Məhkəmə qərarları › İş №2(3-8)-650/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-650/2026

06.08.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-650/2026 06.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: şərəf, ləyaqətin müdafiəsi, şəxsi toxunulmazlıq hüququ, mənəvi zərərin ödənilməsi) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X3 və X4 ibarət tərkibdə, Əli Seyran oğlu Ismayılovun katibliyi, Iddiaçı İddiaçı, Cavabdehlər cavabdeh2 və cavabdeh1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “şərəf və ləyaqətin alçaldılması nəticəsində dəymiş mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Işin halları:

1. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş mənəvi zərərin əvəzi olaraq və həm də keçirdiyi mənəvi-psixoloji sarsıntıya və iztiraba görə cavabdehlər - cavabdeh2 10000 (on min) manat, cavabdeh1 isə 5000 (beş min) manat olmaqla, onlardan cəmisi 15000 (on beş min) manat pulun alınıb ona ödənilməsi, cavabdehlər - cavabdeh2la, cavabdeh1 üzərinə öhdəlik qoyulması, onların İddiaçı haqqında törətdikləri (danışdıqları və yazdıqları) bütün şərböhtanlarına və təhqirlərinə görə ondan yazılı şəkildə üzr istəməklə onları yazılı şəkildə təkzib etmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Iddiaçı ərizəsini onunla əsaslandırılmışdır ki, iddia tələbi üzrə cavabdeh qismindəki şəxslər cavabdeh2 və cavabdeh1 onun şərəf və ləyaqətini alçaltmış və şər-böhtan yolu ilə onu təhqir etmişlər. Cavabdeh cavabdeh2 mərhum həyat yoldaşının bibisi oğlu, digər cavabdeh cavabdeh1 isə mərhum həyat yoldaşının əmisi oğludur. Qeyd edir ki, onun həyat yoldaşı X1 2018-ci ildə vəfat etmişdir. Surətini bu iddia ərizəsinə daxil etdiyi Şamaxı Rayon Polis Şöbəsinin ********* nömrəli, ## ######## 2023-cü il tarixli cinayət işinin materiallarından görünür ki, 25-## #### 2023-cü il tarixlərində mərhum həyat yoldaşının bibisi oğlu cavabdeh2 o, evdə tək olan zaman onlara gələrək ona əxlaqsızlıq hərəkətləri ilə məşğul olmağı təklif etmiş, bununla razılaşmadıqda isə onu qucaqlayıb ona qarşı zor tətbiq edərək istəyini etməyə çalışmış və bu zaman aralarında əlbəyaxa mübarizə olmuşdur. Bundan sonra, o guya ağılı çaşdığını dilə gətirərək, üzür istəyib getmişdir. Lakin onu da deyir ki, o bu hərəkətinə başlamazdan əvvəl özünə məxsus mobil telefonun batareyasının zəiflədiyini ona deyib evində öz telefonunu elektrik cərəyanına qoşub və guya onun telefonuna hansısa proqram yüklənir deyib. Qohumu olduğuna görə həmin vaxt buna icazə verib. Sonradan isə məlum olub ki, o, özünə məxsus həmin telefonu evində quraşdırıb əvvəlcədən planlaşdırmaqla törədəcəyi əməlin videogörüntüsünü çəkib sonra onu montaj etməklə onu şantaj etmək fikrinə düşmüşdür. Belə ki, onun əxlaqsızlıq təklifinə razılaşmadığı üçün onun evində çəkib sonra montaj etdiyi həmin görüntüləri onu tanıyan qohum-əqrabalara yayacağını əvvəlcə ona bildirmişdir. Aşkar görünür ki, bu şəxs mərhum həyat yoldaşının qohumu kimi onu qeyrətini-namusunu çəkmək əvəzinə, özü onu əxlaqsızlığa sövq etmiş, lakin ciddi narazılığı səbəbindən bu alınmadıqda isə o, onu qohum-əqraba içində biabır edəcəyini demişdir. Şamaxı Rayon Polis Şöbəsinin ********* nömrəli, ## ######## 2023-cü il tarixli qərarında yazılmışdır ki, cavabdeh2 ifadəsində bildirib ki, o, kənd camaatında onun müxtəlif çoxsaylı şəxslərlə cinsi əlaqədə olmağını, yaşadığı evə yad kişi cinsli şəxslərin gəlib-getməsini, onun pornoqrafik xarakterli videogörüntünün müxtəlif şəxslərin mobil telefonunda olmasından xəbərdardır. Sonra o, bildirib ki, 2023-cü ildə guya xatırlamadığı şəxsdən onun telefonunun “Whatsapp” mobil tətbiqinə onun bir nəfər kimliyi bilinməyən kişi ilə cinsi əlaqədə olmağını əks etdirən videogörüntü göndərilmiş və orada onun qara rəngli şalvarının dizə qədər endirilməsi, əynində olan xələtinin isə belinə qədər qaldırılması və onu qucaqlayan kimliyi bilinməyən şəxsin isə onunla cinsi əlaqədə olmağını göstərən epizodların olması vardır. Şamaxı Rayon Polis Şöbəsinin ********* nömrəli, ## ######## 2023-cü il tarixli qərarının 1-2-ci səhifələrində yazılanlardan görünür ki, yuxarıda qeyd etdiyi bu ifadələri cavabdeh2 özü polisə bildirmişdir və sonra həmin montaj xarakterli videonu o, qohumları arasında yaymışdır. Bu qərarın 6-7- ci səhifələrində yazılanlardan isə görünür ki, cavabdeh1 polisə ifadəsində yazıb ki, cavabdeh2 ona bildirib ki, onun əxlaqsızlığı barədə guya pornoqrafik video çıxmışdır. Ceyhun əvvəl ona guya onun lüt-çılpaq fotoşəklini, daha sonra isə sözügedən montaj edilmiş videogörüntünü göndərmişdir. Lakin yuxarıda-qeyd etdiyi bu deyilənlər həqiqətə uyğun gəlmir. Cavabdehlər - cavabdeh2 və cavabdeh1 belə çirkin niyyətli hərəkətlərini sübut etməlidirlər. Onlar onu əxlaq pozğunu adlandırmışlar. Yuxarıda qeyd etdiyi ünvanına deyilmiş şər-böhtanlar ona böyük mənəvi sarsıntı vermişdir, özünü təhqir olunmuş hesab edir. Əslini bu ərizəyə daxil etdiyi Şamaxı Rayon Polis rəisinin ona göndərdiyi ##.##.2023-cü il tarixli məktubunda yazılmışdır ki, bu şikayəti mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməlidir. Surətini bu iddia ərizəsinə daxil etdiyi Şamaxı Rayon Prokurorluğunun müstəntiqinin **C-** saylı, ## #### 2023-cü il tarixli qərarından görünür ki, ona qarşı zorlama həyata keçirmək cəhdinə görə cavabdeh2 barəsində cinayət işi başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, iş materialları araşdırılmaq üçün Şamaxı Rayon Polis Şöbəsinə qaytarılmışdır. Surətini bu iddia ərizəmə daxil etdiyi Şamaxı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli qərarından görünür ki, cavabdeh2 barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qeyd edir ki, məhkəmənin bu qərarında hazırki iş üzrə cavabdeh şəxs olan cavabdeh2 ona qarşı zor tətbiq etmə kimi çirkin əməllərindən bəhs olunmuşdur. Surətini bu ərizəyə daxil etdiyi Şamaxı Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2023-cü il tarixli hökmündən görünür ki, cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, aylıq qazancının 20%- i (iyirmi faizi) dövlət nəfmə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum olunmuşdur. Qeyd edir ki, məhkəmənin bu hökmündə də, hazırki iş üzrə cavabdeh şəxslər olan cavabdeh2 və cavabdeh1 ona qarşı sözügedən çirkin əməllərindən bəhs olunmuşdur. Surətlərini bu iddia ərizəsinə daxil etdiyi WhatsApp yazışmalarından da görünür ki, hazırki iş üzrə cavabdehlər olan cavabdeh2la, cavabdeh1 arasında onun barədə şərəf və ləyaqətini, işgüzar nüfuzunu aşağılayan yazışmalar olmuş və onlar bunu etiraf etmişlər. Əsillərini bu iddia ərizəsinə daxil etdiyi Azərpoçt qəbzlərindən və onların xəbəmamələrindən, həmçinin pretenziya təkliflərindən görünür ki, hazırki iş üzrə cavabdehlərə pretenziya qaydasında təkliflər göndərmişdir. Surətini bu ərizəyə daxil etdiyi məktubun surətindən görünür ki, cavabdeh cavabdeh2 onun pretenziya təklifini qəbul etmədiyini, ona təzminat ödəməyəcəyini, üzr istəməyəcəyini, özünün isə haqlı olduğunu bildirmişdir. Digər cavabdeh cavabdeh1 isə pretenziya təklifinə cavab verməmişdir. Şamaxı Rayon Məhkəməsinə bildirir ki, iş üzrə xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib, və bu prosesi Ali Məhkəməyə müraciət etməklə yekunlaşdırıb. Lakin, həm Şamaxı Rayon Məhkəməsi, həm Sumqayıt Apellyasiya Məhkəməsi, həm də Ali Məhkəmənin qət etdiyi qətnamə və qərarlarda cinayət ittihamı üzrə şikayəti məhkəmə icraatına qəbul edilməmiş, mülki iddia tələbi üzrə məhkəməyə müraciət etməyi ona məhkəmə iclaslarında tövsiyyə olunmuşdur. Bu Məhkəmə prosesi (##.##.2025-ci il tarixdə Ali Məhkəmənin iclası oldu) başa çatdığına görə o, hazırki məsələ üzrə mülki qaydada iddia tələbi üzrə məhkəməyə müraciət edir. Onlar özlərinin polisə verdiyi yazılı izahatlarında belə ifadələri, danışıqları, öz arzu-istəyi ilə qəsdən onu aşağılayıb gözdən salmaq, hərəkətlərində məqsədi - nəticə etibarı ilə ictimaiyyət içində ona belə çoxsaylı böhtanlar atmaqla şərəf və ləyaqətini müxtəlif formalarda olduqca kəskin aşağılamaq olmuşdur. Bu çirkin əməllərin başında isə cavabdeh2 durur. Hesab edir ki, cavabdehlər cavabdeh2 və cavabdeh1 tərəfindən onun şərəf və ləyaqətini ləkələyən məlumatların səslənməsi və yayılması nəticəsində dəymiş mənəvi zərərin əvəzi olaraq cavabdeh2 10000 (on min) manat, cavabdeh1 isə 5000 (beş min) manat olmaqla onlardan cəmi 15000 (on beş min) manatın almıb ona verilməsi ədalətlidir. Bildirir ki, cavabdeh şəxslər cavabdeh2 və cavabdeh1 ona böhtan atması əməlini Şamaxı şəhərində montaj edilmiş videogörüntünü yaymaqla törətmişlər. Şamaxı Rayon Polis Şöbəsinin ********* nömrəli, ## ######## 2023-cü il tarixli qərarında yazılanlardan aşkar görünür ki, cavabdehlər yazılı şəkildə onu əxlaqsızlıqda ittiham etmiş, və yazılı və montaj edilmiş videogörüntü şəkildə yaymaqla ictimaiyyət içərisində şərəf və ləyaqətini, əmək fəaliyyətini və işgüzar nüfuzunu qəsdən aşağılayıb gözdən salmaq əməllərini törətmişlər. Bunlar çox ağır ittihamlar olmaqla cavabdehlər cavabdeh2 və cavabdeh1 tərəfindən ünvanına söylənmiş (guya o, pozğunluqla və əxlaqsızlıqla məşğul olurmuş kimi) və hamıya yayılmış ağır şər-böhtanlar və təhqirlərdir. Ona qarşı törədilmiş bu haqsızlıq və qanunsuzluq barədə bütün günü düşünür ki, axı o, şəxsən bu şəxslərə qarşı heç bir pislik etməyib. cavabdeh2 və cavabdeh1 belə hərəkətləri onun səhhətinə olduqca pis təsir etmişdir. Belə ki, normal yaşayış tərzi və istirahəti pozulub. O, bu səbəbdən mənəvi-psixoloji sarsıntı keçirir. Ona qarşı törədilmiş belə qanunsuzluq və haqsızlıq ağır mənəvi işgəncədir və ona qarşı törədilən belə yaramazlığı unuda bilmir. Şamaxı rayonunda cavabdeh2 və cavabdeh1 yuxarıda qeyd etdiyi qanunsuz əməlləri onun üçün həm də mənəvi-psixoloji işgəncədir. Ona görə də ona vurulmuş mənəvi ziyan ödənilməlidir.

3. Iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. ## #### 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi və materialın aidiyyəti üzrə göndərilməsi” haqqında qərardan görünür ki, **C-** nömrəli ilkin yoxlama materialı üzrə cavabdeh2 İddiaçı zorlaması faktı öz təsdiqini tapmadığından həmin hissədə Azərbaycan Respublikasının CPM-nin 39.1.1-ci maddəsinə əsasən, cinayət təqibinin başlanması rədd edilməsi, cavabdeh2 əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221-ci maddəsinin tərkib əlamətlərinin olub-olmamasına qiymət veriməsi üçün ilkin yoxlama materialı araşdırmanın davam etdirilməsi üçün aidiyyəti üzrə Şamaxı Rayon Polis Şöbəsinə göndərilməsi, İddiaçı məxsus pornoqrafik xarakterli videogörüntülərin yayılması halına qiymət verilməsi üçün ilkin yoxlama materialı araşdırmanın davam etdirilməsi üçün aidiyyəti üzrə Şamaxı Rayon Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır.

5. *(***)-**/**** saylı, ##.##.2024-cü il tarixli qərardan görünür ki, cavabdeh2, cavabdeh1 və X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair İddiaçı xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

6. Şamaxı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Qürur Abasov) iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “şərəf, ləyaqətin və işgüzar nüfuzun alşaldılması nəticəsində dəymiş mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, iddiaçı İddiaçı tərəfindən ödənilmiş 135 manat dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin 1 və 2-ci hissələri, 47-ci maddəsinin 1-ci hissəsi, 57-ci maddəsinin 1-ci hissəsi, 60-cı maddəsinin 1-ci hissəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1, 23.2, 23.4, 1096.1, 1096.2 və 1097.1-ci maddələri, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2025-ci il tarixli, ** nömrəli qərarının 2.2.5, 2.2.6, 2.2.7 və 2.2.8-ci bəndləri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4, 218.3, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

8. Şamaxı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə razılaşmayan iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qətnamə qət edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına daxil edilmiş videogörüntü cavabdeh cavabdeh2 tərəfindən ona qarşı hazırlanmış şər-böhtan xarakterli video-montajdır və ona etdiyi əxlaqsızlıq təklifinə müsbət cavab almadığına görə onu el-camat içində utandırmaq və biabır edəcəyi niyyəti ilə, məqsədi o olmuşdur ki, o, məcbur olub onun təklifinə razılıq versin. Lakin onun niyyəti alınmadığına görə ona qarşı belə yaramaz hərəkətlər tötərtmişdir. Bütün bunlar iş materiallarında elə cavabdehlərin özləri tərəfindən də təsdiq olunmuşdur. Ona görə də Şamaxı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ##### 2026cı il tarixli qətnaməsində videogörüntünün həqiqət olması, yəni montaj olmaması ilə bağlı onun adından yazılmış söz və ifadələr doğru deyildir. Beləliklə, Şamaxı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qətnaməsindən aşkar görünür ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam aydınlaşdırılmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun olmamışdır. Aşkar görünür ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, həmçinin iş üzrə istinad edilmiş qanunlar və normativ aktlar düzgün təfsir edilməmişdir. Nəticə etibarı ilə iddia tələbi üzrə işdə kifayət qədər sübutları və əsasları olduğu halda, məhkəmə işin hallarına və mahiyyətinə, sübut və dəlillərə və hətta cavabdehlərin sənədlərlə təsdiq olunmuş etiraflarına düzgün hüquqi qiymət verməmişdir. O, hüquqşünas deyil, adi savadsız adamdır. Odur ki, danışarkən onu dolaşdırmağa çalışmaq, sözünü və ifadəsini başqa istiqamətlərdə mənalandırmaq, yozmaq düzgün deyildir. O, heç vaxt cavabdehlərin onunla bağlı yaydığı həmin əxlaqsızlıq videosunun montaj olmadığını deməmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

11. Iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Eləcə də bildirdi ki, onun barəsində olan videoyazını Ceyhun kənar şəxslərə göndərərək onun əxlaqsız qadın olduğunu bildirmiş, tanışlar, qohumlar bu barədə bilmiş, bu nəticəsində o, sarsıntı iztirab keçirir.

12. Cavabdeh cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı tərəfindən təqdim edilmiş videoyazını ona Rusiya nömrəsindən tanımadığı şəxs gönədrmiş, sonra isə həmin nömrə onun nömərsini blok etmiş, o, videonu ancaq Bəhruzə göndərmişdir.

13. Cavabdeh cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Həmçinin bildirdi ki, videoyazını ona Ceyhun göndərmiş, bununla bağlı o, heç kimə heç nə deməmişdir.

Apellyasiya baxışının hədləri

14. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı İddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 46. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Maddə 23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Maddə 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.

17. «Şəxsiyyət Hüquqlarının Müdafiəsi Haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun» ## ###### 2025-ci tarixli Qərarı: 2.2.2. Şərəf – fiziki şəxsin mənəvi keyfiyyətlərinə, ictimai və şəxsi davranışında əsas tutduğu mənəvi-əxlaqi prinsiplərinə görə cəmiyyətdə qazandığı dəyərdir. 2.2.3. Ləyaqət – fiziki şəxsin doğulduğu andan insan olması səbəbi ilə sahib olduğu mənəvi dəyərdir. 2.2.5. Şəxsin şərəfinin və işgüzar nüfuzunun ləkələnməsi onun barəsində həqiqətə uyğun olmayan alçaldıcı məlumatların, təhqiramiz ifadə və hərəkətlərin yayılması ilə şərtləndirildiyi halda, ləyaqətin alçaldılması üçün belə məlumatların, ifadələrin və hərəkətlərin üçüncü şəxslərin iştirakı olmadan da bilavasitə həmin şəxsə bildirilməsi və ya edilməsi yetərli hesab edilir. Odur ki, hətta yayılma halı olmadıqda da, həqiqətə uyğun olmayan alçaldıcı məlumatların, habelə təhqiramiz ifadələrin ünvanlandığı şəxsə bildirilməsinin və ya hərəkətlərin edilməsinin sübuta yetirilməsi, sonuncunun ləyaqətinin alçaldılması qənaətinə gəlinməsi üçün yetərlidir. 2.2.6. Bu baxımdan məhkəmələr şərəfin və işgüzar nüfuzun müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalıdırlar: məlumatın, ifadənin və ya hərəkətin şəxsin şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələməsi; məlumatın doğru olmaması; yayılmanın mövcudluğu. Ləyaqətin alçaldılması ilə bağlı işlərə baxılarkən isə yayılmanın mövcudluğunun araşdırılması istisna edilir. Bununla yanaşı, qiymətləndirmə həyata keçirilərkən bu qərarın 4.24cü bəndində qeyd edilən əməlin hüquqazidliyini aradan qaldıran halların mövcudluğu da araşdırılmalıdır. 2.2.7. Odur ki, şərəfin və işgüzar nüfuzun müdafiəsini tələb edən iddiaçı məlumatların, ifadələrin və ya hərəkətlərin cavabdeh tərəfindən ifadə edildiyini və (və ya) yayıldığını, eləcə də ona münasibətdə şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən xarakter daşıdığını, cavabdeh isə yalnız məlumatlara münasibətdə onların həqiqətə uyğun olduğunu sübut etməlidir. 2.2.8. Şəxsin şərəf və ləyaqətini ləkələyən məlumatlar dedikdə, şəxsiyyətini alçaldan və həqiqətə uyğun olmayan yazılı (mətn, şəkil, karikatura, audio, video və s.), habelə şifahi informasiyalar başa düşülür. Hər hansı məlumatın şərəf və ləyaqəti, habelə işgüzar nüfuzu ləkələyən məlumat hesab edilməsi üçün sadalanan iki şərt birlikdə mövcud olmalıdır. 2.2.18. Yayılma dedikdə məlumatların və ya ifadələrin üçüncü şəxsə, yaxud qeyrimüəyyən şəxslər dairəsinə onun (onların) eşidə və qavraya biləcəkləri şəkildə bəyan edilməsi, habelə hərəkətlərin həmin şəxslərin görə və qavraya biləcəyi şəkildə edilməsi başa düşülür. 2.2.26. Şərəf, ləyaqət və ya işgüzar nüfuzu ləkələyən məlumatların yayılması ilə bağlı işlərə baxarkən, məhkəmələr xüsusilə yayılan məlumatların məzmununa və onların ictimai şüurda təsirinin ağırlığına, iddiaçının keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabların dərəcəsinə, digər mənfi nəticələrin yaranıb-yaranmamasına, məlumatların yayılma müddəti, üsulu, yeri və zərərçəkmiş şəxs haqqında mənfi ictimai fikrin formalaşdırılmasındakı roluna, iddiaçının işgüzar nüfuzuna, habelə şəxsiyyətinə, onun ictimai mövqeyinə, vəzifəsinə təsir edibetməməsinə və digər əhəmiyyətli hallara diqqət yetirməlidirlər. 2.4.3.Şəxsi və ailə həyatına hörmət hüququ - şəxsi və ailə həyatının sirrini saxlamaq, şəxsi və ailə həyatına hüquqazidd müdaxilədən, yəni öz razılığı olmadan şəxsi həyatı haqqında məlumatın toplanılmasından, saxlanılmasından, istifadəsindən və yayılmasından, habelə qanunla müəyyən edilmiş hallar istisna olmaqla, xəbəri olmadan və ya etirazına baxmadan izlənilməkdən, video və ya foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qalmaqdan müdafiə olunmaq, o cümlədən yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini qorumaq hüquqlarını əhatə edir. 2.4.5.Şəxsi həyata dair məlumatlara hər bir şəxsin fərdi məlumatları, o cümlədən tibbi məlumatları, maliyyə və əmlak vəziyyəti ilə bağlı məlumatlar, şəxsi yazışmaları, keçmişi ilə bağlı və digər şəxsi sirr təşkil edən məlumatları aiddir. 2.4.14. Əldə edilmə üsulundan asılı olmayaraq, şəxsi və ailə sirri təşkil edən həqiqətə uyğun olan məlumatların istifadəsi, yayılması və ya ona aid olan şəxsə pis niyyətlə (ələ salmaq, lağ eləmək, alçaltmaq, nüfuzdan salmaq və s. bu kimi aşağılayıcı məqsədlər) bildirilməsi müvafiq olaraq şərəf və ləyaqətin ləkələnməsinə səbəb olmasa da, bu hal məlumatın məzmunundan asılı olaraq, şəxsi toxunulmazlıq və digər şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə hesab oluna bilər. Məsələn, sağlamlıq vəziyyəti, fiziki çatışmazlığı, nikahdan kənar uşağının olması, intim və ya nikahdankənar münasibətləri barədə həqiqi məlumatların (yazışmaların, foto, video və qanunla qorunan digər fərdi məlumatlar) şəxsin razılığı olmadan yayılması və ya özünə pis niyyətlə bildirilməsi onun şəxsi həyat toxunulmazlığına hüquqazidd müdaxilə hesab olunacaqdır.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2002-ci il tarixli Qərarında göstərilmişdir ki, həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - cavabdeh cavabdeh2 mənəvi zərərin tutulması tələbinin təmin edilməməsi hissədə ləğv olunmalı, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilməlidir.

21. Məhkəmə kollegiyası araşdırması zamanı müəyyən edildi ki, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş mənəvi zərərin əvəzi olaraq və həm də keçirdiyi mənəvi-psixoloji sarsıntıya və iztiraba görə cavabdehlər - cavabdeh2 10000 (on min) manat, cavabdeh1 isə 5000 (beş min) manat olmaqla, onlardan cəmisi 15000 (on beş min) manat pulun alınıb ona ödənilməsi, cavabdehlər - cavabdeh2la, cavabdeh1 üzərinə öhdəlik qoyulması, onların İddiaçı haqqında törətdikləri (danışdıqları və yazdıqları) bütün şər-böhtanlarına və təhqirlərinə görə ondan yazılı şəkildə üzr istəməklə onları yazılı şəkildə təkzib etmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməmişdir /bax bənd 8/.

23. Məhkəmə gəldiyi nəticəyə dair mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı iş materiallarında olan videogörüntünün montaj olmadığını, videogörüntüdəki şəxsin həqiqətən özü olmasını məhkəmə iclasında etiraf etmişdir. Beləliklə, cavabdehlərin iddiaçı barəsində onun şərəf və ləyaqətini ləkələyən, həqiqətə uyğun olmayan məlumatları yayması öz təsdiqini tapmamışdır. Bu isə, məhkəmə tərəfindən araşdırılmalı olan 3 haldan biri olan məlumatın doğru olmaması halının aradan qaldırır və iddiaçının şərəf və ləyaqətinin alçaldılması qənaətinə gəlinməsi üçün yetərsiz hesab edilir. Iddiaçının şərəf və ləyaqətinin alçaldılması halı öz təsdiqini tapmadığından mənəvi zərərin ödənilməsi, üzr istənilməklə yazılı şəkildə təkzib verilməsi tələbləri də, təmin edilə bilməz.

24. Şamaxı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə razılaşmayan iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qətnamə qət edilməsini xahiş etmişdir.

25. Məhkəmə kollegiyası şikayətin dəlillərini qismən əsaslı hesab edir.

26. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsinin iddianın tam rədd edilməsi ilə bağlı gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlməməklə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir.

27. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.

28. Ilk əvvəl məhkəmə kollegiyası qeyd edir ki, göründüyü kimi iddiaçının tələbi üç hissədən – 1) şərəf və ləyaqəti ləkələyən həqiqətə uyğun olmayan məlumatlara görə üzr istənilməsi; 2) yazılı təkzib verilməsi; 3) mənəvi zərərin ödənilməsi - ibarətdir.

29. Mülki Məcəlləyə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatlar yaymış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzini ödənilməsini tələb etmək hüququ vardır.

30. Birinci instansiya məhkəməsi iddia tələbinin əsası olaraq iddiaçı tərəfindən təqdim edilmiş sübut –videogörüntü üzrə qiymətləndirmə apararaq hesab etmişdir ki, həmin görüntüdəki şəxs iddiaçının özü olduğundan cavabdehlərin iddiaçı barəsində onun şərəf və ləyaqətini ləkələyən, həqiqətə uyğun olmayan məlumatları yayması öz təsdiqini tapmamışdır, eyni zamanda bu hal iddiaçının şərəf və ləyaqətinin alçaldılması qənaətinə gəlinməsini istisna edir.

31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu qiymətləndirməsi ilə razılaşmır və hesab edir ki, məhkəmə tərəfindən maddi hüquq normalarının təfsirində səhvə yol verilmişdir.

32. Belə ki, məhkəmə kollegiyası ilk əvvəl qeyd edir ki, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Şəxsi toxunulmazlıq hüququ təməl şəxsiyyət hüquqlardan biri olmaqla, şəxsi və ailə həyatının məxfiliyinin qorunmasını (ad, səs, təsvir, şəxsi, ailə və yazışma sirrinin qorunması və s.) nəzərdə tutur, hər bir şəxsin şəxsi və ailə həyatına hörmət edilməsinə, onun cəmiyyətdə özünü rahat və təhlükəsiz hiss etməsinə xidmət edir.

33. Məhkəmə araşdırması zamanı apellyasiya şikayətinin dəlillərinin hərtərəfli araşdırılmasının təmin edilməsi məqsədi ilə iddiaçı tərəfindən təqdim edilərək iş materiallarına əlavə edilmiş videodisk tədqiq edilmiş, iddiaçı videogörüntüdəki şəxslərin o və Ceyhun olduğunu, onun xəbəri olmadan bu videogörüntünün qeydə alındığını və Ceyhun tərəfindən kənar şəxslər arasında yayılaraq onun ləyaqətinin alçaldığını bildirmişdir.

34. Cavabdeh cavabdeh2 iddiaçıya etiraz edərək görüntüdəki şəxsin o olmadığını, həmin videogörüntünün ona tanımadığı şəxs tərəfindən göndərildiyini, onun tərəfindən isə Bəhruza göndərildiyini bildirdi.

35. Məhkəmə kollegiyası hesab edir ki, tədqiq olunan videogörüntünün iddiaçıya aid olması və bu məlumatın həqiqətə uyğun olması, videoyazının yayılmasına və şəxsin qanunla qorunan hüquqlarının pozulmaması kimi bir qənaətə gəlməyə əsas vermir.

36. Məhkəmə kollegiyası Qeyd olunan Plenum Qərarında sərgilənmiş hüquqi mövqedən çıxış edərək bildirir ki, araşdırılan xüsusat şəxsin (iddiaçının) şəxsi toxunulmazlıq, şəxsi və ailə həyatına hörmət hüququnun pozuntusu kimi qiymətləndirməyə əsas verir.

37. Plenum Qərarında irəli sürülmüş mövqeyə əsasən əldə edilmə üsulundan asılı olmayaraq, şəxsi və ailə sirri təşkil edən həqiqətə uyğun olan məlumatların istifadəsi, yayılması müvafiq olaraq şərəf və ləyaqətin ləkələnməsinə səbəb olmasa da, bu hal məlumatın məzmunundan asılı olaraq, şəxsi toxunulmazlıq və digər şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə hesab oluna bilər. Məsələn, …… intim və ya nikahdankənar münasibətləri barədə həqiqi məlumatların (yazışmaların, foto, video və qanunla qorunan digər fərdi məlumatlar) şəxsin razılığı olmadan yayılması və ya özünə pis niyyətlə bildirilməsi onun şəxsi həyat toxunulmazlığına hüquqazidd müdaxilə hesab olunacaqdır.

38. Tərflərin göstərdiklərindən, işin mübahisəsiz halı olaraq müəyyən edilənlərdən görünür ki, iddiaçı barəsində olan videogörüntü cavabdeh2 tərəfindən cavabdeh1 göndərilməklə yayılmışdır.

39. Bununla da cavabdeh2 şəxsi toxunulmazlığa hüquqazidd müdaxilə edərək pozmuşdur.

40. Qeyd olunan bu əməl iddiaçının şərəf və ləyaqətin ləkələnməsinə səbəb olmasa da, şəxsi toxunulmazlıq hüququnu pozmuşdur.

41. Qanunvericiliyin tələbinə görə şəxsi toxunulmazlığı pozan məlumatın yayılmasına görə həmin məlumatı yaymış şəxs məsuliyyət daşıyır.

42. Şəxsiyyət hüquqlarını gözləmək və qorumaq nəinki dövlət orqanlarının, hər kəsin konstitusion öhdəliyidir. Bu baxımdan heç kəsə icazə verilmir ki, başqasının şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə etsin. Bu qadağanın pozulması müxtəlif növ, o cümlədən mülki hüquqi məsuliyyətə səbəb olur.

43. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şəxsi toxunulmazlıq hüququ pozulduğundan cavabdeh2 mülki hüquqi məsuliyyət daşıyır.

44. Plenum Qəranının 4.10-cü bəndinə əsasən şəxsiyyət hüquqlarının müdafiəsi tələblərinə baxarkən məhkəmələr aşağıdakı ardıcıllıq üzrəğıdakı ardıcıllıq üzrə yoxlama aparmalıdırlar: hüquqazidd əməlin (hərəkət və ya hərəkətsizlik) mövcudluğu, əməlin təqsirli olaraq törədilməsi (qanunla müəyyən edilmiş təqsirsiz məsuliyyət halları istisna olmaqla), şəxsiyyət hüquqlarının pozulması və hüquqazidd əməllə bu pozuntu arasında səbəbli əlaqənin olması.

45. 5.5-ci bəndə əsasən fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması ona maddi və (və ya) mənəvi zərərin vurulmasına səbəb ola bilər.

46. 4.12-ci bəndə əsasən Mənəvi zərərin kompensasiyası tələblərinə baxılarkən isə bu qərarın 4.10-cu bəndində göstərilən dispozisiya şərtləri ilə yanaşı, şəxsiyyət hüquqlarının pozulması nəticəsində şəxsin mənəvi sarsıntı və (və ya) iztirab keçirməsi halının mövcudluğu da yoxlanılmalıdır.

47. Məhkəmə kollegiyası hesab edir ki, bəhs edilən əməl nəticəsində iddiaçının barəsində mənfi ictimai fikrin formalaşması, onun şəxsiyyətinə zərər yetirilməsi, mənəvi iztiraba məruz qalması, emosianal vəziyyətinə mənfi təsir etməsi - stress, qorxu, kədər, alçalma, utanma, məyus olma kimi halların yaşanması real xarakter daşımaqla istisna olunmur.

48. Idda tələbindən göründüyü kimi iddiaçı şəxsiyyət hüquqlarının müdafiəsi üsulları olaraq mənəvi zərərin ödənilməsini, üzr istənilməsi və təkzib verilməsini xahiş etmişdir.

49. Plenum Qəranını 5.9-cu bəndinə göstərilmişdir ki, Mənəvi zərərin kompensasiyasının əsas məqsədi zərərçəkənin pozulan mənəvi tarazlığının bərpası ilə yanaşı, zərərvuranı gələcəkdə eyni əməllərin təkrar törədilməsindən çəkindirməkdən ibarətdir. Bu baxımdan zəzərvuranın üzərinə olduqca az və ya əhəmiyyətsiz məbləğdə təzminatın ödənilməsi vəzifəsinin qoyulması yolverilməzdir. Bununla yanaşı, mənəvi təzminatın həcmi elə balanslaşdırılmalıdır ki, bu, bir tərəfin təzminat hesabına zənginləşməsinə, digər tərəfin isə kasıblaşmasına səbəb olmasın.

50. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, cavabdeh2 şəxsiyyət hüquqlarının müdafiəsi üsulu olaraq iddiaçının xeyrinə mənəvi zərər tutulması qanuni və əsaslıdır. Işin hallarını, tərəfin əmlak mənafeyini nəzərə alaraq kollegiya tutulmalı mənəvi zərərin miqdarının 3000 manat müəyyən edilməsini ağlabatan və ədalətli hesab edir.

51. Məhkəmə kollegiyası iddia olunan digər – üzr istənilməsi və təkzib verilməsi növündə müdafiə üsullarının təmin edilməsi üçün isə qanuni əsas görmür.

52. Belə ki, qanunvericiliyin göstərişinə əsasən fiziki şəxs edilmiş hər hansı əmələ görə öz iradəsinə zidd şəkildə heç bir fiziki, hüquqi şəxs və ya dövlət orqanı tərəfindən üzr istənilməyə məcbur edilə bilməz. Belə məcburetmə insan ləyaqətini alçaldan rəftar hesab olunmaqla, şəxsə mənəvi zərərin vurulmasına səbəb ola bilər.

53. Plenum Qərarının 6.11-ci bəndinə əsasən şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin kompensasiyası üsulu qismində üzr istənilməsinin qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla fiziki və hüquqi şəxslərə münasibətdə tətbiqi yolverilməzdir.

54. Eyni zamanda kollegiya vurğulayır ki, təkzib, ən azı iki nəfərin yanında yayılmış şəxsin şəxsiyyət hüquqlarını (şərəf və ləyaqətini, fiziki və hüquqi şəxsin işgüzar nüfuzunu ləkələyən, şəxsi təhlükəsizlik və digər hüquqları) pozan məlumatların həqiqətə uyğun olmadığı barədə bəyanatdır.

55. Məhkəmə kollegiyası digər cavabdeh cavabdeh1 dair hissədə iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Kollegiya hesab edir ki, tələb bu hissədə sübuta yetirilməməmişdir. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə və təmin edilə bilməz.

56. Beləliklə, şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi qismən ləğv edilməli, iddia qismən təmin olunmalı, cavabdeh cavabdeh2 vurulmuş mənəvi zərərin əvəzi olaraq 3000 (üç min) manat iddiaçı İddiaçı ödənilməlidir. Mübahisələndirilən qalan hissədə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378-382, 384.0.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi qismən - cavabdeh cavabdeh2 mənəvi zərərin tutulmasının təmin edilməməsi hissədə ləğv olunsun və həmin hissədə yeni qətnamə qəbul edilsin. Cavabdeh cavabdeh2 vurulmuş mənəvi zərərin əvəzi olaraq 3000 (üç min) manat iddiaçı İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar