Məhkəmə qərarları › İş №2(3-7)-497/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-497/2026

07.05.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-497/2026 07.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X7 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “aliment azaldılması” tələbinə dair mülki iş Qazax Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Qazax Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli qərardadından görünür ki, ## #### 2025-ci il tarixdən başlayaraq ##.##.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,95 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır.

2. Qazax Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin surətindən görünür ki, Qazax Rayon Məhkəməsinin ##.##.2013-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq cavabdeh İddiaçı ## #### 2015-ci ildən başlayaraq ayda 100 manat aliment tutularaq ## ##### 2010cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə verilməsi qət edilmişdir.

3. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ##.##.2012-ci il təvəlüdllü X4 adlı övladı vardır.

4. Cavabdeh etiraz ərizəsindən görünür ki, iddiaçı ərizəsində məhkəməyə yalan məlumat vermişdir. Belə ki, iddiaçının himayəsində qeyd etdiyi yoxdur. Qeyd etdiyi şəxslər yetkinlik yaşına çatmışlar. Bundan başqa Rusiya Federasiyasında biznes fəaliyyətilə məşğuldur və şəxsin ikili vətəndaşlığı vardır və vəkilə verdiyi etibarnamədən də görünür ki, iddiaçı Rusiya Federasiyasının da vətəndaşıdır və Moskva şəhərində yaşayır. Bakı şəhərində valideyinlərinin adına mənzil belə almışdır. Qazax rayon məhkəməsində ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardad qəbul edilənədək həmin iddiaçı tərəfindən ona 100 manat aliment ödənilmişdir. Uşağın xərcləri kifayət qədər artmışdır. Himayəsində olan İddiaçı Sirac oğlu 2023-cü ildən Respublika Talassemiya Mərkəzi PHŞ xəstə olaraq qeydiyyatdadır. Bundan başqa gözündə olan problemlərlə bağlı mülalicə olunmaq məqsədilə eynəkdən istifadə edir. Uşağı bu xəstəliklərdən mütəmadi olaraq müalicə olunur. İddiaçı bu vaxtadək heç vaxt uşağın müalicəsi üçün heç bir maddi yardım göstərməyib, iddiaçı ərizəsində qeyd edir ki, işsizdir. Hansı ki, iddiaçı Azərbaycan publikasında yaşamır və Rusiya Federasiyasının da vətəndaşıdır və daimi olaraq Moskva şəhərində yaşayır. Kifayət qədər imkanı olduğu üçün ödənişli vəkil xidmətindən istfadə edərək, uşağının saxlanması üçün müəyyən edilmiş alimentin məbləğini azaltmağa çalışır. Hansı ki, uşağın xəstəliyi ilə bağlı mütamadi olaraq müalicə olunduğunu da bilir. Yetkinlik yaşında olan şəxsləri uşaq olaraq himayəsində göstərir hansı ki, bu şəxslər yetkinlik yaşına çatıb. Bu aliment qərardadla indeksasiya olunaraq yekun məbləğ müəyyən edilib. İddiaçı isə neçə illər uşağı üçün xərcləməli olduğu məbləği ödəmir. Uşağı ali məktəb üçün hazırlaşır və bunada valideyin olaraq o ödəməli olur. Hər ay uşağın təhsilı ilə bağlı hazırlığına təxminən 250 manatadək xərc çəkir. İddiaçı iddiasını əsaslandıracaq bir sübut belə məhkəməyə təqdim etməmişdir. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Qazax Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli qərardadına əsasən təyin edilmiş minimum əmək haqqının 0,95 misli həddində sabit pul məbləğində alimentin azaldılaraq ## ##### 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan cavabdeh Cavabdeh hər ay 160 manat aliment pulu ödənilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, Qazax Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsinə əsasən ## ##### 2010-cu il tarixli X1 üçün cavabdeh İddiaçı tərəfindən iddiaçı Cavabdeh xeyrinə hər ay 100 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Sonradan Ərizəçi Cavabdeh borclu İddiaçı qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Qazax Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə cavabdehdən hər ay 100 manat sabit pul məbləğində tutulması qət edilmiş alimentin məbləğinin 2025-ci ildə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,95 misli həddində indeksasiya olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli qərardadına əsasən ərizə təmin edilərək ## #### 2025-ci il tarixdən başlayaraq, ## ##### 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay sonraki artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,95 misli həddində sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qərara alınmışdır. Bildirir ki, onun cavabdeh Cavabdeh Sirac adlı 1 övladı var. Lakin Siracdan başqa ## ##### 2000-ci ildə doğulmuş X6, ##.##.2002-ci ildə doğulmuş X2, ##.##.2012-ci ildə doğulmuş X4 adlı uşaqları var. Göründüyü kimi, onun Sirac da daxil olmaqla 4 övladı var. Hər bir uşağa qayğı göstərmək də atanın vəzifəsidir. Əgər Sirac tək övlad olsa idi və onun yaxşı maddi təminat gətirən işi olsaydı bütün qazancını sərf edə bilərdi. Lakin işsiz olduğu halda, hər ay üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,95 misli həddində sabit pul məbləğində alimentin, o cümlədən hazırki vaxt üçün 380 manat pul tutulması qeyri mümkündür. O hər ay üçün 160 manat məbləğində pulu onun saxlanması üçün verə bilər.

7. Qazax Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə İddiaçı iddiasının qismən təmin edilməsi, Qazax Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli 2(023)-1199/2015 il tarixli qətnaməsi ilə təyin olunmuş və Qazax Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.****-ci nömrəli qərardadı ilə indeksasiya edilmiş alimentin məbləğinin dəyişdirilməsi, İddiaçı ##.##.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay 0,55 (sıfır tam yüzdə əlli beş) misli həddində sabit pul məbləğində aliment tutulması, miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanması və İddiaçı iddiasının qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı başqa evliliyindən ##.##.2012-ci il tarixdə X5 adlı övladı olmuşdur. Bununla da İddiaçı ailə və maddi vəziyyətində dəyişlik baş vermiş, həmçinin Qazax Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə təyin olunmuş alimentin məbləği Qazax Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə indeksasiya olunmuş və həmin alimentin məbləği faktiki olaraq, 380 manat məbləğində müəyyənləşdirilmişdir (0,95 x 400 manat). Hazırda İddiaçı rəsmi iş yeri barədə məlumat yoxdur.

9. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78, 110 və 112.1-ci maddələrinin müddəalarına istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

10. Qazax Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin tam ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının himayəsində olaraq qeyd edilmiş uşaq ## ######## 2012-ci il təvəllüdlüdür. Burada hər hansı maddi vəziyyətin dəyişməsindən söhbət getmir. Məhkəmə yalnız bu əsasla indesasiya ilə müəyyən edilmiş alimenti azaltmaqda haqlı olmamışdır. Məhkəmə istinad etdiyi maddi hüquq normalarınıda işin hallarına münasibətdə düzgün şərh etməmiş və səhv nəticəyə gəmişdir. Məhkəmə tərəfindən onun Rusiya Federasiyasının vətəndaşı olması müəyyən edilməklə, Moskva şəhərində daimi olaraq yaşaması özlüyündə onun orada işləməsini və yüksək səviyyədə gəlirinin olması təsdiq etsə də, məhkəmə bu halları aydınlaşdırmamışdır. Məhkəmə tərəfindən onun maddi vəziyyətində dəyişikliyin baş verilməsi qeyd ediləsə də, bu işdə olan heç bir mötəbər sübutla təsdiq edilməmişdir. Onun himayəsində ümumiyyətlə uşaq yoxdur. Qeyd etdiyi uşaqlar yetkinlik yaşına çatmışdır. Məhkəmə isə heç bir mötəbər sübuta istinad etmədən indeksasiya edilmiş aliment məbləğini azaltmışdır.

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat vermiş və təmin edilməsini xahiş etmişdir. Kollegiyaya ünvanladığı “Qazax rayon məhkəməsi qanunsuz və əsassız olaraq himayəmədə olan uşağı üçün müəyyən olunmuş alimentin miqdarını dəyişmiş və bunu edərkən qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, iddiaçının himayəsində heç bir yetkinlik yaşına çatmamış uşağı olmadığı, onun himayədə olan uşaqdan başqa heç bir kəsə aliment ödəmədiyi halda alimentin məbləği dəyişdirilmişdir. Hansı ki, iddiaçı Rusiya Federasiyasında biznes fəaliyyətilə məşğul olur və ikili vətəndaşlığı vardır. Bu şəxsin kifayət qədər maddi imkanı vardır və bu şəxs maddi vəziyyətilə bağlı heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Buna baxmayaraq, məhkəmə hər hansı bir əsası nəzərə almadan alimentin məbləğini dəyişmişdir.” məzmunda ərizəsini müdafiə etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq göstərmişdir ki, özü universitetdə işləyir. 2011-ci ildə iddiaçı ilə ayrılmışlar. İddiaçı Rusiyada yaşayır. Azərbaycanda olanda ev tikintisi, avtomobil alveri ilə məşğul olurdu. İki obyekti vardır. Uşağın gözündə problem vardır. 6 aydan bir müalicə olunmalıdır. Təhsilinə dair xərclər vardır. İddiaçı Rusiyada yaşadığı üçün onun gəlirləri ilə bağlı sübutları yoxdur.

14. İş üzrə İddiaçı İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi, elektron imza ilə təsdiq edilmiş SMS xəbərdarlıq vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə bildirişi ilə ona hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasında iştirak etməyəcəkləri təqdirdə işə onların iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası:

15. 17-ci maddəsinin II bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

16. 34-cü maddəsinin IV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

17. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

18. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

19. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

20. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

“Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanunu:

21. 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.

22. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.

23. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının qanununa görə 2025-ci ildə uşaqlar üçün yaşayış minimumu 246 manat müəyyən edilmişdir.

24. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2024–cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025–ci il yanvarın 1–dən 400 manat müəyyən edilmişdir. 2026-cı il üçün Azərbaycan Respublikasında minimum aylıq əmək haqqı 400 manat olaraq saxlanılmışdır.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

25. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 384.0.3. Apellyasiya instansiyası qətnaməni dəyişdirə bilər.

29. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.

30. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

31. Maddə 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

32. Maddə 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

33. MPM-in 372.1-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

34. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Hazırkı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən qismən, alimentin miqdarı hissəsində mübahisələndirildiyindən məhkəmə aktı həmin hissədə yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qazax Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməlidir.

38. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşıyırlar. Hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Valideynlərin uşaqlarını saxlamağa borcludurlar. Əgər uşaqlar ananın himayəsində olarsa, onların qayğısının çəkilməsinin ananın üzərinə düşdüyündən, atanında alimentin öhdəliyi yaranır.

39. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il Qərarında qeyd edilir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Həmin qərarın 8.2ci bəndində qeyd olunur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

40. Həmin qərarın 8.7-ci bəndində qeyd olunur ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir.

41. Həmin qərarın 8.14-ci bəndində qeyd olunur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

42. Məhkəmə kollegiyası qeyd edir ki, uşaq ananın himayəsində olduğundan və onun qayğısının çəkilməsi ananın üzərinə düşdüyündən, atanın da, aliment öhdəliyi birmənalıdır. Lakin təyin olunan alimentin məbləği müəyyən olunarkən, aliment ödəyənin maliyyə imkanları nəzərə alınmalıdır ki, həmin alimentin vaxtlı-vaxtında və tam formada ödənilməsi təmin olunsun. Bu hal uşaqların və aliment alanın da mənafeyi üçün məqsədəmüvafiqdir. İşin qeyd edilən halları onu deməyə əsas verir ki, iddiaçının maddi durumunun yaxşı olması, gəlir və qazancının yüksək olması ilə bağlı hər hansı sübut növü məhkəmə kollegiyasına təqdim edilməmişdir. Buna baxmayaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ olmasını, yaşını və digər diqqətəlayiq məqamları kollegiya nəzərə alaraq hesab edir ki, uşağa ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində aliment müəyyən edilməsi, iddiaçının və cavabdehin maliyyə imkanları baxımından daha məqsədəmüvafiqdir və uşaqların qanuni mənafelərinə uyğun gəlir, habelə iddiaçını və cavabdehi əlverişsiz vəziyyətə salmır. Həmçinin, iddiaçının himayəsində olan digər uşağına münasibətdə də ədalətli olar.

43. Məhkəmə kollegiyası qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hazırki vəziyyətdə birinci instansiya məhkəməsinin müəyyən etdiyi alimentin məbləği iddiaçının maddi vəziyyəti, eləcə də müəyyən olunmuş diqqətəlayiq hallar baxımından ədalətli olmamışdır.

44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarının 10-cu vərəqində olan “Doğum haqqında” Şəhadətnamədən görünür ki, X4 ##.##.2012-ci ildə doğulmuşdur. Atası İddiaçıdur. Qanunvericiliyə əsasən isə 18 yaşına çatmamış hər bir şəxs yetkinlik yaşına çatmayan hesab olunur. İddiaçının Rusiya Federasiyasında biznes fəaliyyətilə məşğul olması və gəlirlərinin yüksək olması ilə bağlı apellyator kollegiyaya heç bir sübut təqdim edə bilməmişdir. Buna baxmayaq, kollegiya apellyasiya şikayətinin uşağın mənafeyi hissəsində tərəflərin maddi durumunu qiymətləndirərək hesab edir ki, alimentin miqdarının 0,65 misli həddində müəyyən edilməsi məqsədəmüvafiqdir.

45. Bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli (260 manat) aliment müəyyən edilməsi, mübahisələndirilən hissədə bir uşaq üçün ayda 60 manat olmaqla, il ərzində mübahisələndirilən hissədə 720 manatdır (60x12=720).

46. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 384, 402 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Qazax Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qazax Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilsin. İddiaçı ##.##.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay 0,65 (sıfır tam yüzdə altmış beş) misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar