Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(3-8)-294/2026 05.03.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair mülki iş üzrə (qarşılıqlı iddia ərizəsinin geri qaytarılması) X1 (sədrlik edən və məruzəçi), X6 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(5-155)-35/2026 nömrəli, xx.xx.2026-cı il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 23 oktyabr 2010cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində alimentin və onlar arasında olan razılaşma əsasında iddiaçıya hər ay üçün ödənilməli olan 300 manat olmaqla, beş ay üçün yığılan 1500 manat alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən X2 bank hesabına ödənilən 4444 manat məbləğində pulun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir.
3. Sumqayıt Şəhər Məhkəməsinin 2(5-155)-35/2026 saylı, xx.xx.2026-cı il tarixli qərardadı ilə Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır.
4. Həmin qərardaddan narazı qalan cavabdehin nümayəndəsi və vəkili Nümayəndə şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(5-155)-35/2026 saylı, xx.xx.2026-cı il tarixli qərardadının ləğv edilməsini, Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
5. Sumqayıt Şəhər Məhkəməsinin 2(5-155)-35/2026 saylı, xx.xx.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarından görünür ki, qarşılıqlı iddia ərizəsi ilk tələbin qarşılıqlı ödəlməsinə yönəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə; hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-nin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə MPM-nin 13.4-cü maddəsinə əsasən prosessual hüquq münasibətlərinə analogiya üzrə həmin Məcəllənin 152.1.7-ci maddəsini tətbiq edərək hesab edib ki, Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi geri qaytarılmalıdır.
7. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 156.1.1, 156.1.2, 156.1.3, 156.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri
8. Şikayət onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia ərizəsinin geri qaytarılması barədə məhkəmənin mövqeyi əsassız və qanunsuzdur. Məhkəmə qarşılıqlı iddianın ilk iddianın predmetinə yönəlmədiyini əsas gətirərək onun icraata qəbulundan imtina etmişdir. Halbuki, qarşılıqlı iddia üzrə irəli sürülən pul tələbi formal olaraq borc tələbi kimi ifadə olunsa da, mahiyyət etibarilə yetkinlik yaşına çatmayan uşağın saxlanılması ilə bağlı xərclərin ödənilməsinə yönəlmişdir. Ailə hüquq münasibətlərinin xarakteri nəzərə alındıqda, uşağın saxlanılması ilə bağlı tələblər aliment öhdəliyinin tərkib hissəsi kimi qiymətləndirilməli və bu baxımdan ilk iddianın – aliment tələbinin – hüquqi mahiyyəti ilə birbaşa əlaqəli hesab edilməlidir. Mülki prosessual qanunvericiliyin tələblərinə görə, qarşılıqlı iddia ilk iddia ilə qarşılıqlı əlaqədə olduqda və onların birgə baxılması işin daha düzgün və operativ həllinə xidmət etdikdə icraata qəbul olunmalıdır. Hazırkı halda tələblərin eyni hüquq münasibətindən – uşağın saxlanılması üzrə valideynlərin öhdəliklərindən – irəli gəlməsi onların birlikdə araşdırılmasını zəruri edir. Qarşılıqlı iddianın ayrıca icraatda baxılması isə həm prosessual qənaət prinsipinə ziddir, həm də eyni faktiki halların müxtəlif icraatlarda təkrar araşdırılmasına səbəb olur. Bu səbəbdən, qarşılıqlı iddianın ilk iddia ilə maddi hüquqi bağlılığı mövcud olduğundan onun icraata qəbul edilməməsi əsassızdır və məhkəmə tərəfindən prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Göstərilən hallar nəzərə alınmalı və nəticədə qəbul edilmiş əsassız qərardad ləğv edilməlidir.
b) Şikayəti qarşı etirazın dəlilləri
9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
11. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 155.1. Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Maddə 155.2. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Maddə 155.3. Qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir Maddə 156.1. Hakim qarşılıqlı iddianı həmin iddiа ilk tələbin qarşılıqlı ödənilməsinə yönələrsə, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırаrsа və hər iki iddia arasında qarşılıqlı əlaqə оlаrsа və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə qəbul edir. Maddə 156.2. Tələbinə əsasən qarşılıqlı iddianın qəbul edilməsi məsələsinə zəruri hallarda və yaxud iddia verən şəxsin vəsatəti üzrə iddianı verən şəxsin və yaxud işdə iştirak edən şəxslərin iştirakı ilə baxıla bilər. Maddə 398.0.2. Qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Maddə 399. Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.
12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli qərarındakı mövqeyinə görə qarşılıqlı iddia irəli sürmək hüququna yalnız ilkin iddia üzrə cavabdeh malikdir. Qarşılıqlı iddia yalnız ilk iddianı irəli sürmüş şəxsə, yəni iddiaçıya qarşı irəli sürə bilər. Qarşılıqli iddia prosesdə müəyyən marağı olan üçüncü şəxsə, prokuror və ya dövlət orqanına qarşı irəli sürülə bilməz. Qarşılıqlı iddia qarşılıqlı tələbin ödənilməsinə yönəldiyi təqdirdə qəbul olunur.
Apellyasiya baxışının hədləri
13. Şikayətdən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 2(5-155)- 35/2026 saylı, xx.xx.2026-cı il tarixli qərardadının tam ləğv olunmasını xahiş etmişdir. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadını tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv araşdırıb və toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(5-155)-35/2026 saylı, xx.xx.2026-cı il tarixli qərardadı ləğv edilərək, ləğv edilmiş hissədə sonrakı prosessual hərəkətlərin edilməsi məqsədilə mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir.
15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və mövqeyini aşağıdakı qaydada izah edir.
16. Qeyd edilir ki, MPM-in 155-ci maddəsinin tələbinə əsаsən cаvаbdeh ilk iddiа ilə birlikdə bаxılmаq üçün iddiаçıyа qаrşılıqlı iddiа verməyə hаqlıdır və qarşılıqlı iddianın verilməsi ümumi qaydaları əsasında həyata keçirilir. Yəni, qarşılıqlı iddia ərizəsi və onun verilməsi MPM-in “iddianın verilməsi” fəslində təsbit olunmuş qaydalarа uyğun olmalıdır
17. İşin müəyyən edilmiş hallarından görünür ki, iş üzrə İddiaçı hazırkı iddia ərizəsində cavabdehdən 5 ay ərzində ödənilməli olan aliment məbləğinin ödənilməsini, habelə yetkinlik yaşına çatmayan övladının saxlanılması üçün alimentin təyin edilməsini tələb edir. İddiaçı göstərir ki, aralarındakı razılaşmaya əsasən cavabdeh ona hər ay azyaşlı uşağının saxlanılması üçün 300 manat məbləğində aliment ödəyəcəyinə dair öhdəlik götürsə də, buna əməl etməmişdir. Bu səbəbdən iddiaçı cavabdehdən son beş ay ərzində ödənilməmiş aliment borcunun ödənilməsini tələb edir.
18. Qarşılıqlı iddia ərizəsində isə iddiaçı cavabdehə ərizəsində qeyd etdiyi müddətlərdə ödəmiş olduğu pulun (ümumilikdə 4444.73 manat pulun ) ona qaytarılmasını tələb etmiş, tələbini də onunla əsaslandırmışdır ki, ödənilmiş pullar cavabdehin bank kartına köçürülməklə məhz uşağın saxlanılması üçün ödənilən məbləğdir.
19. İşə baxan məhkəmə qarşılıqlı iddia ərizəsinin ilkin iddia ilə qarşılıqlı əlaqəli olmaması, qarşılıqlı iddianın ilk iddia tələbinin qarşılıqlı ödənilməsinə yönəlməməsi əsası ilə qarşılıqlı iddianı geri qaytarmışdır.
20. Məhkəmə kollegiyası qeyd olunan mövqeylə razılaşmır.
21. Belə ki, qarşılıqlı iddia ərizəsində iddiaçının cavabdehdən tələb etdiyi pul məbləği xx.xx.2022-ci ildən xx.xx.2025-ci ilədək olan dövrü əhatə etməklə hər ay üzrə əsasən 50- 100 manat civarında olmaqla ödənmiş pul vəsaitinin qaytarılması ilə bağlıdır ki, qarşılıqlı iddia ərizəsində bu məbləğ aliment məbləği kimi qeyd edilmişdir.
22. Kollegiya qeyd edir ki, qarşılıqlı iddia tələbində qeyd olunan məbləğin aliment ödənişi ilə bağlı olması hazırkı vəziyyətdə, qarşılıqlı iddia tələbini ilk iddia tələbi ilə birbaşa əlaqəli edir. Habelə məhkəmə araşdırmasından aslı olaraq, təsdiq edildiyi halda qarşılıqlı tələbin ilk iddia tələbi ilə hissəvi şəkildə əvəzləşdirilməsi halı mümkün ola bilər ki, bu hal da MPMin 156-cı maddəsinə uyğundur.
23. Qeyd edilməlidir ki, qarşılıqlı iddia tələbi öz xarakterinə və məzmununа görə cavabdehin qanuni mənafeyinin müdafiəsinin təmin ediməsinə yönəldilmiş prosesual vasitə оlmаqlа yаnаşı hər iki iddia tələbinə birlikdə baxılmasınа qənaət edir, tərəflərin qarşılıqlı tələblərini tənzimləyir, gələcəkdə ilkin və qаrşılıqlı iddiа tələbləri üzrə məhkəmələr tərəfindən ziddiyətli qətnamələrin çıxarılmasının qarşısını alır.
24. Məhkəmə kollegiyası iş materialları əsasında belə qənaətə gəlir ki, qarşılıqlı iddia ərizəsinin geri qaytarılması haqqında birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli olsa da, lakin apellyasiya instansiyası məhkəməsi konkret olaraq işin bu halında qarşılıqlı iddianın icraata qəbul edilməsi barədə qərardad çıxarmağa haqlı deyildir. Çünki iddianın mümkünlüyü məsələsinin həlli, təkcə iddianın geri qaytarılması üçün müəyyən olunmuş halların mövcud olub-olmaması ilə bağlı aparılan araşdırma ilə bitmir. İddianın icraata qəbul edilməsi üçün iddianın mümkünlüyünün digər əsasları da araşdırılmalı, nəticəsindən asılı olaraq iddianın taleyi həll olunmalıdır. Lakin qərardadın məzmunundan görünür ki, birinci instansiya məhkəməsi tərəfindən qarşılıqlı iddianın mümkünlüyü ilə bağlı digər hallar arışdırılıb onlara qiymət verilməmişdir.
25. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkünlüyü ilə bağlı digər halların araşdırılaraq, iddianın icraata qəbul edilməsi məsələsinin müəyyən edilməsi üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi iddianın icraata qəbul edilməsini istisna edən başqa halların olub-olmamasını araşdırmalı, bu hallar müəyyən edilməzsə iddianı icraata qəbul etməlidir.
26. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət əsaslı olduğundan qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(5-155)-35/2026 nömrəli, xx.xx.2026-cı il tarixli qərardadı tam, həmin qərardadla bağlı xx.xx.2026-cı il tarixli qərardadı isə qismən, şikayətin təmin edilməyən hisəsində ləğv olunmalı və mülki iş qarşılıqılı iddia tələbinin icraata qəbul edilməsi ilə bağlı sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
27. Göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.2, 400, 402-405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı
Qərara aldı:
Cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(5-155)-35/2026 nömrəli qərardadı tam, həmin qərardadla bağlı xx.xx.2026-cı il tarixli, 2(5-155)-35/2026 nömrəli qərardadı isə qismən, “şikayətin təmin edilməyən” hisəsində ləğv edilsin və mülki iş qarşılıqlı iddia tələbinin icraata qəbul edilməsi məsələsi ilə bağlı sonrakı prosessual hərəkətlərin edilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.