Məhkəmə qərarları › İş №2(3-7)-500/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-500/2026

28.04.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-500/2026 28.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X3 (sədrlik edən məruzəçi), Muradov Rəhman Şaban oğlu və Qəhrəmanov Əkrəm Sabir oğlundan ibarət tərkibdə, Ibrahimli Güləsər Rəhim qızının katibliyi ilə, Iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə və cavabdeh Cavabdeh iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı və onun nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. Elektron informasiya sistemindən əldə olunmuş məlumatdan müəyyən edilir ki, X1 ##.##.2010-cu ildə doğulmuşdur.

2. Nikahın pozulması haqqında şəhadətnamədən müəyyən edilir ki, tərəflər arasında nikah ##.##.2014-cü ildə pozulmuşdur.

3. Şəmkir Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadından görünür ki, ##.##.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün, əvvəllər Şəmkir Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, 2(076)- ****/**** saylı qətnaməsi ilə hər ay, hər uşaq üçün təyin edilmiş 120 manat məbləğində aliment sonrakı artımlar nəzərə alınmaqla, hər ay, bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.66 misli həddində indeksasiya olunmşdur.

4. ##.##.2025-ci il tarixli MŞŞƏM/*/MT***/****-***** nömrəli ilkin mediysiya sessiyasında sonra prosesin davam etdirilə bilməməsi barədə arayışndan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmiş və iddiaçı tərəfindən 50 manat mediasiyaya dair xərci ödəmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Cavabdeh ilə birgə nikahdan doğulmuş ##.##.2010-cu il təvəllüdlü Sevgi adlı uşağını saxlanması üçün Şəmkir rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qərardadı ilə müəyyən olunmuş alimentin miqdarının azaldılaraq, hər ay bir uşaq üçün 120 (bir yüz iyirmi) manat sabit pul formasında aliment müəyyən olunmasına, 60 manat mediasiya xərcinin, 40 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.

6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh ilə 2009-cu ildə nikahını rəsmi qeydə aldırmaqla ailə qurmuşdur. Birgə nikahından iki uşaq doğulmuşdur. Aralarında olan narazılığa görə cavabdehlə münasibətləri pozulmuş, nikahlarına məhkəmə qaydasında xitam verilmişdir. Uşaqlar cavabdehin himayəsində saxlanılmışdır. Uşaqlardan biri artıq 18 yaşına çatıb. Buna görə o, ##.##.2010-cu il təvəllüdlü Sevgi adlı uşağının saxlanması üçün aliment ödəyir. Şəmkir Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə cavabdehlə birgə nikahlarından doğulmuş ##.##.2010-cu il təvəllüdlü Sevgi adlı uşağının saxlanması üçün hər ay bir uşaq üçün 120 manat məbləğində aliment müəyyən olunmuşdur. Bir müddət sonra isə cavabdeh Cavabdeh məhkəməyə alimentin indeksasiyası barədə ərizə göndərmişdir. Onun bu ərizəsi Şəmkir rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qərardadı ilə təmin edilmişdir. Məhkəmə qərardadı ilə cavabdehlə birgə nikahdan doğulmuş ##.##.2010-cu il təvəllüdlü Sevgi adlı uşağının yetkinlik yaşına çatanadək saxlanmaları üçün, əvvəllər Şəmkir rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə hər ay bir uşaq üçün təyin edilmiş 120 manat məbləğində aliment sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.66 misli həddində sabit pul məbləğində aliment tutulması müəyyən olunmuşdur. Hal-hazırda onun maddi imkanları yaxşı deyil. Məhkəmə qətnaməsi qəbul olunduqdan sonra onun maddi vəziyyətində yaxşı mənada hər hansı bir dəyişiklik olmamışdır. Əksinə ağırlaşma olmuşdur. Belə ki, o, heç bir yerdə işləmir. Məhkəmə tərəfindən əvvəllər təyin olunmuş alimenti güclə ödəyir. Əlavə ödəniş etməyə maddi imkanım yoxdur. Işsiz olmağı ilə bağlı mərkəzləşdirilmiş elektron informasiya sistemindən məşğulluq haqqında arayışı təqdim edir. Eyni zamanda qeyd edir ki, o, yenidən ailə qurmuş və bu nikahdan onun bir uşağı doğulmuşdur. Onların ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Yoldaşı isə heç bir yerdə işləmir. Hesab edir ki, hər iki uşaq maddi cəhətdən eyni qaydada maddi vəsait almalıdır. Lakin bir uşaq üçün 264 manat aliment ödəyəcəyi halda, digər uşağa o qədər maddi vəsait ayırmağı, maddi imkanları xaricində olmaqla, qeyri mümkündür. Həmçinin göstərir ki, uşağı saxlamaq və maddi ehtiyaclarını ödəmək tək onun deyil, həm də valideyn olaraq cavabdehin borcudur.

7. Şəmkir Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Şəfəq Məmmədova) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı alimentin azaldılması tələbi barədə iddiasının təmin edilməmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı İddiaçı yenidən ailə həyatı qurması, əlavə gəlirlərin olmaması, azyaşlı uşağına aliment vermək imkanının məhdud olması ilə bağlı qeyd etdiklərini əsaslı saymır. Elektron informasiya sistemindən əldə olunmuş məlumatdan müəyyən edilir ki, İddiaçı Cavabdeh qarşı borc tələbi barədə iddia qaldırmışdır. Belə ki, məhkəmə qeyd edir ki, iddiaçının qeyd etdiyi kimi həmin xüsusat onun uşağı barəsində valideynlik vəzifələrini yerinə yetirməkdən, o cümlədən uşağına aliment ödəmək vəzifəsindən azad etmir. Bundan başqa qanunverciliyin tələbinə görə ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu halda müəyyən edilmiş alimentin məbləğində dəyişiklik edilə bilər ki, iddiaçı aliment müəyyən edildikdən sonra özünün ailə və maddi vəziyyətində hər hansı dəyişiklik olması barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, məhkəmə qeyd olunanlar əsasında belə nəticəyə gəlir ki, əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı tərəflərin ailə, maddi və əmlak vəziyyətinə, eləcə də yuxarıda sadalanan qanunvericilik normalarının tələblərinə uyğundur. Alimentin miqdarının aşağı salınması üçün əsasların olması iş materialları ilə təsdiq olunmur. Əksinə, Azərbaycan Respublikası Ailə Qanunvericiliyi valideynlərin üzərinə uşaqlarını saxlamağı, onların tərbiyəsi ilə məşğul olmağı vəzifə kimi qoymuş, onların uşağın sağlamlığına, onların psixi, fiziki və mənəvi inkişafına görə məsuliyyət daşımalarını təsbit etmişdir. Məhkəmə qeyd edir ki, uşaq üçün tələb edilən alimentin miqdarı təkcə onun dolanacaq və qidalanmaq üçün kifayət edən minimum bazar səbətinin ekvivalenti ilə dəyərləndirilməli deyildir, valideynlər dünyaya gətirdikləri övladın xoşbəxt gələcəyini təmin etməkdə maksimal həddə bərabər məsuliyyət daşımalı, uşaqlara münasibətdə hər hansı gərginliyin yaranmaması üçün birgə səylər göstərməlidirlər. Qüvvədə olan qanunvericiliyə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Uşaqların maddi tələbatının əhəmiyyətli dərəcədə artması, yaşayış minimumu həddinin artaraq hazırkı iqtisadi şəraitdə uşağın saxlanılması üçün xərclərin miqdarının dəyişməsi nəzərə alınaraq və tərəflərin birgə nikahından olan uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması prinsipi rəhbər tutularaq, məhkəmə qətnaməsi əsasında müəyyən olunmuş alimentin məbləğinin azaldılması uşaqların mənafeyinə zidd olduğundan iddia təmin edilməməlidir. Beləliklə, işin müəyyən edilmiş fakti halı ondan ibarətdir ki, tərəflərin birgə nikahından 2 övladları olmuş, tərəflər arasında nikah pozulmuş və uşaqlara aliment təyin edilmişdir. Iddiaçı alimenti vaxtlı vaxtında ödəmişdir. Uşaqlardan biri artıq yetkinlik yaşına çatmışdır. Digər uşağın, yəni Sevginin isə 16 yaşı vardır. Aliment ödənilməsi üçün 2 il qalmışdır. 2019-cu ildə İddiaçı tutulan alimentin məbləği həmin dövrdə yaşayış minimumunun 0.66 mislini təşkil etdiyindən və İddiaçı həmin məbləği vaxtlı vaxtında ödədiyindən, hazırki zamanda da onun ailə və ya maddi vəziyyətində dəyişiklik olmadığından, həmçinin Sevgidə şəkər xəstəliyi aşkarlandığından məhkəmə hesab edir ki, aliment məbləği azaldılmamalıdır.

9. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 101.2, 112.1-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

10. Şəmkir Rayon Məhkəməsinin qətnaməsindən narazı qalan iddiaçı İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə qızı apellyasiya şikayəti verərək, Şəmkir rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, cavabdeh Cavabdeh qarşı "alimentin azaldılması tələbinə dair" iddia qaldırmışdır. Onun iddia tələbi Şəmkir rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə (sədrlik edən: X2) təmin edilməmişdir. Həmin qətnamədən narazıdır. Məhkəmə qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmasını istəmişdir. Iddiaçı cavabdeh Cavabdeh ilə 2009-cu ildə nikahlarını rəsmi qeydə aldırmaqla ailə qurmuşdur. Bigə nigahlarından iki uşaqları doğulmuşdur. Aralarında olan narazılığa görə cavabdehlə münasibətləri pozulmuş, nigahlarına məhkəmə qaydasında xitam verilmişdir. Uşaqlar cavabdehin himayəsində saxlanmışlar. Uşaqlardan biri artıq 18 yaşına çatıb. Buna görə də o, ##.##.2010-cu il təvəllüdlü Sevgi adlı uşaqlarının saxlanması üçün aliment ödəyir. Şəmkir Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə cavabdehlə birgə nigahlarından doğulmuş ##.##.2010-cu il təvəllüdlü Sevgi adlı uşalarının saxlanması üçün hər ay bir uşaq üçün 120 manat məbləğində aliment müəyyən olunmuşdur. Bir müddət sonra isə cavabdeh Cavabdeh məhkəməyə alimentin indeksasiyası barədə ərizə göndərmişdir. Onun bu ərizəsi Şəmkir rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qərardadı ilə təmin edilmişdir. Məhkəmə qərardadı ilə cavabdehlə birgə nigahlarından doğulmuş ##.##.2010-cu il təvəllüdlü Sevgi adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanması üçün, əvvəllər Şəmkir rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, 2(076)- ****/**** saylı qətnaməsi ilə hər ay bir uşaq üçün təyin edilmiş 120 manat məbləğində aliment sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqbının 0.66 misli həddində sabit pul məbləğində aliment tutulması müəyyən olunmuşdur. Bu isə 264 manat deməkdir. Hal-hazırda onun maddi imkanları yaxşı deyildir. Məhkəmə qətnaməsi qəbul olunduqdan sonra onun maddi vəziyyətində yaxşı mənada hər hansı bir dəyişiklik olmamışdır. Əksinə ağırlaşma olmuşdur. Belə ki, o, heç bir yerdə işləmədiyini, məhkəmə tərəfindən əvvəllər təyin olunmuş alimenti güclə ödədiyir. Əlavə ödəniş etməyə maddi imkanı yoxdur. Bu səbəbdən də, məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə isə onun haqqlı iddiasını təmin etməmişdir. O, yenidən ailə qurmuşdur və bu nigahdan onun bir uşağı doğulmuşdur. Onların ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Yoldaşı isə heç bir yerdə işləmir. Hər iki uşaq maddi cəhətdən eyni qaydada maddi vəsait almalıdır. Lakin bir uşaq üçün 264 manat aliment ödəyəcəyi halda, digər uşağa o qədər maddi vəsait ayırmağı, maddi imkanları xaricində olmaqla, qeyri mümkündür. Həmçinin işsiz olmağı ilə bağlı mərkəzləşdirilmiş elektron informasiya sistemindən məşğulluq haqqında arayışı məhkəməyə təqdim etmişdir. Uşaqları saxlamaq hər iki valideynin borcudur. Cavabdeh Kəmalə Cavanşir qızı da uşağın ehtiyaclarını qarşılamalıdır. Cavabdeh özü də işləyir və yüksək əmək haqqı alır. Sevinc adlı qızlarının 22 yaşı, Sevgi adlı qızlarının isə 16 yaşı var. Sevinc adlı qızı sağlam olmasına baxmayaraq heç bir yerdə işləmir. Məhkəmə isə yuxarıda qeyd etdiyi halların heç birini araşdırmamış, onun təqdim etdiyi sübutlara qiymət verməmişdir. Bununla da, cavabdehin mövqeyindən çıxış etdiyini açıq şəkildə göstərmişdir. Məhkəmə qətnaməsi həm maddi hüquq normalarının, həm də, prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Uşaqları saxlamaq valideynlərin hər ikisinin əsas borcudur. Eyni zamanda yaşlı valideynlərinə də iddiaçı özü baxır. Məhkəmə isə qərar qəbul edərkən sadaladıqlarının heç birini nəzərə almamışdır. Bununla da, onun himayəsində olan uşağın təminat hüququnu pozmuşdur. O da, bu hüquqlarından istifadə etmişdir. Hüquqlarını kobudluqla pozan bir qətnamənin ləğv olunmasını iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Çünki məhkəmə tərəfindən müəyyən olunmuş məbləğ onun imkanları xaricindədir. Alimentin indeksləşməsi onun maddi vəziyyətini daha da ağırlaşdırmış, tarazlığı pozmuşdur. Onun himayəsində yaşayan uşağın maddi təminatı nəzərə alınmamışdır. Məhkəmə əslində aparmış olduğu araşdırmaya düzgün hüquqi qiymət verməmiş, heç bir hüquqi əsas olmadan onun iddia tələbini təmin etməmişdir. Halbu ki, maddi tələbi ilə bağlı məhkəməyə kifayət qədər mötəbər sübutlar təqdim etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallar məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. Məhkəməyə təqdim etdiyi sübutlar əsas verirdi ki, məhkəmə iddia tələbini təmin etsin.

12. Cavabdeh Cavabdeh apellyasiya şikayətinə etiraz verərək, göstərmişdir ki, iddiaçı İddiaçı ona qarşı Şəmkir Rayon Məhkəməsində alimentin azaldılması tələbinə dair iddia qaldırmışdır. Şəmkir Rayon Məhkəməsinin *(***)-****/**** saylı qətnaməsi ilə iddia rədd edilməmişdir. Lakin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Iddiaçı şikayətində cavabdehin işlədiyini və yaxşı qazanc əldə etdiyini bildirmişdir. Hazırda cavabdeh heç bir yerdə işləmir. Övladlarına özü tək baxdır. Heç bir yerdən gəliri yoxdur. Iddiaçı isə alimentdən narazı olduğu halda özünə vəkil tutub alimenti azaltmağa çalışır. Bundan başqa iddiaçı ata anası ilə birgə yaşayır ,hər iki valideyini təqaüd alır. Həmçinin torpaq sahələri və istilikxanaları vardır və yaxşı qazanc əldə edirlər. Iddiaçı özüdə yük daşıma taksi fəaliyyəti ilə məğguldur və yaxşı qazanc əldə edir. Ona görə də, hazırda həmin işlə bağlı şikayətə qarşı etirazını nəzərə alaraq şikayətin təmin olunmamasını xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçı böyrək çatışmazlığında əziyyət çəkir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq, işdən çıxdığını hal-hazırda işsiz olduğunu bildirmişdir. Iddiaçı valdeyinləri ilə birlikdə yaşasa da, valdeyinlərinin təqaüd aldıqlarını qeyd edmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası:

15. 17-ci maddəsinin II bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

16. 34-cü maddəsinin IV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

17. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

18. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

19. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

20. Maddə 107.2. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər.

21. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

22. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

“Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanunu:

23. 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.

24. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.

25. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa görə 2025-ci ildə uşaqlar üçün yaşayış minimumu 246 manat müəyyən edilmişdir.

26. Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa görə 2026-cı il üçün yaşayış minimumu uşaqlar üçün 260 manat məbləğində müəyyən müəyyən edilmişdir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

27. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinini dəyişdirə bilər.

33. Maddə 385.1.1 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

34. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

35. Maddə 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

36. Maddə 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

37. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

38. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

40. Hazırkı apellyasiya şikayətində qətnamə iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

42. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını əsas tutaraq hesab edir ki, iddiaçıdan alimentin tutulması vaxtdan hazırkı dövrədək zaman ərzində iddiaçının maddi vəziyyətində mənfi dəyişikliklər baş verməyərək, onun aylıq gəlirlərinin azalması halı yaranmadığından, iddia tələbi tam əsassızdır və təmin edilməməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

43. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq əlavə olaraq qeyd edir ki, işin hallarından görünür ki, tərəflər 2009-cu ildə nikahını rəsmi qeydə aldırmaqla ailə qurmuşdur. Birgə nikahından iki uşaqları doğulmuşdur. Aralarında olan narazılığa görə münasibətləri pozulmuş, nikahlarına məhkəmə qaydasında xitam verilmişdir. Uşaqlar cavabdehin himayəsində saxlanılmışdır. Uşaqlardan biri artıq 18 yaşına çatıb. Buna görə o, ##.##.2010-cu il tarixdə anadan olmuş Sevgi adlı uşağının saxlanması üçün aliment ödəyir. Şəmkir Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə cavabdehlə birgə nikahlarından ##.##.2010-cu il tarixdə anadan olmuş Sevgi adlı uşağının saxlanması üçün hər ay bir uşaq üçün 120 manat məbləğində aliment müəyyən olunmuşdur. Bir müddət sonra isə cavabdeh Cavabdeh məhkəməyə alimentin indeksasiyası barədə ərizə göndərmişdir. Onun bu ərizəsi Şəmkir rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)- ***/**** saylı qərardadı ilə təmin edilmişdir. Məhkəmə qərardadı ilə cavabdehlə birgə nikahdan ##.##.2010-cu il tarixdə anadan olmuş Sevgi adlı uşağının yetkinlik yaşına çatanadək saxlanmaları üçün, əvvəllər Şəmkir rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)- ****/**** saylı qətnaməsi ilə hər ay bir uşaq üçün təyin edilmiş 120 manat məbləğində aliment sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.66 misli həddində sabit pul məbləğində aliment tutulması müəyyən olunmuşdur. Iddiaçı isə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ilə birgə nikahdan doğulmuş ##.##.2010-cu il təvəllüdlü Sevgi adlı uşağını saxlanması üçün Şəmkir rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qərardadı ilə müəyyən olunmuş alimentin miqdarının azaldılaraq, hər ay bir uşaq üçün 120 (bir yüz iyirmi) manat sabit pul formasında aliment müəyyən olunmasını xahiş etmişdir.

44. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi ailə qanunvericilyi məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.

45. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını, uşaqların ananın himayəsində olmasını, onların qayğısının çəkilməsinin ananın üzərinə düşməsini, nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə qanuni və əsaslı nəticəyə gəlmişdir.

46. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız saymaqla, qeyd edir ki, cavabdehin hazırda işləməməsi alimentin məbləğinin azaldılmasına əsas vermir. Belə ki, ailə qanunvericiliyinin yuxarıda qeyd edilən tələblərindən görünür ki, valideynlər işləyib-işləməmələrindən asılı olmayaraq uşaqlarını saxlamağa borcludurlar. Cavabdeh ata kimi uşaq hüquqlarına hörmətlə yanaşmağa, uşağın cəmiyyət üçün layiqli vətəndaş kimi formalaşmasında üzərinə düşən vəzifələri yerinə yetirməyə borcludur. Onun uşağını saxlamaq həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli qərarının 8.13cü bəndində qeyd edilir ki, alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

46. Digər tərəfdən, Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa görə 2025-ci ildə uşaqlar üçün yaşayış minimumu 246 manat, 2026-cı il üçün yaşayış minimumu uşaqlar üçün 260 manat məbləğində müəyyən müəyyən edilmişdir.

47. Şəmkir rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qərardadı ilə müəyyən olunmuş alimentin miqdarından isə görünür ki, həmin qərardadla təyin edilmiş aliment məbləği hazırki vaxtda ölkə üzrə uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minimumu həddindədir. Belə olan halda isə, iddiaçının tələbi üzrə alimentin məbləğinin azaldılması yetkinlik yaşına çatmayan azyaşlı uşağının mənafeyinə və üstün maraqlarına uyğun deyildir.

48. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 384, 402 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

Şəmkir Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı və onun nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar