Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-747/2026 06.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdehlər İsmayılova Mehirban Natiq qızı və digərlərinə qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri Xəlilov Ramin Adilxan oğlu (sədrlik edən və məruzəçi), hakimlər Dəmirov İlqar Kamal oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əmirxanlı Mehman Əmirxan oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı İddiaçı, onun vəkili və nümayəndəsi nümayəndə2, ilk iddia üzrə cavabdehlər İsmayılova Mehirban Natiq qızı və İsmayılov Natiq Mikayıl oğlunun iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər İsmayılova Mehirban Natiq qızı və digərlərinə qarşı “mənzildən çıxarılma və mənzilə köçürülmə” tələbinə dair ilk, iddiaçı İsmayılova Mehirban Natiq qızının cavabdeh İddiaçı qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Sumqayıt şəhəri Sumqayıt bələdiyyəsi, AR İN yanında ƏMDX tabeliyində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və İsgəndərova Vüsalə Rakif qızı cəlb edilməklə) “birgə nikah dövründə əldə edilmiş əmlakda payın bölünməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARI
1. ## ##### 2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı X3 və X1 şahidliyi ilə Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, yeni məhəllədə yerləşən *** nömrəli fərdi yaşayış evini 33000 manata X8.
2. Əliyev Elşad Tofiq oğlu tərəfindən yazılmış əlyazmadan görünür ki, Əliyev Elşad Tofiq oğlu ünvan 1 15 ünvanında yerləşən 100 kv-lıq fərdi yaşayış evini 31000 manata İsmayılov Natiq Mikayıl oğluna satmış və həmin pulu ##.##.2024-cü il tarixdə almışdır.
3. AZ-II seriyalı, ****** nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı və İsmayılova Mehirban Natiq qızı arasında bağlanmış nikah ##.##.2024-cü il tarixdə * saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində **** saylı akt qeydi ilə rəsmiləşdirilmişdir.
4. ##.##.2025-ci il tarixli daşınmaz əmlakın alıcı, satıcı və vasitəçi arasındakı beh müqaviləsindən görünür ki, İsmayılov X15 İlyas Bayram oğlunun vasitəçiliyi ilə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsindəki fərdi yaşayış evini 34000 manata X4 razılaşmış, 500 manat beh almışdır.
5. ##.##.2025-ci il tarixli əlyazmalardan görünür ki, İsgəndərova Vüsalə Rakif qızı X7 və X2 şahidliyi ilə Sumqayıt şəhəri, 76-cı məhəllə ünvanında 4 sot torpağın üzərində tikilmiş 2 otaqlı 70 kv-lıq evi İddiaçı 35000 manata satmış və pulunu nağd qaydada almışdır.
6. ##.##.2025-ci il tarixli, ************* nömrəli ərizədən görünür ki, İsgəndərova Vüsalə Rakif qızı “xxxx” ASC-yə müraciət edərək 502530906000700 abunə kodunun İddiaçı adının sənədləşməsinə etiraz etmədiyini bildirmişdir.
7. Videoçəkilişdən görünür ki, videoçəkilişi aparan şəxs “Vüsalə”yə məxsus evin “Şəmşir” adlı şəxsə 35000 manata satıldığını, kommunal və torpaq vergisinin “Şəmşir”in adına keçirildiyini bildirir.
8. Məhkəmə sorğusu əsasında verilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 * saylı Sumqayıt Ərazi İdarəsinin *-**-*-**/*-****/**** saylı, ##.##.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı adına ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qeydiyyatdan keçməsinə dair məlumat aşkar edilməmişdir.
9. Sumqayıt Şəhər Bələdiyyəsi 76-cı məhəllə üzrə * saylı məhəllə komitəsi tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli, ** nömrəli arayışdan görünür ki, İsmayılova Mehirban Natiq qızı Sumqayıt şəhəri, məhəllə 76, ** nömrəli fərdi evdə qeydiyyatsız yaşayır.
10. Sumqayıt Şəhər Bələdiyyəsi **/* saylı məhəllə komitəsinin Sumqayıt Şəhər Bələdiyyəsinə ünvanladığı məlumatdan görünür ki, vətəndaş İddiaçı ##.##.2025-ci il tarixdə 76-cı məhəllədə yerləşən fərdi yaşayış evini İsgəndərova Vüsalə Rakif qızından almışdır. Halhazırda İddiaçı həyat yoldaşı İsmayılova Mehirban Natiq qızı ilə ailə münaqişəsinə, aralarında yaranan söz-söhbətlərə görə bu evdə yaşamır. İddiaçı bildirdiyinə görə həmin evdə İsmayılova Mehirban Natiq qızı ilə birlikdə 2 ay yaşamışdır.
11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 * saylı Sumqayıt Ərazi İdarəsinin *-**-*-**/*-****/**** saylı, ##.##.2025-ci il tarixli məktubundan görünür ki, İsgəndərova Vüsalə Rakif qızının adına ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qeydiyyatdan keçməsinə dair məlumat aşkar edilməmişdir.
12. Sumqayıt Bələdiyyəsinin ** nömrəli, ##.##.2026-cı il tarixli məktubundan görünür ki, İsgəndərova Vüsalə Rakif qızına Sumqayıt Bələdiyyəsi tərəfindən fərdi yaşayış evinin tikintisi üçün hər hansı torpaq sahəsi ayrılmamışdır.
13. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, İsmayılova Mehirban Natiq qızı və İddiaçı arasında ##.##.2024-cü il tarixdə * saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində bağlanmış və akt qeydləri kitabında 2102 nömrə ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş uşaqlar ananın yanında saxlanmış və uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün aliment təyin edilmişdir.
14. ##.##.2026-cı il tarixli yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamədən və ********** saylı mədaxil qəbzindən görünür ki, ünvan 3 ünvanı üzrə vergi ödəyəcisi kimi İddiaçı qeydiyyata alınmış, 10 manat torpaq vergi borcu ödənmişdir.
15. Sumqayıt Şəhər Bələdiyyəsi 76-cı məhəllə üzrə * saylı məhəllə komitəsi tərəfindən verilmiş ## ###### 2026-cı il tarixli, ** nömrəli arayışdan görünür ki, İddiaçı Sumqayıt şəhəri, məhəllə 76, ** nömrəli fərdi evdə qeydiyyatsız yaşamışdır. Evin heç bir sənədi yoxdur.
16. Məhkəmə sorğusu əsasında verilmiş Sumqayıt Bələdiyyəsinin **** nömrəli, ##.##.2026-cı il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, 76-cı məhəllə ünvanında yerləşən * saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi sənaye təyinatlı olmaqla bələdiyyə mülkiyyətinə aid edilmiş torpaq sahəsidir. Lakin qeyd edilən torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün Sumqayıt Bələdiyyəsi tərəfindən hər hansı şəxsin mülkiyyətinə ayrılmamışdır. Həmçinin, Sumqayıt şəhəri 76-cı məhəllə üzrə * saylı məhəllə komitəsi sədrinin verdiyi arayışdan və əlyazmanın surətindən görünür ki, qeyd edilən fərdi yaşayış evi sənədsiz olmaqla özbaşına tikilidir və həmin fərdi yaşayış evi İddiaçı tərəfindən pul verilərək qeyri-rəsmi qaydada alqı-satqı yolu ilə İsgəndərova Vüsalə Rakif qızından alınmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
17. İddiaçı İddiaçı cavabdeh İsmayılova Mehirban Natiq qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İsmayılova Mehirban Natiq qızının ona məxsus olan Sumqayıt şəhəri, 76-cı məhəllədə yerləşən * saylı fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qət edilməsini xahiş etmişdir.
18. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh İsmayılova Mehirban Natiq qızı, cavabdehin atası İsmayılov Natiq Mikayıl oğlu, anası İsmayılova Əntiqə Həsən qızı, qardaşı İsmayılov Niyaməddin Natiq oğlu və digər nikahdan olan övladı İsmayılova Mələk Rəşad qızının ona məxsus olan Sumqayıt şəhəri, 76-cı məhəllədə yerləşən * saylı fərdi yaşayış evindən çıxarılmaları, onun Sumqayıt şəhəri, 76-cı məhəllədə yerləşən * saylı fərdi yaşayış evinə köçürülməyi barədə qətnamə qət edilməsini xahiş etmişdir.
19. İddia tələbinin həcminin artırılması barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmiş, İsmayılov Natiq Mikayıl oğlu, İsmayılova Əntiqə Həsən qızı, İsmayılov Niyaməddin Natiq oğlu və İsmayılova Mələk Rəşad qızı cavabdeh qismində cəlb edilmişlər.
20. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, cavabdeh İsmayılova Mehirban Natiq qızı ilə ## #### 2024-cü il tarixdə rəsmi nikaha daxil olmuş, nikahları * saylı ASAN Xidmət Mərkəzində **** nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Birgə nikahlarından ## ###### 2025-ci il təvəllüdlü X5 adlı övladları vardır. Cavabdeh ## ###### 2025-ci il tarixdə nikahın pozulması, uşağın ananın yanında qalması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı bildirir ki, cavabdehlə ailə qurmamışdan əvvəl Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən fərdi yaşayış evi olmuş, həmin evi sataraq Bakı şəhəri, Buzovna qəsəbəsində ev almışdır. Cavabdehlə həmin evdə qısa müddət yaşadıqdan sonra övladlarının iş və xidmət şəraiti ilə əlaqədar evi satmış və 2025-ci ilin yanvar ayında ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini İsgəndərova Vüsalə Rakif qızından 35.000 manata almışdır. Mənzilin çıxarışı olmadığından notarial alqı-satqı müqaviləsi bağlanmasa da, kommunal abonentliklərin onun adına keçirilməsi barədə notarial ərizə verilmiş, ev Sumqayıt Bələdiyyəsində qeydiyyata alınmış və torpaq vergisi mütəmadi ödənilmişdir. Cavabdehin psixoloji problemləri səbəbindən həmin evdə yaşaya bilməmiş, hazırda fermada qalır. Onun sözlərinə görə, evi tərk edərkən bütün sənədləri, 6.000 manat pul və şəxsi əşyaları evdə qalmışdır. Eyni zamanda qeyd edir ki, mübahisəli evdə cavabdehə məxsus əşya yoxdur və cavabdehin Bakı şəhəri, Buzovna qəsəbəsində valideynlərinin yaşadığı fərdi yaşayış evi mövcuddur.
21. İsmayılova Mehirban Natiq qızı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə İddiaçı ona qarşı mənzildən çıxarılma tələbinə dair iddiasının rədd olunması və onun cavabdeh İddiaçı ilə birgə nikah dövründə əldə etdikləri hazırda birgə mülkiyyətlərində olan ünvan 2 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinin 2/3 hissəsinə onun pay hüququnun müəyyən edilməsi, həmin torpaq sahəsi və fərdi yaşayış evinin 2/3 hissənin, ilkin mediasiya sessiyası zamanı ödədiyi 60 manat mediasiya xərcinin və ödənilmiş 40 manat dövlət rüsumunun və məhkəmədə hüquqlarının müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar aralarında bağlanılmış hüquqi yardımın göstərilməsi haqqında EM-****VK-*****/** nömrəli müqavilə ücün hesaba köçürdüyü 325 manat məbləğin cavabdeh İddiaçı alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər ## #### 2024-cü il tarixdə ailə həyatı qurmuş, nikahları Bakı ASAN Xidmət Mərkəzi № *-in qeydiyyat şöbəsində **** nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Birgə nikahdan ## ###### 2025-ci il təvəllüdlü X5 adlı övladları olmuşdur. Tərəflər bir müddət birgə yaşasalar da, sonradan münasibətləri pozulmuş və uzun müddətdir ayrı yaşayırlar. Uşaq hazırda onun himayəsindədir və cavabdeh uşağın saxlanılması üçün maddi yardım göstərməmişdir. Bu səbəbdən uşağın onun yanında qalması, cavabdehdən hər ay 246 manat aliment və uşaq 3 yaşına çatanadək hər ay 100 manat maddi yardım tutulması barədə iddiası ayrıca məhkəmə icraatındadır. Mübahisəli mənzillə bağlı bildirir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən ev əvvəlcə atası tərəfindən alınmış, sonradan ## ###### 2025-ci il tarixdə 34.000 manata satılmış və əldə olunan vəsait tam həcmdə İddiaçı verilmişdir. Həmin vəsait hesabına ## ###### 2025-ci il tarixdə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi alınmışdır. Bu hal şahid ifadələri ilə də təsdiq oluna bilər. O, İddiaçı evdən çıxarılması və evdə 6.000 manat pulunun qalması barədə iddialarını əsassız hesab edir. Bildirir ki, cavabdeh evi öz istəyi ilə tərk etmiş, əksinə özü ilə digər uşağın alimenti üçün ayrılmış təxminən 3.000 manat və atasının verdiyi təxminən 3.000 manatı aparmışdır. Sumqayıt şəhərində olan evin alınmasına sərf olunan 34.000 manat tam şəkildə onun ailəsi tərəfindən təmin edilmiş, mənzilin təmiri isə atasının şəxsi vəsaiti hesabına aparılmışdır. Təmir və əlavə xərclər, o cümlədən qaz çəkilişi, kondisioner, seyf qapı, elektrik xərcləri, müalicə, dövlət rüsumu və vəkil haqqı üzrə ümumilikdə 3.215 manat ödənilmiş, bu halları təsdiq edən sübutlar məhkəməyə təqdim ediləcəkdir.
23. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, İddiaçı Sumqayıt şəhəri, 76-cı məhəllədə yerləşən * saylı fərdi yaşayış evinə köçürülməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, İsmayılova Mehirban Natiq qızının İddiaçı qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Sumqayıt bələdiyyəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və İsgəndərova Vüsalə Rakif qızı olmaqla birgə nikah dövründə əldə edilmiş əmlakda payın bölünməsi barədə qarşılıqlı iddia tələbi təmin edilməmiş, ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir.
24. Məhkəmə ilk iddia tələbinin cavabdeh İsmayılova Mehirban Natiq qızı, cavabdehin atası İsmayılov Natiq Mikayıl oğlu, anası İsmayılova Əntiqə Həsən qızı, qardaşı İsmayılov Niyaməddin Natiq oğlu və digər nikahdan olan övladı İsmayılova Mələk Rəşad qızının Sumqayıt şəhəri, 76-cı məhəllədə yerləşən * saylı fərdi yaşayış evindən çıxarılmaları hissəsinə münasibətdə iddianı rədd etdikdə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 76-cı məhəllə ünvanında yerləşən * saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi sənaye təyinatlı olmaqla bələdiyyə mülkiyyətinə aid edilmiş torpaq sahəsidir. Qeyd edilən torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün Sumqayıt Bələdiyyəsi tərəfindən hər hansı şəxsin mülkiyyətinə ayrılmamışdır. Fərdi yaşayış evinin İddiaçı adına qeydiyyatdan keçməsinə dair məlumat aşkar edilməmişdir.
25. Göründüyü kimi iddiaçının cavabdehlərin mənzildən çıxarılmalarını tələb etmək barədə iddia tələbini qaldırmaqda subyektiv hüquqa malik deyil. Belə ki, mənzilin yerləşdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid edilmiş sənaye təyinatlı torpaq sahəsidir. Həmin torpaq sahəsi bələdiyyə tərəfindən hər hansı şəxsin mülkiyyətinə ayrılmamışdır. Torpaq sahəsinin üzərindəki fərdi yaşayış evi iddiaçının və ya digər şəxsin adına qeydiyyatına alınmamışdır. Yəni iddiaçının həmin mənzilə gözlənilən mülkiyyət hüququ da mövcud deyildir. Torpağın mülkiyyətçisi olan bələdiyyə də müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə qoşulmuş, lakin cavabdehlərin çıxarılması ilə bağlı hər hansı tələb irəli sürməmişdir.
26. Məhkəmə onu da qeyd edir ki, hazırkı işin halları ilə mübahisəli tikiliyə İddiaçı hər hansı hüququ mövcud olmadığı müəyyən edildiyindən, sonuncunun Sumqayıt Bələdiyyəsində vergi ödəyicisi kimi, “xxxx” ASC və “Azəriqaz” İB-də abonent kimi qeydiyyata alınması onun mübahisəli tikiliyə hər hansı hüququn yaranması kimi qiymətləndirilə bilməz.
27. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı İddiaçı hazırkı iddia tələbini qaldırmaqda subyektiv hüquqa malik olmadığından onun iddiası cavabdehlərin mənzildən çıxarılmaları tələbinə dair hissədə təmin edilməməlidir.
28. İlk iddia üzrə iddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın rədd edilmiş hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
29. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmetinin özbaşına inşa edilmiş ev, tikili olması özlüyündə həmin tikiliyə, evə ümumiyyətlə hüququn olmaması kimi qəbul edilməməlidir. Bunun üçün başlanğıc prinsip olaraq şəxsin əşya hüquqlarının qorunması üstün tutulmalıdır. Ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məs: maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və s. hüquqlar əşya sahibinə məxsusdur. Həmin hüquqlar ona vəsait xərcləməyən (əşyanın maddiləşmiş kütləsində payı olmayan) digər şəxsin hüquqları ilə yüklü edilə bilməz. Müasir dünyada hüququn inkişafı bu istiqamətdə inkişaf edir. Ona görə analoji işlərdə də məhkəmələrin mövqeyi əşyanın sahibinin hüquqlarının qorunması istiqamətində olmalıdır. Mübahisəli tikili xüsusi mülkiyyətdə olmasa da, iş materiallarna əlavə olunmuş sənədlərdən, şahid ifadələrindən və digər sübutlardan həmin fərdi yaşayış evinin ona aid olması müəyyən edilmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
31. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı İddiaçı, onun vəkili və nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinin təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehlərin fərdi yaşayış evindən çıxarılmaları barədə rədd edilmiş hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etdilər.
32. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdehlər İsmayılova Mehirban Natiq qızı və İsmayılov Natiq Mikayıl oğlu apellyasiya şikayətinə etiraz edib, formal əsaslarla verilmiş apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
33. Məhkəmə iclasının yeri və vaxtı barədə ilk iddia üzrə cavabdehlər İsmayılova Əntiqə Həsən qızı və İsmayılov Niyaməddin Natiq oğluna məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər.
34. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə adları qeyd olunan şəxslərin iştirakı baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
35. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Maddə 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
Azərbaycan Respublikası Ailə Məcəlləsi:
36. Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Maddə 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların birgə mülkiyyəti sayılır. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: Maddə 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); Maddə 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Maddə 35. Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Maddə 36.3. Mübahisə olduqda ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də, bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Maddə 36.4. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir.
37. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitutsiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
38. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 89. Yazılı sübutlar 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. (...)
Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı (...) 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (...)
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...) Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
39. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddia tələbinin rədd edilmiş hissəsində, yəni - cavabdeh İsmayılova Mehirban Natiq qızı, cavabdehin atası İsmayılov Natiq Mikayıl oğlu, anası İsmayılova Əntiqə Həsən qızı, qardaşı İsmayılov Niyaməddin Natiq oğlu və digər nikahdan olan övladı İsmayılova Mələk Rəşad qızının Sumqayıt şəhəri, 76-cı məhəllədə yerləşən * saylı fərdi yaşayış evindən çıxarılmalarının rədd edilmiş hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak edən şəxlərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
41. Baxılan mübahisə sahiblik hüququnun müdafiəsi ilə bağlıdır.
42. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçı İddiaçı cavabdehlərin mübahisəli fərdi yaşayış evindən çıxarılması barədə iddia tələbinin təmin edilməməsinə dair gəldiyi nəticə düzgün olmuşdur.
43. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsi olmasına, həmin torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün heç bir şəxsə ayrılmamasına, eləcə də yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının və ya digər şəxsin adına qeydiyyata alınmamasına istinad edərək belə nəticəyə gəlmişdir ki, iddiaçının cavabdehlərin həmin evdən çıxarılmasını tələb etmək üçün subyektiv hüququ mövcud deyildir.
44. Məhkəmə kollegiyası bu hüquqi mövqe ilə qismən razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi hüququ təmin edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə isə öz hüquqlarının və qanunla qorunan mənafelərinin pozulduğunu və ya mübahisələndirildiyini hesab edən hər bir şəxs həmin hüquq və mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir.
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli "M.Bağırovun şikayəti üzrə..." və ## ###### 2012-ci il tarixli "İ.Şabanovanın şikayəti ilə əlaqədar..." qərarlarında da göstərilmişdir ki, məhkəmə ilk növbədə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Bununla yanaşı, həmin hüquqi mövqelərdən irəli gəlir ki, subyektiv hüququn mövcudluğu yalnız əmlakın dövlət qeydiyyatına alınması ilə məhdudlaşdırıla bilməz. Şəxsin mübahisə predmeti ilə hüquqi bağlılığı, hüquqi marağı və həmin mübahisənin onun hüquq və mənafelərinə təsiri də nəzərə alınmalıdır.
46. Hazırkı iş üzrə müəyyən edilir ki, mübahisəli fərdi yaşayış evi tərəflərin birgə nikah münasibətləri dövrü tarixlərində əldə edilmiş, ailənin yaşayış yeri kimi istifadə olunmuş və faktiki olaraq mövcud olan yaşayış evidir. Həmin evin dövlət qeydiyyatına alınmaması və ya torpaq sahəsinin hüquqi statusu tərəflər arasında yaranmış faktiki istifadə münasibətlərini və onların bu əmlakla bağlı hüquqi maraqlarını aradan qaldırmır.
47. Məhkəmə həmçinin hər bir cavabdehə münasibətdə işin faktiki hallarını və onların hüquqi vəziyyətini ayrıca qiymətləndirməlidir.
48. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı İddiaçı mübahisəli yaşayış evi ilə bağlı hüquqi marağı mövcuddur və o, İsmayılov Natiq Mikayıl oğlu, İsmayılova Əntiqə Həsən qızı və İsmayılov Niyaməddin Natiq oğluna münasibətdə subyektiv iddiaçı olsa da öz keçmiş həyat yoldaşına münasibətdə (Mehirban İsmayılova) subyektiv hüququ olmamışdır.
49. Belə ki, cavabdeh İsmayılova Mehirban Natiq qızı mübahisəli fərdi yaşayış evində iddiaçı ilə birgə nikah dövründə yaşamış, birgə nikah dövrü tarixləri arasında faktiki əldə edilmiş, həmin yaşayış evi ailənin ümumi yaşayış yeri olmuşdur. Mübahisəli tikilinin dövlət qeydiyyatına alınmaması onun ailənin yaşayış yeri olması faktını aradan qaldırmır. Keçmiş həyat yoldaşı ilə arasında həmin yaşayış evi ilə bağlı hüquqi münasibətlər tam həll edilmədiyindən və yaşayış evi birgə nikah dövründə inşa olunduğundan, həm iddiaçının, həm də cavabdeh Mehirban İsmayılovanın həmin yaşayış evindən sahiblik və istifadə hüququ qorunmalıdır. Bu səbəbdən cavabdeh Mehirban İsmayılova Natiq qızının yaşayış evindən çıxarılması barədə tələbi ikisidə həmin əmlak üzərində eyni hüquqlu şəxslər olduğundan hazırki halda (əmlak üzərində çəkilmiş xərclərin bölünməsi tələbi mövcud olub yekun məhkəmə aktı qanuni qüvvəsini alması halı istisna olmaqla) əsaslı hesab edilə bilməz.
50. Məhkəmə kollegiyasının araşdırması zamanı o da müəyyən edildi ki, İsmayılova Mehirban Natiq qızı tərəflərin birgə nikah dövründə inşa etdiklərin fərdi yaşayış evinə çəkilmiş xərcin ödənilməsi tələbi barədə məhkəməyə müraciət etmiş və mülki iş hazırda Abşeron Rayon Məhkəməsinin icraatındadır.
51. İlk iddia tələbinin digər cavabdehlər – İsmayılov Natiq Mikayıl oğlu, İsmayılova Əntiqə Həsən qızı və İsmayılov Niyaməddin Natiq oğluna münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, onların mübahisəli yaşayış evində hazırda daimi yaşadıqları iş materialları ilə öz təsdiqini tapmamışdır. Həmin şəxslərin mübahisəli evə vaxtaşırı gəlibgetmələri, yəni ailə üzvləri kimi İsmayılova Mehirban Natiq qızının yanına gəlmələri həmin şəxslərin həmin fərdi yaşayış evində yaşadıqları kimi qəbul edilməməlidir. İsmayılova Mələk Rəşad qızına gəldikdə isə o azyaşlı olmaqla anasının himayəsindədir.
52. Məhkəmə kollegiyası qeyd edir ki, fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddia tələbləri yalnız faktiki olaraq yaşayış yerindən istifadə edən şəxslərə münasibətdə irəli sürülə və təmin oluna bilər (yuxarıda qeyd edilən hüquqi mövqe nəzərə alınmaqla).
53. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsinə dair gəldiyi nəticə düzgündür. Lakin həmin nəticə iddiaçının subyektiv hüququnun olmaması ilə deyil, iddiaçının irəli sürdüyü tələbin təmin edilməsi üçün zəruri hüquqi və faktiki əsasların müəyyən edilməməsi ilə əsaslandırılmalıdır. Başqa sözlə, iddiaçının məhkəməyə müraciət etmək və belə bir tələb irəli sürmək hüququ mövcud olsa da, iş üzrə müəyyən edilmiş hallar cavabdeh Mehirban İsmayılova Natiq qızının mübahisəli yaşayış evindən istifadə hüququnun mövcud olduğunu, digər cavabdehlərin isə həmin yaşayış evində faktiki yaşamalarının sübuta yetirilmədiyini göstərdiyindən, iddia tələbi mahiyyəti üzrə təmin edilə bilməz.
54. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yaşayış yeri barədə arayışın hazırki apellyasiya baxışı mərhələsində qəbul edilməsi qanuni və ədalətli olmuşdur. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən keçirilmiş ## ##### 2026-cı il tarixli iclasda cavabdeh Natiq İsmayılov həmin mübahisəli yerdə yaşamadıqlarını, Bakı şəhərində yaşadıqlarını qeyd etməsinə baxmayaraq bu hal həmin məhkəmədə araşdırılmamış, tərəfə bununla bağlı vaxt verilməmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən izahatla bağlı şərait yaradılaraq həmin hal aradan qaldırılmışdır.
55. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
56. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.
57. Sadalanan xüsusatlara, işin araşdırılmış hallarına və iş üzrə məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı hesab edir və belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
58. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər.