Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-248/2026 07.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Hüseynov İlham Əziz oğlunun cavabdeh Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X5 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, iddiaçı Hüseynov İlham Əziz oğlunun, cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı Hüseynov İlham Əziz oğlunun cavabdeh Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı Hüseynov İlham Əziz oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Hüseynov İlham Əziz oğlu cavabdeh Cavabdeh qarşı iddia qaldıraraq, ##.##.2014-cü il təvəllüdlü Hüseynli Xalid İlhamoğlunun və ##.##.2018-ci il təvəllüdlü Hüseynli Səid İlham oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində aliment məbləğinin dəyişdirilərək azaldılmasına və uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 140 manat miqdarında ümumilikdə 280 manat alimentin tutularaq cavabdehə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə ## ###### 2014-cü il tarixdə Sumqayıt “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsində rəsmi nikahlarını qeyd etdirməklə evlənmişdir. Birgə nikahdan iki övladı, ##.##.2014-cü il tarixdə Hüseynli Xalid İlham oğlu və ##.##.2018-ci il tarixdə Hüseynli Səid İlham oğlu doğulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Daha sonra Sumqayıt Şəhər Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2023-cü il tarixli qətnaməsi ilə ##.##.2023-cü il tarixdən başlayaraq, ##.##.2014-cü il təvəllüdlü Hüseynli Xalid İlham oğlunun və ##.##.2018-ci il təvəllüdlü Hüseynli Səid İlham oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsinə qət edilmişdir. Hal-hazırda maddi vəziyyəti Sumqayıt Şəhər Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləğini ödəməyə kifayət etmir. Ağır astiqmatizm xəstəliyindən əziyyət çəkir və müalicə almaq üçün kifayət qədər çox vəsait sərf edir. Tək aylıq dərmanlarına sərf etdiyi pul vəsaiti 400 manatı keçir. Həmçinin yenidən ailə qurmuş, 2024-cü ilin ortalarından sağlamlığındakı vəziyyət pisləşdiyindən işləyə bilmir və həmin ilin oktyabr ayından bəri əlil olduğu üçün özünə uyğun işdə tapa bilmir. Evli olmağı, xəstəliyi və digər hallara görə məsrəfləri yetərincə artmışdır. Ailəsinin bütün qayğısını, ehtiyacını tamamilə o çəkir. Bütün gəliri isə sadəcə əlil olduğu üçün ona verilən pensiyadan ibarətdir. 2-ci Qarabağ Müharibəsi zamanı travma aldığından müharibə veteranıdır və əlilliyinə səbəb budur. Bunlarla yanaşı, indiyə qədər təyin edilmiş aliment məbləğini çətin olsa da, ödəmişdir. Ancaq son zamanlarda aldığı pensiyasının demək olar ki hamısı tutulur. Hətta pensiya məbləği ona çatmadan hesabı mənfiyə salınır. Bu hallar onun sağlamlığına və yenidən qurduğu ailəni təsərrüfat etdirməyinə maneə törədir. Maddi yoxsulluq çəkməyi müalicəsinin pozulmasına, dərmanlarını vaxtlıvaxtında ala bilməməyinə səbəb olur. Ailəsinin güzaranının qənaət-bəxş olmaması isə onu təmiz özündən çıxarır. Bəzən özünü itirir və canına qəsd etmək həddinə çatır. Cavabdeh qeyd etdiklərini bilə-bilə uşaqlarını da ona göstərmir, hətta onlarla telefonla belə danışmağına maneələr törədir. Bütün bunlara yanaşı atası Sumqayıt şəhərində yerləşən evini, Qax rayonunda olan fındıq bağ sahəsini uşaqlarının saxlanması üçün cavabdehin istifadəsinə vermişdir. Cavabdeh illik olaraq da, oradan kifayət qədər gəlir əldə edir. Bütün bunlar əsas verir ki, hal-hazırda müəyyən edilmiş hər uşaq üçün 220 manat aliment məbləği dəyişdirilərək azaldılsın. Göstərilənlərə əsasən hesab edir ki, ##.##.2014-cü il təvəllüdlü Hüseynli Xalid İlham oğlunun və ##.##.2018-ci il təvəllüdlü Hüseynli Səid İlham oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində aliment məbləği dəyişdirilərək, hər iki uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 140 manat miqdarında ümumilikdə 280 manat tutularaq cavabdehə ödənilməlidir.
3. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim V.Şirəliyeva) iddiaçı Hüseynov İlham Əziz oğlunun cavabdeh Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
4. İddia tələbini rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni iddiaçı Hüseynov İlham Əziz oğlu ailə və ya maddi vəziyyətində hər hansı dəyişikliyin olmasını sübut edə bilməməsi ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
5. İddiaçı Hüseynov İlham Əziz oğlu Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
6. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla ədalətsiz bir şəkildə çıxarmışdır. Qətnamə ləğv edilərək iddia ərizəsi təmin edilməlidir. Məhkəmə onun aliment müəyyən olunduğu dövrdən sonra əlillik statusu almağını və buna bağlı olaraq işsiz qaldığını, ağır xəstəlikdən əziyyət çəkdiyini və yenidən ailə həyatı qurmaqla birgə ailə təsərrüfatı idarə etməyini nəzərə almamışdır. Həmçinin onun cavabdehin istifadəsinə daşınmaz əmlak və hazır gəlir gətirən bağ sahəsi verməyi də məhkəmə tərəfindən müəyyən edilərək nəzərə alınmamışdır. Qeyd edilən normanın tələbləri məhkəmə tərəfindən ümumiyyətlə nəzərə alınmamışdır. Məhkəmənin öz mülahizələrinə əsasən yekun nəticə qət edilmişdir. İş materiallarında olan sənədlərlə, qətnamədə müəyyən edilən halların üst-üsdə düşməməsi və sair hallar bunun sübutudur. Birinci instansiya məhkəməsi tərəfindən təqdim edilmiş sübutları araşdırmamış, öz mülahizəsinə əsasən məhkəmə aktı qəbul etmişdir. Sumqayıt Şəhər Məhkəməsi öz qətnaməsində müəyyən edilmiş halların araşdırılmasını və onların sübut olunmasını zəruri hesab etmədən əvvəlcədən olan halları sübut edilmiş kimi qəbul etmişdir. Bu da əsaslı və ədalətli bir qərar çıxarılmadığının bariz nümunəsidir. Hakim, məhkəmə iclasında tədqiq edilməmiş sübutlara əsaslanaraq hesab etmişdir ki, onun güzaranı pisləşməmişdir və maddi vəziyyəti yaxşıdır. Onun xəstəliyini və ailə vəziyyətinin dəyişməsini eyni zamanda gəlirinin azalmasını nəzərə almamamışdır. Hətta sağlamlığı o həddə çatmışdır ki, o, məhkəmə iclaslarında belə iştirak edə bilməmişdir. Bu yaxın tarixədək psixi pozuntularla bağlı təkrar müalicədə olmuşdur. Bu və digər hallar göstərir ki, hakim məhkəmə iclasında tədqiq edilməmiş sübutlara əsaslanaraq işə səthi yanaşmış və ədalətsiz qərar qəbul etmişdir. Məhkəmə nəzərə almamışdır ki, o ağır astiqmatizm xəstəliyindən əziyyət çəkir və müalicə almaq üçün kifayət qədər çox vəsait sərf edir. Tək aylıq dərmanlarına sərf etdiyi pul vəsaiti 400 manatı keçir. Həmçinin yenidən ailə qurmuş, 2024-cü ilin ortalarından sağlamlığındakı vəziyyət pisləşdiyindən işləyə bilmir və həmin ilin oktyabr ayından bəri əlil olduğu üçün özünə uyğun işdə tapa bilmir. Məhkəmə əsassız qətnamədə göstərmişdir ki, Hüseynov İlham Əziz oğlu e- *(***)-****/**** nömrəli mülki işin gedişatı zamanı da alimentin təyin edilməsi ilə bağlı hazırki iş üzrə istinad etdiyi hallara əsaslanmışdır. Həmin iş üzrə iş materiallarına əlavə edilmiş tibbi sənədlərdən də görünür ki, iddiaçının istinad edib əsaslandığı xəstəliyi əvvəllər mövcud olmuş, yeni hal deyil və e-*(***)-****/**** nömrəli qətnamə qəbul edilən zaman bu hal mövcud olmuşdur. Göründüyü kimi, 2023-cü ilin dekabr ayında artıq məhkəmə alimentin ödənilməsi ilə bağlı öz mövqeyini bildirərkən hazırki iş üzrə istinad olunmuş hallara öz mövqeyini bildirmişdir. Lakin nəzərə alınmamışdır ki, o həmin dövrdə işləmiş, sonradan əlil olduğu qənaətinə gəlindiyi üçün indi pensiyasından başqa heç-bir əlavə gəliri yoxdur. Həmçinin onun dərmanlarına sərf etdiyi xərcləri və yeni həyat yoldaşı da işsiz olduğundan onunla birgə təsərrüfat etdiyi ailə xərcləri də vardır. Eyni zamanda məhkəmə araşdırmamış və müəyyən etməmişdir ki, cavabdehə yaşamadığı təqdirdə Sumqayıt şəhərində ev bağışlanmış və o, həmin evdən də gəlir əldə etməkdədir. Buna dair sənədlər hal-hazırda qoşma hissədə əlavə edilmişdir və ilkin məhkəmə zamanı da təqdim edilmişdir. Bu və digər hallar məhkəmə tərəfindən ümumiyyətlə araşdırılmamışdır. Həmçinin, məhkəmə guya müəyyən etmişdir ki, aliment məbləğinin azaldılması tələbini əsaslandırarkən maddi vəziyyətinin dəyişməsinə istinad etmiş, həmçinin, başqa nikaha girdiyini və cavabdehin maddi vəziyyətinin yaxşı olduğunu qeyd edərək, təyin olunmuş alimentin məbləğinin 140 manata qədər azaldılmasını xahiş etsə də, tələbini Ailə Məcəlləsinin 112-ci maddəsinin normaları baxımından əsaslı hesab edəcək dəlilləri məhkəməyə təqdim etməmişdir. Buna münasibətdə bildirir ki, qeyd edilən məsələyə dair kifayət qədər əsaslı sübutlar məhkəməyə təqdim edilmişdir. Məhkəmə onun aylıq pensiya məbləğini müəyyən edərkən uzun müddətdir əmək fəaliyyətinin olmamasını və sair gəlirlərinin olmadığına dair iddialarını təkzib edən hər-hansı sübut əldə etməmişdir. Gəlirinin aşağı düşməsi isə kifayət qədər açıq dəlillər ilə sübuta yetirilmişdir. Eyni zamanda yeni nikahdan övladının olmamasını onun ailə vəziyyətinin dəyişməməsi kimi qəbul edən məhkəmə bu hissədə də qərəzli davranmışdır. Birinci instansiya məhkəməsi qeyd edir ki, onun sonrakı nikahdan övladı olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, bu hal iddiaçının ailə vəziyyətində baş vermiş dəyişiklik kimi qiymətləndirilə bilməz. Eyni zamanda məhkəmə ayda 1070 manat pensiyadan başqa gəliri olmamasına rəğmən onun aylıq gəlirinin aliment müəyyən olunan tarixə münasibətdə azalması halı kimidə müəyyən etməmişdir. Sonradan göstərilir ki, məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi və ya aliment ödəməkdən azad etmə yalnız tərəflərdən birinin ailə və ya maddi vəziyyətində mühüm dəyişiklik baş verdiyi sübuta yetirildiyi halda mümkündür. Nəticədə isə qət edilir ki, aliment miqdarı dəyişdirilməməlidir. Göründüyü kimi məhkəmə ətraflı araşdırma aparmadan və işin hallarını düzgün müəyyən etmədiyindən qətnamənin əsaslandırıcı hissəsi ilə nəticə hissəsi örtüşməməkdədir. Cavabdehin istifadəsinə verilmiş və uşaqlarının illik xərclərinin böyük hissəsini qarşılayan gəlirin əldə olunduğu fındıq bağına dair sənədlər məhkəməyə iclas zamanı təqdim olunacaqdır. Hansı ki, həmin bağ sahəsi onun ailəsinə məxsusdur və oradan gələn gəlirlər tərəfindən götürülmür və o bağın bütün illik gəliri uzun müddətdir ki, tamamilə cavabdehə verilmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
7. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
8. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı Hüseynov İlham Əziz oğlu apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 17. Ailə, uşaqlar və dövlət İ. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. II. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
11. Azərbaycan Respublikasının Ali Məcəlləsi Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
13. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. İş materiallarını araşdırıb, məruzəçini və tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
15. İddia tələbini rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni iddiaçı Hüseynov İlham Əziz oğlu ailə və ya maddi vəziyyətində hər hansı dəyişikliyin olmasını sübut edə bilməməsi ilə əsaslandırmışdır.
16. İddiaçı məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmayaraq qətnaməni apellyasiya qaydasında mübahisələndirmişdir.
17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
18. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin II hissəsi).
19. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır.
20. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.
21. Ailə Məcəlləsinin 112.1. maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
22. Qeyd etmək lazımdır ki, aliment valideynin övladının saxlanılması üçün uşaqları yanında qalan valideynə ödənilən müavinətdir. Həmin müavinət digər valideynə öz tələbatının ödənilməsi üçün deyil, himayəsində qalan övladlarının maddi tələbatının ödənilməsi, yemək və digər zəruri ehtiyaclarının ödənilməsində digər valideyinin də iştirakının təmin edilməsinə yönəldilir ki, uşaqların saxlanılması yükü bir valideynin üzərinə düşməsin. Alimentin miqdarı müəyyən edilərkən ilk növbədə uşağın marağı təmin edilməlidir. Əgər alimentin miqdarı müəyyən edildikdən sonra həmin məbləğin dəyişdirilməsi zərurəti yaranarsa, bu zaman ilk növbədə tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməlidir. Bu da alimentin miqdarının dəyişdirilməsini tələb edən şəxsin tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olmasını sübut etmə öhdəliyini yaradır. Hazırkı işdən göründüyü kimi tərəflərin birgə nikahlarından olan övladlarının saxlanılması üçün müəyyən edilən alimentin məbləği Sumqayıt Şəhər Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. Həmin qətnamənin çıxarıldığı vaxtdan hazırkı müddətə cavabdehin ailə və ya maddi vəziyyətində dəyişikliyin olmasına, o cümlədən maddi vəziyyətinin pisləşməsinə dair hər hansı bir sübut iddiaçı təqdim etməmişdir.
23. Həmçinin qeyd edilməlidir ki, uşağın saxlanılmasından ötrü maddi və mənəvi tələbatının ödənilməsi üçün hər iki valideyn birgə məsuliyyət daşıyır. İddiaçı övladının saxlanılması üçün müəyyən edilmiş hər ay hər uşağa 220 manat olmaqla, ümumilikdə 440 manat alimentin azaldılmasını xahiş etsə də, qeyd edilən məbləğin azaldılması uşağın mənafeyinə uyğun olmamaqla onun təminatının azaldılmasını qaçılmaz edəcəkdir.
24. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi barədə gəldiyi nəticə qanuni və əsaslıdır.
25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyindən, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edildiyindən iddiaçı Hüseynov İlham Əziz oğlunun apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
27. Azərbaycan Respublikası MPM-nin 112.1.3. maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
28. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə tələb birinci instansiya məhkəməsi tərəfindən tutulan 220 miqdarında alimentin azaldılaraq hər ay qazancının 140 manat tutulması təşkil edir (220-140=80 manat). Həmin azalmanın bir il ərzində məcmusu isə (80 X 12 ay = 960x2=1920 manat) 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 385.2., 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı Hüseynov İlham Əziz oğlunun apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.