən aliment məbləği təyin edilərkən tərəflərin diqqətəlayiq olan halları nəzərə alınmalıdır. Belə ki, Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsəasən məhkəmə aliment tutarkən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Bundan başqa məhkəmənin nəzərinə çatdırır ki, alimentin tutulmasında məqsəd uşaqların əvvəlki həyat səviyyəsinin təmin edilməsidir. İndiki halda isə iddia ərizəsindən də görünür ki, imkanı olmadığı səbəbindən uşaqlara uzun müddətdir yardım edə bilmir və ondan tutulmalı olan alimentin məbləğinin azalması halında uşaqların təminatında hər hansı azalma olmayacaqdır. Məhkəmənin diqqətinə çatdırır ki, hazırda 641 manat əmək haqqı alır və bunu 5 uşağa görə nəzərə alanda hər uşağa görə 120 manat aliment verə bilər. Məhkəmə onun gəlirinin 641.41 manat olduğunu müəyyən etsə də, bu gəlirin 500 manat hissəsinin (yəni, 78 faizinin) alimentə yönəltməsinin onun digər 3 övladının və özünün yaşayışına necə təsir edəcəyini araşdırmamışdır. Bu, işin hallarının natamam araşdırılması deməkdir. Məhkəmə iddiaçının uşaqların xərcləri ilə bağlı arqumentlərini əsas götürdüyü halda, onun xəstəliyi ilə bağlı verdiyi izahatı və bu xəstəliyin gəlir toplamaq qabiliyyətinə təsirinə hüquqi qiymət vermədən kənarda qoymuşdur. Bu, tərəflərin çəkişmə və bərabərlik prinsipinin pozulmasıdır. Prosessual baxımdan məhkəmənin gəldiyi nəticə onun müəyyən etdiyi faktlarla ziddiyyət təşkil edir. Məhkəmə həm rəsmi gəlirinin azlığını müəyyən edir, həm də onu bu gəlirlə ödənilməsi qeyri-mümkün olan məbləğlə yükləyir. Bir qərarın icrası fiziki və maddi olaraq qeyrimümkündürsə, həmin qərar prosessual baxımdan əsaslı sayıla bilməz. Hazırki halda isə hesab edir ki, məhkəmə tərəfindən düzgün araşdırma aparılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, hüquq normaları da düzgün tətbiq edilməmiş, iddia tələbinin əsasını təsdiq edən hallar sübuta yetirilməmiş və nəticədə qanunsuz, əsassız, ədalətdiz və qeyri-obyektiv qətnamə qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş iddiaçı Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə tam yoxlanılmalıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası:
17. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər. Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır. 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.
Ailə Məcəlləsi:
75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
“Uşaq hüquqları haqqında” Qanun:
13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
19. Valildeynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir.
“Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2016-cı il tarixli Qərarı.
“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2016-cı il tarixli Qərarı.
“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024cü il tarixli, ** nömrəli qərarı.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 112.1.3-cü maddəsınə görə aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə aid edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
“Dövlət rüsumu haqqında” Qanun:
9.1.2-ci maddəsinə əsasən iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən dövlət mədaxilinə tutulmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək qətnamə dəyişdirilməklə, hər uşaq üçün hər ay alimentin miqdarı sonrakı artırmalar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində məbləğində müəyyən edilməlidir. Məhkəmə Kollegiyası ilk olaraq qeyd edir ki, hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüquqi vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcud qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafelərinin daha üstün tutulmasını imperativ olaraq göstərir. Valideynin uşağı saxlamaq vəzifəsi Ailə Məcəlləsində imperativ olaraq nəzərdə tutulmuşdur. Həmçinin, valideynlər uşağın tərbiyəsinə, sağlamlığına və onun psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar (AM-nin 58.2-ci maddəsi). Valideynlərin bu vəzifələrinin yerinə yetirilməsində isə uşağın maddi cəhətdən təmin olunması xüsusi rol oynayır. Ona görə də, maddi durumu imkan verdiyi halda, uşağın saxlanılması üçün valideyndən tutulan alimentin məbləği məhkəmə tərəfindən elə həddə müəyyən edilməlidir ki, bu valideynin uşağı saxlamaq vəzifəsinə, habelə uşağın sağlamlığına, onların psixi, fiziki, mənəvi inkişafına dair məsuliyyət həddinə mütənasib olsun. Məhkəmə Kollegiyası həmçinin qeyd edir ki, alimentin tutulmasının əsas məqsədi uşağın maddi təminatının, tərəflərin maddi vəziyyəti və digər hallar nəzərə alınmaqla, yüksək səviyyədə saxlanılması, habelə onun hüquq və mənafelərinin qorunmasına xidmət edir. Məhkəmə Kollegiyası hesab edir ki, cavabdeh bir ata kimi övladlarının qayğısına qalmalı, onları zəruri vəsaitlə təmin etməli, onların təminatını əvvəlki kimi yüksək saxlamalı və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməlidir. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də uşaqların tələbatını təmin etməlidir. Alimentin məbləğinə münasibətdə isə Məhkəmə Kollegiyası aşağıdakıları qeyd edir. Qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Bu baxımdan kollegiya, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin hər uşaq üçün, hər ay 200 manat sabit pul məbləğində müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir. Belə ki, birinci instansiya məhkəməsi alimentin miqdarının məhkəmə tərəfindən müəyyən edilməsi ilə bağlı hissəsi üzrə gəldiyi qənaətinin əsaslandırmasında tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməli olmasını göstərsə də, bu zaman iddiaçının bununla bağlı tələbinin əsası kimi istinad etdiyi hallara, eləcə də cavabdehin aylıq qazancına münasibətdə obyektiv yanaşmayaraq düzgün qiymət verməmiş, cavabdehin hazırda 641.41 manat əmək haqqı alması nəzərə alınaraq işin faktiki hallarına hazırki ailə və maddi durumu baxımından yanaşmamışdır. Məhkəmə Kollegiyası göstərilən qənaətə gələrkən nəzərə alır ki, yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır. -Təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşaqların hüquq və mənafeləri birinci gözlənilməlidir. -Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, alimentin məbləği cavabdehdən hər ay, hər uşağa görə sabit pul məbləğində 200 manat olmaqla müəyyən edilməsi hazırki mübahisənin halları baxımından ağlabatan və ədalətlidir. Alimentin məbləğinin ödənməsində çətinlik çəkməsi barədə cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin kollegiya qeyd edir ki, bu hal onu ##.##.2015-ci il təvəllüdlü X3 və ##.##.2013-cü il təvəllüdlü X4 və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, hazırki vəziyyətdə tərəflərin faktiki nikahlarından doğulmuş uşaqların ananın yanında qalması və uşaqların günü gündən artan maddi tələbatının qarşılanması məhz ananın – cavabdehin üzərindədir. Məhkəmə Kollegiyası həmçinin “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək cavabdehin hər uşağa görə 120 manat ödəyə bilməsi barədə dəlillərini əsassız hesab edir. Bununla yanaşı Məhkəmə Kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli, ** nömrəli qərarının 8.4-1 bəndinə göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Göründüyü kimi hazırki vəziyyətdə sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən edildiyindən, Məhkəmə Kollegiyası hesab edir ki, hazırda cavabdehdən tutulmalı olan alimentin məbləği sonrakı artırmalar nəzərə alınmaqla minimum əmək haqqına münasibətdə müəyyən edilməlidir. Belə ki, iddiaçı 2025-ci il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmin il üzrə minimum əmək haqqı isə 400 manat müəyyən edilmişdir. Hazırda alimentin məbləği minimum əmək haqqı məbləğininin 400 manat müvafiq misli həddinə müəyyən edilməli olduğundan, Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehdən tutulmalı olan alimentin məbləği sonrakı artırmalar nəzərə alınmaqla hər uşaq üçün 2025-ci il üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin (200:400=0.50) mislində müəyyən edilməlidir. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək qətnamə dəyişdirilməklə iddiaçıdan tutulmalı olan alimentin məbləği ##.##.2015ci il təvəllüdlü X3 və ##.##.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edildiyindən, 64 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinin hesabına ödənilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası,
Qət etdi:
Cavabdeh Cavabdeh Vahid oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilsin. ##.##.2015-ci il təvəllüdlü X3 və ##.##.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ##.##.2025-ci il tarixdən başlayaraq Cavabdeh Vahid oğlundan sonrakı artımlar nəzərə alınmaqla hər ay hər bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli, ümumilikdə bir misli həddində sabit pul məbləğində aliment tutularaq X5 ödənilsin. Cavabdeh Cavabdeh Vahid oğlundan 64 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən şikayət verilə bilməz.