Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-1242/2026 14.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı İsmayıl oğlunun cavabdeh İsmayılova Şəlalə Hüseyn qızına qarşı iş üzrə (Açar sözlər: alimentin azaldılması) Hakimlər Məmmədov Tural Nurulla oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə X1 qızının katibliyi, İddiaçı İddiaçı İsmayıl oğlunun cavabdeh İsmayılova Şəlalə Hüseyn qızına qarşı alimentin miqdarının azaldılması tələbi barədə mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli *(*-***)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bərdə rayon İcra və Probasiya şöbəsinin ##.##.2026-cı il tarixli icraata başlamaq haqqında Qərarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı qətnaməsi ilə hər ay hər uşağa görə 190 manat olmaqla cəmi 380 manat alınaraq İddiaçı İsmayıl oğlundan tutulması qət edilmişdir .
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı İddiaçı İsmayıl oğlunun cavabdeh İsmayılova Şəlalə Hüseyn qızına qarşı alimentin miqdarının azaldılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə müəyyən edilmiş ##.##.2010-cu il təvəllüdlü Amin və ##.##.2010-cu il təvəllüdlü Nəzrin adlı uşaqlara görə tutulan alimentin miqdarının azaldılaraq hər ay hər uşağa görə 100 manat olmaqla cəmi 200 manat həddində müəyyən edilməsi və yaranmış aliment borcundan azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli *(***)-****/**** saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələbi təmin edilmişdir. ##.##.2010-cu il təvəllüdlü Amin və ##.##.2010-cu il təvəllüdlü Nəzrin adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cəmi 320 manat məbləğində alimentin ondan tutularaq Ş.H.İsmayılovaya verilməsi qət edilmişdir. Bakı şəhəri Binqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı qətnaməsi ilə Ş.H.İsmayılovanın iddiası qismən təmin olunaraq hər ay hər uşğa görə 190 manat olmaqla cəmi 380 manat artırılaraq ondan tutulması qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2014-cü il tarixli qətnaməsinə əsasən Ş.H.İsmayılovadan 55000 manat alınaraq ona verilməsi, eyni zamanda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2014-cü il tarixli qətnaməsinə əsasən X2 və Ş.H.İsmayılovadan müştərək qaydada 130 000 manat alınaraq ona verilməsi qət edilmişdir. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkdiyi zaman hazırki cavabdeh ona məxsus Bakı şəhərində yerləşən evi və avtomobili sataraq pulunu mənimsədiyini, ##.##.2025ci ildə azad olunduqdan sonra yaşayış yeri və işlə bağlı problemlərinin olduğunu, problemlərin başlıca səbəbinin cavabdehin onun əmlaklarını sataraq pulunu mənimsəməsi olduğunu qeyd etməklə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə müəyyən edilmiş ##.##.2010-cu il təvəllüdlü Amin və ##.##.2010-cu il təvəllüdlü Nəzrin adlı uşaqlara görə tutulan alimentin miqdarının azaldılaraq hər ay hər uşağa görə 100 manat olmaqla cəmi 200 manat həddində müəyyən edilməsi və yaranmış aliment borcundan azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Ağdam Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli *(*-***)-***/**** nömrəli qətnaməsi ilə (hakim M.Ş.Niftəliyev) iddia rədd edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı A.İ.Əliyevin iddiasının təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının azaldılması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin normalarında göstərilən əsaslardan heç biri mövcud deyildir. A.İ.Əliyevin tələbinin təmin olunması üçün istər Azərbaycan Respublikasının Ailə Məcəlləsinin normaları, istərsə də qanunvericiliyin digər normaları əsas ola bilməz. İddiaçı A.İ.Əliyevin tələbinin təmin olunması Amin və Nəzrin adlı azyaşlı uşaqların hüquqlarının pozulmasına gətirib çıxaracaqdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025- ci il tarixli *(***)- ****/**** saylı qətnaməsi çıxarıldıqdan sonra alimentin miqdarının azaldılmasına səbəb olan tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması barədə məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respuublikasının Konstitusiyasının 17-ci maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2, 49.3, 55.1, 55.2, 75.1, 75.4, 76, 101.2, 112.1-ci maddələrinə, MPM-nin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, kişi ilə qadın eyni hüquqları və azadlıqları olduğu halda məhkəmə bu tələbi pozaraq, onun müvafiq dövlət qurumunda işaxtaran şəxs kimi qeydiyyatda olduğunu, maddi imkanının buna yol verib-verməməsini nəzərə almayaraq ayrı-seçkiliyə yol verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2014-cü il tarixli qətnaməsinə əsasən cavabdeh İsmayılova Şəlalə Hüseyn qızından xeyrinə 55.000 (Əlli beş min) manat məbləğində pul tutulması qət edilmişdir. Həmçinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2014-cü iltarxili qətnaməsinə əsasən X2 və İsmayılova Şəlalə Hüseyn qızından müştərək qayda da 130.000 (yüz otuz min) xeyrinə tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırkı zamanadək cavabdeh Ş.İsmayılova ona bir qəpik də ödəməyib, pulları mənimsəyib. ƏN-nin PX-nin cəzaçəkmə müəssisəsində cəza çəkdiyi müddətdə cavabdeh Ş.İsmayılova tərəfindən Bakı şəhərindən alınmış və ona məxsus olan 2 (iki) mənzilini, 1 (bir) avtomobilini 185.000 manata satmışdır, bununla da onu pulsuz və evsiz qalmaq vəziyyətinə salmışdır. O, cəza çəkdiyi 2024-2025-ci illərdə tanışları və qohumlarının köməkliyi ilə, baxmayaraq ki cavabdehin ona 185.000 manat borcu olduğuna baxmayaraq, alimentə görə bacardığı qədər 600 (altı yüz) manat cavabdehin hesabına köçürmüşdür. O, ##.##.2025-ci il tarixdə cəzanın sonu ilə azad olunduqdan sonra onun ən mühüm problemlərdən biri yaşayış yeri ilə və işlə təmin edilməsi olub. Bu problemin ortaya çıxmasında başlıca səbəb cavabdeh Ş.İsmayılova ona məxsus əmlaklarını satıb, əldə olunan pulları mənimsəməklə, mənzillərinin sahəsinə və satışdan əldə olunan pulların sahəsində olan hüququnun itirilməsindən ibarətdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar olduğu barədə məlumat vermişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
12. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17, hissə II. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 34, hissə IV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
14. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
15. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir.
16. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *-*/**** nömrəli, ##.##.2016-cı il tarixli qərarı: Bənd 8.2. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112.1.3. İddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Hazırkı işdə iddia təmin edilmədiyindən, iddiaçı tərəfindən apellyasiya şikayətində qətnamə tam hissədə mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
21. İşdən görünür ki, tərəflərin uşaqlarının saxlanılması üçün təyin edilmiş aliment məbləği Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı icra vərəqi ilə hər ay hər uşağa görə 190 manat olmaqla, cəmi 380 manat artırılaraq iddiaçıdan tutulması qət edilmişdir. İddiaçı isə həmin aliment məbləğinin azaldılmasını xahiş etmişdir.
22. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.
23. Belə ki ailə qanunvericiliyinin tələblərinə əsasən, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
24. Kollegiya yuxarıda qeyd olunan ailə qanunvericiliyinə istinad edərək qeyd edir ki, hazırkı işdə iddiaçının ailə və və ya maddi vəziyyətinin dəyişməsi ilə əlaqədar hər hansı sübut məhkəməyə təqdim edilməmiş, iddiaçının şikayətinin əsası kimi göstərdiyi hallar iş materialları ilə öz təsdiqini tapmamışdır.
25. Kollegiya həmçinin qeyd edir ki, təyin olunmuş alimentin miqdarının azaldılması uşaqların mənafeyinə zidd olmaqla, onların əvvəlki təminatının daha aşağı səviyyəyə düşməsinə səbəb ola bilər. Bu hal isə uşaqların üstün maraqlarının təminatı baxımından yolverilməzdir.
26. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
27. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.
28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli *(*-***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.