Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-1165/2026 17.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Biləsuvar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından cavabdeh İsmayıllı Azər Əfsər oğlu tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: Biləsuvar Rayon Məhkəməsinin ## ###### 2026-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Mədinə Rəsulova) iddia tələbi qismən təmin edilmiş, ## ###### 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan ## ##### 2024-cü il təvəllüdlü İsmayıllı Zaman Azər oğlunun saxlanması üçün, cavabdeh İsmayıllı Azər Əfsər oğlundan iddiaçı İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.40 misli həddində sabit pul məbləğində alimentin tutulması, əlavə xərc qismində hər ay 100 (yüz) manat sabit pul məbləğində pul vəsaitinin cavabdeh İsmayıllı Azər Əfsər oğlundan iddiaçı İddiaçı xeyrinə tutulması qət edilmişdir. ## #### 2026-cı il tarixdə cavabdeh İsmayıllı Azər Əfsər oğlu həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Biləsuvar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsi, buraxılmış müddəti üzrlü hesab edərək apellyasiya şikayətini aidiyyəti üzrə göndərilməsi haqda qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətinin verilməsi üçün müddəti ötürməmişdir. Qətnamə ona poçt vasitəsi ilə rəsmi olaraq təqdim edilməmişdir. Həmin qətnaməni müraciəti əsasında məhkəmədən ##.##.2026-cı il tarixdə almışdır. Qətnamənin ona poçt vasitəsi ilə təqdim edilməməsini “xxxx” MMC X2 filialının arayışı təsdiq edir. Həmin arayışda qeyd olunur ki, ## #### 2026-cı il tarixli, CRPF-** saylı məktubla cavab olaraq bildirmişdir ki, “##.##.2026 tarixdən ##.##.2026-cı il tarixədək sizin adınıza hər hansı bir qeydiyyatlı poçt göndərişi aşkar olunmadı.” Həmin məktubu ərizəsinə əlavə etmişdir. Lakin məhkəmənin *(***)- ****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadında isə bu sübutu qəbul edilməmiş və qeyd olunmuşdur ki, işdə olan sənədlərdən görünür ki, həmin qətnamə guya onun tərəfindən ##.##.2026-cı il tarixdə təhvil alınmışdır. Əgər ki, qətnamə ona poçt vasitəsi ilə təqdim edilmişdirsə bəs necə oldu ki, qətnamənin ona təqdim edilməməsi haqqda arayış verilmişdir. Qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinin səbəbinin üzrlü olması həmin məktubla müəyyən edilir. Biləsuvar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayətin mülki iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Biləsuvar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Cavid Nurəddin oğlu İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2007-ci il qərarında göstərilmişdir ki, ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Məhkəmə tərkibi hesab edir ki, İsmayıllı Azər Əfsər oğlunun Biləsuvar Rayon Məhkəməsinin ## ###### 2026-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən şikayət etmək hüququ onun konstitusion hüququdur və o, bu hüququndan qanunvericilikdə nəzərə tutulmuş müddətdə istifadə edə bilərdi. İsmayıllı Azər Əfsər oğlu Biləsuvar Rayon Məhkəməsinin ## ###### 2026-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən üzrlü səbəblərdən vaxtında şikayət verməməsinə dair mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə tərkibi diqqətə çatdırmağı zəruri hesab edir ki, qanunvericilikdə şikayətlərin verilməsi müddəti və şikayətin geri qaytarılması hallarından olan prosessual müddətin ötürülməsi halı konkret şəkildə göstərilmiş, habelə müddətin buraxılması səbəbinin məhkəmə tərəfindən üzrlü hesab edildiyi halda onun bərpa edilə bilməsi də qanunun normalarında öz əksini tapmışdır. İş materiallarından müəyyən olunur ki, Biləsuvar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin surəti cavabdeh İsmayıllı Azər Əfsər oğluna poçt vasitəsilə göndərilmiş, həmin məhkəmə sənədinin çatdırılmasına dair F.119 formalı “Poçt göndərişinin verilməsi haqqında xəbərnamə” tərtib edilmişdir. Sözügedən xəbərnamədə poçt göndərişinin ünvanlandığı şəxs, mülki işin nömrəsi, göndərişin təqdim edilmə tarixi və göndərişi qəbul edən şəxsin imzası əks olunmuşdur. Xəbərnamədəki məlumatlara əsasən məhkəmə sənədinin ## #### 2026-cı il tarixdə təqdim edilməsi rəsmiləşdirilmişdir. Görünür ki, məhkəmə sənədi cavabdehin qeydiyyatda olduğu ünvana poçt vasitəsilə göndərilmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq çatdırılmış hesab edilmişdir. İş materiallarında olan xəbərnamə sənədin həmin ünvana çatdırıldığını təsdiq edir. Bu səbəbdən məhkəmə, MPM-in 135.3 və 135.5-ci maddələrinin tələblərinə əsaslanaraq məhkəmə sənədinin rəsmi qaydada təqdim edildiyi qənaətinə gəlmişdir. Bununla yanaşı, cavabdeh qətnaməni poçt vasitəsilə almadığını və həmin sənədi yalnız ## #### 2026-cı il tarixdə məhkəməyə müraciəti əsasında əldə etdiyini bildirərək “xxxx” MMCnin X2 Filialının ## #### 2026-cı il tarixli, CRPF-** saylı məktubuna istinad etmişdir. Həmin məktubda ## #### 2026-cı il tarixdən ## ### 2026-cı il tarixədək cavabdehin adına hər hansı qeydiyyatlı poçt göndərişinin aşkar edilmədiyi göstərilmişdir. Lakin cavabdehin istinad etdiyi həmin məktub iş materiallarında mövcud olan F.119 formalı xəbərnamənin sübut əhəmiyyətini aradan qaldırmamışdır. İlk növbədə, “xxxx” MMC-nin X2 Filialının məktubu ümumi xarakterli məlumat ehtiva etməklə, qeyd olunan tarix aralığında cavabdehin adına qeydiyyatlı poçt göndərişinin aşkar edilməməsini göstərmiş, halbuki F.119 formalı xəbərnamə bilavasitə hazırkı mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsi tərəfindən göndərilmiş konkret məhkəmə sənədinə aid olmaqla, həmin sənədin göndərilməsi və təqdim edilməsi ilə bağlı ilkin poçt sənədi qismində iş materiallarına əlavə edilmişdir. Digər tərəfdən, cavabdehin istinad etdiyi CRPF-** saylı məktub da həmin F.119 formalı xəbərnaməni etibarsız hesab edən və ya onun məhz hazırkı mülki iş üzrə məhkəmə sənədinin çatdırılmasını təsdiq etmədiyini müəyyən edən hər hansı məlumat ehtiva etməmiş, məktubda yalnız müəyyən tarix intervalında cavabdehin adına qeydiyyatlı poçt göndərişinin aşkar edilmədiyi bildirilmiş, konkret olaraq Biləsuvar Rayon Məhkəməsinin *(***)-****/**** saylı mülki işi üzrə göndərilmiş məhkəmə sənədinin ## #### 2026-cı il tarixdə təqdim edilməsini əks etdirən F.119 formalı xəbərnaməyə dair hər hansı təkzibedici məlumat verilməmişdir. Həmçinin cavabdeh F.119 formalı xəbərnamədəki imzanın ona məxsus olmadığını, məhkəmə sənədinin başqa şəxs tərəfindən qəbul edildiyini, yaxud xəbərnamədə əks olunan digər məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Beləliklə, cavabdehin ümumi xarakterli poçt arayışına istinad etməsi konkret məhkəmə göndərişinin təqdim edilməsini təsdiq edən və bilavasitə həmin göndəriş üzrə tərtib edilmiş F.119 formalı xəbərnamənin sübut əhəmiyyətini istisna edən kifayət qədər əsas yaratmamışdır. Məhkəmə tərkibi, eyni zamanda, F.119 formalı xəbərnamənin məhz məhkəmə tərəfindən göndərilmiş rəsmi sənəd olduğunu nəzərə alır. Həmin sənəd iş materiallarına məhkəmə tərəfindən əlavə edilmiş, konkret mülki iş üzrə məhkəmə sənədinin poçt vasitəsilə göndərilməsi və təqdim edilməsi prosesini rəsmiləşdirən sənəd olmaqla, prosessual müddətin başlanması baxımından hüquqi əhəmiyyət daşıyır. Beləliklə, məhkəmə qətnaməsinin ## #### 2026-cı il tarixdə cavabdehə təqdim edilməsi nəzərə alındıqda, həmin tarixdən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin axımı başlamışdır. Cavabdeh isə apellyasiya şikayətini yalnız ## #### 2026-cı il tarixdə vermişdir. Prosessual müddətin ötürülməsinə səbəb olmuş halların üzrlülüyünü təsdiq edən mötəbər sübutların təqdim edilməməsi şəraitində həmin müddətin bərpası üçün qanuni əsaslar mövcud deyildir. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi Biləsuvar Rayon Məhkəməsinin ## ###### 2026-ci il tarixli, 2(022)-1980/2025 qətnaməsindən cavabdeh İsmayıllı Azər Əfsər oğlu tərəfindən verilmiş apellyasiya şikayətini geri qaytararaq düzgün nəticəyə gəlmişdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin «Ryabıx Rusiyaya qarşı» ## #### 2003cü il tarixli işi üzrə qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik, «res judicata» prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2001-ci il tarixli qərarında prosessual müddətlərlə bağlı göstərilmişdir ki, “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, şikayət təmin edilməməli, Biləsuvar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi
qərara aldı:
Biləsuvar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından cavabdeh İsmayıllı Azər Əfsər oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.