Məhkəmə qərarları › İş №2(3-8)-676/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-676/2026

25.06.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-676/2026 25.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri Xəlilov Ramin Adilxan oğlu (sədrlik edən və məruzəçi), hakimlər Məmmədov Zahid Tahir oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil/Nümayəndə iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı aliment miqdarının azaldılması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARI:

1. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı ##.##.2020-ci il təvəllüdlü X1 atası olması faktı müəyyən edilmiş və ##.##.2023-cü il tarixdən etibarən ##.##.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 180 manat sabit pul məbləğində alimentin İddiaçı alınaraq Cavabdeh verilməsi qət edilmişdir.

2. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə Xaçmaz Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə təyin edilmiş aliment məbləği indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla aliment məbləği minimum əmək haqqının 0.6 misli həddində müəyyən edilmişdir.

3. Xaçmaz rayon Qeydiyyat şöbəsi tərəfindən ##.##.2024-cü il tarixdə verilmiş AZ-II seriyalı ****** nömrəli nikah haqqında şəhadətnaməyə əsasən İddiaçı və X2 arasında bağlanılmış nikah, akt qeydləri kitabında 92 nömrə ilə qeyd edilmişdir.

4. Xaçmaz rayon Qeydiyyat şöbəsi tərəfindən ##.##.2025-ci il tarixdə verilmiş AZ-V seriyalı ****** nömrəli doğum haqqında şəhadətnaməyə əsasən Seyid-oğlu Əmmar Əhməd oğlu ##.##.2025-ci il tarixdə Quba rayonunda doğulmuşdur, şəhadətnamənin ata qrafasında İddiaçı, ana qrafasında X2 yazılmış, bu məlumat doğum akt qeydləri kitabında 432 nömrə ilə qeydə alınmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi və *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərardadına əsasən ##.##.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xeyrinə tutulan 180 manat alimentin miqdarının azaldılaraq həmin məbləğin 120 (yüz iyirmi) manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi ilə onun ##.##.2020ci il təvəllüdlü X1 atası olması faktı müəyyən edilmiş və azyaşlı Aysunun yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan hər 240 manat alimentin alınaraq Cavabdehn verilməsi müəyyən edilmişdir. Məhkəmə tərəfindən qeyd olunan alimentin miqdarı təyin olunan vaxtı o, heç yerdə işləməyib, ancaq qohum-qardaşın köməkliyi ilə alimenti çətinliklə ödəmişdir. Hər ay 240 manat miqdarında alimenti ödəmək iqtidarında deyil. Cavabdeh ilə ayrıldıqdan sonra X2 ilə yeni nikaha girmiş, həmin nikahdan Əmmar adlı uşaqları var. Bundan əlavə atası onkoloji xəstədir, onun xəstəlik, heç bir yerdə işləməyən anasının maddi xərcləri onun tərəfindən qarşılanır. Hazırda hər ay azyaşlı Aysunun saxlanması üçün 120 manat məbləğində aliment ödəyə razıdır. Çünki il ərzində aylıq gəliri orta hesabla 300-350 manat təşkil edir. Ona görə də, iddianın təmin edilməsini xahiş etmişdir.

7. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsi və Xaçmaz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı alimentin indeksasiyası barədə qərardadı ilə İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı azaldılmış, ##.##.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 0,4 misli həddində sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi və iş üzrə ödənilmiş məhkəmə xərcinin iddiaçı İddiaçı özünə aid edilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Ailə Məcəlləsinin 75.1, 75.4, 107.1, 107.2, 112.1 və 112.2-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

9. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi nəticəsinə gəldikdə işin hallarını düzgün araşdırmamış, bunun nəticəsidir ki qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, X1 azyaşlıdır və onun saxlanması üçün təyin edilən aliment onun aylıq təlabatını ödəmir ona görə də, iddia tələbi təmin olunmamalıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı iddiaçı tərəf yazılı etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil/Nümayəndə apellyasiya şikayətini müdafiə edərək izahatında bildirdi ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etdikdə işdə olan sənədlərə və ya diqqətəlayiq hallara istinad etməmişdir. Belə ki, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi həmin məhkəmənin ##.##.2025-ci il tarixli qərardadına əsasən ##.##.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Cavabdeh xeyrinə tutulan 180 manat alimentin miqdarının azaldılaraq hər ay cəmi 120 (yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Səma azyaşlıdır onun saxlanılması üçün aylıq xərclər azalmamış, əksinə artmışdır ki, bu hallar İddiaçı tutulan alimentin məbləğinin azaldılması üçün əsas yaratmamışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini xahiş edir.

13. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı İddiaçı məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin üzrlü olması barədə məhkəməni məlumatlandırmamışdır.

14. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının

15. 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun:

16. 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

17. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.

Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. (...)

Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. (...)

“Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli Qərarı

18. “...Eyni zamanda, ailə qanunvericiliyi hər iki qaydada tutulan alimentin miqdarını müəyyən edərkən məhkəmənin üzərinə bəzi hüquq və vəzifələr qoymuşdur. Belə ki, Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, həmin Məcəllənin 76.1-ci maddəsində göstərilən payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır.”

“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016 -cı il tarixli, 8- */**** saylı qərarı

19. Bənd 8.3. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bənd 8.7. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...) Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..) Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 112. İddianın qiyməti (...) 112.1.3. aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə; (...) Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.3. qətnaməni dəyişdirə bilər (...)

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya baxışının hədləri

21. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Həmin qətnamənin rədd edilmiş hissəsindən iddiaçı apellyasiya şikayəti verməmiş, lakin cavabdeh iddianın təmin edilmiş hissəsini mübahisələndirmişdir.

22. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində mübahisəndirildiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə, apellyasiya şikayətinin dəlilləri həcmində yoxlamağı qanuna uyğun hesab edir.

23. Bu mövqe həm də Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci tarixli qərarında ifadə olunan hüquqi mövqeyə uyğundur.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən cavabdeh tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq belə nəticəyə gəlmişdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.

25. İşin mübahisə doğurmayan hallarından müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh faktiki nikah münasibətlərindən ##.##.2020-ci il tarixdə Aysu adlı uşaqları doğulmuşdur. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı ##.##.2020-ci il təvəllüdlü X1 atası olması faktı müəyyən edilmiş və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 manat məbləğində sabit pul məbləğində aliment tutulması müəyyən edilmişdir.

26. Eyni zamanda, iş materiallarından görünür ki, İddiaçı ilə X2 nikahından ##.##.2025ci il tarixdə Əmmar adlı uşaqları doğulmuşdur.

27. Hazırkı mübahisə iddiaçının Aysunun saxlanılması üçün əvvəllər müəyyən edilmiş aliment məbləğinin azaldılması tələbi ilə bağlıdır. Belə ki, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə müəyyən edilmiş 180 manat məbləğində aliment sonradan indeksasiya edilərək Xaçmaz Rayon Məhkəməsinin ##.##.2025ci il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə 240 manata çatdırılmışdır. İddiaçı hazırda cavabdeh ilə ayrıldıqdan sonra rəsmi nikaha daxil olması və həmin nikahdan bir azyaşlı uşağının olmasını, himayəsində xəstə atası və yaşlı valideynlərinin olmasını göstərərək əsas gətirərək bu məbləği ödəyə bilmədiyini göstərmiş və həmin məbləğin azaldılmasını xahiş etmiş, birinci instansiya məhkəməsi alimentin məbləğini 240 manatdan 160 manata endirmişdir.

28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin aliment məbləğinin azaldılması ilə bağlı gəldiyi nəticə tamda azyaşlı Aysunun üstün mənafeyini, onun normal həyat şəraitində yaşamaq, tamhüquqlu inkişaf etmək və sağlam qidalanmaq hüququnu lazımi qaydada nəzərə almaması ilə qəbul edilmişdir. Bu baxımdan, kollegiya həmin nəticəni əsaslı hesab etmir.

29. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli, 8- */**** saylı Qərarda qeyd edilir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır (bənd 8.3 və 8.7).

30. Həmin Qərarda qeyd olunmuş mövqeyə əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

31. Eyni zamanda həmin Qərarda məhkəmələrə izah olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır (bənd 8.13).

32. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanunu”na əsasən, 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat müəyyən edilmişdir.

33. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli, ** №-li Qərarının “8.4-1. Bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən Cnin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).

34. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ## ###### 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il ######ın #-dən 400 manat müəyyən edilmişdir.

35. Sadalanan halları nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, alimentin məbləğinin dəyişdirilməsi barədə tələbə baxılarkən yalnız aliment ödəyən şəxsin ailə və maddi vəziyyətində baş vermiş dəyişiklik deyil, eyni zamanda alimentin azaldılmasının uşağın mənafeyinə və maddi təminatına göstərəcəyi təsir də qiymətləndirilməlidir. Uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər qorunub saxlanılması, onun normal inkişafı, sağlam qidalanması, təhsil (Aysu ##.##.2020-ci il təvəllüdlü olmaqla məktəb yaşına çatmışdır) və digər zəruri ehtiyaclarının ödənilməsi əsas meyar kimi çıxış etməlidir.

36. Kollegiya nəzərə alır ki, 2025-ci il üçün uşaqlar üzrə yaşayış minimumu 246 manat müəyyən edilmiş, minimum aylıq əməkhaqqı isə 400 manat təşkil etmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən, aliment ödəyən valideynin başqa uşaqlarının olması alimentin müəyyən edilməsində nəzərə alınmalı olsa da, bu hal aliment alan uşağın Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə uyğun olaraq əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməlidir.

37. İş üzrə müəyyən edilmiş halların məcmusu göstərir ki, iddiaçının ikinci uşağının doğulması alimentin müəyyən həddə azaldılmasını əsaslandıra bilsə də, alimentin 160 manatadək endirilməsi azyaşlı Aysunun üstün mənafeyinə, onun əvvəlki təminat səviyyəsinin qorunması prinsipinə və qanunvericiliyin məqsədinə uyğun hesab edilə bilməz.

38. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, tərəflərin ailə və maddi vəziyyəti, iddiaçının yeni ailə öhdəlikləri, eyni zamanda azyaşlı Aysunun mənafeləri arasında ədalətli tarazlığın təmin edilməsi üçün alimentin məbləğinin 240 manatdan 200 manata endirilməsi daha məqsədəuyğun və əsaslıdır. Belə məbləğ bir tərəfdən iddiaçının dəyişmiş ailə vəziyyətini nəzərə alır, digər tərəfdən isə azyaşlı Aysunun zəruri maddi təminatının qorunmasına xidmət edir.

39. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilməli, ##.##.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay aölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməli və qətnamə qalan hissədə dəyişdirilməsən saxlanılmalıdır.

40. Məhkəmə kollegiyası MPM-in 402-ci maddəsinə əsasən həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın məbləği bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən və təyin edilmiş aliment məbləği arasında olan fərq 240-160=80 manat olmaqla ümumilikdə həmin məbləğin illik cəmi 960 manat təşkil etdiyindən qətnamədən kassasiya şikayəti verilə bilməz.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382, 384.0.2, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilsin. ##.##.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Xaçmaz rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## #### 2023-cü il tarixli qətnaməsi əsasında tutulan alimentin məbləği indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla İddiaçı ## #### 2026cı il tarixdən başlayaraq, hər ay ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 0, 5 misli həddində sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilməsən saxlansın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar