Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(3-9)-143/2026 26.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: alimentin miqdarının azaldılması. Şirvan şəhəri, 26 fevral 2026-cı il Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri İmanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Murad İlham oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 24 noyabr 2025-ci il tarixli, 2(050)-3570/2025 saylı qətnaməsindən (hakim Z.Zeynalov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il təvəllüdlü qızı Aylin Rzayevanın yetkinlik yaşına çatanadək saxlanılması üçün Masallı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(050)-2136/2014 saylı qətnaməsi və Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(050)-254/2025 saylı qərardadı ilə təyin edilmiş alimentin məbləğinin azaldılması, sonrakı artımlar nəzərə alınmaqla minimum əmək haqqının 0.25 misli miqdarında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli, 2(050)-2136/2014 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü qızı Aylin Rzayevanın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 103 manat sabit pul məbləğində alimentin ondan alınıb Cavabdeh verilməsi qət edilmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(050)-254/2025 saylı qərardadı ilə isə Cavabdeh ərizəsi təmin edilərək məhkəmənin xx.xx.2014-cü il tarixli, 2(050)-2136/2014 saylı qətnaməsi ilə ondan tutulan xx.xx.2012-ci il təvəllüdlü qızı Aylin Rzayevanın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 103 manat sabit pul məbləğində aliment məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.98 misli həddində indeksasiya olunması qərara alınmışdır. O, sonradan X4 ilə nikahını rəsmi qeyd etdirmədən faktiki ailə həyatı qurmuşdur. Onunla faktiki evliliklərindən xx.xx.2016-cı il təvəllüdlü Rzayev Rasif və xx.xx.2017-ci il təvəllüdlü Rzayev Vasif adlı 2 uşağı doğulmuşdur. Hazırda həmin uşaqlar onunla birlikdə yaşayırlar. Məhkəmənin yuxanda göstərilən qərardadından sonra isə minimum əmək haqqı ilə indeksləşdirilmiş alimentin hazırkı məbləği 392 manat (0.98x400=392) təşkil edir. Bir uşağın saxlanılması üçün onun hər ay bu qədər məbləği ödəməyi imkansızdır. Günəmuzd işlərdə fəhlə işləməklə ailəsini saxlayır ki, belə işlər də həmişə olmur. Daimi iş yeri və sabit əmək haqqı yoxdur. Bundan başqa onunla yaşayan 2 övladı da onun himayəsindədir ki, onları da saxlamaq borcudur. Bu isə alimentin minimum əmək haqqı ilə indeksləşdirilmiş məbləğinin nə onun, nə də onunla yaşayan 2 uşağının mənafeyinə uyğun deyildir. Bütün bunlar alimentin azaldılması zərurətinin olmasını göstərir. Məhkəmə alimentin məbləğini təyin etdikdən sonra ailə vəziyyətində dəyişiklik baş vermiş, yəni başqa bir qadınla olan nikahından iki uşağı doğulmuşdur. Alimentin indeksləşdirilmiş məbləği isə həddindən artıq çox olmaqla, icra etməyi maddi imkanları xaricindədir. Qanunvericiliyin tələbinə əsasən isə bu xüsusat alimentin məbləğinin azaldılması üçün əsasdır. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq, iddiaçının ona qarşı alimentin azaldılması tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazı onunla əsaslandırmışdır ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(050)-2136/2014 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü qızı Aylin Rzayevanın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 103 manat sabit pul məbləğində alimentin iddiaçıdan alınıb ona verilməsi qət edilmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(050)-254/2025 saylı qərardadı ilə isə ərizəsi təmin edilərək məhkəmənin xx.xx.2014-cü il tarixli, 2(050)-2136/2014 saylı qətnaməsi ilə iddiaçıdan tutulan xx.xx.2012-ci il təvəllüdlü qızı Aylin Rzayevanın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 103 manat sabit pul məbləğində alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.98 misli həddində indeksasiya olunması qərara alınmışdır. İddianı qəbul etmir və iddianın rədd edilməsini məhkəmədən xahiş edir. İddiaçının qaldırdığı iddia tələbi belə düzgün qoyulmamışdır. Belə ki, o, indeksasiyadan narazı olduğu halda (çünki, Məhkəmənin 2014-cü ildə təyin etdiyi aliment məbləği sadəcə olaraq indeksasiya olunmuşdur yəni, qətnamə ilə təyin edilmiş alimentin məbləği artırılmamışdır) Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(050)-254/2025 saylı qərardadından apellyasiya şikayəti verməli idi. Hazırki vəziyyətdə isə o, Masallı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(050)-2136/2014 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü qızı Aylin Rzayevanın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 103 manat sabit pul məbləğində alimentin azaldılması barədə iddia qaldırmalı idi. Görünür ki, o iddianı səhv verərək qanunvericiliklə baxılmasına yol verilməyən bir iddia ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 24 noyabr 2025-ci il tarixli, 2(050)-3570/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(050)-254/2025 saylı qərardadı ilə təyin edilmiş alimentin azaldılaraq, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.45 misli həddində sabit pul məbləğində müəyyən edilməsi, 30 yanvar 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.45 misli həddində sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericiliyin tələblərinə görə aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun kredit borcu və ya kirayə haqqı kimi əlavə xərclərinin mövcudluğu alimentin azaldılması üçün mütləq əsas hesab edilə bilməz. Şikayətçi göstərmişdir ki, iddiaçının ikinci dəfə ailə qurması və həmin münasibətdən uşaqlarının olması onu əvvəlki nikahdan olan övladının artan tələbatlarını ödəmək və əvvəlki təminat səviyyəsini qorumaq vəzifəsindən azad etmir. Şikayətdə qeyd edilmişdir ki, iddiaçının digər uşaqları ilə bağlı məhkəmə qətnaməsi əsasında aliment ödəməsi faktı mövcud deyildir və bu hal onun sabit pul məbləğində müəyyən edilmiş aliment öhdəliyinin azaldılması üçün hüquqi əsas yaratmır. Həmçinin bildirilmişdir ki, aliment məbləğinin müəyyən edilməsinə təsir edən hallar dəyişməmiş, uşağın əvvəlki təminat səviyyəsinin maksimum dərəcədə saxlanılması zərurəti aradan qalxmamışdır. Apellyasiya şikayətində vurğulanmışdır ki, uşağın tələbatı yalnız aliment məbləği ilə məhdudlaşmır və uşağın sağlamlıq, təhsil, inkişaf və məişət xərclərinin əsas yükü onun himayəsində olan valideynin üzərinə düşür. Buna görə də bir valideyndən müəyyən məbləğdə aliment tutulması valideynlərin uşağı saxlamaq vəzifəsində tarazlığın təmin edilməsi baxımından zəruridir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq apellyasiya şikayətini əsassız hesab etmiş və onun təmin edilməməsini xahiş etmişdir. Cavabdeh də məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxaraq real ehtiyaclara uyğun daha ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinə əsasən qətnamənin əsaslılığını tam yoxlayır. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyanın: 17-ci maddəsinin 2-ci bəndinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiya: Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın: 8.1-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir; 8.2-ci maddəsinə əsasən milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, və yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutmaq mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uygun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. 112.1-ci maddəsinin tələblərinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun: 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, iş materiallarında olan: Doğum haqqında arayışdan görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X3 atası İddiaçı, anası Cavabdehdır. Doğum haqqında arayışlardan görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X6 atası İddiaçı, anası X2r. Atalığın müəyyən edilməsi haqqında arayışlardan görünür ki, xx.xx.2016-ci ildə Masallı şəhərində X1 doğulmuş X5 və xx.xx.2017-ci ildə Masallı şəhərində X1 doğulmuş X6 atası İddiaçı hesab edilmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(050)-254/2025 saylı qərardadı ilə Masallı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(050)-2136/2014 saylı qətnaməsi əsasında müəyyən edilmiş aliment məbləğinin indeksasia edilməsi barədə Cavabdeh ərizəsinin təmin edilməsi, Masallı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(050)- 2136/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyası aparılaraq 02 iyul 2025-ci il tarixdən başlayaraq İddiaçı 30 yanvar 2012-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər bir uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.98 misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Göründüyü kimi, iddia qismən təmin edilmiş, qətnamədən cavabdeh narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, iddiaçının ikinci dəfə ailə qurması və həmin münasibətdən uşaqlarının olması onu əvvəlki nikahdan olan övladının artan tələbatlarını ödəmək və əvvəlki təminat səviyyəsini qorumaq vəzifəsindən azad etmir. İddiaçının digər uşaqları ilə bağlı məhkəmə qətnaməsi əsasında aliment ödəməsi faktı mövcud deyildir və bu hal onun sabit pul məbləğində müəyyən edilmiş aliment öhdəliyinin azaldılması üçün hüquqi əsas yaratmır. Aliment məbləğinin müəyyən edilməsinə təsir edən hallar dəyişməmiş, uşağın əvvəlki təminat səviyyəsinin maksimum dərəcədə saxlanılması zərurəti aradan qalxmamışdır. Uşağın tələbatı yalnız aliment məbləği ilə məhdudlaşmır və uşağın sağlamlıq, təhsil, inkişaf və məişət xərclərinin əsas yükü onun himayəsində olan valideynin üzərinə düşür. Buna görə də bir valideyndən müəyyən məbləğdə aliment tutulması valideynlərin uşağı saxlamaq vəzifəsində tarazlığın təmin edilməsi baxımından zəruridir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının ailə vəziyyətində mühüm dəyişiklik baş vermiş, o, faktiki ailə münasibətləri qurmuş və həmin münasibətdən iki azyaşlı övladı olmuşdur. Beləliklə, onun himayəsində üç yetkinlik yaşına çatmamış uşaq mövcuddur. Bu hal Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi üçün hüquqi əsas təşkil edir, çünki aliment müəyyən edildikdən sonra tərəfin ailə və maddi vəziyyətində dəyişiklik baş vermişdir. Belə ki, əvvəlki qətnamə ilə müəyyən edilən aliment məbləği 103 manatdır. Lakin Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(050)-254/2025 saylı qərardadı ilə məhkəmənin xx.xx.2014-cü il tarixli, 2(050)-2136/2014 saylı qətnaməsi ilə iddiaçıdan tutulan hər ay 103 manat sabit pul məbləğində aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.98 misli həddində indeksasiya olunması qərara alınmışdır. Göründüyü kimi minimum əmək haqqının 0.98 misli məbləğində aliment həddən artıqdır. İddiaçının daimi iş yeri və sabit gəliri yoxdur, o, günəmuzd işlərlə ailəsini dolandırır. Bu hal Ailə Məcəlləsinin 78.2 və 101.2-ci maddələrinin tələblərinə uyğun olaraq alimentin miqdarının müəyyən edilməsində maddi və ailə vəziyyətinin nəzərə alınmasını zəruri edir. Həmçinin birinci instansiya məhkəməsi alimenti tam ləğv etməmiş, yalnız əvvəlki 0.98 misli həddindən 0.45 misli həddinə endirmişdir. Bu yanaşma uşağın maraqlarını qorumaqla yanaşı, aliment ödəyənin real maddi imkanları ilə tarazlaşdırılmışdır. Beləliklə, məhkəmə uşağın əvvəlki təminat səviyyəsini mümkün qədər saxlamaq prinsipini və aliment ödəyənin digər azyaşlı uşaqlar qarşısında da bərabər məsuliyyət daşımasını nəzərə alaraq ədalətli nəticəyə gəlmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi iddianın qiyməti (180x12=2160) 5000 manatdan çox deyil, buna görə də qanunvericiliyə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 24 noyabr 2025-ci il tarixli, 2(050)-3570/2025 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-143/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-143/2026
26.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver