Məhkəmə qərarları › İş №2(3-7)-238/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-238/2026

16.07.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-238/2026 16.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X5 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı qızıl-zinət əşyaları tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, İşin halları

1. Azərbaycan Respublikası Goranboy RİHB-nın Dəliməmmədli şəhər İƏD Üzrə Nümayəndəliyi tərəfindən verilmiş ## #### 2025-ci il tarixli, *** saylı arayışdan görünür ki, İddiaçı həqiqətən Azərbaycan Respublikası ünvan 1 saylı ünvanda daimi qeydiyyatda olmasına baxmayaraq ,Dəliməmmədli şəhəri C.Cabbarlı küçəsi ev ** saylı ünvanda yaşayır;

2. Goranboy rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Cavabdeh qarşı “nikahın pozulması və aliment” tələbinə dair iddiası qismən təmin edilərək iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh ilə arasında Goranboy rayon Qeydiyyat şöbəsində ## ###### 2011-ci il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 95 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş ##.##.2009-cu il təvəllüdlü X1 və ##.##.2012-ci il təvəllüdlü X2 iddiaçı İddiaçı himayəsində saxlanılmış, tərəflərin birgə nikahından doğulmuş ##.##.2009- cu il təvəllüdlü X1 və ##.##.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni ##.##.2025-ci il tarixdən başlayaraq cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,525 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir;

3. X7 *** №-li Lisenziyası və ********** saylı VÖEN-lə Qızıl alq- satqı ilə məşğul olan X4 tərəfindən verilmiş ## ### 2025-ci il tarixli rəydən görünür ki, bir ədəd kale zümrüd qaşlı biriliyant 583 əyarlı, 0,85 karatlı, çəkisi 15,7 qramlı, dəyəri 2100 manat, bir ədəd nişan üzüyü körpü formalı biriliyant 583 əyarlı, 0.40 karatlı, çəkisi 5 qramlı, dəyəri 1200 manat, bir ədəd qolbağı yolka formalı 583 əyarlı, çəkisi 22 qramlı, dəyəri 2400 manat, bir ədəd sep traktor formalı 583 əyarlı, çəkisi 28, 3 qramlı,dəyəri 3100 manat, bir ədəd dəst ortası zümrüd qaşlı on qaşlı biriliyan 583 əyarlı, 1,88 karatlı, çəkisi 9 qramlı, dəyəri 3800 manat, bir ədəd sep xarici istehsal mirvari sallama klonla 585 əyarlı, çəkisi 10 qramlı, dəyəri 1200 manat, cəmi: 13800 ( on üç min səkkiz yuz ) manat təşkil edir;

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsi, ona məxsus aşağıdakı siyahı üzrə qızıl-zinət əmlaklarının: kolye zümrüd qaşlı brilyant 583 əyarlı, 0.85 karat, çəkisi 15.7 qr. dəyəri 2100 (iki min yüz) manat, nişan üzüyü körpü formalı brilyant 583 əyarlı, 0.40 karatlı, çəkisi 5 qr. dəyəri 1200 (min iki yüz) manat, qolbağı yolka formalı 583 əyarlı, çəkisi 22 qr. dəyəri 2400 (iki min dörd yüz) manat, sep traktor formalı 583 əyarlı, çəkisi 28.3 qr. dəyəri 3100 (üç min yüz) manat, komplekt (dəst) ortası zümrüd 10 qaşlı brilyant 583 əyarlı, 1.88 karatlı çəkisi 9 qr. dəyəri 3800 (üç min səkkiz yüz) manat, sep xarici istehsal mirvari sallama kulonla 585 əyarlı, çəkisi 10 qr. dəyəri 1200 manat, cəmi 13800 (on üç min səkkiz yüz) manat dəyəri olan qızzinət əmlakının və ya onun dəyərinin, tərəfindən rəyə görə ödənilmiş 100 (bir yüz) manat pulun, eləcə də 132 (bir yüz otuz iki) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh Cavabdeh ilə el adəti üzrə ##.##.2007-ci il tarixdə toyları olmuş və ona valideyinləri tərəfindən verilmiş cehiz əşyaların da cavabdehin valideyinlərinə məxsus AZ № **** Goranboy rayonu Dəliməmmədli şəhəri, Bəsdi Bağırova küçəsi * nömrəli evə gəlin köçmüşdür. Goranboy rayon Qeydiyyat Şöbəsində ##.##.2011-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Şöbə tərəfindən AZ İ № ****** saylı nikah haqqında şəhadətnamə verilmişdir. Birgə nikahlarından 2 övladları: ##.##.2009-cu il təvəllüdlü X1 və ##.##.2012-ci il təvəllüdlü X2 doğulmuşlar. Cavabdeh ailənin saxlanması üçün ticarət ilə məşğul olubdur. Bu səbəbdən də Rusiyaya ailəvi qazanc məqsədi ilə getmişdirlər. Tez bir zamanda geri dönüb və yenidən Bakı şəhərinə gedib və az bir müddət ərzində Goranboy rayonu Dəliməmmədli şəhərinə geri dönmüşlər. Hər dəfə yenidən iş birliyi qurmaq adı ilə cavabdeh tərəfindən ona dolayısı təsir etməklə, bankdan kredit götürərək ona vermişdir. Lakin hər dəfə cavabdeh müflis olduğunu bildirmişdir. Hazırda da yenə də müəllim olaraq, kredit götürüb cavabdehə vermiş, həmişə olduğu kimi kredit onun əmək haqqından tutulur. Cavabdehə isə bu tam maraqsızdır. Cavabdeh tərəfindən ailələrinə qarşı olan bu qədər təhdidlər dözülməz həddə çatmışdır. Onlar 10 aydan artıqdır ki birlikdə onlarla yaşamır, krediti ödəmir, ailənin saxlanmasına kömək etmir, uşaqların tərbiyəsi ilə maraqlanmır. Evdən gedən zaman ona məxsus gəlin köçən zaman verilmiş qızıl-zinət əşyalarını apararaq qaytarmamışdır. Həmçinin, cavabdeh hazırda özündən 15-20 yaş böyük birisi ilə yaşayır, ailənin tələbatları ilə maraqlanmır. Övladları zəng edərək, cavabdehlə danışanda onun tərəfindən təhqiramiz söyüşlərə və eləcə də hədə - qorxu olan təhdidlərə məruz qalırlar. Onlar ailə mübahisələri ilə bağlı mediasiya proseduru zəruri olduğu üçün ilkin olaraq mediasiya prosedurundan keçmiş, ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə ##.##.2025-ci il tarixli, MŞG/MT/032/2025-***** №-li arayış iddia ərizəsinə əlavə edilir.

6. Goranboy Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı sadaladığı qızıl-zinyət əşyalarının cavabdehdə olmasını və ya cavabdeh tərəfindən satılmasını biri digərini tamamlayan mötəbər dəlillərlə sübut edə bilməmişdir. Hər hansı mötəbər sübutla dəstəklənmədiyi halda isə yalnız şifahi bildirilənlərə əsasən onun həmin tələbini əsaslı hesab etmək mümkün deyildir.

8. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157-ci, Ailə Məcəlləsinin 31, 32, 37, 38-ci və Mülki- Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 106-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

9. Goranboy Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən ailəsinə qarşı olan bu qədər təhdidlər dözülməz həddə çatmışdır. Cavabdeh onlarla 10 aydan artıqdır ki, yaşamır, krediti ödəmir, ailənin saxlanmasına kömək etmir, uşaqların tərbiyəsi ilə maraqlanmır. Evdən gedən zaman ona məxsus gəlin köçən zaman verilmiş qızıl – zinət əşyalarını aparmışdır, qaytarmır. Cavabdeh hazırda özündən 15 – 20 yaş böyük birisi ilə yaşayır, ailəsinin tələbatları ilə maraqlanmır. Övladları zəng edərək, cavabdehlə danışanda onun tərəfindən təhqiramiz söyüşlərə və eləcədə hədə - qorxu olan təhdidlərə məruz qalırıq. Məlum olmuşdur ki, ailəni aldadır, ona məxsus olan qızıl – zinət əşyalarının qaytarılmasından qərəzli surətdə yayınır, bir sözlə ailəsinə qarşı bu hərəkətləri ilə dələduzluq edir. Qızıl və zinət əşyalarının dəqiq qiymət və əyarları, əyarlar palatasından olan rəy, onun tərəfindən məhkəməyə təqdim edilmişdir.

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, o, cavabdeh ilə 2025-ci ildə rəsmi olaraq ayrılmışdır. O, qızıl-zinət əşyalarını tələb edir. Qızıl-zinət əşyalarını bəzilərini toyunun səhərisi günü valideynləri hədiyyə etmişdir. Həmçinin anası ad günündə hədiyyə etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, cavabdeh bütün qızıllarını lombarda qoymaq üçün istəmiş və o, hamısını ona vermişdir. O, qızıl-zinət əşyalarını tələb etdi və cavabdeh lombarddan qızıl-zinət əşyalarını çıxartmışdır. Amma sonra yenidən qızıllarını lombarda qoymuşdur. Bir neçə dəfə qızılları lombarda qoymuşdur. Axırıncı dəfə nə vaxt lombarda qoyulması yadında deyildir. O, cavabdeh ilə boşanana qədər bu hal davam etmişdir. O, evdən çıxmamış və hal-hazırda o evdə yaşayır. Mart ayında cavabdeh barışıq üçün zəng eləmişdir və ona demişdir ki, qızıllarını verəcək narahat olmasın.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, tərəflər rəsmi olaraq 2011-ci ildə evlənmişlər. Keçən il rəsmi olaraq boşanmışlar. Birgə nikahlarından 2 uşaqları olmuşdur. Cavabdeh 3-4 ildir ki, uşaqlarını, ailəsini qoyub getmişdir. Cavabdeh ailəsini burada qoyaraq Bakı şəhərinə getmişdir. İddiaçı qayınatasının evinə gəlin köçmüşdür. Sonradan cavabdehin babasının evinə köçmüş və hal-hazırda orda yaşayır. Cavabdeh qızılzinət əşyalarını birgə yaşadıqları vaxt lombarda qoymuşdur. Qızılları biznes üçün lombarda qoymuşdur. Dəqiq olaraq bilmir, amma qızıllar cavabdehin özündədir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

14. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

15. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

16. Maddə 225.2. nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

Azərbaycan Respublikası Ailə Məcəlləsi:

17. Maddə 34.1. nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

18. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

24. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

25. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

26. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Goranboy Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır.

31. Kollegiya mübahisə ilə bağlı ilk növbədə onu qeyd edir ki, hədiyyə kimi əldə olunmuş əmlakı digər şəxsdən məhkəmə qaydasında tələb edən şəxs həmin əmlakın mövcudluğunu və göstərilən dəyərdə olduğunu, əşyaların onun mülkiyyətində olduğunu və hazırda özgəsinin qanunsuz sahibliyində qaldığını sübuta yetirməlidir.

32. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh el adəti üzrə ##.##.2007-ci il tarixdə evlənmiş, ##.##.2011-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 2 övladları: ##.##.2009-cu il təvəllüdlü X1 və ##.##.2012-ci il təvəllüdlü X2 doğulmuşlar. Tərəflər 2025-ci ildə rəsmi olaraq ayrılmışlar. Cavabdeh bir neçə ildir ki ailəsini burada qoyaraq Bakı şəhərinə getmişdir. İddiaçı hazırda qızıl-zinət əşyalarını tələb edir. Qızıl-zinət əşyaları ona hədiyyə verilmişdir.

33. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı izahatında göstərmişdir ki, cavabdeh bütün qızıllarını lombarda qoymaq üçün istəmiş və o, hamısını ona vermişdir. O, qızıl-zinət əşyalarını tələb etdikdə cavabdeh lombarddan qızıl-zinət əşyalarını çıxartmış, amma sonra yenidən qızıllarını lombarda qoymuşdur. Bir neçə dəfə qızılları lombarda qoymuşdur. Axırıncı dəfə nə vaxt lombarda qoyulması yadında deyildir.

34. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mövcud qızıllardan məhrum edilməsi işin faktiki halları ilə təsdiqini tapmamışdır. cavabdeh Cavabdeh tərəfindən 2009-cu il tarixdə iddiaçıya məxsus qızıl-zinət əşyalarını lombarda qoyulması və mövcudluğunu təsdiqləyən hər hansı sənəd, qəbz, fotovideo və ya digər sübutlar iddiaçı tərəfindən təqdim edilməmişdir.

35. Hazıki iş üzrə iddiaçı tələb edilən əşyaların hazırda cavabdehin sahibliyində olmasını və cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmasını sübuta yetirə bilməmişdir. Birinci instansiyası məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir.

36. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki halları və tərəflərin izahatı ilə iddiaçının ona məxsus qızıl-zinət əşyalarına cavabdehin təqsirindən məhrum olması sübuta yetirilmir. Sözügedən qızıl-zinət əşyaları cavabdehin şəxsi istifadəsinə verilməmiş, ailənin ümumi məafeyi naminə, qarşılıqlı razılıqla iqtisadi fəaliyyətə yönəldilmişdir. Goranboy Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsindən görünür ki, iddiaçı könüllü olaraq bir neçə dəfə kredit götürərək cavabdehə vermiş, cavabdeh iş qumrağa çalışmış və müəyyən müddət birlikdə Bakı şəhərinə getmişlər.

37. Göründüyü ki, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.

38. Qanunvericilik tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.

39. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi:

Goranboy Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar