Azərbaycan Respublikası adından Qərardad İş № 2(3-9)-1087/2026 28.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Əsədov Ilham Qoşunəli oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Imişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsindən cavabdeh Imişli rayon Yuxarı Qaralar bələdiyyəsi tərəfindən verilmiş apellyasiyanın mümkünlüyü məsələsinə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Iddiaçı cavabdehə qarşı cavabdehdən 2020-ci il yanvar ayının 1-dən 2023-cü il dekabr ayının 31-dək olan müddət üçün ödənilməmiş 10731 manat məbləğində əmək haqqının alınıb iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir Imişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsii ilə (Hakim: Zaur Pirverdiyev) iddia təmin edilmişdir. Imişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsindən cavabdeh Imişli rayon Yuxarı Qaralar bələdiyyəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi apellyasiyanın mümkünlüyü məsələsini yoxlayarkən onun MPM-in 361-ci maddəsində əks olunmuş formal tələblərə cavab verməsini qiymətləndirməklə yanaşı, verilmiş şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olub-olmamasını da yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və onun qəbulundan imtina olunmalıdır. Belə ki, cavabdeh Imişli rayon Yuxarı Qaralar bələdiyyəsinin adından apellyasiya şikayəti bələdiyyənin sədri X1 tərəfindən verilmişdir. Iş materiallarında olan etibarnamədən (vəkalətnamədən) görünür ki, həmin sənəd Yuxarı Qaralar bələdiyyəsinin sədri X1 tərəfindən öz adına rəsmiləşdirilmiş və bu etibarnamə ilə ona Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74.2-ci maddəsində nəzərdə tutulmuş prosessual hüquqlar, o cümlədən məhkəmə aktından şikayət vermək hüququ verilmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı halda mübahisəli məsələ etibarnamədə məhkəmə aktından şikayət vermək hüququnun göstərilib-göstərilməməsi deyil, həmin səlahiyyətin cavabdeh bələdiyyənin adından qanunvericiliyin tələblərinə uyğun qaydada verilib-verilməməsidir. Belə ki, iş materiallarında olan etibarnamənin xüsusiyyəti ondan ibarətdir ki, bələdiyyənin adından səlahiyyət verən şəxs ilə həmin səlahiyyəti əldə edən şəxs eyni şəxsdir. Başqa sözlə, X1 bələdiyyə sədri qismində çıxış edərək bələdiyyənin adından özünə etibarnamə vermiş və həmin etibarnamə əsasında özünə məhkəmə aktından şikayət vermək də daxil olmaqla xüsusi prosessual səlahiyyətlər müəyyən etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, bələdiyyə sədrinin bələdiyyənin adından özünə etibarnamə verməklə həmin etibarnamə əsasında özünə məhkəmə aktından şikayət vermək səlahiyyəti yaratması hüquqi baxımdan mübahisəlidir. Belə vəziyyətdə bələdiyyənin apellyasiya şikayəti verilməsi barədə iradəsinin məhz hansı səlahiyyətli orqan tərəfindən formalaşdırıldığı və bu iradənin qanunvericiliklə müəyyən edilmiş qaydada ifadə olunub-olunmadığı müəyyən edilə bilmir. Nəzərə alınmalıdır ki, bələdiyyə müstəqil hüquq subyekti olmaqla onun adından həyata keçirilən prosessual hərəkətlər, xüsusilə məhkəmə aktından şikayət verilməsi kimi mühüm prosessual hərəkət bələdiyyənin müvafiq qaydada formalaşmış iradəsinə əsaslanmalıdır. Bu baxımdan, bələdiyyə sədrinin birtərəfli qaydada özünə etibarnamə verməsi bələdiyyənin həmin prosessual hərəkətin həyata keçirilməsinə dair müstəqil iradəsinin mövcudluğunu özü-özlüyündə təsdiq etmir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, etibarnamədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74.2-ci maddəsində nəzərdə tutulmuş hüquqların, o cümlədən məhkəmə aktından şikayət vermək hüququnun formal olaraq göstərilməsi həmin hüquqların verilməsinin hüquqi əsasının və qaydasının mövcudluğu məsələsini aradan qaldırmır. Xüsusi prosessual səlahiyyətin sənəddə sadəcə göstərilməsi ilə həmin səlahiyyətin hüquqi cəhətdən etibarlı şəkildə yaranması eyniləşdirilə bilməz. Hazırkı iş üzrə isə Yuxarı Qaralar bələdiyyəsinin apellyasiya şikayəti verilməsi barədə iradəsini ayrıca ifadə edən, həmin məsələnin bələdiyyənin səlahiyyətli orqanı tərəfindən müzakirə və həll edildiyini, habelə X1 cavabdeh bələdiyyənin adından məhkəmə aktından şikayət vermək üçün səlahiyyətləndirildiyini təsdiq edən müvafiq qərar iş materiallarında mövcud deyildir. Belə olan halda, yalnız bələdiyyə sədrinin özü tərəfindən öz adına rəsmiləşdirilmiş etibarnaməyə istinad etməklə onun cavabdeh bələdiyyənin adından apellyasiya şikayətini imzalamaq və təqdim etmək üçün lazımi qaydada səlahiyyətləndirildiyi qənaətinə gəlmək mümkün deyildir. Məhkəmə kollegiyası hesab edir ki, nümayəndəlik və xüsusi prosessual səlahiyyətlər barədə qanunvericiliyin tələbləri baxımından səlahiyyətin mövcudluğu yalnız sənəddə müvafiq hüququn sadalanması ilə deyil, həmin səlahiyyətin səlahiyyətli hüquq subyektinin iradəsinə əsasən və qanunla nəzərdə tutulmuş qaydada verilməsi ilə müəyyən edilir. Odur ki, iş materiallarında olan etibarnamə cavabdeh Yuxarı Qaralar bələdiyyəsinin adından apellyasiya şikayəti verilməsi üçün X1 lazımi qaydada səlahiyyətləndirildiyini təsdiq edən yetərli hüquqi əsas kimi qiymətləndirilə bilməz. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh Imişli rayon Yuxarı Qaralar bələdiyyəsinin adından verilmiş apellyasiya şikayətinin buna lazımi qaydada səlahiyyətləndirilmiş şəxs tərəfindən imzalandığı və təqdim edildiyi təsdiq olunmadığından, həmin apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və onun qəbulundan imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 363.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. MPM-in 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin MPM-in tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmiş, bununla da mülkiprosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarındankassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarındankassasiya şikayəti verilə bilər. 366.4.-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 267-269, 372, 384, 391 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Imişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsindən cavabdeh Imişli rayon Yuxarı Qaralar bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Imişli Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(3-9)-1087/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-1087/2026
28.08.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver