Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(3-8)-131/2026 03.03.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin e-2(012)-5215/2025 nömrəli, 23 oktyabr 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh ilə birgə nikahından olan xx.xx.2024-cü il təvəllüdlü X1 üçün cavabdehin hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında alimentin tutulması və alimentin 2025-ci ilin mart ayından, yəni cavabdehlə faktiki olaraq ayrı yaşadığı tarixdən hesablanması və özü üçün hər ay 200 manat sabit pul məbləğində alimentin tutulması və alimentin iddiaçının cavabdehə mediasiya təklifi göndərdiyi gündən, yəni xx.xx.2025-ci il tarixdən hesablanması və eyni zamanda mediasiya sessiyası üçün ödədiyi 50 manat, həmçinin vəkilə müraciət etmək üçün ödədiyi 200 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2024-cü il tarixdə Ağcabədi “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 55 nömrəli akt qeydi ilə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından bir qız övladı anadan olmuşdur xx.xx.2024-cü il təvəllüdlü X6. Cavabdehlə 5 aydır ki, faktiki olaraq ayrı yaşayır. Buna səbəb cavabdehin anasının – yəni qaynanasının cari ilin mart ayında onu evdən səbəbsiz yerə qovması, cavabdehin isə gəlib onları hazırda qaldığı atasıgildən götürüb öz evinə aparmamasıdır. Cavabdehlə ayrıldıqdan sonra uşağın saxlanılmasına görə özünə dəfələrlə müraciət edilib, lakin o nə uşağa, nə də ona maddi yardım edir. Bir valideyn kimi uşağının maddi və mənəvi tələbatlarını ödəmək cavabdehin də vəzifəsidir. Təkbaşına övladının tələbatlarını ödəyə bilmir. Eyni zamanda, körpə övladına baxır. Cavabdeh Müdafiə Nazirliyində işləyir. Onun dediyinə əsasən, 1500 manatdan çox əmək haqqı alır. Qanuna əsasən, xx.xx.2024-cü il təvəllüdlü X6 3 yaşına çatanadək onun da atadan aliment almaq hüququ var.
3. Abşeron Rayon Məhkəməsinin 23 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakim M.Abbasova) iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə 09 sentyabr 2024cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 21 avqust 2025-ci il tarixdən başlayaraq hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulması, Cavabdeh İddiaçı xeyrinə 09 sentyabr 2024-cü il təvəllüdlü X3 üç yaşına çatanadək saxlanması üçün 21 avqust 2025-ci il tarixdən başlayaraq hər ay hər il sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,125 misli həddində aliment tutulması, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməsi, mediasiya prosesi üçün ödənilmiş 50 manat və vəkil xərci üçün 50 manat olmaqla, cəmi 100 manat pul Cavabdeh tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticəni cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, cavabdehin rəsmi iş yerinin və aylıq gəlirinin olması, saxlanılması üçün xeyrinə aliment tutulan uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafının nəzərə alması ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
5. İddiaçı Əliyeva X4 Rayon Məhkəməsinin 23 oktyabr 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
6. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etmişdir. Belə ki, uşağın saxlanılması üçün tələb edilən məbləğ təmin olunsa da, hesablanma tarixi tərəflərin faktiki olaraq ayrı yaşayıb uşağın ana ilə qaldığı vaxtdan, yəni mart ayından başlayaraq deyil, işin məhkəmədə icraata başlandığı tarixdən, yəni 21 avqust 2025-ci il tarixindən etibarən hesablanmışdır. Həmçinin iddianın iddiaçının özü üçün hər ay sabit pul məbləğində 200 manat alimentin cavabdehə mediasiya təklifi göndərilən tarixdən, yəni xx.xx.2025-ci il tarixindən hesablanması tələbi qismən təmin olunaraq aylıq 50 manat miqdarında və 21 avqust 2025-ci il tarixindən hesablanmışdır. Qeyd etmək lazımdır ki, məhkəmə iclası audiovideo yazı altında keçirilir və bütün iclas qeyd olunur. Cavabdehə iclas zamanı uşağın nə vaxtdan etibarən uşağından ayrı yaşadığı və həmin müddət ərzində maddi yardım edib-etməməsi barədə soruşulduqda o bildirmişdir ki, mart ayından etibarən ayrı yaşayırlar, bu müddət ərzində uşaqla maraqlanmayıb və heç bir formada maddi yardım etməyib. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı əsassızdır. maddi hüquq normalarından da göründüyü kimi cavabdeh iddiaçının daha öncədən uşağa aliment verməsi barədə müraciət etməsinə baxmayaraq, cavabdeh bir valideyn olaraq öz öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçı tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət edilmiş, birinci instansiya məhkəməsi isə onun hüquqlarını pozan əsassız qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi işin qeyd edilən hallarını nəzərə almamış, işin həqiqi və hüquqi hallarına uyğun olmayan qətnamə çıxarmışdır. Qətnamə əsaslandırılmamış və bu qətnamədə iddia tələbinin əsaslandığı dəlillərə cavab verilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
7. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
8. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
10. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.
Tətbiq edilən hüquq
10. Ailə Məcəlləsi
Maddə 84. Ər-arvadın bir-birini saxlamaq vəzifəsi 84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad.
13. Mülki Prosessual Məcəllə
121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
14. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etsə də, qətnaməni iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla qətnaməyə mübahisələndirilən hissədə baxılaraq hüquqi qiymət verilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası iş materiallanı araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə vəkil xərci üçün 50 manat xidmət haqqının tutulması hissəsində ləğv edilməli, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmasına dair iş üzrə qətnamə qəbul edilməlidir.
16. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticəni cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, cavabdehin rəsmi iş yerinin və aylıq gəlirinin olması, saxlanılması üçün xeyrinə aliment tutulan uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafının nəzərə alması ilə əsaslandırmışdır.
17. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etsə də, qətnaməni iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirmişdir.
18. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı).
19. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.
20. Məhkəmə kollegiyası iddiaçı tərəfindən qətnamənin iddia tələbinin təmin olunmayan hissəsində mübahisələndirilməsini nəzərə alaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
21. İddia tələbinin özü üçün hər ay 200 manat sabit pul məbləğində alimentin tutulması hissəsi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
22. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.
23. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
24. Həmin Qanunun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
25. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz .
26. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər (Ailə Məcəlləsinin 84.1., 84.2 və 84.2.2. maddələri).
27. Qanunun mənasından da göründüyü kimi hüquqi faktlar mövcud olmalıdır ki, (ərarvadın rəsmi nikahı olması, aliment tələb edən ər-arvadın əmək qabiliyyətinin olmaması və maddi köməyə ehtiyaclarının olması, eləcə də aliment tələb olunan şəxsin buna zəruri vəsaitinin olması) ər-arvaddan bir-birinin xeyrinə məhkəmə qaydasında alimentin tutulsun.
28. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdikləri formal mülahizədən ibarət olduğu üçün təmin edilə bilməz.
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin alimentin tutulmasının 2025-ci ilin mart ayından hesablanması hissəsinə gəldikdə isə qeyd edir ki, Ailə Məcəlləsinin 100.2. maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
30. İşdən görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Qanunvericiliyin tələbinə uyğun olaraq birinci instansiya məhkəməsi alimentin tutulmasını xx.xx.2025-ci il tarixdən hesablanması barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Bu səbəbdən məhkəmə kollegiyası alimentin tutulmasının 2025-ci ilin mart ayından hesablanması barədə apellyasiya şikayətinin dəlilini əsaslı hesab etmir.
31. Apellyasiya şikayətinin vəkilə ödənilmiş xidmət haqqının tutulması hissəsi ilə bağlı qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 121.1. maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
32. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddiaçının iş materiallarına əlavə etdiyi hüquqi yardımın göstərilməsi haqqında müqaviləyə əsasən Alyans Vəkil Bürosunun hesabına 200 manat ödənildiyindən, qətnamə iddia tələbinin vəkilə ödənilmiş 200 manat xidmət haqqının tutulmasının təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilərək, cavabdehdən 200 manat pul tutulub iddiaçıya verilməlidir.
33. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 23 oktyabr 2025-ci il tarixli qətnaməsi vəkilə ödənilmiş 50 manat xidmət haqqının ödənilməsi hissəsində ləğv edilməli, Cavabdeh vəkilə xidmət haqqı olaraq ödənilmiş 200 manat məbləğində pul tutulub İddiaçı verilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanlmalıdır.
34. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
35. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
36. Qətnamənin iddia tələbinin özü üçün hər ay 200 manat sabit pul məbləğində alimentin tutulması və vəkilə xidmət haqqı olaraq ödənilmiş 200 manat məbləğində pulun tutulması hissəsində iddia tələbi 5000 manatdan aşağı olduğundan, qətnamənin bu hissəsindən kassasiya şikayəti verilə bilməz, lakin alimentin tutulma vaxtının müəyyən edilməsi hissəsindən kassasiya şikayəti verilə bilər. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 23 oktyabr 2025-ci il tarixli qətnaməsi vəkilə ödənilmiş 50 manat xidmət haqqının ödənilməsi hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh vəkilə xidmət haqqı olaraq ödənilmiş 200 manat məbləğində pul tutulub İddiaçı verilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.