Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-538/2026 15.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi və məruzəsi, hakimlər X3 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı Ramil qızının cavabdeh Cavabdeh Ramiz oğluna qarşı tərəflərin birgə nikahlarından ##.##.2025-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 300 manat sabit pul məbləğində məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh Ramiz oğlunun nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİ İddiaçı İddiaçı Ramil qızının cavabdeh Cavabdeh Ramiz oğluna qarşı tərəflərin birgə nikahlarından ##.##.2025-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 300 manat sabit pul məbləğində məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı Ramil qızının iddiasının qismən təmin edilməsi, ##.##.2025-ci il tarixdən başlayaraq, ##.##.2025-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay 0,56 (sıfır tam yüz əlli altı) misli həddində sabit pul məbləğində aliment Cavabdeh Ramiz oğlundan İddiaçı Ramil qızının xeyrinə tutulması, İddiaçı Ramil qızının iddiasının qalan hissədə təmin edilməməsi və qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh Cavabdeh Ramiz oğlunun nümayəndəsi X2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin uşağın saxlanılması üçün 170 manat aliment hissəsində təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, apellyasiya şikayətinin mümkünlüyü üçün əsaslar olmadığından qəbul olunmamalı və şikayətin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş geri qaytarılmalıdır. Belə ki, apellyasiya şikayəti yoxlanılarkən müəyyən edilmişdir ki, cavabdeh Cavabdeh Ramiz oğlu ilə nümayəndəsi X2 yaxın qohumluq münasibətlərini təsdiq edən sənədlər şikayətə əlavə edilməmişdir. Kollegiyanın “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə etdiyi məlumatdan görünür ki, nümayəndə Rahilə Musayeva cavabdeh Cavabdeh anasıdır. Lakin onun səlahiyyətlərini təsdiq edən Gəncə şəhər * saylı Notariat ofisi tərəfindən verilmiş ##.##.2022-ci il tarixli etibarnamənin məzmunundan görünür ki, ona məhkəmə aktlarından şikayət vermək səlahiyyəti verilməmişdir. Azərbaycan Respublikası MPM: 69.1-1. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. 73.1. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. 74.2. İddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə; 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Bundan başqa, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə qanunvericiliklə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun tam ödənilməsinə dair sübut təqdim edilməmişdir. Buna görə də apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 361-ci maddəsinin tələblərinin yoxlanılması üçün də geri qaytarılmalıdır. Belə ki, MPM-in 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda —bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Hazırkı halda iddiaçı tərəfindən “aliment” barədə tələblə məhkəməyə müraciət edilmiş və iddianın qiyməti bir il ərzində istənilən məbləğin həcminə bərabər tutulur. İddiaçı alimentin mövcud məbləğdən azaldılaraq 300 manat həddində müəyyən edilməsini xahiş etmişdir. Bu zaman iddianın qiyməti MPM-in qeyd olunan normasına əsasən belə hesablanır: İddianın qiyməti = 300 manat × 12 ay = 3.600 manat. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. İş materiallarına əsasən, iddianın məhkəməyə verilməsi üçün iddianın qiymətinə mütənasib olaraq 3.600 manat məbləğə görə ödənilməli olan dövlət rüsumunun məbləği 56 manat təşkil etmiş və iddiaçı mediasiya prosesesinin keçirilməsi ilə bağlı ödədiyi 60 manat mediasiya xərcinə münasibətdə dövlət rüsumu ödmədən məhkəməyə müraciət etmək imkanı əldə etmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsinə əsasən, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci, 8.2-ci, 8.8-ci (müvəqqəti təminat tədbirlərinin tətbiqinə münasibətdə), 8.10-cu və 8.11-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir. Bu halda, 8.6-cı maddənin tələbi tətbiq edilməklə dövlət rüsumu 8.1-ci maddəyə uyğun hesablanmalı və yarı miqdarda (50%) ödənilməlidir. Göründüyü kimi, cavabdeh apellyasiya şikayətinin verilməsinə görə 56 manatın 50 faizi, yəni 28 manat məbləğində dövlət rüsumu ödəməli olduğu halda 15 manat ödəniş həyata keçirmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən yalnız iddiaçılar alimentin alınması ilə bağlı iddialar üzrə dövlət rüsumunun ödənilməsindən azad edilirlər. Bu güzəşt cavabdehlərə və ya apellyasiya şikayəti verən digər şəxslərə şamil edilmir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanununun 9.1.2-ci maddəsinə əsasən, yalnız aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Hazırkı işdə isə cavabdeh aliment alan şəxs deyil, əksinə, alimentin miqdarının azaldılması barədə iddia üzrə apellyasiya şikayəti verən şəxs qismində iştirak etdiyindən, həmin maddədə nəzərdə tutulmuş güzəşt ona şamil edilmir. Göründüyü kimi, qanunla müəyyən edilmiş qaydada cavabdeh qeyd edilən kateqoriya işlər üzrə rüsumun ödənilməsindən azad edilməmiş, bununla da dövlət rüsumunun ödənilməsi məhkəməyə müraciətin əsas şərtlərindən biri olduğundan, onun az ödənilməsi prosessual qanunvericiliyin tələblərinə zidd olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin apellyasiya şikayətini qəbul etməklə kifayətlənmiş və apellyasiya şikayətinin MPM-yə uyğunluğunu araşdırmamışdır. Odur ki, şikayət qanunvericiliyə uyğunluğunun yoxlanılması üçün geri qaytarılmalı, birinci instansiya məhkəməsi şikayətin MPM-yə uyğunluğunu yoxlayarkən, göstərilən nöqsanları aradan qaldırmalı və qərardadda göstərilən əsasları nəzərə almalıdır. Birinci instansiya məhkəməsi işin yuxarıda qeyd edilən hallarını müzakirə edərək, verilmiş şikayətin Azərbaycan Respublikası MPM-nin 364.1-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayıb qanuni qərar qəbul etməlidir. Azərbaycan Respublikası MPM-nin 366.1 və 366.2-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 360, 363, 366 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh Ramiz oğlunun nümayəndəsi X2 verdiyi apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün əsaslar olmadığından qəbul olunmasın. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh Ramiz oğlunun nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğunluq məsələsinin yoxlanılması üçün mülki iş Gəncə Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-7)-538/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-538/2026
15.04.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver