Məhkəmə qərarları › İş №2(3-8)-622/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-622/2026

09.06.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-622/2026 09.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı İsfəndiyar qızının cavabdeh Cavabdeh İlham oğluna qarşı mülki iş üzrə (Açar sözlər: alimentin tutulması) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X1 və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı İddiaçı İsfəndiyar qızının nümayəndə və vəkili Vəkil, cavabdeh Cavabdeh İlham oğlunun nümayəndə və vəkili İbrahimov Nail Nadir oğlunun iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı İsfəndiyar qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı İsfəndiyar qızı cavabdeh Cavabdeh İlham oğluna qarşı "alimentin tutulması tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2024-cü il təvəllüdlü X2 üçün cavabdehdən hər ay 1 uşağa görə qazancın (başqa gəlirlərin) uşağın 3 yaşınadək 1/3 hissəsi, 3 yaşından sonra isə 1/4 hissəsi olmaqla alimentin və mediasiya xərcinin ödənilməsi ilə bağlı ödədiyi 60 manat mediasiya xərcinin cavabdeh Cavabdeh İlham oğlundan tutularaq iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2024-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. ##.##.2024-cü il tarixdə qızları X2 doğulmuşdur. Alimentin tutulması barədə ərizə verməyinə səbəb Cavabdeh İlham oğlunun ailəyə qayğı göstərməməsidir. Cavabdeh uzun illərdi ki, Prezident Təhlükəsizlik Xidmətində şəxsi mühafizədə işləyir. Həmçinin yetkinlik yaşına çatmayan uşaqları ##.##.2024-cü il X2 üçün hər ay cavabdehdən 1 uşağa görə qazancın (başqa gəlirlərin) uşağın 3 yaşına çatanadək 1/3 hissəsi, 3 yaşından sonra isə 1/4 hissəsi onun xeyrinə tutulmalıdır. Bundan başqa bildirir ki, iddia ərizəsinə qoşma etdiyi arayışdan da məlum olduğu kimi o, qanuna müvafiq olaraq mediasiya prosesində iştirak etmiş, lakin qarşı tərəfin prosesə gəlməməsi səbəbindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş edir.

3. İddia tələbinə qarşı yaızlı etiraz daxil olmamışdır.

4. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) iddia tələbi qismən təmin edilmiş, ##.##.2025-ci il tarixdən başlayaraq, ##.##.2024-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İlham oğlundan İddiaçı İsfəndiyar qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının, yəni 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin 0,75 misli həddində sabit pul məbləğində alimentin tutulması, cavabdeh Cavabdeh İlham oğlundan ödənilmiş 60 (altmış) manat mediasiya xərcinin əvəzinin alınaraq, iddiaçı İddiaçı İsfəndiyar qızına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehin rəsmi iş yeri yoxdur. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, aliment sabit pul məbləğində tutulmalıdır.

6. Birinci instansiya məhkəməsi Ailə Məcəlləsinin 75.1, 75.4, 76.1.1, 78.1, 78.32, 100.2, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024cü il tarixli, ** nömrəli Qərarına istinad edərək iddianı qismən təmin etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayəti üzrə tələb və dəlillər

7. İddiaçı İddiaçı İsfəndiyar qızı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayətini əsaslandırılmışdır ki, məhkəmə heç bir araşdırma aparmamış, yetkinlik yaşına çatmayan uşağın hüquqlarının pozuntusu ilə nəticələnən qətnamə qət etmişdir. Belə ki, iddiaçı məhkəmə iclasında cavabdehin Azərbaycan Respublikasının Dövlət Mühafizə Xidmətində işlədiyini və onun 2000 manatdan yuxarı gəlir əldə etdiyini bildirmişdir. Lakin iddiaçı həmin dövlət orqanında bununla bağlı sübutu əldə edə bilmədiyi üçün məhkəməyə müvafiq sorğu göndərilməsini xahiş etsə də məhkəmə bununla bağlı iddiaçının vəsatətini təmin etməmişdir. Mülki prosessual qanunvericiliyin təbiətindən irəli gəlir ki, hər bir tərəf istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Hazırkı halda isə sübut iddiaçı üçün əlçatan olmadığına görə (onun vəkillə müqavilə bağlamağa imkanı olmadığı üçün, hansı ki, vəkil sorğusu ilə həmin məlumatın əldə edilməsi mümkün idi) o məhkəməyə mümkün sübutu təqdim edə bilməmişdir. İddiaçının həmin sübutu təqdim edə bilməməsi ona əsas vermir ki, məhkəmə iş üzrə araşdırma aparmadan qərar qəbul etməli idi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair ## #### 2019-cu il tarixli Qərarında da müəyyən edilmişdir ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Hər kəsə məlum olan haldır ki, heç bir vətəndaşa başqa bir şəxsin gəliri barədə onun iş yerindən məlumat verilmir. Üstəlik bu orqan AR Dövlət Mühafizə Xidmətidirsə (elektron məhkəmə sistemi vasitəsi ilə belə çıxış əldə edərək sorğu göndərmək mümkün deyil) iddiaçının belə sübutu əldə etməsi qeyri-mümkündür. Həmin vaxtda iddiaçı vəkillə təmin olunmaq üçün maddi imkana malik olmadığı üçün başqa heç bir yolla sübutu əldə edə bilməmişdir. Apellyasiya instansiyası üçün iddiaçıya maddi cəhətdən çox çətin olsa da vəkillə müqavilə bağlamış, verdiyi sorğu əsasında cavabdehin gəlir məlumatlarını əldə etməyi mümkün olmuşdur. Cavabdehin gəliri kifayət qədər yüksək olduğu üçün, cavabdeh eyni zamanda iddiaçı birgə nikahdan olan uşağa üç yaşına çatanadək qulluğa görə də ona maddi yardım göstərməlidir. Bütün bu qeyd olunanlara əsasən hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi araşdırma aparılmadan qəbul edildiyi üçün ləğv olunmalıdır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı İsfəndiyar qızının nümayəndə və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, alimentin məbləğindən narazıdır. Məhkəmə 300 manat məbləğində aliment tutub. Cavabdehin gəliri yüksəkdir, son 12 ay üçün qazancı barədə arayışı təqdim edib. orta hesabıa ay ərzində 3000 manata yaxın gəliri olur. Həmin məbləğdə qazancı olan atanın övladına 300 manat aliment ödəməsi kifayət qədər aşağı məbləğdır. Məhkəmədə iddiaçı bildirib ki, cavabdehin iş yeri barədə məlumatları ala bilmir, ama bildirib ki, keçmiş əri işləyir, xahiş etmişdir ki, məhkəmə sorğu versin. Lakin məhkəmə bu barədə sorğu verməmişdir. Uşaq 3 yaşına çatanadək cavbdehin qazancının 1/3 hissəsi, 3 yaşdan sonra ¼ hissədə tutulmasını istəyirlər. Keçmiş ərin arvadının digər xərclərin iştirakı ilə bağlı uşağın 3 yaşına qədər iddiaçının özü üçün pul tələb edir. Qanunun tələbidir ki, uşağın üç yaşına qədər qulluğa görə anaya məzuniyyət verir. Ana heç bir yerdə işləmir. Uşağın əvvəlki təminatları nəzərə alınmalıdır. Əvvəl normal yaşamış uşağın sonradan aşağı təminatla yaşaması uşaq üçün də çətinlik yaradacaqdır. Odur ki, birinci instansiya məhkəməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş edir.

11. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh İlham oğlunun nümayəndə və vəkili İbrahimov Nail Nadir oğlu apellyasiya şikayətinə qarşı etiraz edərək bildirdi ki, tərəflər arasında nikahın pozulması ilə bağlı məhkəmə işi davam edir. qeyd edilən vəsatət məhkəmə baxış iclasında təqdim edilib. 3-4 dəfə hazırlıq iclası keçirilsə də vəsatət verilməyib. Uşağı saxlamaq hər iki valideynin borcudur. 2026-cı ilidə uşaqların yaşayış minimumu 260 manat olmasına baxmayaraq məhkəmə minimum əmək haqqının 0,75 misli həcmində, 300 manat aliment tutmuşdur. Hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlmişdir. Birgə nikah zamanı götürülmüş kredit cavadbeh tərəfindən ödənilir. Bunun da nəzərə alınmasını xahiş edir.

İşdə olan sübutlar

12. Bakı nikah evi tərəfindən ##.##.2024-cü il tarixdə verilmiş AZ-II № ****** saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh İlham oğlu ilə Fərmanzadə Günel İsfəndiyar qızı ## #### 2024-cü il tarixdə nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında elə həmin tarixdə 239 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Cahangirova soyadı verilmişdir.

13. * saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən ##.##.2025-ci il tarixdə verilmiş AZ-V № ****** saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ## ###### 2024-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh İlham oğlu, anası isə İddiaçı İsfəndiyar qızıdır.

14. ##.##.2025-ci il tarixli MŞS/MT***/****-***** nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən, iddiaçı 50 manat məbləğində mediasiya və 10 manat məbləğində kargüzarlıq xərci ödəmişdir.

15. Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin ##.##.2026-cı il tarixli, **/***m nömrəli məktubdan görünür ki, Cavabdeh İlham oğlu Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçusudur. Onun son 12 ay üçün pul təminatı: aprel 2025-2951 manat, may 2025-2824,50 manat, iyun 2025-2824,50 manat, iyul 2025- 8601,50 manat, avqust 2025-2824,50 manat, sentyabr 2025-2824,50 manat,oktaybr 2025-2824,50 manat, noyabr 2025-2824,50 manat, dekabr 2025-2824,50 manat, yanvar 2026-5634,50 manat, fevral 2026-2824,50 manat, mart 2026-2854,50 manat, cəmi 42607,50 manat təşkil edir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Konstitusiyası

17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin IV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

17. Azərbaycan Respublikası Ailə Məcəlləsi

75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə-valideynlərin qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

18. Mülki Prosessual Məcəllə

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

19. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir.

21. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normasının tətbiqində səhvə yola verərək, Ailə Məcəlləsinin 78-ci maddəsinin tələbini səhv təfsir etmiş və mübahisəyə tətbiq edilməli olan Ailə Məcəlləsinin 76.1.1-ci maddəsini tətbiq etməmişdir. Belə ki, Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələbindən göründüyü kimi alimentin sabit pul məbləğində və ya həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi tutulmasını tələb etmək hüququ uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsə məxsus olmaqla, onun tələbi olmadan Ailə Məcəlləsinin 76-cı maddəsində nəzərdə tutulan halları əsas gətirməklə, alimentin tutulma qaydasının dəyişilməsi tələbdən kənara çıxma halı hesab olunur. Digər tərəfdən isə hazırkı iş üzrə cavabdeh müntəzəm gəlirə malik olmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia tələbinə qiymət verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının alimentin cavabdehin qazancının müəyyən hissəsində tutulmasını tələb etdiyindən, o cümlədən cavabdehin rəsmi olaraq işləməsi müəyyən edildiyindən və tərəflərin birgə nikahından bir uşağın olması nəzərə alınaraq cavabdehdən uşağın saxlanılması üçün qazancının (başqa gəlirlərinin) ¼ hissədə aliment tutulmalı, alimentin tutulması iddia ərizəsinin məhkəməyə daxil olduğu tarixdən, yəni ## ###### 2025-ci il tarixdən hesablanmalıdır.

22. Məhkəmə kollegiyası uşağın 3 yaşına çatanadək 1/3 hissəsi, 3 yaşından sonra isə 1/4 hissəsi onun xeyrinə alimentin tutulması barədə tələbinə qiymət verərək qeyd edir ki, iddiaçı şikayətində qeyd edilən tələbi birgə nikahdan olan uşağa üç yaşına çatanadək qulluq etməli olması ilə əlaqədar olduğunu qeyd etsə də iddia tələbində yalnız uşağın saxlanılması üçün aliment tələb etmiş, Ailə Məcəlləsinin 85-ci maddəsinə əsasən uşaq doğulduğu gündən 3 il ərzində keçmiş ərindən özü üçün aliment tələb etməmişdir.

23. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, ##.##.2025-ci il tarixdən başlayaraq, ##.##.2024-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İlham oğlundan qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment İddiaçı İsfəndiyar qızının xeyrinə tutulmalı, cavabdeh Cavabdeh İlham oğlundan ödənilmiş 60 (altmış) manat mediasiya xərcinin əvəzinin alınaraq, iddiaçı İddiaçı İsfəndiyar qızına ödənilməli, qalan hissədə iddia tələbi təmin edilməməlidir.

24. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT E T D İ:

İddiaçı İddiaçı İsfəndiyar qızının apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. ##.##.2025-ci il tarixdən başlayaraq, ##.##.2024-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Cavabdeh İlham oğlundan aylıq qazancının (başqa gəlirlərinin) ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutularaq, iddiaçı İddiaçı İsfəndiyar qızına ödənilsin. Cavabdeh Cavabdeh İlham oğlundan ödənilmiş 60 (altmış) manat mediasiya xərcinin əvəzi alınaraq, iddiaçı İddiaçı İsfəndiyar qızına ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar