Məhkəmə qərarları › İş №2(3-8)-591/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-591/2026

01.06.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-591/2026 01.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiаçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: aliment tələbi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı İddiaçı, Cavabdeh Cavabdeh iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. Müəyyən etdi: İşin halları

1. Xaçmaz rayon qeydiyyat şöbəsinin arayışının surətindən görünür ki, Cavabdeh və X3 arasında ##.##.2016-cı il tarixdə, 643 nömrə ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada “Quliyeva” soyadı verilmişdir.

2. Xaçmaz rayon qeydiyyat şöbəsi tərəfindən ##.##.2018-ci il tarixdə verilmiş AZ-IV seriyalı, ****** nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 (atası Cavabdeh, anası İddiaçı) ##.##.2017-ci il tarixdə Xaçmaz şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında ##.##.2018-ci il tarixdə 437 nömrə ilə qeyd edilmişdir.

3. ##.##.2025-ci il tarixli mediasiya arayışından müəyyən olunur ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmişlər, lakin razılığa gələ bilməmişlər.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sisteminin iş yeri haqqında arayışından görünür ki, mərkəzləşdirilmiş elektron informasiya sistemində Cavabdeh qüvvədə olan əmək müqaviləsi ilə bağlı məlumat mövcud deyildir.

5. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ##.##.2026-cı il tarixli, ** nömrəli arayışından görünür ki, Cavabdeh ##.##.2025-ci il tarixdə rəsmiləşdirdiyi aylıq ödənişi 192.51 manat olan 4500 manat məbləğində kredit müqaviləsi üzrə ##.##.2026-cı il tarixində 3220.31 manat borcu mövcuddur.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı aliment tələbinə dаir iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən ##.##.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 300 manat alimentin və 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh ilə ##.##.2016-cı il tarixində Xaçmaz rayon qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan ##.##.2017-ci il təvəllüdlü X4 anadan olmuşdur. Ayrı-ayrı yaşayırlar. İddiaçı halhazırda övladı ilə birgə yaşayır. Maddi cəhətdən çətinlik çəkir.

8. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək göstərmişdir ki, iddianı qismən qəbul edir. Uşaq hazırda Xaçmaz şəhər * №-li tam orta məktəbin üçüncü sinifində təhsil alır. Uşağı məktəbə o aparıb-gətirir, uşağın gündəlik tələb olunan xərclərini də o ödəyir. Hər gün ya öz istifadəsində olan maşınla, yaxud da taksi ilə uşağı iddiaçının yaşadığı valideynlərinin evindən götürərək məktəbə aparır və sonrada evə qaytarır. Təbii ki, nəqliyyat vasitələrinə kifayət qədər pul xərclənir. Bundan başqa uşağın məktəb ləvazimatlarını, pal-paltarını və məktəb vaxtı qidalanmasını o təmin edir. Hər ay orta hesabla 130-140 manat vəsait xərcləyir. Özü heç yerdə işləmir, istifadəsində olan nəqliyyat vasitəsilə düşəndə vətəndaşlara xidmət göstərir. “xxxx” ASC-dən 2025-ci ildə aldığı kreditə görə hər ay 192 manat vəsaiti banka ödəyir. Maddi vəziyyəti çox aşağıdır. Onunla birgə yaşayan anası X6 yaşlı və xəstə olduğuna görə günün çox hissəsini onun yanında keçirir, ona baxıb, qulluq edir. Anası şəkərli diabet, nevropatiya xəstəliyindən əziyyət çəkir, ondan başqa anasına baxan yoxdur. Pensiyası iynə-dərmanına çatmır. Ailənin bütün yükü onun üzərindədir. Bununla belə başa düşür ki, övladını saxlamalıdır. Ona çəkilən gündəlik xərclərdən başqa uşağın saxlanması üçün iddiaçıya hər ay 130 manat aliment ödəyə bilər. İddiaçı İddiaçı başqasına məxsus mağazada satıcı işləyir. Faktiki olaraq günün çox hissəsini işdə keçirdiyinə görə uşağa da lazımınca baxa bimir. Uşağı saxlamaq onun üçün çətinlik törətdiyindən uşaq onun himayəsinə verilərsə, özü saxlaya bilər.

9. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qətnaməsi ilə (hakim N.Ağazadə) iddia qismən təmin edilərək; - ##.##.2026-cı il tarixindən başlayaraq, ##.##.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.575 misli həddində sabit pul məbləğində alimentin tutulması, iddianın qalan hissədə təmin edilməməsi, - ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərcinin cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməsi, - ödənilməmiş 47.6 manat (qırx yeddi manat altmış qəpik) məbləğində dövlət rüsumunun cavabdeh Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, - iddianın alimentə dair hissəsinin dərhal icra edilməsi qət edilmişdir.

10. Məhkəmə qeyd edib ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmçinin aliment ödəyən şəxsin digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Bütün bu qeyd edilənləri, lakin hər bir halda ən əsası uşağın üstün maraqlarını və diqqətəlayiq mənafelərini nəzərə alan məhkəmə hesab edib ki, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 230 manat sabit pul məbləğində aliment tutulması işin hallarına və uşağın üstün maraqlarına uyğundur. Həmçinin məhkəmə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.2-ci maddəsinə uyğun olaraq aliment məbləğinin indeksasiyası məqsədilə qeyd edib ki, cavabdehdən 2026-cı il üçün müəyyən edilmiş minimum əmək haqqı məbləğinin (400 manat) 0.575 misli miqdarında aliment tutulmalıdır.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin II hissəsinə, Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyasının 3.1, 18.1, 27.1, 27.2-ci maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 100.2, 110.1 və 110.2-ci maddələrinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2016-cı il tarixli Qərarının 8.2, 8.4-1, 8.7-ci bəndlərinə, Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4, 234.2.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qətnaməsinin ləğv edilərək bir uşağın saxlanılması üçün ölkə üzrə müəyyən olunmuş 0,325 misli həddində aliment təyin edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə prosesində bildirdiklərinə məhkəmə tərəfindən lazımi hüquqi qiymət verilməmişdir. Nəzərə alınmamışdır ki, uşaq anasının himayəsində olsa da, onu məktəbə atası aparıb-gətirir. Geyim, dərs ləvazimatlarını o alır. Özünün “xxxx” ASC-yə hər ay 192 manat kredit öhdəliyi var. Anası xəstədir, ona da o baxır. Buna baxmayaraq, hər ay uşağın saxlanılması üçün çəkdiyi xərclərdən əlavə 130 manat aliment ödəməyə razıdır. Hazırda da uşağın bütün qayğıları onun üzərindədir. Lazımi məktəb ləvazimatlarını o təmin edir. Uşağın anası olan iddiaçı günün çox hissəsini işlədiyi mağazada keçirir, uşağı məktəbə aparıb-gətirə bilmir. Nədənsə məhkəmə bu halları nəzərə almamışdır. Göründüyü kimi məhkəmənin gəldiyi nəticə qanunsuz və əsassız olmaqla bərabər, həm də ədalətsiz qərardır. Məhkəmə hansı səbəbə görə aliment məbləğini minimum əmək haqqının 0,575 misli (400 x 0,575= 230) həddində müəyyən etməsini əsaslandırmamışdır. Qətnamə ümumi terminlərdən istifadə edilməklə heç bir əsaslandırma olmadan qəbul edilmişdir. O, aylıq 230 manat alimenti heç cür ödəmək imkanına malik deyil. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, onun qətnamə ilə müəyyən edilmiş aliment məbləğini ödəmə imkanı yoxdur. Belə ki, o, hazırda rəsmi qaydada işləyir və əməkhaqqısı 400 manat təşkil edir. Hər ay 190 manat kredit ödəyir. Bundan başqa himayəsində yaşlı, xəstə anası var. Anasına o baxır, həkimə aparmalı olur. O, uşağının məktəb ləvazimatlarını alır, məktəbə aparıb-gətirir. Bütün bunlar da xərc tələb edir. O, aylıq 150 manat məbləğində aliment ödəyə bilər. Ondan artığını ödəmə imkanı yoxdur. Ona görə də cavabdeh sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, şikayətdə qeyd olunanlar həqiqəti əks etdirmir. Cavabdeh maşın ustasıdır, həyətində sexi var. O, alimenti ödəməkdən yayınır. Uşaq üçün müəyyən edilən 230 manat məbləğində aliment onun ehtiyaclarını qarşılamağa imkan vermir. Həmin məbləğin azaldılmasına razı deyil. Uşağın müalicə xərcləri də vardır. Qeyd olunan məbləğ dərman vasitələrini, müalicə xərclərini qarşılamır. O, özü hazırda işləmir. Cavabdeh uşağın maddi ehtiyacları ilə maraqlanmır. Cəmi bir dəfə uşağın eynəyi, bir dəfə də dərmanları üçün pul vermişdir. Qeyd olunanlara əsasən iddiaçı sonda apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə və 34-cü maddəsinin IV hissəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynin həm hüququ, həm də borcudur.

18. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75.1.Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1 Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

19. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” ##.##.2024-cü il tarixli, ** nömrəli Qərarı: 8.4-1-ci bənd. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-2-ci bənd. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya şikayətindən görünür ki, apellyator Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qətnaməsinin aliment məbləğinə münasibətdə (azaldılmasını) dəyişdirilməsini xahiş etmişdir.

22. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisəndirilən hissədə yoxlamağı vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(*-***)-**/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

24. Birinci instansiya məhkəməsi uşağın mənafeyini, əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq alimenti hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.575 misli həddində (hər ay 230 manat məbləğində) müəyyən etmişdir.

25. Apellyasiya instansiya məhkəməsi də, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, hazırkı halda apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

26. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərlə bağlı kollegiya qeyd edir ki, bu dəlillər onun həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşağının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir.

27. Cavabdehin azgəlirli olması və ya himayəsində yaşlı anasının olması kimi dəlillər onu aliment öhdəliyindən azad edə bilməz, daha konkret ifadə edilsə, hazırkı aliment məbləğindən daha az məbləğdə alimentin təyin edilməsinə əsas ola bilməz.

28. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya bildirir ki, uşaqların aylıq dolanışığını qarşılamağa dair qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir.

29. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, normal qida rasionlarına uyğun şəkildə qidalanmasını, fiziki cəhətdən inkişafını, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutulmalıdır.

30. Diqqətə çatdırılmalıdır ki, yaşayış səviyyəsinə olan maddi tələbatın artması hamıya bəlli olan haldır və bu artım ilbəil dəyişir.

31. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, uşaq üçün tələb edilən alimentin miqdarı təkcə onun dolanacaq və qidalanmaq üçün kifayət edən minimum bazar səbətinin ekvivalenti ilə dəyərləndirilməli deyildir, valideynlər dünyaya gətirdikləri övladın xoşbəxt gələcəyini təmin etməkdə maksimal həddə bərabər məsuliyyət daşımalı, uşaqlara münasibətdə hər hansı gərginliyin yaranmaması üçün birgə səylər göstərməlidirlər. Dəyişən şəraitə və tələbatlara müvafiq hazırkı iddia üzrə sübuta yetirilməyən dəlillər isə aliment məbləğinin dəyişdirilməsi üzrə digər tələblərin yenidən baxılmasını istisna etmir.

32. Məhkəmə kollegiyası qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini alimentlə bağlı hissədə göstərilən həddə təmin etməkdə düzgün nəticəyə gəlmiş və tərəflərə münasibətdə balanslaşdırılmış qətnamə qəbul etmişdir.

33. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

34. Kollegiya həmçinin MPM-in 402.1-ci maddəsinə əsasən belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi – bir illik ödəmənin məcmusu 5000 manatdan az olduğundan hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar