Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(3-7)-72/2026 11.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Məcidov Rüfət Azadəli oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment borcunun silinməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-5810/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(043)-5268/2016 saylı qətnaməsi və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-835/2019 saylı qətnaməsi ilə xx.xx.2025-ci il tarixədək yaranmış 11000 manat aliment borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə 2015-ci ildə faktiki münasibətlərindən 22 yanvar 2016-cı ildə X2 dünyaya gəlmişdir. Lakin sonradan münasibətləri pozulsa da, uşağın bütün ehtiyaclarını ödəmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 05 oktyabr 2016-cı il tarixli, 2(043)-5268/2016 saylı qətnaməsinə əsasən 22 yanvar 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay 117 manat sabit pul məbləğində alimentin tutulub Cavabdeh verilməsi qət edilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)835/2019 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(043)- 5268/2016 nömrəli qətnaməsi ilə 22 01.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 117 manat məbləğində müəyyən edilmış alimentin miqdarı artırılaraq, hər ay 150 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Gəncə Şəhəri üzrə İcra İdarəsinin Azərbaycan Resrublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ-nin 3 saylı Gəncə Ərazi İdarəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli, Ş.Ş.50217/19 nömrəli məktubundan görünür ki, hər ay əmək haqqının 70%-nin tutulmasına dair məktub göndərilmişdir. Hal-hazırda borc tam ödənildiyindən tutqunun hər ay sabit 150 manat olmaqla davam etdirilməsinə dair göstəriş verilməyi xahiş edilmişdir. Belə ki, məktubun verilməsinə əsas xx.xx.2025-ci il tarixdə Cavabdeh notariat qaydasında borcun tam ödənilməsinə dair ərizəsi olmuşdur. Qeyd edilən ərizə əsasında da Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayəti əsasında mülkiyyətində olan “Opel Vectra” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbs götürülmüşdür. Gəncə Şəhəri üzrə İcra İdarəsinin Azərbaycan Resrublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ-nin 3 saylı Gəncə Ərazi İdarəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli Ş.Ş.50217/19 nömrəli məktubundan görünür ki, Cavabdeh Gəncə Şəhəri üzrə İcra İdarəsinə ərizə ilə müraciət edərək, aliment borcunun olmamasını bildirmişdir. Lakin xx.xx.2025-ci il tarixdə yenidən ərizə ilə müraciət edərək həmin ərizəsini ləğv etmiş və Gəncə Şəhəri üzrə İcra İdarəsinə yenidən ərizə ilə müraciət edərək 11.000 manat borcunun olduğunu bildirmişdir. Odur ki, yaranmış 11.000 manat borc bitənədək əmək haqqından 70% məbləğində tutqunun aparılmasına göstəriş verilməsi xahiş edilmişdir. Göründüyü kimi, cavabdeh müxtəlif ərizələrlə ona təzyiq göstərməyə çalışır. Aliment borcunun olmaması barədə ərizəni cavabdeh özü könüllü şəkildə notariat xidmətinə müraciət etməklə yazmış və icra idarəsinə təqdim etmişdir. Ona heç bir təzyiq edilməmiş və özü könüllü şəkildə bunları etmişdir. Cavabdehin qeyd edilən ərizəni verməsinə səbəb isə o olmuşdur ki, birlikdə yaşamasalar da, cavabdehin və azyaşlı uşağın bütün ehtiyacları tərəfindən könüllü ödənilmişdir. Həmin xərclər isə qətnamə ilə nəzərdə tutulan alimentdən də çox olmuşdur. Daha sonra Cavabdeh alimentin indeksasiya olunması ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin 8(125)-620/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh ərizəsinin təmin edilməsi, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-835/2019 nömrəli, 19 fevral 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiya olunması, xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş mınımum əmək haqqının 1,153 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. O, xx.xx.2016-cı il tarixdə yenidən ailə həyatı qurmuşdur. X3 ilə birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü Aysu və xx.xx.2019-cu il təvəllüdlü Banu adlı uşaqları anadan olmuşdur. Bundan başqa cavabdehin onun ailəsində söz-söhbət salması səbəbindən X3 aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Gəncə Şəhər Məhkəməsinin 2(125)-3363/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi xx.xx.2018-ci il təvəllüdlü Aysu və xx.xx.2019-cu il təvəllüdlü Banu adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan S.Cavadovanın xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1(bir) misli həddində sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-5810/2025 saylı qətnaməsi ilə (hakim C.Tağıyev) İddiaçı Cavabdeh qarşı aliment borcunun silinməsi tələbinə dair iddiasının təmin olunmaması, iş üzrə ödənilmiş 73 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 2(125)-5810/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, onun iddiaçıya 11000 manat aliment borcu olmuşdur, lakin həmin borcu tamamilə ödəmişdir. Bu səbəbdən də tələbkar ərizə ilə müraciət edərək ona aliment borcunun qalmadığını göstərmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. Cavabdeh həmçinin göstərdi ki, iddiaçının 11000 manat ödənilməmiş aliment borcu yarandığına görə borcun ödənilməsinin təmin ediulməsi üçün iddiaçıya məxsus avtomobilin hərracdan satılması qərara alınmış, bu məqsədlə iddiaçıya məxsus avtomobilin üzərinə həbs qoyulmuşdu. İddiaçı avtomobilin hərrca çıxarıla bilməsi üçün üzərinə qoyulmuş həbsin götürülməsi üçün ərizə verilməsinin zəruri olduğunu bildirmiş, ona görə də o. həmin ərizəni yazıb vermişdir. İddiaçı isə onu növbəti dəfə aldadaraq avtomobil satmış olsa da, aliment borcundan heç bir ödəniş etməmişdir. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdırıb, məruzəçi hakimi və tərəfləri dinləyərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək, Gəncə Şəhər Məhkəməsinin 2(125)-5810/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilməli, işə iddia icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, qanunvericiliyin tələbinə görə icra mərhələsində aliment borcları məhz icra məmuru tərəfindən müəyyən olunur və mübahisə halında tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər (çünki, bu kimi hallar alimentin ödənilməsi zamanı, yəni icra mərhələsində aşkar olunan hallara aid olduğundan, yalnız icra qaydasında həll olunmalıdır). İddiaçının hazırki tələbi də məhz qanuni qüvvədə olan məhkəmə aktının icrası sahəsində qətnamə ilə müəyyən olunmuş aliment borcunun silinməsi və s. bu kimi hallarla bağlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 106.3-cü maddəsinin tələbinə görə, borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. Həmin Məcəlləsinin 106.5-ci maddəsinə əsasən, icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilər. Göründüyü kimi hazırkı ərizəyə icra icraatı qaydasında baxılmalı olduğundan iddiaçı məhkəməyə deyil, aidiyyəti üzrə icra məmuruna (icra qurumuna) müraciət etməlidir. Məhkəmə hesab edir ki, bu kimi mübahisələrin icra qaydasında həll olunması, bir tərəfdən qanuni qüvvədə olan məhkəmə qərarının preyudisiallığı, yəni məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsi olmaqla, eyni zamanda yetkinlik yaşına çatmayanların hüquq və mənafelərinin qısa müddətdə tam və hərtərəfli həllinə yönəlməlidir. Odur ki, hazırkı ərizəyə icra icraatı qaydasında baxılmalı olduğundan iddiaçı məhkəməyə deyil, aidiyyəti üzrə icra məmuruna (icra qurumuna) müraciət etməli olduğu halda bunu etməmişdir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini icraata götürüb mahiyyəti üzrə baxmaqda səhvə yol vermiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə görə Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Göstərilən müddəaların mənasından göründüyü kimi iş mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadıqda iş üzrə icraata xitam verilməlidir. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması əsası ilə üç halda işin icraatına xitam verilə bilər – iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda; iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda; iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.1-ci maddəsinə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. İddiaçının iddia ərizəsindən görünür ki, iddiaçı xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyinə görə aliment öhdəliyindən azad edilməsini yox, aliment borcunu ödədiyinə görə aliment öhdəliyindən azad edilməsini (aliment borcunun silinməsini) xahiş etmişdir. Bu hal isə mübahisənin məhkəmədə baxılmasını istisna edir. Azərbaycan Respublikası Mülki Prossesul Məcəlləsinin: 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Beləliklə məhkəmə kollegiyasının gəldiyi qənaətə görə apellyasiya şikayəti qismən təmin edilərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-5810/2025 saylı qətnaməsi ləğv edilməli, iddiaya iddia icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməli, iddiaçıya hazırkı tələblə bağlı aidiyyəti üzrə icra qurumuna müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372, 385.1.1, 384.0.4, 391, 403.1 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-5810/2025 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı aliment borcunun silinməsi tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, hazırkı tələblə bağlı aidiyyəti üzrə icra qurumuna müraciət edə bilər. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan rəsmi təqdim olunduğu gündən 10 gün müddətində şikayət verilməmişdirsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-7)-72/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-72/2026
11.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver