Məhkəmə qərarları › İş №2(3-7)-272/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-272/2026

02.04.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-272/2026 02.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), Mustafayev Mustafa Əli oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Babayeva Günay Vüqar qızının katibliyi, İddiaçı Alnağıyeva Ülviyyə Firudin qızının nümayəndəsi (anası) Hüseynova Aynur Vidadi qızının, cavabdeh Alnağıyev Samir Fazil oğlunun və onun nümayəndəsi (atası) Alnağıyev Fazil Dəmir oğlunun iştirakı ilə, İddiaçı Alnağıyeva Ülviyyə Firudin qızının cavabdeh Alnağıyev Samir Fazil oğluna qarşı aliment tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 23.12.2025-ci il tarixli, 2(042)-1532/2025 saylı qətnaməsindən cavabdeh Alnağıyev Samir Fazil oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Doğum Haqqında Şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından 27.09.2015-ci il tarixdə Alnağıyeva Yağmur Samir qızı doğulmuşdur.

2. Apellyasiya şikayətinə əlavə edilmiş iş yeri haqqında arayışdan görünür ki, Alnağıyev Samir Fazil oğluna dair mərkəzləşdirilmiş elektron informasiya sistemində şəxsin qüvvədə olan əmək müqaviləsi ilə bağlı məlumat mövcud deyildir.

3. Məhkəmə kollegiyasının “Elektron Məhkəmə İnformasiya Sistemindən” əldə etdiyi gəlir barədə məlumatdan görünür ki, iddiaçı Alnağıyeva Ülviyyə Firudin qızının və cavabdeh Alnağıyev Samir Fazil oğlunun əmək müqaviləsinə dair 01.04.2026-cı il tarixə məlumat yoxdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Alnağıyeva Ülviyyə Firudin qızı cavabdeh Alnağıyev Samir Fazil oğluna qarşı aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27.09.2015-ci il tarixdə doğulmuş Alnağıyeva Yağmur Samir qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 246 (iki yüz qırx altı) manat alimentin, habelə mediasiya xidməti üçün ödənilmiş 51 (əlli bir) manat məbləğində pulun cavabdeh Alnağıyev Samir Fazil oğlundan alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh Alnağıyev Samir Fazil oğlu ilə 04 fevral 2016-cı il tarixdə nikah bağlamışdır. Onların birgə nikah münasibətlərindən 27 sentyabr 2015-ci il tarixdə Alnağıyeva Yağmur Samir qızı doğulmuşdur.Ailə qurduqları ilk dövrlərdə ailə münasibətləri normal olmuş, lakin sonradan iddiaçının xəstəliyi səbəbindən ailədaxili münasibətlər pozulmuşdur. Gədəbəy Rayon Məhkəməsinin 2(042)-741/2025 saylı qətnaməsi ilə tərəflər arasında nikah pozulmuşdur.Nikah pozulduqdan sonra 27.09.2015-ci il tarixdə doğulmuş Alnağıyeva Yağmur Samir qızı anasının himayəsində saxlanılmışdır. Cavabdeh övladının saxlanılması üçün ona heç bir maddi köməklik göstərmir. O, uşağı təkbaşına saxlamaqda çətinlik çəkir. Bu səbəbdən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Alnağıyev Samir Fazil oğlundan onun xeyrinə aliment tutulmasını xahiş etmişdir. Cavabdehin maddi vəziyyəti yaxşıdır.

6. Gədəbəy Rayon Məhkəməsinin 23.12.2025-ci il tarixli, 2(042)-1532/2025 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, 27.09.2015-ci il tarixdə doğulmuş Alnağıyeva Yağmur Samir qızının yetkinlik yaşına çatana qədər saxlanması üçün 14.11.2025-ci il tarixindən başlayaraq, Alnağıyev Samir Fazil oğlundan hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.615 misli həddində aliment alınaraq, Alnağıyeva Ülviyyə Firudin qızına erilsin. Ödənilmiş 60 manat mediasiya xərci Alnağıyev Samir Fazil oğlundan alınaraq Alnağıyeva Ülviyyə Firudin qızına verilməsi və qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, qanunun tələblərinə əsasən iddiaçının himayəsində olan uşağın layiqli həyat şəraitinin təmin edilməsi üçün onlara minimum yaşayış imkanı yaradılmalıdır. Məhkəmə alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi vəziyyətini, uşağın saxlanılmasında onların iştirakları dərəcəsini, eləcə də Azərbaycan Respublikasında yaşayış minimumu haqqında qanunun tələblərini nəzərə almışdır.

8. Məhkəmə öz hüquqi mövqeyində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75 və 78-ci, Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1 və 217-ci maddəsinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

9. Gədəbəy Rayon Məhkəməsinin 23.12.2025-ci il tarixli, 2(042)-1532/2025 saylı qətnaməsindən cavabdeh Alnağıyev Samir Fazil oğlu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin qismən edilməsi, 27 sentyabr 2015-ci il tarixdə doğulmuş qızı Alnağıyeva Yağır Samir qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.375 misli qədər (150 manat) alimentin ondan alınaraq iddiaçıya verilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə alimentin miqdarını müəyyən edərkən onun maddi vəziyyətini hərtərəfli araşdırmamış, onun işsiz olmağını nəzərə almamışdır. Belə ki, o, hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir, yalnız iş olduqca fəhləliklə məşğul olur. Yaxşı halda fəhləlikdən ayda 250-300 manat güclə qazanır. Buna baxmayarq məhkəmə alimentin məbləğini yüksək həddə təyin etməklə əsassız qətnamə çıxarımışdır. Həmçinin, o, qeyd etdiyi səbəbə görə hər ay 150-200 manat aliment ödəmək imkanı vardır. Məhkəmə onun hər ay 246 manat aliment ödəyə bilməyini təsdiq edən hallar heç bir sübutla sübuta yetirilməmişdir. Məhkəmə onun maddi vəziyyətini müəyyən etməmiş, hər ay 246 manat aliment ödəmə qabiliyyətinin olmamasını araşdırmamış, bununla da iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir.

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Alnağıyev Samir Fazil oğlunun apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, alimentin miqdarının çox olmasından narazıdır. İşləmir. Fəhləlik ilə məşğul olur. 140-150 manat aliment ödəyə bilər.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Alnağıyev Samir Fazil oğlunun nümayəndəsi (atası) Alnağıyev Fazil Dəmir oğlu apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, kənd yerində yaşayırlar. Cavabdeh heç bir işlə məşğul olmur. Hal-hazırda da heç bir yerdə işləmir. Torpaq sahələri vardır. Lakin mağazaları yoxdur.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Alnağıyeva Ülviyyə Firudin qızının nümayəndəsi (anası) Hüseynova Aynur Vidadi qızı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, 2014-cü ildə ailə həyatı qurmuşdur. Qızı sağlam idi. 10 il sonra xəstə oldu. Qızının dərmanlarına 700 manat pul gedir.

15. İş üzrə iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi, elektron imza ilə təsdiq edilmiş SMS xəbərdarlıq və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində sənədlərin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsi vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsi olan anası vasitəsi ilə təmsil olunmuşdur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası:

16. 17-ci maddəsinin II bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

17. 34-cü maddəsinin IV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

18. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

19. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

20. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

21. 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

“Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanunu:

22. 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.

23. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.

24. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının qanununa görə 2025-ci ildə uşaqlar üçün yaşayış minimumu 246 manat müəyyən edilmişdir.

25. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024–cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025–ci il yanvarın 1–dən 400 manat müəyyən edilmişdir. 2026-cı il üçün Azərbaycan Respublikasında minimum aylıq əmək haqqı 400 manat olaraq saxlanılmışdır.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

26. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

30. Maddə 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

31. Maddə 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

32. Maddə 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

33. MPM-in 372.1-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

34. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Hazırkı iş üzrə apellyasiya şikayətində qətnaməni qismən, alimentin miqdarı hissəsində mübahisələndirdiyindən birinci instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Gədəbəy Rayon Məhkəməsinin 23.12.2025-ci il tarixli, 2(042)-1532/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

38. Belə ki, məhkəmə kollegiyası uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını, uşağın ananın himayəsində olmasını, onun qayğısının çəkilməsinin ananın üzərinə düşməsini, 2025-ci il üçün yaşayış minimum məbləğinin ölkə üzrə uşaqlara görə 246 manat müəyyən olunmasını və 2025-ci il üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 400 manat olmasını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi hər ay 0,615 misli həddində alimentin alınaraq, iddiaçıya verilməsinə dair işin həqiqi hallarına uyğun olan məqsədəmüvafiq nəticəyə gəlmişdir.

39. Məhkəmə kollegiyası cavabdehin maddi imkanının aşağı olması və fəhləlik etməsi və könüllü 140-150 manat aliment ödəmək iqtidarında olması ilə bağlı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının qanununa görə 2025-ci ildə uşaqlar üçün yaşayış minimumu 246 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi cavabdehin maddi durumunu nəzərə alaraq, alimentin miqdarını minimum həddə tutmaqla bağlı qərarında məhz cavabdehin maddi durumunu nəzərə almışdır. Kollegiya hesab edir ki, uşaq ananın himayəsində olduğundan və onun qayğısının çəkilməsi ananın üzərinə düşdüyündən, atanın aliment öhdəliyi vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

40. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşıyırlar. Tərəflər arasında birgə nikahdan doğulmuş 27.09.2015-ci il təvəllüdlü Alnağıyeva Yağmur Samir qızının tələbatlarının artması və çox olması ağlabatandır. Habelə, ana, iddiaçı Ülviyyə Alnağıyeva özü xəstə olmaqla, heç bir yerdə işləmir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş alimentin miqdarı uşağın mənafeyi baxımından məqsədəmüvafiqdir, iddiaçını, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır, tərəflərin maddi imkanları daxilində uşağın maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına gətirib çıxarmır.

41. Beləliklə, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən alimentin miqdarı ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.615 misli həddində (246 manat) müəyyən edilmişdir. Cavabdeh izahatında könüllü olaraq 140-150 manat məbləğində alimentin tutulmasını xahiş etmişdir. Mübahisələndirilən hissə 96 manat olmaqla, il ərzində 1152 manatdır (96x12=1152).

43. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti (mübahisələndirilən hissədə) beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 384, 402 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Gədəbəy Rayon Məhkəməsinin 23.12.2025-ci il tarixli, 2(042)-1532/2025 saylı qətnaməsindən cavabdeh Alnağıyev Samir Fazil oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin 23.12.2025-ci il tarixli, 2(042)-1532/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar