Məhkəmə qərarları › İş №2(3-8)-651/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-651/2026

16.06.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-651/2026 16.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İbrahimov Niyamətdin Abdulla oğlunun cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin miqdarının azaldılması) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı İbrahimov Niyamətdin Abdulla oğlunun nümayəndəsi İbrahimov Abdulla Məmməd oğlunun iştirakı ilə, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İbrahimov Niyamətdin Abdulla oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İbrahimov Niyamətdin Abdulla oğlu məhkəmədə iddia qaldıraraq Xaçmaz Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadına əsasən cavabdeh Cavabdeh xeyrinə 2 uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün müəyyən olunmuş minimum əmək haqqının 0.61 misli, hər uşağa 244 manat olmaqla, cəmi 488 manat sabit pul məbləğində alimentin miqdarının azaldılaraq hər ay 2 uşaq üçün cəmi 200 (iki yüz) manat məbləğində ondan aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia onunla əsaslandıılrmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi ilə uşaqların saxlanılması üçün qət edilmiş aliment məbləği indeksasiya edilərək cavabdeh Cavabdeh xeyrinə ##.##.2009-cu il təvəllüdlü İbrahimova Aylin Niyamətdin qızı və ##.##.2012-ci il təvəllüdlü İbrahimova Ləman Niyamətdin qızının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.61 misli, hər uşağa 244 manat həddində sabit pul məbləğində aliment Cavabdeh xeyrinə ödənilməsi qərara alınmışdır. Yeni məhkəmə qərarı ilə o cavabdehə hər bir uşağa minimum əmək haqqının 0.61 misli miqdarında yüksək məbləğdə aliment ödəməlidir. Onun həmin yüksək məbləğdə alimenti ödəməyə qəti imkanı yoxdur. Belə ki, onun xroniki bronxial astma və digər xəstəlikləri vardır. Ümumi xəstəliklərinə görə ona müddətsiz II qrup əlillik dərəcəsi verilmiş və pensiya alır. Əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti də pensiyasından artıqlaması ilə ödəmişdir. 220 manat pensiya alır və bu vaxta qədər pensiyanın hamısı alimentə ödənilib. Xəstəliyi ilə bağlı ağır işlərdə işləyə bilmir. Valideynlərinin köməkliyi ilə yaşayır. Bundan əlavə cavabdehlə ayrıldıqdan sonra ## #### 2023-cü ildə başqa qadınla ailə qurmuş və birgə nikahdan himayəsində ## ###### 2024-cü ildə anadan olmuş 1 körpə uşağı vardır. Cavabdehin maddi durumu ondan yaxşıdır. Belə ki, o, ayrıldıqdan sonra başqa kişi ilə evlənmişdir. Özü də uşaqları da götürüb Türkiyəyə getmiş və orada işləməklə yetərincə pul qazanır. Ümumiyyətlə Azərbaycana gəlmir və orada yaşayır. Uşaqları da onun razılığı olmadan məhkəmə qərarı ilə Türkiyəyə aparmışdır. Cavabdeh və uşaqları Türkiyədə yaşadığına görə bir ata kimi uşaqları ilə də görüşə bilmir, cavabdeh bura nadir hallarda gəlsə də uşaqları ona göstərmir. Cavabdehin valideynləri də Türkiyədə yaşamaqla işləyirlər və onların ailəsinin büdcəsi onun ailəsinin büdcəsinən qatqat üstündür. Onun valideynləri də işləmir, pensiyaçıdırlar. Ailə və maddi durumu real olaraq çox ağır vəziyyətdədir. Düzdür bir ata kimi uşaqlarının saxlanılması üçün aliment ödəməkdən imtina etmir və yayınmır. Lakin hazırki vəziyyətdə, xəstə və əlil olmaqla, başqa gəlir yeri olmamaqla hər bir uşağa yeni məhkəmə qərarı ilə kəsilmiş minimum əmək haqqının 0,61 misli miqdarında alimenti necə ödəyə bilər? Ümumiyyətlə ödəmək iqtidarında deyil. Hal-hazırda əlilliyə görə pensiyası 250 manat təşkil edir. Heç olmasa alimentin miqdarı hər uşağa 100 manata azaldılmaqla 200 manat alimet qət edilsə, pensiyanın 200 manatını həmin uşaqlar üçün ödəyər, yerdə qalan 50 manat da yeni ailə qurduğu qadınla birgə nikahdan doğulmuş ## ###### 2024- cü il təvəllüdlü körpə uşağın ehtiyaclarına nisbətən ödəmiş olar. Həmin uşağı da saxlamalı, böyütməli, onun da qayğıları var. Aliment yüksək məbləğdə qalsa isə ödəyə bilməyəcəyi təqdirdə məsuliyyətə cəlb edilməyinə səbəb ola bilər və tutulsa hazırki ailəsi və əvvəlki ailəsindən olan uşaqları məhrumiyyətlərə düçar ola bilərlər.

3. İddia tələbinə qarşı etiraz ərizəsi daxil olmamışdır.

4. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Sərxan Səmədzadə) iddia qismən təmin edilmiş, tərəflərin birgə nikahından doğulmuş ##.##.2009-cu il təvəllüdlü İbrahimova Aylin Niyamətdin qızının və ##.##.2012-ci il təvəllüdlü İbrahimova Ləman Niyamətdin qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2018-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə təyin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadına əsasən indeksasiya edilmiş aliment məbləğinin azaldılması, tərəflərin birgə nikahından doğulmuş ##.##.2009cu il təvəllüdlü İbrahimova Aylin Niyamətdin qızının və ##.##.2012-ci il təvəllüdlü İbrahimova Ləman Niyamətdin qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün İbrahimov Niyamətdin Abdulla oğlundan Cavabdeh xeyrinə tutulan alimentin məbləğinin sonrakı artımları nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində sabit pul məbləğində müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-*** saylı qərardadına əsasən aliment məbləği indeksasiya olunaraq sonrakı artımlar nəzərə alınmaqla, qərardad qanuni qüvvəsini aldığı tarixdən başlayaraq hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində alimentin İbrahimov Niyamətdin Abdulla oğlundan tutularaq X2 xeyrinə ödənilməsi qərara alınmışdır. Tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşağın saxlaması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2018-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə aliment (80 manat) təyin edildikdən sonra cavabdeh 9 il ərzində alimentin artırılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmənin ##.##.2025-ci il tarixli, *(***)- *** saylı qərardadı ilə isə aliment məbləği indeksasiya edilərək birdən-birə əhəmiyyətli dərəcədə (minimum əmək haqqının 0,61 mislində, həmin il üçün 244 manat) artırılmışdır. Alimentin artmağına əsas tərəflərin maddi vəziyyətinin dəyişməsi, uşaqların saxlanması xərclərinin artması və ya digər hallar deyil, məhz aliment məbləğinin indeksasiya edilməsi olmuşdur. Məlumdur ki, aliment məbləğinin indeksasiyası üçün əsas meyar ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının məbləğidir. Lakin bundan əvvəl aliment təyin edilərkən ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının məbləği nəzərə alınmadan, uşaqların mənafeyi, 2025-ci il üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu, uşaqların sayı və tərəflərin maddi vəziyyətinə uyğun olaraq aliment məbləği müəyyən edilmişdir. Aliment məbləği tərəflərin maddi vəziyyətinə, iddiaçının əmək haqqının məbləğinə və uşaqlar üçün 2025-ci il üzrə müəyyən edilmiş yaşayış minimumuna uyğun olaraq azaldılmalıdır.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 107.1, 107.2, 112-ci maddəsinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı İbrahimov Niyamətdin Abdulla oğlu apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iki uşağın saxlanılması hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimuməmək haqqının 0,25 misli həddində alimentin təyin edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin çıxardığı hazırki qətnaməyə əsasən hər uşaq üçün 200 manat, iki uşaq üçün 400 manat aliment ödəməlidir ki, bu halda onun qazancı hər ay ən azından 1200-1500 manat olmalıdır. O, isə II qrup əliliyə görə cəmisi 250 manat pensiya alır. Himayəsində işləməyən həyat yoldaşı və ##.##.2024-cü il təvəllüdlü körpə övladı vardır. Məhkəmə himayəsində olan şəxslərin, əsasən də ikinci nikahdan doğulmuş övladının manefeyini nəzərə almamışdır. Əslində Cavabdeh onun puluna heç bir ehtiyacı yoxdur. Ondan tutulan aliment məbləği cavabdehin Xaçmazda yaşayan ailə üzvlərinə çatır. Göründüyü kimi məhkəmənin gəldiyi nəticə qanunsuz və əsassız olmaqla bərabər həm də ədalətsiz qərardır. Məhkəmə göstərilənlərə heç bir münasibət bildirməmiş, asma xəstəsi olmağını və II qrup əlil olmağını nəzərə almamışdır. Məhkəmə hansı səbəbə görə iki uşağın saxlanılması üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli ( 400 x 0,5= 200 həddində aliment tutulmasının əsaslandırmamışdır. Qətnamə ümumi terminlərdən istifadə edilməklə heç bir əsaslandırma olmadan qəbul edilmişdir. Məlum olduğu kimi qətnamə dövlətin adından çıxarılır və hökmən icra edilməli aktdır. 200 manat alimenti heç cür ödəmək imkanına malik deyil və deməli qətnamə icra olunmamış qalacaqdır. Bu isə ədalət mühakiməsinin və məhkəmənin nüfuzuna zərər gətirir. Məhkəmə qəbul etdiyi qətnaməni icra edilə bilmə imkanın nəzərə almamışdır. İddiaçı özü əməyə qadirdir. Türkiyə Respublikasında yaşamaqla başqası ilə ailə qurmuşdu. Onun yaşayış səviyyəsini, imkansızlığını, xəstə olmağını, qazanc gətirə bilməməyini əsas götürərək çıxıb getmişdir. Başqa sözlə onun yaşayış səviyyəsini bəyənməmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

b) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iddiaçı İbrahimov Niyamətdin Abdulla oğlunun nümayəndəsi İbrahimov Abdulla Məmməd oğlu apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, oğlu 6 yaşından asma-bronxit xəstəliyindən əziyyət çəkir, 49 yaşı var. Aprel ayında Rusiya Federasiyasında yaşayan qardaşının yanında müalicə almağa getmişdir. Cavabdeh Türkiyə Respublikasında yaşayır, hər ilin avqust ayında Xaçmaz rayonuna gəlirlər. Nəvələri ilə telefonla da danışa bilmir. Oğlu hər uşağa 80 manat olmaqla, 160 manat aliment ödəmişdir. Oğlu yenidən evlənib, 1 uşağı var. 250 manat pensiya alır. Onun himayəsində yaşayır, pensiyası ilə dolanır. Burada müalicə eləməyə maddi imkanı olmadığından, qardaşının yanına getmiş, qardaşı öz hesabına cavabdehi müalicə etdirir. Hər uşağa 100 manat aliment ödəməyə razıdır.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

12. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-*** saylı qərardadının surətindən müəyyən olunur ki, ##.##.2009-cu il təvəllüdlü İbrahimova Aylin Niyamətdin qızı və ##.##.2012-ci il təvəllüdlü İbrahimova Ləman Niyamətdin qızının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2018-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi əsasında tutulan hər bir uşaq üçün 80 manat müəyyən edilmiş aiiment məbləği indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla, qərardad qanuni qüvvəsini aldığı tarixdən başlayaraq hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.61 misli həddində sabit pul məbləğində aliment İbrahimov Niyamətdin Abdulla oğlundan tutularaq Cavabdeh Aİim qızına ödənilməsi qərara alınmışdır.

13. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İbrahimov Niyamətdin Abdulla oğlu ilə X3 arasında nikah ##.##.2023-cü ildə bağlanmışdır. Nikahdan sonra qadın İbrahimova soyadını qəbul etmişdir.

14. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İbrahimov Abdulla Niyamətdin oğlu ##.##.2024-cü ildə anadan olmuşdur.

15. İş materiallarında olan çıxarışdan görünür ki, İbrahimov Niyamətdin Abdulla oğlu 250 manat pensiya alır.

16. İş materiallarında olan ** nömrəli Tibbi Sosial Ekspert Komissiyasının müayinə aktından çıxarışdan görünür ki, İbrahimov Niyamətdin Abdulla oğlu müddətsiz II qrup əlildir.

17. İş materiallarında olan ilkin mediyasiya sessiyasında iştirak edilməsi barədə ##.##.2025-ci il tarixli arayışdan müəyyən olunur ki, iddiaçı İlkin Mediyasiya Sessiyasında iştirak etmiş, cavabdeh isə iştirak etməmişdir. Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Ailə Məcəlləsi:

75.1. Valideynlər uşaqları saxlamağa borcludurlar. 78.1. Valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində müəyyən edilə bilər. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

19.“Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanunu:

1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.

20. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən uşaqlar üçün yaşayış minimumu 2026-cı ildə 260 manat məbləğində müəyyən edilmişdir.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya baxışının hədləri

22. Məhkəmə kollegiyası tərəfindən Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı iddiaçının apellyasiya şikayətinə münasibətdə tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılşaraq qeyd edir ki, iddiaçının ikinci qrup əlilliyi müəyyən edilsə də o, tam olaraq əmək qabiliyyətsiz olması ilə bağlı məhkəməyə sübut təqdim edə bilməmişdir. Bundan baqşa yuxarıda qeyd olunduğu kimi minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyriərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu olmaqla, yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Yəni, qanunveriliklə 2026-cı il üçün isə müəyyən edilmilş 260 manatlıq yaşayış minimumu məbləği, uşağın minimum tələbatlarını ödəmək üçün müəyən edilmiş minimum məbləğ hesab olunur ki, sosial həyatda digər xərclərin də yaranması qaçılmazdır. Qeyd olunan hal və 2026-cı il üçün müəyyən edilmilş 260 manatlıq yaşayış minimumu məbləği nəzərə alındıqda iki uşaq üçün müəyyən edilmiş 400 manat aliment məbləği əsaslı hesab olunur. Digər tərəfdən isə qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» ## #### 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

25. Bundan başqa birinci instansiya məhkəməsi haqlı olaraq nəzərə almışdır ki, 2018-ci il tarixdən etibarən iddiaçı bir uşaq üçün daha az məbləğdə, yəni 80 manat aliment ödəməklə, hazırkı vaxtadək cavabdeh uşaqların saxlanması ilə bağlı xərclərin böyük hissəsini qarşılamışdır.

26. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən və valideynlərin hər ikisinin uşağın saxlanmasında iştirakının zəruriliyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ****/**** nömrəli dəyişdirilmədən saxlanılmalıdır.

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə T E T D İ:

İddiaçı İbrahimov Niyamətdin Abdulla oğlunun apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi iddiaçı İbrahimov Niyamətdin Abdulla oğlunun apellyasiya şikayətinə dair hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar