Məhkəmə qərarları › İş №2(3-7)-181/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-181/2026

17.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(3-7)-181/2026 17.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı aliment öhdəliyindən azad olma tələbinə dair iş üzrə Gəncə Şəhər Məhkəməsinin 08 dekabr 2025-ci il tarixli 2(125)-6688/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixdən hesablanmaqla xx.xx.2020-ci il tarixdə anadan olmuş X1 üçün müəyyən edilmiş alimenti iddiaçı tərəfindən ödənilməsindən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, onunla Cavabdeh birgə nikahlarından xx.xx.2015-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X4 adlı iki uşaqları vardır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-930/2022 nömrəli qətnaməsinə əsasən xx.xx.2015-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün ondan hər ay hər uşaq üçün 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Daha sonra Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1021/2022 nömrəli qətnaməsinə əsasən onunla cavabdeh arasında olan nikah pozulmuş, birgə nikahdan xx.xx.2015-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X2 anaları Cavabdeh yanında saxlanmaları qət edilmişdir. xx.xx.2025-ci il tarixdə cavabdehlə qarşılıqlı razılığa əsasən xx.xx.2020-ci il tarixdə anadan olmuş X4 onun yanında yaşamağa başlamışdır. Hazırki dövrə qədər də azyaşlı Cavidan onunla yaşayır. O digər övladı Cavad üçün hər ay vaxtı-vaxtında təyin olunan alimenti ödəsə də, Cavidan onun yanında qaldığına, azyaşlı onun bütün maddi və mənəvi ehtiyaclarını özü qarşıladığına görə təyin olunan alimenti ödəmir. Cavabdeh bir ana kimi azyaşlı Cavidanın heç bir qayğısını çəkməməklə yanaşı ondan əsassız olaraq hesablanmış aliment borcunu tələb edir. Buna görə də o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavidanın onun yanında yaşamağa başladığı xx.xx.2025-ci il tarixdən bu yana hesablanmış aliment borcu silinməli və həmin uşağa münasibətdə aliment öhdəliyindən azad edilməlidir. Gəncə Şəhər Məhkəməsinin 08 dekabr 2025-ci il tarixli 2(125)-6688/2025 nömrəli qərardadı ilə (hakim Camal Quliyev) İddiaçı Cavabdeh qarşı «aliment öhdəliyindən azad olma» tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan İddiaçı şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin mövqeyi ilə tam razı deyildir və hesab edir ki, məhkəmə maddi hüquq normasının tətbiqinə səhvə yol vermişdir. Belə ki, məhkəmə iddia tələbini düzgün müəyyən etməmişdir. O, oğlu Cavidanın 31 mart tarixindən onun yanında qalmasına görə aliment öhdəliyindən azad olunması tələbini irəli sürmüşdür. Məhkəmə isə hesab etmişdir ki, o, iddia aliment borcunun silinməsi barədə tələb irəli sürmüşdür. Buna görə də məhkəmə iddia tələbini düzgün müəyyən etməmiş və maddi hüquq normasını pozaaq yalnış qərardad qəbul etmişdir. Gəncə Şəhər Məhkəməsinin 19 yanvar 2026-cı il tarixli 2(125)-6688/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Şikayətə dair iş üzrə tərəflərdən hər-hansı etiraz və ya izahatlar apellyasiya instansiyası məhkəməsinə daxil olmamışdır. Məhkəmə kollegiyası işə şifahi məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-nin 261.0.1-ci maddəsinə görə isə, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Birinci instansiya məhkəməsi işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə işin icraatına xitam vermiş və gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, aliment borcunun silinməsi ilə bağlı tələb yalnız iddiaçının bu borcun şəxsin xəstəliyi, maddi vəziyyəti və ya digər üzrlü səbəblərə görə ödəmək iqtidarında olmaması ilə bağlı verilmiş olduqda həmin iddianın maddi hüqiqi əsası qismində Ailə Məcəlləsinin 107-ci maddəsi çıxış edir. Hazırki halda isə iddiaçı tərəflərin birgə nikahından doğulmuş və məhkəmə qətnaməsi ilə aliment təyin edilmiş uşağın onun yanında qalması ilə əlaqədar maddi xərclərini ödəməsinə istinad etməklə aliment borcunun silinməsini məhkəmədən xahiş edir. İddiaçı iddia tələbini aliment borcunun silinməsi adlandırıb, iddia tələbini cavabdehə qarşı bu qaydada yönəltsə də, əsl həqiqətdə iddianın məzmunu iddiaçının uşağın maddi təminatını ödəməsi, yəni faktiki olaraq aliment öhdəliklərini icra etməsi ilə əlaqədardır. Tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün təyin edilən alimentin məqsədi də uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə pul vəsaitinin tutulmasıdır və əgər uşağın maddi xərcləri aliment tutulması qət edilmiş valideyn tərəfindən ödənilmişdirsə, artıq aliment öhdəlikləri icra olunmuş hesab edilir. Belə olan halda «aliment borcunun silinməsi» tələbinə məhkəmədə iddia icraatı qaydasında baxılması yoverilməzdir və məhkəmənin icraatına qəbul edilmiş iddia üzrə mülki işin icraatına xitam verilməlidir. Hazırda tərəflər arasında mübahisə predmeti olan alimentin hesablanma tarixi Gəncə Şəhər Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2022-ci il tarixli, 2(125)-930/2022 nömrəli qətnaməsi ilə təsbit edildiyindən və iddia tələbi məhz icra məmuru tərəfindən hesablanmış borcun silinməsi olduğundan həmin iddia tələbi üzrə mülk işin icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır; belə ki, istənilən iddia ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. MPM-nin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Bu kontekstdə araşdırma aparıldıqda müəyyən edilir ki, hazırkı işə mülki məhkəmə icraatı qaydasında baxılması üçün qanuni əsaslar mövcud deyildir. Belə ki, İddiaçı hazırkı iddianı irəli sürməkdə hüquqi hədəfi - xx.xx.2020-ci il təvəllüdlü Cavidan adlı uşağın saxlanılması üçün məhkəmə qətnaməsi əsasında təyin edilmiş aliment öhdəliyindən xx.xx.2025-ci il tarixdən azad olmaqdır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada iddiaçının tələbinin qanuni əsası kimi Ailə Məcəlləsinin 107-ci maddəsi nəzərdən keçirilə bilər. Həmin normaya əsasən, məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Bu maddənin tətbiqi o halda mümkün sayılar ki, aliment borcu şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəlmiş olsun. Həmin maddənin tətbiqinin mümkünlüyünün yoxlanılması üçün isə iddia tələbinin əsaslandırıldığı hallara diqqət yetirilməlidir. Çünki, iddianın əsaslandırıldığı hallar iddiaçının cavabdehə qarşı yönəltdiyi tələbi əsaslandırmaq üçün istinad etdiyi hüquqi faktlardır. Bu faktlar da iddianın bir elementi olmaqla onun faktiki əsasını təşkil edir. Kollegiyanın bu mövqeyi mülki prosessual hüquqda öz əksini tapmış «tələbə bağlılıq» prinsipindən irəli gəlir; belə ki, «tələbə bağlılıq» prinsipinə görə iddiaçının istəyinin nə olduğu, təkcə iddia ərizəsinin son (xahiş) hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, iddia ərizəsinin ümumi mətni içərisində öz əksini tapan iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Başqa sözlə, bu prinsip məhkəmənin məhz tərəflərin həqiqi məqsəd və istəyini nəzərə almalı olduğunu və bu çərçivədə qərar qəbul etməli olduğunu bildirir. Əks yanaşma, hüquqların məhkəmə müdafiəsi ilə bağlı konstitusion əsaslara, eyni zamanda bu prinsipin sıx bağlı olduğu prosessual qənaət prinsipinə ziddir. İddianın əsaslandırıldığı hallar təhlil edildikdə aydın olur ki, iddiaçının «aliment öhdəliyindən azad olma» barədə tələbinin əsasında onun üzrlü səbəblərdən icra edilməməsi ilə bağlı dəlillər dayanmır. İddiaçı aliment öhdəliklərinin faktiki olaraq yerinə yetirməsi ilə əlaqədar (uşağın onun yanında qalması) xx.xx.2025-ci il tarixdən hesablanan aliment borcunun silinməli olması ilə əsaslandırılır. Qeyd edilənlərlə bağlı məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, İddiaçı iddia tələbi hərfən «aliment ödəməkdən azad edilmə» kimi səslənsə də, lakin məzmun və mahiyyət baxımından aliment öhdəliklərini icra etməsi ilə əlaqədardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə əgər aliment borcunun silinməsi tələbinin əsasında onun üzrlü səbəblərdən icra edilməməsi ilə bağlı dəlillər dayanmırsa məsələyə iddia icraatı qaydasında baxılması istisna edilir. Çünki bu halda Qanunda icra qaydasında aliment borcu ilə bağlı yaranmış mübahisələrlə bağlı şikayət vermək imkanı nəzərdə tutulmuşdur. Baxılan işdə də aliment borcunun silinməsi tələbinin əsasında onun üzrlü səbəblərdən icra edilməməsi ilə bağlı dəlillər dayanmır, eyni zamanda hazırkı işdə aliment öhdəliklərinə xitam verilməsi üçün Ailə Məcəlləsinin 113-cü maddəsində sadalanan hallar müəyyən olunmur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayətdə göstərilən dəlillər isə əsassızdır və qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-nin 263-264, 398.0.1, və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 08 dekabr 2025-ci il tarixli 2(125)-6688/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar