Məhkəmə qərarları › İş №2(3-8)-815/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-815/2026

29.07.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-815/2026 29.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə (Açar sözlər: aliment) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.* saylı Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T ****** saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ##.##.2008-ci il tarixində anadan olmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. 2.* saylı Bakı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № ****** saylı, ##.##.2022 tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, ##.##.2008-ci ildə anadan olmuş X1 atasının Cavabdeh olması müəyyən edilmişdir. 3.Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş portaldan çıxarışdan görünür ki, Cavabdeh rəsmi iş yerinin olmasına dair məlumat aşkar edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat 4.İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, birgə ailə münasibətlərindən dünyaya gəlmiş ##.##.2008-ci il təvəlüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2023-cü il, 2024cü il və 2025-ci illər üzrə bir uşaq üçün ölkə üzrə müəyyən edilmiş hər ay sabit pul məbləğində alimentin, birgə ailə münasibətlərindən dünyaya gəlmiş ##.##.2008-ci il təvəlüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2026-cı ilin yanvar ayından hesablanmaqla hər ay 260 manat sabit pul məbləğində alimentin cavabdeh Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh ilə 2007ci ildən faktiki ər-arvad münasibətinə daxil olmuşdur. Birgə ailə münasibətindən ##.##.2008ci il təvəlüdlü X1 anadan olmuşdur. Lakin cavabdeh bir müddət sonra iddiaçını və övladını tərk etmişdir. Hər dəfə cavabdeh dəstək olacağını iddiaçıya və övladına maddi dəstək verməmişdir. İddiaçı övladının maddi ehtiyaclarını qarşılamaqda çətinlik çəkir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etmişdir. 6.Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ##.##.2026-cı il tarixdən başlayaraq ##.##.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə hər ay sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli məbləğində alimentin tutulması, alimentin dərhal icra olunması, Cavabdeh dövlət rüsumuna görə 51,20 (əlli bir manat iyirmi qəpik) manat pul vəsaitinin tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Habil Əhmədov). 7.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin IV bəndinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2 və 100.2-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə, “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1, 185.5, 217.4 və 234.2.1-ci maddələrinə, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli, ** nömrəli Qərarının 8.4-1-ci bəndinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri 8.İddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsinin ləğv edilib, apellyasiya şikayətini təmin edərək, alimentin tutulmasının 2023-cü ildən hesablanması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 9.İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işin hallarına formal yanaşmış, formal mülahizələr əsasında qətnamə qəbul etmişdir. İddiaçı qeyd edir ki, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli Qətnaməsi ilə razı deyil, sözügedən qətnamə cavabdehin maraqlarına xidmət etməkdədir. Belə ki, iddiaçı cavabdehlə 2007-ci ildən faktiki ər-arvad münasibətinə daxil olaraq ailə kimi yaşamağa başlamışlar. Birgə nikahlarından ##.##.2008-ci il təvəllüdlü X1 dünyaya gəlmişdir. Bir müddət cavabdehlə mehriban ailə kimi yaşasalar da, sonradan cavabdeh iddiaçını və azyaşlı övladlarını tərk etmişdir. İddiaçı qeyd edir ki, cavabdeh “Kardeşlər” adlanan şirkətlər qrupunun sahibidir. Cavabdeh onları tərk etdikdən sonra övladlarının maddi ehtiyaclarını qarşılayacağına dair söz versə də buna əməl etməmişdir. Övladlarının saxlanılmasına cavabdeh maddi köməklik göstərmədiyi üçün iddiaçı ## ###### 2017-ci il tarixdə aliment tələbi ilə bağlı Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir (iddia ərizəsinin surəti əlavə olunur). Cavabdeh iddiadan xəbər tutan kimi yenidən şirin vədlərlə iddiaçını inandırmağa başladı və xəstə olduğundan müalicə aldığını, sağaldıqdan sonra yenidən bir ailə kimi yaşayacaqlarına dair vədlər verdi. İddiaçı yenə cavabdehin bu vədinə inandı və 2017-ci il tarixdə müraciət etdiyi aliment tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması üçün məhkəmə iclasına getmədi (Abşeron Rayon Məhkəməsinin ## ###### 2017-ci il tarixli qərardadının surəti əlavə olunur). Lakin cavabdeh yenə verdiyi sözə əməl etmədi. Bir sözlə cavabdeh övladlarının maddi ehtiyaclarının qarşılanmasında iştirak etməmək üçün hər dəfə müxtəlif bəhanələr gətirməklə məşğul olmuşdur. Bu səbəbdən də iddiaçı 2026-cı ilin fevral ayında aliment tələbi ilə bağlı məhkəməyə müraciət edərkən, alimentin tutulmasının qanunvericiliyin tələbinə uyğun olaraq 3 il əvvəldən, yəni 2023-cü ildən hesablanmasını iddia ərizəsində qeyd edərək məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin isə ümumiyyətlə bununla bağlı heç bir araşdırma aparmaq niyyəti olmamışdır. Halbuki iddiaçı 2017-ci il tarixdə aliment tələbi ilə bağlı Abşeron Rayon Məhkəməsinə müraciət etdiyini və hətta bununla bağlı Abşeron Rayon Məhkəməsində qərardadın olduğunu bildirmişdir. Təəssüflər olsun ki, birinci instansiya məhkəməsi bütün bu faktlarla bağlı heç bir araşdırma aparmamışdır. Sözügedən sənədləri isə iddiaçı məhkəmə bitdikdən sonra arxiv sənədlərin içindən əldə etmişdir və həmin sənədləri apellyasiya şikayətinə əlavə edir. Bu səbəbdən də iddiaçı hesab edir ki, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi qanunsuz və əsassızdır və cavabdehin maraqlarına xidmət etməkdədir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan maddi hüquq normalarına müvafiq olaraq qiymət verir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Araşdırmaq üçün hüquqi imkanlar olduğu halda, məhkəmə bunları etməmiş və nəticədə cavabdehin maraqlarına xidmət edən qətnamə qəbul edilmişdir. Məhkəmə nəzərə almalı idi ki, işə düzgün hüquqi qiymət verməklə son nəticədə pozulmuş hüquqların bərpa edilməsinə rəvac verə bilərdi. Birinci instansiya məhkəməsi konkret olaraq normaya istinad etsə də, öz qətnaməsinin əsasını təşkil edən prosessual normanın zəruriliyini əsaslandıra bilməmişdir. Sadəcə texniki olaraq maddə köçürülsə də, onun hansı zərurətdən irəli gəldiyi sübut edilməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 10.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları 11.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. 12.İş üzrə cavabdeh tərəfə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 13.Maddə 17. II. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 14.Maddə 44.3. Uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur; 15.Maddə 45.1. Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. 16.Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 17.Maddə 76.1.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda bir uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. 18.Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 19.Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 20.Maddə 100.1. Aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. 21.Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 22.Maddə 100.3. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. 23.Maddə 110.2. Alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 24.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 25.Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 26.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 27.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 28.Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 29.Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri 30.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 31.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 32.Apellyasiya şikayətindən görünür ki, cavabdeh Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsini “##.##.2008-ci il təvəlüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2023-cü il, 2024-cü il və 2025-ci illər üzrə bir uşaq üçün ölkə üzrə müəyyən edilmiş hər ay sabit pul məbləğində alimentin tutulmamasına” dair hissədə mübahisələndirmişdir. 33.Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qətnaməsini mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 34.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, məruzəçi hakimi və məhkəmə kollegiyasının iclasında iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır. 35.İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, * saylı Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ##.##.2008-ci il tarixində anadan olmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. * saylı Bakı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № ****** saylı, ##.##.2022 tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, ##.##.2008-ci ildə anadan olmuş X1 atasının Cavabdeh olması müəyyən edilmişdir. 36.Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı aliment tələbi ilə ##.##.2026-cı il tarixdə müraciət etdiyindən aliment həmin tarixdən başlayaraq tutulmalıdır. 37.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “##.##.2008-ci il təvəlüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2023-cü il, 2024-cü il və 2025-ci illər üzrə bir uşaq üçün ölkə üzrə müəyyən edilmiş hər ay sabit pul məbləğində alimentin tutulmamasına” dair hissəsi razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 38.Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. 39.Göründüyü kimi, qanunverici alimentin 3 illik müddət həddində tutulmasını yalnız iddiaçı tərəfindən məhkəməyə müraciət edənədək tədbirlərin görülməsi, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən olunduğu təqdirdə nəzərdə tutur. 40.Lakin hazırki iş üzrə iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl cavabdehə alimentlə bağlı müraciət etməsinə dair hər hansı sübut təqdim edə bilməmişdir. 41.Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi 2023-cü il, 2024-cü il və 2025-ci illər üzrə alimentin tutulmamasına dair nəticəsinə gəlməkdə haqlı olmuşdur. 42.Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni iddia tələbinin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. 43.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq, Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar