Məhkəmə qərarları › İş №2(3-8)-305/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-305/2026

08.04.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-305/2026 08.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X8 ibarət tərkibdə, Əliyeva Aytən İlqar qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı aliment miqdarının azaldılması tələbinə dair iddia ərizəsi üzrə Siyəzən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış ##.##.2024-cü il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsi ilə ##.##.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, İddiaçı Cavabdeh xeyrinə hər ay 200 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.

2. Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən ## ##### 2022-ci il tarixdə verilmiş AZ-II seriyalı, ****** nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X4 arasında ## ##### 2022-ci ildə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 19 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Hüseynova” soyadı verilmişdir.

3. Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən ## ###### 2022-ci il tarixdə verilmiş AZ-IV seriyalı, ****** nömrəli və ## #### 2025-ci il tarixdə verilmiş AZ-V seriyalı, ****** nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, atası İddiaçı, anası X5 olan X6 ## ###### 2022-ci il tarixdə Siyəzən şəhərində, X2 isə ## #### 2025-ci il tarixdə Xaçmaz şəhərində doğulmuşdur.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan və “xxxx” MMC tərəfindən verilmiş ## ######## 2025ci il tarixli, **/**** nömrəli arayışın surətindən görünür ki, İddiaçı “xxxx” MMC-də ## #### 2024cü il tarixdən mühafizəçi vəzifəsində işləyir. Həmçinin, İddiaçı hesablanmış əmək haqqı 400 manat, alacağı məbləğ isə 364 manat təşkil edir.

5. Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan görünür ki, iddiaçı Cavabdeh “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində müəllim işləməklə, aylıq 457 manat əmək haqqı alır.

Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Siyəzən Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə ondan ##.##.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün müəyyən olunmuş alimentin miqdarının azaldılaraq hər ay 100 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra onun ailə və maddi vəziyyətində dəyişiklik olmuşdur. Belə ki, ##.##.2022-ci il tarixdə Hüseynova (Mirzəyeva) Xanım Şahlar qızı ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, habelə bu nikahdan ##.##.2022-ci il təvəllüdlü X6 və ##.##.2025-ci il təvəllüdlü X2 adlı iki övladları doğulmuş, həmçinin övladı Harun Hüseynov sözügedən məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra doğulmuşdur. Bundan başqa, o, “xxxx” MMC-də mühafizəçi vəzifəsində işləməklə tutmalar çıxandan sonra 364 manat əməkhaqqı alır. Eyni zamanda, uşaqlar körpə və azyaşlı olduğuna görə həyat yoldaşı X5 heç yerdə işləyə bilmir, uşaqlara baxır. Ailənin başqa qazanc yeri yoxdur. Cavabdeh isə himayəsində olan ##.##.2018-ci il təvəllüdlü X3 görə ondan aliment, həmçinin müəllim işləməklə yüksək əməkhaqqı və 3-cü qrup əlil kimi dövlətdən pensiya alır. Hesab edir ki, cavabdehin maddi vəziyyəti onun maddi vəziyyətindən yaxşıdır. Cavabdehin himayəsində olan uşaq da nəzərə alınmaqla aylıq əməkhaqqısının 1/2 hissəsi 3 uşaq arasında bərabər bölünməlidir. Bu halda cavabdehin himayəsində olan uşağın mənafeyinin pozulduğunu başa düşür, ona görə də, hesab edir ki, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək 100 manat həddində müəyyən edilməli, himayəsində olan 2 övladının mənafeləri də mütləq nəzərə alınmalıdır.

8. Məhkəmə iclasında iştirak etmiş iddiaçı İddiaçı izahatında bildirmişdir ki, o, mühafizəçi işləyərək tutulmalardan sonra 364 manat əməkhaqqı alır, habelə aldığı əməkhaqqı ilə himayəsində olan iki azyaşlı uşağının maddi xərclərini qarşılaya bilmir. Belə ki, Harun adlı övladının zəruri xərclərini qarşılamaq üçün aldığı əmək haqqı yetməməklə yanaşı, bu xərcləri qarşılamaqda valideynləri ona köməklik edirlər. Ona görə də hər üç övladının mənafeyinin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

9. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili Vəkil izahatında qyd etmişdir ki, iddiaçıdan cavabdehin xeyrinə hər ay 200 manat sabit pul məbləğində alimentin tutulması digər uşaqlara münasibətdə bərabərlik hüququnu pozur. Belə ki, iddiaçı 1200 manat əməkhaqqı aldığı təqdirdə, onun əməkhaqqısının 1/2 hissəsini hər üç uşaq arasında 200 manat olmaqla bərabər paylara bölünə bilər. Bununla belə, iddiaçının hazırki əməkhaqqısı ilə aliment öhdəliyi 100 manatdan aşağı olsa da, iddiaçı cavabdehin xeyrinə 100 manat aliment ödəməyə hazırdır. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin ## #### 2025-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələr belə işlərə baxarkən hər iki tərəfin mənafeyini, ailə və maddi vəziyyətini nəzərə almalıdır.

10. Siyəzən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Günel Quluzadə) iddia təmin edilməmiş, çəkilmiş 60 (altmış) manat məhkəmə xərcinin iddiaçının özünə aid edilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 100.2, 112.12-ci maddələrinin, Mülki Prosesual Məcəllənin 76.1, 76.2, 77.1, 88, 119.1, 217.4cü madələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra onun ailə və maddi vəziyyətində dəyişiklik olmuşdur. Belə ki, ##.##.2022-ci il tarixdə Hüseynova (Mirzəyeva) Xanım Şahlar qızı ilə rəsmi nikah əsasında ailə qurmuşdur. Birgə nikahdan ##.##.2022-ci il tarixdə X6 və ##.##.2025-ci il tarixdə X2 adlı iki övladı doğuluşdur. Uşaqlardan ##.##.2025-ci il təvəllüdlü X2 məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra doğulan uşaqdır. Özü “xxxx” MMC-də mühafizəçi vəzifəsində işləyir, aylıq əməkhaqqı 400 manat, tutmalar çıxıldıqdan sonra alacağı məbləğ isə 364 manatdır. Göstərilən hal “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, **/**** saylı rəsmi arayışı ilə təsdiqini tapır. Uşaqlar körpə və azyaşlı olduğuna görə həyat yoldaşı X5 heç yerdə işləyə bilmir, uşaqlara baxır. Ailəsinin başqa qazanc yeri yoxdur. Cavabdeh isə himayəsində olan ##.##.2018-ci il təvəllüdlü X3 görə ondan aliment alır, özü də Siyəzən şəhərində orta məktəbdə müəllimə işləməklə yüksək əməkhaqqı alır. Bundan başqa 3-cü qrup əlil kimi dövlətdən pensiya alır. Cavabdehin maddi vəziyyəti ondan və ailəsinin maddi vəziyyətindən dəfələrlə yaxşıdır. Cavabdehin himayəsində olan uşaq da nəzərə alınmaqla aylıq əməkhaqqımın ½ hissəsi 3 uşaq arasında bərabər bölünməlidir. Bu halda cavabdehin himayəsində olan uşağın mənafeyinin pozulduğunu başa düşürəm, ona görə də, hesab edirəm ki, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək 100 manat həddində müəyyən edilməlidir. Himayəmdə olan 2 övladımın mənafeləri də mütləq nəzərə alınmalıdır. Onun aldığı 364 manatın 200 manatı cavabdehin himayəsində olan uşaq üçün aliment kimi tutulduğu halda, himayəsində olan iki uşağa və ona cəmi 164 manat vəsait qalır. Bu sosial ədalət prinsipinin ciddi surətdə pozulması deməkdir. Çox təssüf ki, Siyəzən Rayon Məhkəməsi məsələyə çox səthi yanaşmış, sırf formal mülahizələr əsasında əsassız qərar qəbul etmişdir

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı tərəf yazılı etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

16. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

17. Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideyinlərin borcudur.

18. Maddə 34. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir.

“Uşaq hüquqları haqqında” Konvensiyası

19. Maddə 27. Hər bir uşaq fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazim olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

20. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.

21. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.

22. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 112.2. Yetkinlik yaşına çatan və fəaliyyət qabiliyyəti olmayan şəxsin aliment ödəməli olan şəxsə qarşı qəsdən cinayət törətdiyi və ya ailədə nalayiq davrandığı müəyyən edilərsə, məhkəmə həmin şəxs üçün aliment tutulması barədə tələbi rədd edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

23. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

24. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

25. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

28. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

29. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab edir.

32. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” ## #### 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

33. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli, 8- */**** №-li Qərarında da (8.2-ci bənd) izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

34. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.

35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və qeyd edir ki, aliment institutu, azyaşlı uşağı özündən ayrı yaşayan valideyindən onun yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment təyin edilməsindən ibarətdir. İddiaçının qeyd etdiyi dəlillər onu uşağı saxlamaq, ondan ayrılıqda yaşayan uşağın minimum dolanacaq xərcləri həddində maddi təminatını ödəmək vəzifəsindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir.

36. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin 200 manatdan hazırda 100 manadək azaldılması tərəflərin ümumi uşaqlarının mənafeyinə uyğun deyildir.

37. Birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir.

38. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Siyəzən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Kollegiya MPM-in 402-ci maddəsinə əsasən həmçinin qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar