Məhkəmə qərarları › İş №2(3-7)-370/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-370/2026

06.04.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-370/2026 06.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Məmmədova Gözəl Nəzarət qızının katibliyi, iddiaçı İddiaçı, cavabdeh Cavabdeh iştirakı ilə iddiaçı İddiaçı(bundan sonra- iddiaçı) cavabdeh Cavabdeh(bundan sonracavabdeh) qarşı “aliment tələbinə” dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin ## ###### 2026-cı il tаrixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı və cavabdeh ## #### 2013-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ər-arvad olmuşlar və birgə nikahlarından ## #### 2013-cü il təvəllüdlü Ramiz və ## #### 2015-ci il təvəllüdlü Tunar adlı övladları olmuşdur. Tərəflərin nikahları Goranboy Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2023-cü il tarixli qətnaməsi ilə pozulmuş və onların birgə nikahlarından doğulmuş uşaqlarının analarının(hazırki iş üzrə idddiaçı) yanında saxlanılması qət edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh himayəsində olan ## #### 2013-cü il təvəllüdlü Məhərrəmov Ramiz Rasim oğlunun və ## #### 2015-ci il təvəllüdlü X2 üçün hər ay bir uşaq üçün 246 manat, iki uşaq üçün 492 manat alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini işin yuxarıda qeyd olunan hallarına istinad etməklə belə əsaslandırmışdır ki, ayrıldıqları gündən cavabdeh uşaqları ilə maraqlanmamışdır. Həmçinin o, aliment tələbi ilə əlaqədar məhkəməyə müraciət etməzdən əvvəl Goranboy * saylı Mediasiya təşkilatına müraciət etmişdir. Lakin cavabdeh mediasiya şurasının iclasına gəlməmişdir. Goranboy Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) *(***)- ****/**** nömrəli iş üzrə qəbul etdiyi ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakim K.Vəliyev) iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh məhkəməyə müraciət edildiyi vaxtdan, yəni ##.##.2025-ci il tarixdən başlayaraq ## #### 2013-cü il təvəllüdlü Məhərrəmov Ramiz Rasim oğlunun və ## #### 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulması, qətnamənin dərhal icra edilməsi, cavabdeh Cavabdeh 44 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. Rayon Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə iddia tələbinin tam təmin edilməsini məqsədəmüvafiq hesab etmir. Belə ki, uşaqların saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini hər ay 246 manat miqdarında müəyyən etmək Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini və gəlirlərini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Odur ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay bir uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Rayon Məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1, 75, 76, 78, 100.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 234.2.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Apellyasiya şikayətinin dəlilləri Cavabdehin qeyri-rəsmi həyat yoldaşından 1 azyaşlı övladı var. Cavabdeh Vətən müharibəsi iştirakçısıdır və heç bir yerdə işləmir. Müharibədə iştirak edib “kəllə sümüyünün basılmış sınığı, incə beyin qanaxması” ilə müşayət olunan travma almışdır. Aldığı xəsarətlərlə bağlı mütəmadi olaraq dərmanlar qəbul edir. Onun yeganə gəlir yeri dövlət tərəfindən ona təyin edilən 531 manat təqaüddür. Bundan əlavə o, ailə üzvləri ilə kirayədə yaşayır. Hazırda cavabdehin 10.000 manat məbləğində aktiv krediti var və o, hər ay həmin kredit üçün 341 manat ödəniş ödəyir. a) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, 531 manat pensiya, 400 manat isə prezident təqaüdü alır. Hesab edir ki, 360 manat aliment çoxdur, 2 uşağa görə 250 manat aliment ödəməyə hazırdır. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh həm təqaüd, həm də pensiya olmaqla, ümumilikdə 1000 manata yaxın pul alır. Alimentin məbləğinin azaldılmasına razı deyil. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki iş üzrə Rayon Məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin olunsa da, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnaməni apellyasiya qaydasında mübahisələndirən cavabdeh isə qətnaməni iddia tələbinin təmin edilən hissəsində mübahisələndirmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra- Məhkəmə) göstərilənləri nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 34. 4. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları” Bəyannaməsi Uşaq, qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi və sosial baxımdan sağlam və normal yolla, azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında Konvensiyası” Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 18. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu. 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, işin faktiki hallarına əsasən müəyyən edilir və tərəflər arasında mübahisə doğurmur ki, iş üzrə tərəflərin nikahından iki uşağın - ## #### 2013-cü il təvəllüdlü Ramiz, ## #### 2015-ci il təvəllüdlü Tunarın doğulmasına baxmayaraq onların münasibətləri pisləşmiş və nikahları məhkəmə qaydasında pozulmuşdur. İddiaçı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən onun xeyrinə hər uşağa görə 246 manat məbləğində alimentin tutulmasını xahiş etmişdir. Rayon Məhkəməsi isə iddianı qismən təmin edərək uşaqların yetkinlik yaşına kimi saxlanması üçün hər ay hər uşağa görə sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulmasını qət etmişdir. Tutulması qət edilmiş aliment məbləğindən narazı qalan cavabdeh apellyasiya şikayətində qeyd edir ki, maddi imkanı zəif olduğundan Rayon Məhkəməsi tərəfindən müəyyən edilmiş aliment məbləğini ödəmək iqtidarında deyil. Məhkəmə mövcud mübahisənin həlli ilə bağlı qeyd edir ki, hazırda cavabdehin maddi imkanının olub-olmaması və onun ikinci dəfə qeyri-rəsmi ailə qurması onu öz valideynlik vəzifəsinin icrasından azad edə və uşaqların ehtiyaclarının minimum təmin edilməsi şəraitində böyümək hüququndan məhrum edə bilməz. Bundan başqa, qeyd etmək lazımdır ki, uşağı saxlamaq hər iki valideynin vəzifəsidir. Hazırda uşaqlar anası, yəni iddiaçı ilə birlikdə yaşayır. Belə olan halda, uşağın qayğıları ilə məşğul olmaq, məişət tələbatlarını ödəmək və s. kimi gündəlik həyat prosesində yaranan məsələləri həll etmək yükü əsas etibarilə, ananın üzərinə düşür. Uşaqların saxlanması üçün onların maddi ehtiyaclarının ödənilməsi öhdəliyi isə hazırki halda atanın üzərinə düşmüşdür. Başqa sözlə, aliment ödəməyə borclu olan tərəf indiki halda cavabdehdir. Lakin cavabdeh öz üzərinə düşən vəzifədən yayınaraq, uşaqların saxlanılması ilə bağlı öhdəliklərini yerinə yetirməmək niyyəti ilə çıxış edir. Məhkəmənin fikrincə isə cavabdehin bu mövqeyi ədalət prinsipi baxımından düzgün deyildir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi qanunla uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini nəzərə almaqla, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını əsas tutaraq, cavabdehdən uşaqların saxlanılması üçün iddiaçının xeyrinə hər ay hər uşaq üçün sabit pul məbləğində sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində aliment tutulmasını qət edərkən iş üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. Apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin apellyasiya qaydasında tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tаrixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar