Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(3-7)-192/2026 02.03.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X2 ibarət tərkibdə, Məmmədova Gözəl Nəzarət qızının katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 26 noyabr 2025-ci il tаrixli, 2(042)-1368/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı və cavabdeh rəsmi nikaha daxil olmadan ailə qurmuşlar və onların bu münasibətlərindən xx.xx.2021-ci il təvəllüdlü Ömər adlı uşaqları doğulmuşdur. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-395/2021 nömrəli qətnaməsi ilə 15 mart 2021-ci il tarixdən başlayaraq 26 yanvar 2021-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay sabit pul məbləğində 150 manat aliment alınaraq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(042)-117/2025 nömrəli qərardadı ilə yuxarıda qeyd edilən qətnamə ilə tutulan aliment məbləği indeksasiya edilərək, xx.xx.2021-ci il təvəllüdlü X1 üçün İddiaçı sonrakı artırılmalar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,6 misli həddində alimentin alınaraq Cavabdeh verilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26 yanvar 2021-ci il təvəllüdlü X6 adlı uşağının yetkinlik yaşına çatana kimi saxlanması üçün Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(042)-117/2025 nömrəli qərardadı ilə indeksasiya edilmiş alimentin məbləğinin azaldılaraq hər ay bir uşağa görə 150 manat sabit pul məbləğində aliment müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini işin yuxarıda qeyd olunan hallarına istinad etməklə əsaslandıraraq bildirmişdir ki, o işləsə də aylıq əmək haqqı azyaşlı uşağının saxlanması üçün ayda 240 manat məbləğində ödəməyə imkan vermir. O, hər ay 150 manat məbləğində alimenti belə güclə ödəyir. Belə vəziyyətdə alimentin məbləğinin artırılması onun maddi vəziyyətinin daha ağırlaşmasına səbəb olur. Hesab edir ki, onların hər ikisi valideyn olaraq övladlarını saxlamağa borcludur. Lakin məhkəmə qərardadı ilə aliment müəyyən edilərkən qeyd olunan halların heç biri nəzərə alınmamışdır. Gədəbəy Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(042)- 1368/2025 nömrəli iş üzrə qəbul etdiyi 26 noyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakim Z.Rəsulov) iddia qismən təmin edilmiş, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-395/2021 nömrəli qətnaməsi ilə təyin edilmiş, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(042)-117/2025 nömrəli qərardadı ilə indeksasiya edilmiş, xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarının azaldılması, xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hazırki qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq hər ay İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Rayon Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını, tərəflərin maddi durumunu, ailə vəziyyətini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, alimentin miqdarı azaldılmalıdır. Rayon Məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2, 78.1, 112.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 217.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Məhkəmə təyin etdiyi alimentin miqdarını azaltmaqla azyaşlı uşağın yaşayış minimumundan da aşağı məbləğ təyin etmişdir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2025-ci il üçün yaşayış minimumunun ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilməsinə baxmayaraq alimentin miqdarını azaldaraq həmin dolanacaq xərclərindən az olan bir məbləğdə aliment təyin etmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat vermişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçının X5 iddia tələbinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, iddia qismən təmin edilsə də, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, iddianın qismən təmin olunması ilə bağlı Rayon Məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Qətnamədən yalnız cavabdeh apellyasiya şikayəti vermiş və o, hazırki apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirildiyindən və qətnamənin tam ləğvi xahiş edildiyindən məhkəmə aktının əsaslılığı və qanuniliyi tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 34. 4. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında Konvensiyası” Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 18. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, işin mübahisəsiz halı kimi müəyyən olunur ki, tərəflər rəsmi nikaha daxil olmadan ailə qurmuşlar və onların bu münasibətlərindən xx.xx.2021-ci il təvəllüdlü Ömər adlı uşaqları doğulmuşdur. Məhkəmə qətnaməsi ilə həmin uşağın saxlanılması üçün iddiaçıdan cavabdehin xeyrinə 150 manat aliment tutulmuş, həmin aliment məbləği sonradan indeksasiya edilərək ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,6 misli həddində müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İşin faktiki hallarını nəzərə alaraq Məhkəmə hesab edir ki, hazırkı işdə Ailə Məcəlləsinin 112.1-ci maddəsinin dispozitiv şərtləri mövcud deyil. Belə ki, qeyd olunan maddədən görünür ki, məhkəmə tərəfindən aliment miqdarı müəyyən olunduqdan sonra həmin miqdarın dəyişdirilməsi əsaslarını tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliklərin baş verməsi təşkil edir. Lakin iş materialları ilə müəyyən olunur ki, iddiaçı "xxxx" MMC-də sürücü, yükdaşıyan işləyir və 1042 manat əmək haqqı alır. İddiaçı alimentin məbləğinin dəyişdirilməsinə əsas kimi göstərdiyi halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir, onun maddi vəziyyətində aliment öhdəliyinin yerinə yetirilməsini çətinləşdirən hər hansı əhəmiyyətli dəyişiklik baş verməsi müəyyən edilməmişdir. Uşağın mənafeyini üstün tutan Məhkəmə hesab edir ki, iddiaçının gətirdiyi əsaslardan heç biri uşağı ehtiyaclarının minimum təmin edilməsi şəraitində böyümək hüququndan məhrum edə bilməz. Odur ki, iddiaçı valideynlik vəzifəsini yerinə yetirməli və uşaqları üçün məqbul hesab olunan yaşayış səviyyəsini maddi və mənəvi cəhətdən təmin etməlidir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddiaçının maddi vəziyyətində əhəmiyyətli dəyişikliklərin baş verdiyini müəyyən etmədən və bu halları təsdiq edən kifayət qədər sübutlar olmadan aliment məbləğinin azaldılması barədə nəticəyə gəlmişdir ki, bu da işin faktiki hallarına və qanunun tələblərinə uyğun deyiuldir. Odur ki, Məhkəmə, MPM-nin 385-ci maddəsinin tələblərini nəzərə alaraq və MPMnin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, iş üzrə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməli və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 26 noyabr 2025-ci il tаrixli, 2(042)- 1368/2025 nömrəli qətnaməsi qətnamə ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə tələbinə dair iddiası təmin edilməsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-7)-192/2026
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-192/2026
02.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver