Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(3-9)-174/2026 11.03.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X3 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin 23 dekabr 2025-ci il tarixli 2(055)-1732/2025 saylı qətnaməsindən (hakim Vüqar Qasımov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək, 13 aprel 2018-ci il təvəllüdlü X1 yetkilik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 500 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında Sabirabad rayonu 1 saylı Mediasiya təşkilatında, 8 sentyabr 2023-cü il tarixində bağlanmış barışıq sazişinin şərtlərinə əsasən birgə nikahlarından doğulmuş 13 aprel 2018-ci il təvəllüdlü X1 onun yanında qalması, eyni zamanda, hər gün uşağın anası Cavabdeh ilə görüşməsi razılaşdırılmışdır. Həmin vaxt uşağın saxlanması ilə bağlı aliment məsləsi barışıq sazişində müəyyən olunmamış, uşağın saxlanmasında çətinlik yaranaçağı təqdirdə aliment tələbi ilə bağlı iddia vermək hüququ olmuşdur. Hal-hazırda ehtiyaçı yarandığından cavabdehdən sabit pul məbləğində aliment alınması üçün məhkəməyə müraciət edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı iddiasını müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək, rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, qızı Cavabdeh heç bir yerdə işləmir və qazanc yeri yoxdur. Saatlı Rayon Məhkəməsinin 23 dekabr 2025-ci il tarixli 2(055)-1732/2025 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, Cavabdeh 13 aprel 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 31 oktyabr 2025-ci il tarixdən başlanaraq hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,1 misli həddində sabit pul məbləğində alimentin alınıb İddiaçı xeyrinə ödənilməsi, iddia qaldırılarkən ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi və Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Saatlı Rayon Məhkəməsi işin bütün faktiki hallarını aydınlaşdırmamış, aydınlaşdırmağa ümumiyyətlə biganə yanaşmış, eyni zamanda işin halları ilə bağlı hər hansı sübutun məhkəmə üçün qabaqcadan əhəmiyyəti olmayacağı kimi qərar qəbul etmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehə qarşı aliment iddiası ilə məhkəməyə müraciət edərkən, cavabdehin aliment ödəyə biləcək imkanının olduğunu sübut edə biləcək hər hansı fakt irəli sürməmiş, habelə ortaya çıxarmamışdır. Məhkəmə bununla qeyd edir ki, hər hansı şəxsin imkanı yoxdursa, o alimenti ödəməkdən azad olunmalı, yada 5, 10 manat məbləğində aliment ödəməlidir. Uşaqların qanunvericilklə müəyyən olunmuş uşaqlar üçün nəzərdə tutulan yaşayış minumumundan az olmayan məbləğdə maddi dəstək almaq hüququ vardır ki, məhkəmə hazırda aliment tələbi ilə bağlı iddiası üzrə qanunun tələblərini yerinə yetirməyərək, cavabdehin buna imkanı olmadığını qeyd edərək, qanunvericiliyin tələblərini ələ salaraq, İnsan hüquqlarını məsxərəyə qoyaraq, uşağının maddi təminatını, tələbatını aşağılayaraq cavabdehdən 45 manat alınıb uşağın təminatını qarşılamaq üçün ödənilməsini qərara almışdır. Halbuki, 45 manat məbləğində pul, uşağa yazılan həftəlik həkim reseptinin 1 dərmanı, ya bağça üçün lazım olan uniformanın heç yarı qiyməti, eyni zamanda yemək üçün lazım olan quru süd məhsulunun 1 ədədinə belə kifayət etmir ki, məhkəmə bununla məhkəmə hüquq sistemini, İnsan hüquq mənafeyini ələ salmışdır. Eyni zamanda məhkəmə cavabdehin 1-ci qrup əlillik dərəcəsi olaraq hər ay müntəzəm qaydada 600-700 manat müavinət aldığı halda, iş materiallarına cavabdeh tərəfindən qeyd edilən əlilliyin ləğv olunması barədə hər hansı möhürlə, ştampla təsdiqlənməyən kağız parçası ilə cavabdehin əlilliyinin ləğv olunduğunu, artıq xəstəliyinin olmadığını, müavinət almadığını qeyd edərək, həmin halı, faktı birbaşa olaraq məhkəmə qaydasında yoxlamayaraq, həqiqiliyi şübhə altında olan, həqiqətə uyğun olmayan kağıza istinad edərək cavabdehin sağlam olduğunu, əlil olmadığı qənaətinə gələrək aliment ödəmək imkanının olmadığını qeyd etmişdir. Məhkəmə cavabdeh şəxsin aliment ödəmək imkanın olmadığını heç bir halda məhkəmə qaydasında sübut edə bilməmişdir. Belə ki, məhkəmə əlilliyin ləğv olunması barədə saxta olan kağıza istinad etsədə, artıq onun sağlam olduğu qənaətinə gəlirdisə, bu halda həmin şəxsin işləmək hüququnun və eyni zamanda uşağını saxlamaq, tələbatını ödəmək vəzifəsi olduğunu da qeyd etməli olduğu halda, qeyd etməmişdir. Həmçinin eyni zamanda digər hallarda da məhkəmə cavabdehin aliment ödəmək imkanının olmadığını sübut edə bilməmişdir. Belə ki, cavabdeh bundan əvvəl iddia qaydasında məhkəməyə müraciət edərək, qırılmış, sınmış cehiz əşyasının, həmçinin birgə yaşayış dövründə satdığı qızılın əvəzi olaraq ondan 8500 manat məbləğində pul alınması barədə elə hazırki hakimə qərar çıxartdırmış, həmin pulla bağlı ayda 500-800-400 manat məbləğində pullar cavabdehə ödənildiyi barədə rəsmi qəbzlər olsada, elə hazırki hakim Vüqar Qasımov pulu daha cox ödəməyi üçün onu cərimələmiş, Şirvan Apellyasiya Məhkəməsi Vüqar Qasımovun qərarını tamailə ləğv edərək, cəriməni rədd etmişdir. Göründüyü kimi cavabdehin məhkəmə qərarı ilə aldığı yetərincə pul vəsaitləri, işləmək üçün sağlam imkanları, sağlam olmadığı halda əlillikdən aldığı yüksək məbləğdə müavinətləri olduğu halda, cavabdehin aliment ödəmək imkanının olmadığını sübut edə bilməmişdir. Məhkəmənin nəticədə göstərdiyi 45 manat alimen cavabdehdən alınaraq ödənilməsi, işin hallarına uyğun olmayaraq qəbul edilmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə İddiaçı apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, X5 Sistemlərinin İstismarı İdarəsində operator vəzifəsində işləyir, 450 manat əmək haqqı alır. Saatlı Rayon Məhkəməsinin qətnaməsinə əsasən qızıl-zinət əşyalarına görə ondan 8500 manat məbləğində pul tutularaq Cavabdeh ödənilməlidir. Həmin qətnamə əsasında verilən icra vərəqəsi icra məmuru tərəfindən əmək haqqından 50 faiz tutulmalar edilməsindən ötrü iş yerinə yönəldilmişdir. Hazırda hər ay 180 manat qətnamə üzrə borcundan Cavabdeh ödənişlər edir. Əgər əmək haqqından bu tutulmalar aparılmasaydı, alimentlə bağlı məhkəməyə müraciət etməzdi. Yeni alə qurmuşdur və həmin nikahından da bir uşağı vardır. Cavabdeh ümumiyyətlə ağır dərəcəli epilepsiya xəstəsidir, birgə yaşadıqları dövrdə iflic olmuş, 40 dəqiqə yerdə qalmış, sonra valideyinləri gəlib aparmışdır, hərəkətsizdir, 1-ci qrup əlildir və pensiya alır. Hesab edir ki, cavabdeh pensiyasından aliment ödəməlidir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmədə iştirak etməmiş, nümayəndəsi vasitəsi ilə təmsil olunmamışdır və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini, iddiasının isə tam təminini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görədə məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Bununla belə tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş sənədlərdən aşağıdakılar müəyyən olunur. Doğum haqqında şəhədətnamənin surətindən görünür ki, 13 aprel 2018-ci ildə doğulmuş X1 atası İddiaçı, anası isə Cavabdehdır. Sabirabad 1 saylı Mediasiya təşkilatında tərəflər arasında 8 sentyabr 2023-cü il tarixdə bağlanmış barışıq sazişinin surətindən görünür ki, tərəflər birgə nikahlarından 13 aprel 2018-ci ildə doğulmuş X1 atası İddiaçı yanında qalmasına razılaşmışlar. İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair iddiası üzrə Saatlı Rayon Məhkəməsinin 6 mart 2024-cü il tarixli 2(055)-45/2024 saylı qətaməsinə əsasən iddia təmin olunaraq, tərəflər arasında 16 fevral 2017-ci ildə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından 13 aprel 2018-ci ildə doğulmuş X2 adlı uşağın anası Cavabdeh yanında qalması müəyyən olunmaqla atası İddiaçı alınaraq anası Cavabdeh verilməsi, uşağın faktiki olaraq atadan alınıb anaya verildiyi vaxtdan hesablanmaqla İddiaçı hər ay 150 manat sabit pul məbləğində alimentin tutulub Cavabdeh ödənilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 iyun 2024-cü il tarixli 2(106)- 949/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti qismən təmin olunaraq Saatlı Rayon Məhkəməsinin 6 mart 2024-cü il tarixli 2(055)-45/2024 saylı qətaməsi tərəflərin birgə nikahından 13 aprel 2018-ci ildə doğulmuş X2 adlı uşağın anası Cavabdeh yanında qalması müəyyən olunmaqla atası İddiaçı alınaraq anası Cavabdeh verilməsi, uşağın faktiki olaraq atadan alınıb anaya verildiyi vaxtdan hesablanmaqla İddiaçı hər ay 150 manat sabit pul məbləğində alimentin tutulub Cavabdeh ödənilməsi hissələrdə ləğv edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 6 noyabr 2025-ci il tarixli 3(106)-610/2025 saylı inzibati xəta haqqında qərarından görünür ki, Saatlı Rayon Məhkəməsinin 7 fevral 2025-ci il tarixli 2(055)-178/2025 saylı icra vərəqəsinin icrası ilə bağlı borclu İddiaçı 7448 manat pulu Cavabdeh ödəməmiş və nəticədə icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. İcra məmuru tərəfindən barəsində 8 oktyabr 2025-ci ildə ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, Saatlı Rayon Məhkəməsinin 8 oktyabr 2025ci il tarixli 3(055)-808/2025 saylı qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, barəsində 500 manat cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Saatlı Rayon Məhkəməsinin qərarı barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxs tərəfindən apellyasiya qaydasında mübahisələndirilmiş və apellyasiya şikayəti təmin olunaraq birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə müəyyən etmişdir ki, icra sənədi üzrə tələb borclunun əmək haqqına yönəldlmiş və ödənilməsi təmin edilməkdədir. Elektron məhkəmə informasiya sistemindən 11 mart 2026-cı il tarixdə edilmiş çıxarışdan görünür ki, Cavabdeh ümumi xəstəlikdən 1-ci qrup əlil kimi ümumilikdə 470 manat pensiya alır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. aUşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Qanunun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən isə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Qanunun 19-cu maddəsində isə müəyyən edilmişdir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Qanunun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasını, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Qanunun 11-ci maddəsinə görə hər bir uşağın hərtərəfli inkişaf etmək, milli və ümumbəşəri dəyərlərə uyğun, humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq hüququ vardır. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvesiyasının 8ci maddəsinə əsasən, hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün sağlamlığı, yaxud mənəviyyatı mühafizə etmək üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demoktratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanları tərəfindən bu hüququn həyata keçirilməsinə mane olmağa yol verilmir. "Elşolts Almaniyaya qarşı" işi üzrə Avropa İnsan hüquqları Məhkəməsinin 13 iyul 2000ci il tarixli qərarında qeyd edilir ki, Konvesiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideyinlərin arasında ədalətli tarazlığa riayət etsinlər, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideyinlərin maraqlarından üstün tutula bilər. Xüsusən 8-ci maddəyə əsasən valideyin uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur; 78.1 və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur; 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Yaşayış minimumu haqqında” Qanuna əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd). “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli qərarı ilə “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Plenum Qərarına dəyişikliklər edilmişdir. Plenum qərarına əlavə edilmiş 8.4-1. yarımbəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0.74 mislində (345 x 0.74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Azərbaycan Respublikasıının Ali Məhkəməsi tərəfindən rayon(şəhər) və apellyasiya məhkəmələrinə ünvanlanan 14 yanvar 2025-ci il tarixli 1-8-16-1/2-57/2025 nömrəli məktubda məhkəmələrə izah edilmişdir ki, aliment tutularkən alimentin hesablanmağa başlandığı (tələb barədə ərizənin verildiyi) təqvim ili ilə qətnamənin qəbul edildiyi il arasında ölkə üzrə minimum əmək haqqı məbləğində fərq olduqda, aliment ərizənin verildiyi tarixdə ölkə üzrə mövcud olmuş minimum əmək haqqına münasibətdə təyin edilməlidir. Kollegiya hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Hazırki halda birinci instansiya məhkəməsi cavabdehin maddi durumunu, 1-ci qrup əlil olaraq işləyib qazanc əldə etmək imkanının olmamasını, yeganə qazanc məbləğinin əlilliyə görə aldığı pensiyasının olduğunu, qanunvericiliklə uşaqlar üçün yaşayış minimumu müəyyən edildiyi kimi pensiyaçılar üçün də, yaşayış minimumunun müəyyən edildiyini, sağlamlıq imkanları tam məhdud şəxs olaraq cavabdehin daim kənar şəxslərin köməyinə ehtiyacının, Ailə Məcəlləsinin 85.1.3-cü maddəsinə müvafiq olaraq nikah pozulana qədər əmək qabiliyyətini itirən şəxs kimi keçmiş ərindən aliment ödəməyi tələb etmək hüququnun olduğunu və sair halları nəzərə almaqla, hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,1 misli həddində sabit pul məbləğində müəyyən etməkdə haqlı olmuşdur. Kollegiya xüsusi olaraq vurğulayır ki, iddiaçı hazırki halda aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməsini qüvvədə olan icra sənədinə əsasən cavabdehin xeyrinə əmək haqqından tutulmaların aparılması ilə əlaqələndirir və belə bir hal olşmasaydı, alimentlə bağlı müraciət etməyəcəyini bildirir. Qeyd olunan hal isə onu deməyə əsas verir ki, iddiaçının əsl niyyəti uşağın saxlanması üçün cavabdehdən alimentin tutulması deyil, əksinə qüvvədə olan qətnamə əsasında əmək haqqından cavabdehin xeyrinə tutulan vəsaitin qarşılıqlı əvəzlənməsidir. Çünki iddiaçı hazırki iddianı məhz icra məmuru tərəfindən barəsində 8 oktyabr 2025-ci ildə inzibati xəta haqqında protokol tərtib ediləndən və məhkəmənin həmin tarixli qərarı ilə inzibati xətanın törədilməsində təqsirli bilinməsindən sonra 31 oktyabr 2025-ci ildə vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində gətirdiyi dəlillər qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas ola bilməz. Çünki birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə ləğv edilə, dəyişdirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3.-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətii bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki tələb üzrə mübahisələndirilən hissədə iddianın qiyməti (500X12=6000; 400x0.1=40; 40x12=480; 6000-480=5520) 5520 manat təşkil edir ki, prosessual qanunvericiliyə əsasən qətnamədən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin 23 dekabr 2025-ci il tarixli 2(055)-1732/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə kassasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Qasım Əliyev
Məhkəmə qərarları › İş №2(3-9)-174/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-174/2026
11.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver